525.Az

Müharibə şəraitində medianın davranışı


 

Müharibə şəraitində medianın davranışı<b style="color:red"></b>

Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi bir vaxtda hərbi hərəkətlərlə bağlı informasiyaların yayılmasında medianın həssas davranışı zəruri məsələdir.

Heç şübhəsiz ki, dünyada müharibə şəraitində medianın davranışı və müxtəlif ərazilərdə gedən döyüşlər, münaqişə ocaqları haqqında verilən informasiyaların düzgün idarəolunması ilə bağlı beynəlxalq aləmdə yetərincə təcrübə var. Belə məsələlərin tənzimlənməsi hüquqda əks olunub. Hərbi təcavüzlə üzləşən ölkə təbii ki, həmin hüquqa istinad etməlidir.

Hazırda dünyanın heç bir regionunu müharibəsiz, münaqişəsiz, hətta terrorsuz təssəvür etmək çətindi. Heç şübhəsiz ki, ötən əsrin 90-cı illərində soyuq müharibə başa çatsa da, bu gün bir çox bölgələrdə supergüclərin yaratdığı etnik münaqişələr davam etməkdədir. Belə konfliktlərdən biri, daha uzun çəkəni erməni terroru nəticəsində yaradılan Dağlıq Qarabağ münaqişəsidir. 30 ilə yaxın davam edən bu münaqişə təbii ki, hər zaman medianın gündəmini zəbt edib. Müşahidələr göstərir ki, hərbi əməliyyatlar zamanı və bu sahədə informasiyaların çatdırılmasında bizim mediamızda ciddi problemlər var. Əslində, hərbi əməliyyatlar zamanı medianın peşəkar davranışı həm Ordumuz üçün, həm də cəmiyyət üçün zəruridir.

Təəssüf ki, qeyri-peşəkarlıqdan qaynaqlanan bəzi internet saytlarının və sosial şəbəkə iştirakçılarının fəaliyyəti düşmən tərəfi üçün yaxşı informasiya mənbəyinə çevrilir. Diqqət yetirəndə görərik ki, belə resursların fəaliyyəti bir çox hallarda qeyri-peşəkarlıqdan irəli gəlir. İstisna olunmur ki, düşmən təxribatına dəstək verən media resusrları da yox deyil. Ümumiyyətlə, müharibə şəraitində media necə fəaliyyət göstərməlidir, bu sahədə dünyada hansı hüquqi təcrübələr var və belə şəraitdə medianın fəaliyyəti necə mədudlaşdırıla bilər?  Bu məqamlara qısaca nəzər salaq.

İfadə azadlığı nadir hallarda məhdudlaşdırıla bilər. Məhdudlaşdırılma zamanı heç bir halda ifadə azadlığının məzmununa toxunulmamalıdır. Məhdudlaşdırma ilə bağlı Avropa Konvensiyasının 17-ci maddəsində deyilir: "Bu Konvensiya heç də hər hansı dövlətin, qrupun və şəxsin burada təsbit olunan hüquq və azadlıqlarınının ləğvi konvensiyada nəzərdə tutulanlardan artıq məhdudlaşdırıla bilməz". Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndində ifadə azadlığının məhdudlaşdırılmasına yol verilən hallar qeyd olunur: Milli təhlükəsizlik, ərazi bütövlüyü və ictimai asayişin təmin edilməsi, iğtişaşın və cinayətin qarşısının alınması və digər hallarda məhdudiyyətlər nəzərdə tutulur.

Həmin beynəlxalq sənədlərə istinad olunub hazırlanan və qəbul edilən Azərbaycan Konstitusiyasının 3.6-cı maddəsinə əsasən söz və mətbuat azadlığı dövlət təhlükəsizliyi mənafeləri, sağlamlığın, vətəndaşların azadlıqlarının qorunması, cinayətin qarşısının alınması, dövlətin ərazi bütövlüyünün təmin edilməsi və digər hallarda məhdudlaşdırmalar nəzərdə tutulur.

Erməni təcavüzü ilə üzləşən Azərbaycanda beynəlxalq hüquqa istinad edilərək müharibə şəraitində medianın fəaliyyəti ilə bağlı məhdudlaşdırmaların tətbiqi məntiqlidir.

