525.Az

Söhbətin urvatı - Dostum İlqar Həsənovun doğum gününə


 

Söhbətin urvatı - <b style="color:red">Dostum İlqar Həsənovun doğum gününə</b>

Deyirlər ki, türk filoloqlarından biri şairlərin poeziya haqqında mülahizələrini öyrənmək və toplamaq istəyirmiş.

Həmin məqsədlə müraciət etdiyi çoxsaylı qələm sahiblərindən biri də Nazim Hikmət olur. Alim şairə çox konkret sual verir: "Poeziya nədir?" Cavaba diqqət yetirin: "Poeziya şeirin tərcümədə itən hissələri, hissləri, ifadə və obrazlarından ibarətdir".  Şairin fikrincə, bir şeiri başqa dilə çevirəndə tərcüməçi üçün problem yaranmırsa, şeir özgə dilə asanlıqla çevrilirsə, deməli, orada poeziya yoxdur.

Təbii ki, böyük ustadın bu  qənaətinə münasibətlər çox fərqli olub və geniş müzakirələr yaranıb. Biz o müzakirələrə qoşulmadan həmin məntiqlə birmənalı şəkildə razılaşırıq. Nazim Hikmətin itən poeziya ilə bağlı mülahizələrinin bu yazıya nə dəxli olduğuna gəlincə isə qeyd edək ki, böyük sənətkarların dəyərli deyimlərini etalon kimi bütün yazılarda istifadə etmək mümkündür. Ona görə də həmin arqumentin bu yazıya da dəxli olduğunu deməyə cəsarət tapırıq.

Qərəz, bu yazıda söhbət İlqar Musa oğlu Həsənovdan, onun jurnalistikaya, ədəbiyyata, elmə, ictimai-siyasi proseslərə münasibətindən gedir. İlk baxışda çox sadə bir mövzudur. Hamının gözünün qabağında olan bir fərd, sadə həmkarımız haqqında söz açmaq elə də çətin olmamalıdır. Amma məsələyə digər  prizmadan  baxanda başqa mənzərə görünür. Çünki İlqar Həsənovun özü sadə görünsə də, ətrafındakılara münasibəti o qədər də sadə deyil. Ona görə də biz - yəni onun haqqında söz açan həmkarları bu dostumuzun düşüncə tərzini dəqiq qiymətləndirməkdə, emosiyalarının mahiyyətini olduğu kimi "görməkdə" çətinlik çəkirik. Yazılarındakı sətiraltı, şifahi nitqindəki mətnaltı eyhamlarını elə şəkildə gizlədir ki, onu ancaq həmin ifadələrin ünvanına çevrilən adamlar "tuturlar". Biz - onun yanında olub, söhbətini eşidib qələmə alanlar isə Nazim Hikmətin şeirlərini başqa dilə çevirən tərcüməçinin yaşadığı problemlə üz-üzə qalırıq. Yəni onun rəftarını sözə olduğu kimi  çevirə bilmirik. Elə olanda isə şeirin əsas hisslərini və hissələrini - yəni, poeziyanı itirmiş oluruq.

Tarixi və mövzunu demədən çoxdan şahidi olduğum bir faktı yada salmaq istəyirəm. Beş-altı nəfərin ayaqüstü söhbətində söz  Kürdəmirdən düşmüşdü. Hərə öz bildiyini danışdı. İlqar isə "əsl kürdəmirli kimi" ( o, bütün rayon və şəhərlərimiz haqqında həmin yerin  qədim kökə malik sakinlərindən biri kimi danışır) gündəlikdəki məsələyə daha geniş münasibət bildirdi. Həmişə onunla bir yerdə olan yaşlı həmkarımız əlindəki siqareti baş barmağı ilə üçüncü barmağının arasında möhkəm sıxıb elə tulladı ki, siqaret kötüyü az qala güllə kimi uzağa getdi. Biz heç nə başa düşmədik. İlqar  söhbəti davam etdirmədi. Dostu ilə o, bir-birini yüksək səviyyədə başa düşmüşdülər. İlqar nəinki bizim müəllimin adını çəkməmişdi, hətta Kürdəmirdən də kiminsə adını yada salmamışdı. Amma dostu onu ən incə məqamlara qədər anlamışdı.

Başqa bir məqam. Bu ilin iyul ayında  Milli Mətbuat Günü münasibətilə daha 255 jurnalistə mənzil verilmişdi. Yeni binada ev sahibi olanlardan biri də İlqar Həsənovun dostu Əliqismət Bədəlov idi. Bu münasibətlə şəhər mərkəzindən xeyli aralıda olan bir məkanda çay süfrəsi təşkil edildi. Məclisdə jurnalistlərdən başqa, geoloq da var idi, mühəndis də, rejissor da, iqtisadçı da. Yəni, əyləşənlərin hamısı söz adamı deyildi. Amma İlqar Həsənov həmin 2-3 saatda onları da sözün həqiqi mənasında söz adamına çevirə bildi. 

