525.Az

“Azərbaycanda milli siyasət burada yaşayan xalqların tam hüquq bərabərliyinə əsaslanır” (davamı)


 

“Azərbaycanda milli siyasət burada yaşayan xalqların tam hüquq bərabərliyinə əsaslanır”<b style="color:red"> (davamı)</b>

Müsahibimiz Mədəniyyət və İncəsənət Universitetinin sosial- siyasi elmlər kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Əlikram Tağıyevdir. Söhbətimizin mövzusunu millətlərin yaranması, təşəkkül tapması və inkişafında müxtəlif ideologiyaların, dinin, diaspor və lobbinin rolu, milli birlik məsələləri, milli mentalitet və buna əsasən millətlərin təsnifatlaşdırılması, qloballaşma fonunda milliliyin, milli dəyərlərin qorunması, etnik münaqişələrin yaranma səbəbləri və problemdən çıxış yolları kimi məsələlər təşkil edir.

– Əslində islam dininin yaranması və yayılması tarixi zərurət olub, zamanın tələbindən doğub. İslam, mahiyyət etibarilə mütərəqqi dindir, cəmiyyətin sosial-mənəvi tərəqqisinə, kütlələrin mənəvi saflaşdırılmasına xidmət edir. İslam-cəmiyyətin qəbilə-tayfa münasibətlərindən təcrid olunmuş bütpərəstlik ənənələrindən, çölçü-köçəri həyatdan, dağının qəbilə-tayfa təsisatından yeni, daha yüksək, mütərəqqi ictimai quruluşa keçilməsinə, vahid dövlət formalaşdırılmasına, nəsli ədavətə və tayfa çəkişmələrinə son qoyulmasına; insana, qula, qadına ədalətli münasibət bəslənilməsinə, vahid yazı, vahid islam mədəniyyəti, vahid şəriət-hüquq normaları ilə cəmiyyətin inkişafına şərait yaradıb. Qafqazda islamı qəbul etmiş xalqların mədəniyyətinin təşəkkül tapmasında ictimai-iqtisadi amillərin təsirini əsla danmadan qeyd edək ki, din öz əxlaqi dəyərləri ilə insan həyatının zəruri amili, ictimai gerçəkliyin başlıca şərti kimi mənəvi mədəniyyətə bilavasitə təsir göstərirdi, daha doğrusu, mənəvi mədəniyyət hadisələri öz səciyyəvi xüsusiyyətlərilə əlaqədar olaraq müəyyən qədər müstəqilliklərini qoruyub saxlasalar da, dindən bəhrələnirdilər. Mədəniyyətə təsir göstərmək gücü islamda daha qüvvətlidir. Bunun nəticəsidir ki, orta əsrlərdə Yaxın və Orta Şərq xalqlarının bina etdikləri mədəniyyət, əsasən, islam mədəniyyəti kimi səciyyələndirilir. Əvvəla islam öz ardıcıllarının təkcə dini həyatlarını müəyyənləşdirməklə kifayətlənmir, həm də onların bütün həyat tərzlərini, təbiət və cəmiyyət haqqındakı təsəvvürlərini, o cümlədən mədəniyyət anlamlarını da şərtləndirir. Digər tərəfdən islamda, başqa dinlərdən fərqli olaraq, insanlara, dinin daşıyıcılarına, mədəniyyət qurucularının özlərinə yönəlib. Nəzərdən keçirdiyimiz dövrdə isə cəmiyyətin bütün üzvləri kimi sənət adamlarının da həyat və fəaliyyətinin ayrılmaz xüsusiyyətini dinlə bağlılıq təşkil edirdi. Odur ki, islam dünyasında cəmi mədəniyyət hadisələri mahiyyət etibarilə dinlə əlaqədar nəzərdən keçirilməlidir. Firidun Köçərlinin yazdığı kimi, yalnız bu və ya digər idealist cərəyanlar deyil, ümumiyyətlə islamın Şərq xalqlarının mədəniyyət tarixində yeri, rolu məsələsi tədqiq olunmamış qalır. Unutmaq olmaz ki, dini təsəvvürlərdə xalqın çoxəsrlik mənəvi-psixoloji təcrübəsi, xüsusilə insan problemi haqqında fəlsəfi düşüncələri cəmlənib. Odur ki, milli fəlsəfə tarixini alimlərimiz “İslam və mədəniyyət” problemi ilə yanaşı idealizmin tarixinə yenidən nəzər salmalı, onun ümummədəni, mənəvi idraki əhəmiyyətini açıqlamalı, ayrı-ayrı dövrlərdə mühafizəkar feodal ideologiyasına qarşı müxalifət təşkil etdiyini göstərməlidir. Məlum olduğu kimi, uzun illər boyu ölkəmizdə din mədəniyyət sistemindən kənar edilib. Lakin dini, ilahiyyatı nəzərə almadan mədəniyyətin heç bir sahəsinin vəziyyətini və spesifikasını başa düşmək olmaz... İslamın yaradıcılıqda və mənəvi prosesdə çox böyük rolu var. O, ictimai həyatda etik normaların qərarlaşmasına xeyli dərəcədə kömək edib.

– Millilikdən söhbət gedirsə, bu gün çox populyar olan milli mentalitet anlayışı və onun fəlsəfi mahiyyətindən danışmamaq qeyri-mümkündür. Bu mövzu ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı.