Dünyada müharibə aparan və yaxud təcavüzlə üzləşən ölkələrdə belə təcrübə mövcuddur. ABŞ-ın İraqa müdaxiləsi zamanı demokratiyanın beşiyi sayılan Amerikada KİV-in fəaliyyəti ilə bağlı ciddi məhdudlaşmalar tətbiq olundu. Onu da qeyd edək ki, dünyanın bir çox ölkələrində məhdudlaşdırma halları baş vermişdir. Unutmaq olmaz ki, hər hansı mədudlaşdırma jurnalisti informasiya təcridinə məruz qoymamalıdır. Təbii ki, Azərbaycan da terrordan əziyyət çəkən ölkədir. Belə məqamda bu sahə ilə bağlı hüququ bazanın təkmilləşməsinə və həmçinin müharibə jurnalistikasının ixtisaslaşmasına zərurət var. Əgər hərbi jurnalistikanın fəaliyyəti mövcud hüquq və reallığı nəzərə alaraq tənzimlənməsə, o zaman milli təhlükəsizlik üçün potensial təhdidlər davam edəcək.

Biz Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin layihəsi çərçivəsində müharibə şəraitində medianın davranışı mövzusunda 500 nəfər qht-media və ictimaiyyət nümayəndələri arasında 3 ay müddətində sorğu-araşdırma aparmışdıq. Səmimi etiraf etmək lazımdır ki, fikrini öyrəndiyimiz şəxslərin böyük əksəriyyəti hərbi jurnalistikanın ixtisaslaşmasını, bu sahədə peşəkarlığın artırılmasını, müxtəlif qanunlarda məhdudiyyətlərin tətbiqinin zəruri olduğunu açıqlayıblar. Apardığımız araşdırmaların nəticəsini nəzərə alaraq, hazırkı məqamda medianın davranışı ilə bağlı bəzi tövsiyə xarakterli təklifləri diqqətə çatdırmaq istərdik.

Müasir hərbi əməliyyatların və onun mediada işıqlanması zamanı beynəlxalq metodologiyaların öyrənilməsi və tətbiqi genişlənməlidir;

Jurnalist cəbhə qanunlarını bilməlidir. Əgər bilmirsə, QHT-lərin Müdafiə Nazirliyi ilə birlikdə təşkil edəcəyi maarifləndirici təlimlərdə aktiv iştirak etməlidir;

Müharibə şəraitində media cəmiyyətə təqdim edəcəyi informasiyalarla Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi hazırlığına, həm də müharibə şəraitində əhalinin milli ruhunun yüksəldilməsinə xidmət etməlidir;

Döyüş zamanı jurnalistlərin baş verən toqquşmalar haqqında bəzən səhv informasiya verməsinin qarşısını almaq üçün güc nazirliklərinin mətbuat xidmətlərinin fəaliyyətinin daha da təkmilləşməsinə, informasiya təminatının daha operativ və dəqiq şəkildə həyata keçirilməsinə zərurət var;

Azərbaycan mediasının ekstremal şəraitdə davranışını tənzimləmək məqsədilə hərbdən yazan jurnalistlər üçün maarifləndirici vəsaitlərin, kitabların çapı həyata keçirilməlidir;

Jurnalistika ixtisaslaşmalıdır, yəni hərbdən yazan jurnalistlərin peşəkar səviyyədə formalaşması üçün kompleks tədbirlərin və QHT layihələrinin icrasına ehtiyac var;

Müharibə şəraitində media ilə bərabər sosial şəbəkələrdə vətənpərvərlik ruhunu qaldırmaq üçün bu sahədə fəaliyyətlə məşğul olan ictimai qurumların koordinasiyasının təşkili aktuallıq kəsb edir;

Müharibə ilə bağlı dəqiq olmayan informasiyaların qarşısını almaq üçün mütəmadi monitorinqlərin keçirilməsi zəruridir;

Heç şübhəsiz ki, hərbdən yazan jurnalist ən azından elementar səviyyədə hərbi biliklərə sahib olmalı və ekstremal şəraitdə necə davranmağı bilməlidir;

Həmçinin, media baş verən döyüşlər zamanı ümumilikdə cəmiyyəti, əsgər valideynlərini, ordunun döyüşkən ruhunu nəzərə almalıdır;

Jurnalist hərbi sirr olduğu ehtimal edilən informasiyanı yaymamışdan qabaq həmin xəbərin törədə biləcəyi fəsadlar barədə düşünməlidir.

 





23.08.2017    çap et  çap et