525.Az

Əjdər Ol - Oqtay Rzanın şeiri


 

Əjdər Ol - <b style="color:red">Oqtay Rzanın şeiri </b>

Adını köksümə yazdım onun da,
Həssas, alicənab, uzaqgörəndir;
Hər il gül qoxulu mayın sonunda
Sabir bayramına rəvac verəndir.
Kimlik, vətəndaşlıq, el şərqisində
Diridir dahimiz, sağdır ulumuz;
Güclü şairlərin ön cərgəsində
Əjdər Olumuz var, Əjdər Olumuz!

Deyir: “Saxlamayaq tənqidi qında,
Qəzet, telegüzgü, salon, kürsü var”;
Neçə yüz ustadın siyahısında
İkicə hərfli təxəllüsü var.
Kitab bağışlayıb gül sərgisində
Nüfuzda dağ kimi uca boylumuz;
Güclü şairlərin ön cərgəsində
Əjdər Olumuz var, Əjdər Olumuz!

Yorulmaq bilmədən hey çalışır ki,
Çətinlik çəkənə dəysin köməyi;
Canlı xəzinəymiş həmkarım sanki,
Sevir az danışıb, çox dinləməyi.
Bünövrə möhkəmdir söz hörgüsündə,
Üzü işıqlımız, içi dolumuz.
Güclü şairlərin ön cərgəsində
Əjdər Olumuz var, Əjdər Olumuz!

Yazarlar Birliyi bəsləyir inam,
Böyük yığnaqların ən fəalıdır;
Alıb millətindən qüvvət, ruh, ilham,
Söhbəti elə bil beçə balıdır.
Payız xəzanında, yay bürküsündə
Misradan-misraya keçir yolumuz.
Güclü şairlərin ön cərgəsində
Əjdər Olumuz var, Əjdər Olumuz!

 





26.08.2017    çap et  çap et