– Müstəqillik qazanmış Azərbaycan xalqının hazırki ictimai-siyasi fikrində və fəlsəfi ədəbiyyatında böyük maraq doğuran problemlərdən biri də onun milli mentaliteti məsələsidir. Ümumiyyətlə, mentalitet nədir, digər sosial-siyasi problemlərlə nə dərəcədə bağlıdır. Onlarla necə qarşılıqlı təmasda olur və yaxud onlara necə təsir göstərir? Mentalitetin, xüsusən milli mentalitetin mahiyyəti, yaranması, tarixi inkişafı, tərkib hissələri, hazırki vəziyyəti, milli siyasi şüur və mədəniyyətlə qarşılıqlı əlaqəsi və sair problemlər bu günkü elmi ictimaiyyəti düşündürən çox mühüm nəzəri-praktik məsələlərdən birinə çevrilib. Ona görə də mentalitet anlayışının yuxarıda sadalanan cəhətləri üzərində bir qədər ətraflı dayanaq.

Bir termin kimi “mentalitet” ilk dəfə Amerika alimi Emerson tərəfindən 1856-cı ildə işlədilib və dərhal geniş surətdə istifadə edilməyə başlanıb. Bunun da nəticəsində fransız humanisti Marsel Prust onu bir neologizm kimi öz lüğətinə daxil edib. “Mentalitet” anlayışının müasir tədqiqatçıları onu mədəniyyətin xüsusi bir tipi kimi də nəzərdən keçirirlər. Siyasi-fəlsəfi ədəbiyyatda mentaliteti “milli xarakter” kimi qəbul edənlər də var. XX əsrin fransız humanistlərindən Levi-Bryül, Lefevr, Meyerson, Fevr, Toff, Dobi və başqaları  müxtəlif illərdə mentalitet haqqında müxtəlif fikirlər söyləyiblər. Mentalitet sözünün ilkin mənası latınca “ağıl”, “düşüncə”, “təfəkkür tərzi” deməkdir. Müasir anlamda fərdi və kollektiv şüurun eləcə də şüursuzluğun yüksək səviyyəsini ifadə edir. Mentalitet deyərkən həmçinin millətin və şəxsin düşünmək, hiss etmək, ətrafda baş verən hadisələri qavramaq və qəbul etmək üsulu başa düşülür. Amma geniş mənada mentalitet anlayışına xalqın və yaxud fərdin elmi-nəzəri səviyyəsi, mənəvi inkişaf dərəcəsi, əxlaqi keyfiyyətləri, həyat tərzi, adət və ənənələri, digər xalqlara və millətlərə münasibəti, dünyanı qavrama və qəbul etmə səviyyəsi də daxildir.

Milli mentalitet milli siyasi şüurun birinci, milli ideologiya isə ikinci mərhələsini təşkil edir və ona görə də onlar bir-birilə qırılmaz surətdə əlaqədardırlar. Milli mentalitet son illərədək elmi-nəzəri ədəbiyyatda milli xarakter kimi səciyyələndirilib. Halbuki o, daha geniş bir anlayış olub, milli həyatının mənəvi, əqli-psixoloji, pedaqoji, sosial-siyasi sahələrini, onun başqa xalqlarla münasibətini, ətrafda baş verən hadisələrə reaksiyasını, özünə və öz siyasi liderlərinə münasibətini və sair kimi kompleks məsələləri özündə ehtiva edir. Siyasi milli mədəniyyətin tərkib hissəsi olmaqla milli mentalitetə bir sıra xarakter xüsusiyyətlər, fərqlər, antinomlar (ziddiyyətli cəhətlər) xasdır. Məsələn, azərbaycanlıların milli mentalitetində başqa xalqların milli mentalitetlərində olduğu kimi həm pozitiv (alicənablıq, qonaqpərvərlik, tolerantlıq, sadəlik, humanizm, yüksək əxlaqi-mənəvi keyfiyyətlər ), həm də neqativ (arxaizmə və totalitarizmə meyl, yeniləşmə ilə gec ayaqlaşmaq, traybalizm və sair) momentlər vardır. Dünyada elə bir millət, xalq tapmaq olmaz ki, onun milli mentaliteti bu kimi ziddiyyətlərdən tam azad olmuş olsun.

– Onda deyə bilərikmi ki, milli mentalitet milli ideologiya ilə əlaqəlidir?

– Bəli, doğrudur, milli mentalitet milli ideologiya ilə də əlaqədardır.  Milli ideologiya da öz növbəsində iki səviyyədə qavranılmalıdır: birincisi, milli-etnik ideyanın inkişaf edərək ümummilli ideyaya, milli idealın vasitəsinə çevrilməsi (məsələn, türkçülük). İkincisi, ayrı-ayrı milli etnik ideyaların ümumdövlət mənafelərinin ifadəçisi kimi inteqrasiya olunub vahid dövlətçiliyə xidmət etməsi (məsələn, azərbaycançılıq ideyası). Birinci halda millətin və xalqın milli idealı özünü ən əvvəl milli dil və mədəniyyət uğrunda aparılan mübarizə şəklində göstərir (“kültür millətçiliyi”, “milli müsəlman kommunizmi” və sair). İkinci halda, ümumdövlət mənafeyi, vahid dövlətçilik hissələri, ümumi coğrafi və iqtisadi zona birliyi ideyaları, bir sözlə, siyasi mülahizələr ön sıraya çəkilir (məsələn, azərbaycançılıq). Milli ideologiya – ayrı-ayrı ideyaların məcmusundan təşəkkül tapır və ona görə də milli mentalitetlə qarşılıqlı əlaqədə olur.

(Ardı var)

Sevinc MÜRVƏTQIZI

 





23.05.2013    çap et  çap et