525.Az

Vaqif Bəhmənlinin şeirləri


 

Daha nəyin var ki, nəyi verəsən,

Vaqif Bəhmənlinin <b style="color:red">şeirləri</b>

 

Xırda əcəl

 

Səadətdi doğrudan,

                uca amal uğrunda

buğum-buğum doğranmaq,

                tonqal içrə kül olmaq,

qumluqdan sızıb ölmək

                sonda miskin Məcnunda,

Leylinin yaxasında

                solmayan bir gül olmaq,

 

səhərdən axşamadək

                arı kimi əlləşmək;

Xoşdu şah qapısında

                namuslu bir qul olmaq,

Soyuq torpaqda yatmaq,

                görməmək yorğan-döşək...

sonra da şah əmriylə

                uzun boynu vurulmaq!

 

Bu cür böyük ölümlər

                 səadətdi, səadət –

Böyük ölümlər üçün

                 bir qədər qocayam mən.

Görünür belə imiş

                bəxtimə düşən qismət,

Görünür ki, lap xırda

                dərddən öləcəyəm mən.

 

Bir cocuq çırtmasından

                 ruhum uçacaq göyə,

Göyərçin qurultusu

                 cana verəcək qüsul.

Öləcəyəm yol üstdə

                 bir kol quruyur deyə,

öləcəyəm, görsəm ki,

                 bir kasıb köpük qusur.

 

Barım-barxanam məlum,

                 arxayınam sərvətdən-

Dartıram külfətimi,

                 yoxuş-eniş... ürəyim!

Nə mərddən,

          nə namərddən,

                  xırdadan xırda dərddən –

tıxacda çatlayacaq

                  yolu geniş ürəyim.

 

Minnətli bir misqalın

                 yükü batmandı mənə,

yaltağın bəslədiyi

                 hörmətdən öləcəyəm.

Min illik məhəbbətin

                 gücü çatmadı mənə,

Min faiz, bir dəyyusa

                 nifrətdən öləcəyəm.

 

Halal südəmmişlərin

                 buşqağa məhkum canı,

sürtük fahişələrin

                 yarımağı sonumdu.

Yuvasına dən dartan

                 qaraca qarışqanın

ayaq altda əzilən baş barmağı sonumdu!

 

 

Hər kəsin fəndi yetməz

                 ucadı qurduğum taxt

Qatil, 

        qəfil vurmağa

                 gizli yollar arama.

Mənim zəif yerimi

                 qardaşım bilir ancaq,

Son əcəl xəncərini

                 o soxacaq yarama!

 

Düşünmürəm ki, öləm

                 xəyalı dərin meydən,

Əli,

       Vəli, ya da ki,

                 Həşim vuracaq məni.

Ya odun tükənəcək,

                 ya öləcək Gün göydə...

bütün bunlar olmasa,

                 maşın vuracaq məni!

                                         2013

Qınağa cavab

 

Demə yolu düşmür qardaşıgilə,

demə ki, yoxlamır bacılarını,

körpə bala kimi şəlləyib belə

vaxt hanı,

               dartıram acılarımı.

 

Mənə soyuq demə,

                          əl çək fikrindən –

bilmədim dən qovum,

                          ya dam axtarım.

Yalançı dünyanın gerçək fikrindən

başım ayıldı ki, adam axtarım?

                                      2012

Yaxşı sahib

     

Yaxşı arvadın əlində

gül olmayım, gül olmayım-

əyin-başı şax eləyən

ütü olum ey, ütü!

 

Yaxşı ərin qapısının

inəyi, dəvəsi olmayım,

övladı, nəvəsi olmayım,

iti olum ey, iti...

                            2013

 

Baş hərf

 

Baş hərflər meydandı, şahanə taxtdı,

Ucalan yer gəzir enməzdən öncə.

Baş hərf toparlanmaq, iç artlamaqdı,

boğaz yaşlamaqdı, dinməzdən öncə.

 

Baş hərflər atadı –

                     ondan yapışın,

cocuğa bənzəyir kiçik hərflər.

Böyük hərflərə çatır şöhrət, şan,

kiçiklər böyümür, min yol təriflə.