Səməd Vurğunun "Muğan" poemasından söylədiyi altıncı nəğmə ilə iqtisadçını, Ramiz Rövşənin şeirləri ilə geoloqu, Eldar Baxışın ictimai-siyasi məzmunlu şeirləriyləsə  rejissoru "bizim adama" çevirmişdi. Hamı mat qalmışdı. İlk dəfə idi ki, jurnalistlərin toplaşdığı məclisdə söz demək, fikir söyləmək üçün  heç kəs cəhd etmirdi. Amma hamı istəyirdi ki, söhbət uzansın.  Anlaya bilmirdik ki, insan özgə bir adamın - nə olsun ki, o, böyük Səməd Vurğundur? - hisslərini necə məhz şairin özünün istədiyi şəkildə ifadə edə bilər?  Aktyorlar inciməsinlər, mən Səməd Vurğunun əsərlərinə heç bir aktyorun ifasında bu qədər yaxınlaşa bilməmişdim.

Aradan iki-üç həftə keçəndən sonra xeyir iş üçün getdiyimiz Qəbələdə bu əhvalatı da danışdım. Söhbəti eşidənlər arasında yaşca ən böyük olan Əhəd dayı dedi ki, mən haqqında danışdığınız İlqar müəllimi tanımasam da, dəqiq bilirəm ki, o, kamil bir balıqçıdır. Dedim, ağsaqqal, söhbət 35-40 ilin jurnalistindən gedir və o adamın nə zamansa əlinə  tor və ya tilov götürdüyünü görən olmayıb. Ağsaqqal israr elədi ki, o, balıqçıdır. Məclisdəkilər bu israrın səbəbini öyrənmək istədilər.

- Mənim əmim keçmişdə balıqçılıq edib, - deyə, kişi danışmağa başladı. - Əmim hətta ömründə birinci dəfə getdiyi çayın və ya gölün kənarına sirli bir fəhmlə baxırdı. Biz həmin baxışların mənasını bilmirdik. Sonralar öyrəndik ki, kamil balıqçılar sahilə gələndə relyefə, ağacların, otların, qamışlığın yerləşmə tərzinə, küləyin istiqamətinə, Günəş şüasının düşmə bucağına, yağış və ya qar yağırsa, yağmurun vurma səmtinə, ətrafda digər balıqçıların olub-olmadığına, maşın və ya traktorların hərəkətinə, bir sözlə, ətrafda nə varsa, hər şeyə diqqətlə nəzər salar, sonra özünə yer seçərdi. Ona görə də əmimin atdığı tilov cəmi bir neçə dəqiqədən sonra "döyülürdü".

Məclisdəkiləri ələ ala biləcək söhbət eləməyi bacaran insanlar da elədir. Əvvəlcə ətrafa  mükəmməl nəzər salırlar. Təbii ki, artıq söhbət ağaca, küləyə, maşına nəzər salmaqdan deyil, insanların ürəyini oxumaqdan, məclisdəkilərin səviyyəsinə, təfəkkürünə, ruhuna, əhvalına bələd olmaqdan gedir. Təkcə adamların səviyyəsinə yox, hətta onların hazırki əhvalına uyğun söhbət edilməsi isə o qədər də tez-tez ələ düşən məqam deyil. Bu, ustalıqdır, sözün qədrini bilməkdir, söhbətə urvat verməkdir.

Sonra ağsaqqal soruşdu ki, sizin İlqar müəllim bütün məclislərdə elə danışır? Dedim, bilmirəm. Dedi, mən isə onu şəxsən tanımasam da, bilirəm ki,  hər məclisdə belə danışmır. Həm də danışmaz. Onun üçün hər məclisin öz söhbəti var. Bu, insanın kamilliyinə dəlalət edir. Kamil balıqçı kimi, kamil söz adamı da ətrafı ən incə məqamlarına qədər qiymətləndirməyi bacarır. Öyrənin, o adamın balıqçılığı da var.

Ağsaqal fikirlərini bitirdikdən sonra yerdən bir sual eşitdik: - Əhəd dayı, siz bu söhbətinizlə həmin  jurnalisti yüksək qiymətləndirdiniz, yoxsa ona diqqətlə qulaq asanları?

Əhəd dayı "O sualın cavabını özünüz verin", - deyərək söhbəti bitirdi. Daha mən də heç nə əlavə eləmədim. Elə bu yazıya da heç nə əlavə etməzdim, hərgah bu gün - avqustun 24-ü İlqar Həsənovun ad günü olduğunu xatırlatmağa ehtiyac olmasaydı.

 

 





24.08.2017    çap et  çap et