 

Lilipud kimidi körpə hərflər,

Heç vaxt boy atmazlar

                       qocalsalar da.

Bu dərə hərflər, təpə hərflər

zirvə yaradarlar alçalsalar da.

 

Böyüklər kiçilsə şər haqqı əyər,

Zay olar kiçiyə çəkilən əmək.

Kiçik hərf gəlmirsə ardınca əgər

Böyük hərf züryətsiz, sonsuzdu demək!

 

Kiçiyi incidən cəllad, ya lotu...

Görüm Allah versin bəlalarını.

Böyük hərf anadı,

                        əlindən tutub

məktəbə aparır balalarını...

 

Baş hərf isti təndir –

                        fikrin yükünü

qaynar divar kimi qorusun gərək.

Balaca hərflə ANA sözünü,

Balaca hərflə ATA sözünü,

Balaca hərflə VƏTƏN sözünü,

balaca hərflə Allah sözünü,

yazan barmaq ki, var –

                         qurusun gərək!

                                              2012

 

Doğulmaq haqqı

 

“ Allah

çəkdiyin əziyyətləri

bir də çəkdirməsin! ”

deyirsən mənə...

Əlbəttə,

istədiyindəndi belə demək.

Belə deməklə, qardaş,

tərəzinin gözünü

bir balaca əyirsən...

bir daha belə demə!

Çünki mən

bu möhtəşəm həyata,

bir qatı kədər, ələm,

bir qatı şən həyata

artım xatirinə yox,

könüllü gəlmişəm.

 

Hər yerə, hər şeyə vurğun,

hər kəsə müştaqam mən.

 

İyirmi iki yaşında

gül qoxuyan Diləfruz,

İyirmi altı yaşında

ərəl boylu

İttifaqam mən.

 

Ya mən, ya cin!

Nə yumurta, nə hin?!

 

Əgər məni əkməsəydi atamı,

əgər məni doğmasaydı anamı

                                boğardım,

çəkilib Məryəm bətninə

özüm özümü doğardım...

                                  2013

 

Atam-anam

 

Baş ucum kökümlə tamdı-

Ağacam, bütöv canam.

Qalın budaqlarım atamdı,

Nazik budaqlarım anam.

 

Həm vətənəm, həm qürbətəm,

Həm sevgiyəm, həm nifrətəm...

İki rəngdən ibarətəm –

Qara atamdı, ağ anam.

 

Ha yanda bitim, demərəm...

Göylərə çatım, demərəm...

Özmə yetim demərəm –

Sol böyür atamdı, sağ anam.

 

Barmaqlarım şam-şamdı;

Qəmdən əridi, damdı...

Orta barmaq atamdı,

Şəhadət barmaq anam.

 

San nə üçün, ad nə üçün? –

Hamısı  baş qatmaq üçün!

Dırmaşıram çatmaq üçün-

Zirvə atamdı, dağ anam.

 

Dənim çanaqlardan aşır,

Gülüm qucaqlardan aşır,

Barım budaqlardan aşır –

Bağban atamdı, bağ anam.

 

Hər mətləbi gərək qanam;

Ölən ölmür, keçir qana...

Qışqıran hər körpə atam,  

Ağlayan hər uşaq anam...

                                    2012

 

Yandır çırağı

 

Alovu tuşuna tut –

zülmətdə daş uçunur,

bağrımın başına tut

kibritin baş ucunu,

yandır çırağı, ay qız.

 

Bəlli borcun içində

ömür keçir, gün keçir.

Ötən bir gün içində

min illik sürgün keçir –

yandır çırağı, ay qız.

 

Tanrı pərdəsi təkdi –

biz pərdəli dəliyik.

Pərdə nəyə gərəkdi

onsuz da pərdəliyik –

yandır çırağı, ay qız.

 

Bəxt harda dönür daşa,

hardadı zülüm, görüm...

İlan qolum sarmaşan

belin hardadı görüm;

yandır çırağı, ay qız.

 

Xəncər dilin doğrasa

heç olmasa el görsün.

Bülbülün yarasına

işığı tut, gül görsün –

yandır çırağı, ay qız.

 

İşıq düşməsə gözə

haram var, haram ola?

Kərəmdən sonra bizə

sevişmək haram olar –

yandır çırağı, ay qız.

 

Bilmədin ki, qədrimi

boynuna uşaq düşsün.

Heç olmasa qəbrimin

içinə işıq düşsün

yandır çırağı, ay qız...

                              2012

 

Aç qapını...

 

Yanı yoldaşlısan,

                    ya bəlkə təksən,

hər halda qapını möhkəm bağlama

Diksinmə, cəftəni nə zaman çəksəm –

dərvişəm, xəyanət gəlməz ağlıma.

 

Bütün pərdələrdə deşik var, inan,

Can bir xəzinə ki,

                    açan yeməyib.

Görsən ki, böyrümdə pişik var,

                                        inan,

o pişik ömründə siçan yeməyib.

 

Lap pələnglə gəlsəm, tutma başını,

bircə bunu söylə:

                – İçəri buyur!

And olsun, o pələng qanlı dişini

səhər də, axşam da fırçayla yuyur...

 

Qucağım gül dolu...

                     boynu burulmuş

dəhlizdə durmuşam

                     görsən cani tək,

bir banka su gətir, beli qırılmış,

soluxmuş gülləri dikəldə bilək.

 

Qorxduğun nə varsa,

                     bil ki, saxtadı –

Cinim sinov gedir salavat üçün.

Əlimdə sıxdığım bıçaq taxtadı,

qana boyamışam zarafat üçün.

 

Görsən ki, gəlmişəm ayrı qadınla

nə onu bağışla,

                      nə məni əfv et –

yenə aç qapını, tanrı adına,

yanımızca gələn uşağa rəhm et.

                                            2013

Qollarımız

 

Ay ömrüm, ay görüm səni min yaşa,

Xoşbəxtlik oxunsun əlindən sənin.

Yadına gəlirmi,

                        gedirdik qoşa,

Mən də yapışırdım qolundan sənin.

 

Bu xoş xatirəyə güləydin bəlkə?-

Ah-ufu çəkincə düyünə qədər...

Dilimiz  uzanıb gileydən bəlkə,

Ya qollar gödəlib çiyinə qədər?

 

Bir bax yolumuza boran tökülür,

Neyləyim,

             sızlayan yarandan tutum?

Oranı tuturam, buran tökülür

Vallah, heç bilmirəm harandan tutum...

                                                   2012

 

Ahu... Banu

 

Eşitdik ki, şair qardaşım Umud Rəhimoğlunun ekiztay qız nəvəsi olub, maşına doluşub getdik görməsinə. Həmən günün təəssüratından bu şeir yarandı. Uşaqdan böyüyə kimi hamımızın ürəyincə olan iki gözəl qıza həm iki, həm də hardasa tək bir adın qoyulması idi; Ahu, Banu...

 

Gözün aydın Umud baba,

Səndən yaxşı umud hanı?

Tanrı vermiş topa-topa –

biri Ahu, biri Banu...

 

Budaqdan cüt dərmiş ola –

Kim calamış iki qanı?

Qoşa əllə vermiş ola?-

biri Ahu, biri Banu...

 

Alsın sizin qadanızı

Leyli, Şirin, Məhinbanu...

Adlar qurban adınıza,

Ahu, Banu, Ahu, Banu!

 

Beşikləri yan yanadı –

Hünərin var, ayır tanı...

Bir mələyin cüt qanadı –

biri Ahu, biri Banu...

 

Görən deyir bir də görüm,

Bilmir hara qoysun canı.

Heç düşməsin dərdə görüm;

biri Ahu, biri Banu...

 

Baxışları quzu təki

Hansı baldı, hansı şanı?

Tanrı təkdi, qızı iki –

biri Ahu, biri Banu!

                            2013

     

Plastik kisələr

 

Açarı çıxarıb dəri kisədən

sevincək açıram bağ qapısını;

bədgüman olmuram daha kimsədən...

qəzəbdən içimdə şüşə qab sınır.

 

Buna nə ad verim işğaldan özgə –

bağım tora düşüb,

                        hər yan kisədi.

Cidanı nə gizlər çuvaldan özgə;

nar kisə,

             tut kisə,

                         bostan kisədi...

 

Hasardan atdanıb qəfil içəri

Yağı güman edir, çöldür, aparır.

Bağımın başına torba keçirib

gözüm görə-görə quldur aparır!

 

Bir vaxt uçuşardı quşlar güneydə,

baxardıq,

               quzeydə bulud, qar uçur.

Arzular uçurdu qabaqlar göydə

indi də

          plastik torbalar uçur.

 

Ona bax, kisədən şam lopa qoyub

sübhəcən boğulub, ağlayıb alma.

Küknar ingilisdi,

                      şlyapa qoyub,

Alman kalstuku bağlayıb alma.

 

Kisə çıxardanı gorbagor olsun,

kisəni küçəyə atana lənət!

Kimyagər dünyanın gözü kor olsun,

ay külək, sənin də atana lənət!

 

Söyürəm dünyanı, çıxarı çoxdu...

Kisə hardan bilsin bu evdi, damdı.

Vallahi, kisənin günahı yoxdu

Məhləmi bu kökə salan adamdı.

 

Nə alsan yarısı atılır indi,

O üzdən hər tərəf plastik torba!

Plastik torbada satılır indi

Ürək, qaraciyər, dietik şorba.

 

Özüm əkdiyimi özüm dərirdim

buğdam yelə gedib,

                     arpa dərirəm.

Vaxt vardı tənəkdən üzüm dərirdim,

İndi salxım-salxım torba dərirəm...

                                                    2013

Yaxşı kişinin nağılı

 

Kəsdim mişar-mişar Güzdək dağını

Ev tikdim,

              eyvanı Günəşə baxır.

Tərimlə yoğurdum üz suvağını –

dedim,

         deməsinlər evsizdi fağır.

 

Hər şeydən yuxarı tutdum öyüdü,

anaya qul oldum,

                       ta ki doğuldum.

Dedim,

           halal olsun doğanın südü,

dedim, deməsinlər

                         nankor oğuldu.

 

Dedim,

          deməsinlər möhtacdı yada,

yada yalmananlar lakeydi dedim.

Dost tutdum,

            dostsuzlar madar dünyada

elə sonsuz kimi bir şeydi dedim.

 

Bekar saxlamadım arvadı bir yol –

yataq aç, yataq yığ... vacib işidi.

Onun da haqqını ödədim bol-bol,

dedim deməsinlər zəif kişidi.

 

Cəddimin zənciri düşdü ağlıma –

dedim yaşayıblar yaşatmaq üçün.

Gözümün nurunu verdim oğluma

özümü babama oxşatmaq üçün.

 

Çalışdım anlayım həyat sözünü,

Fikir tonqalının içinə girdim.

Çəkdim gecə-gündüz sözün nazını –

dedim ki, desinlər babat şairdi.

 

Gəzdim kurortları ömrün payızı,

İfallı canıma baxdım il boyu.

Dedim deməsinlər bu nadan qazı

gül kimi canını nə günə qoyub.

 

Səd heyif kimin ki çırağı yanmır –

Çatmışam arxayın yaşıma indi.

Dedim deməsinlər ocağı yanmır,

odun toplayıram qışıma indi!

                                       2012

     

İlan kimi

     

Qaya-tutub yenə-yenə,

Yamac enib sinə-sinə

atılmaq istəyir dibinə –

Dağlar

           dərənin dalınca

sürünür ilan kimi.

 

Fikir canı yükə salır,

bəxti tükdən tükə salır,

qara saça ləkə salıb

bəyaz qaranın dalınca

sürünür ilan kimi.

 

Dimdiyə dimdik dirəyir,

Gah çığırır, gah kiriyir...

Baxma ki, dimdik yeriyir;

Xoruz

         fərənin dalınca

sürünür ilan kimi.

 

Ağrı gözü yaşardandı –

kimsə bilməz daş hardandı...

yarıq başda huş hardandı?-

Təbib yaranın dalınca

sürünür ilan kimi.

 

Üçdə verəcəyi yoxdusa,

beşdə alacağı yoxdusa,

Lələnin ağlı çoxdusa

niyə Kərəmin dalınca

Sürünür ilan kimi?

 

Səhər sovur...

                  axşam sovur...

diz qatlama bircə hovur;

adam müdam tikə qovur –

Allah verənin dalınca

sürünür ilan kimi.

 

Çox ilan yollar qırılıb,

yollar yarı yolda qalıb...

Göz yuvasında qıvrılıb

ölüm hərənin dalınca

sürünür ilan kimi.

                          2012

İlin yağışları

 

Dekabrda evləndim

üstündən ötdü bir qış –

oğlum oldu,

                 divləndim!

yanvarda yağma, yağış,

yanvar doğum vaxtıdı.

 

Sən anasan dözümdə

səbrini bas, ötər qış,

yüyrük as göy üzündə...

fevralda yağma, yağış,

fevral nağıl vaxtıdı.

 

Martda buludgildə qal,

nə yerə en, nə üşü.

Olmaz ayrı qalmaqal –

mart yumurta döyüşü,

şirni, noğul vaxtıdı.

 

Arılar gülü basar,

bal ilə dolar koğuş.

Sel gəlib yolu basar

apreldə yağma, yağış,

aprel yağ-bal vaxtıdı.

 

El uçur daxma-daxma,

Bərəkət qanad olur.

mayda, iyunda yağma,

zəmilər dənə dolur,

tarla, taxıl vaxtıdı.

 

Axtarıb arar səni –

Günəş ustadı, usta.

Yağsan gün vurar səni,

Yağma iyul, avqustda;

Onlar ağıl vaxtıdı.

 

Yağışlar axmaq olmaz...

qarışıqdı havalar.

Çölə də çıxmaq olmaz,

dil dönməyən üç ay var –

evə qaxıl vaxtıdı.

 

Leysanlar səf bağlasın,

Buludlar versin azan.

Bacılarım ağlasın,

yağışla dolsun qazan –

körpünün qıl vaxtıdı.

                          2012

     

Sonsuz sərvət

 

Köhnə nizamını pozma, Allahım,

Rəhm elə yaşayım

                          yaşadığım tək.

Baxma dəvə dartmaz –

                          ağırdı ahım,

qoy onu daşıyım daşıdığım tək.

 

Ayrı sevgi vermə, yaradan, mənə

Nəzərə al,

                yaşım əlli yeddidi...

Bir qoca sevgim var –

                bənzəyir dinə

Umud yeri birdi,

                əli – yeddidi.

 

Qılınc vermə mənə,

                tapança vermə,

mənə pul da vermə,

                bəsimdi varım.

Naxışlı damğalar vurma dərimə,

qoyma ki, köçəndə günah aparım.

 

Mənə körpü vermə, qıl körpüm durur,

mənə qazan vermə,

                qazanım hazır.

Qızıl saatımı mələklər qurur,

Oturub çiynimdə bəxtimi yazır.

 

Mənə milyon gəlir bir xırda qılıq,

At nəyimə gərək, xəyal atımdı.

Anam mərhəmətdi, atam yaxşılıq,

İnsaf istəmirəm...

                insaf adımdı.

 

Şikarı tükənməz, keçid, bərəsən,

gözə su, saçıma dəni vermisən.

Daha nəyin var ki, nəyi verəsən

Allahım, sən mənə məni vermisən!

                                                   2013

 

Divar

 

Oturmuşam evimdə...

Dincliyimdi dörd divar –

məhlədə nə işim var?

Müdirdə nə işim var,

fəhlədə nə işim var?

 

Dincliyimdi dörd divar;

indim var, keçmişim var...

ekranda nə işim var,

səhnədə nə işim var?

 

Dincliyimdi dörd divar –

dərdi bölməli kim var?

Meşədə nə işim var,

Səhrada nə işim var?

 

Dincliyimdi dörd divar –

dişim var, kişmişim var

Üzsün suda balıqlar

dəryada nə işim var?

 

Dincliyimdi dörd divar –

yazım ötüb, qışım var.

Haqq kişi, məni apar,

dünyada nə işim var?

                                  2012

 

Şairin özünün özünü poetik təbrikinə “525-ci qəzet”in kollektivi də qoşulur. Ad gününüz mübarək,

Vaqif müəllim!

 

 





23.05.2013    çap et  çap et