525.Az

Jurnalistlər üçün tikilmiş evin mənzillərinin bölüşdürülməsinin şərtləri açıqlanıb


 

Jurnalistlər üçün tikilmiş evin mənzillərinin bölüşdürülməsinin şərtləri açıqlanıb<b style="color:red"></b> Bu gün Azərbaycan Mətbuat Şurası (MŞ) İdarə Heyətinin iclası keçirilib.
 
Şuradan verilən məlumata görə, iclasda jurnalistlər üçün tikilmiş çox mərtəbəli evin mənzillərinin bölüşdürülməsi meyarlarının müəyyənləşdirilməsi ətrafında müzakirələr aparılıb.
 
Toplantını açan MŞ sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin 2010-cu ilin iyulun 22-də MŞ-nin yeni binasının açılışı zamanı Şuranın İdarə Heyətinin üzvləri ilə keçirdiyi görüşdə jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı da müxtəlif təkliflər səslənib, müəyyən məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Elə həmin gün dövlət başçısı jurnalistlərə mənzil tikintisi üçün vəsait ayrılmasını nəzərdə tutan sərəncam imzalayıb: «Bu gün biz yenə də həmin mənzillərin bölgüsü meyarlarını müəyyənləşdirməliyik. Mətbuat Şurası mənzil tikintisi ilə əlaqədar təklif səsləndirdiyi, habelə media ictimaiyyəti ilə daha sıx əlaqələrə malik olduğundan həmin mənzillərin bölgüsü prosesində də iştirak edə bilər. Ümidvaram ki, dəyərli təkliflərinizlə jurnalistlər üçün mühüm əhəmiyyət daşıyan prosesin layiqli şəkildə başa çatdırılmasına köməyinizi əsirgəməyəcəksiniz».
 
Müzakirələr gedişində müxtəlif təkliflər səslənib. Bildirilib ki, bu prosesdə kütləvi informasiya vasitələrinin üzərinə də məsuliyyət düşür. Çünki hazırda praktik fəaliyyət göstərən jurnalistlər əsasən redaksiyalarda cəmləşiblər. Həmin redaksiyaların əksər hissəsi isə MŞ-nin üzvləridirlər. Buna görə də Şura quruma üzv olan media orqanlarından təkliflər qəbul etməlidir. MŞ-yə üzv redaksiyalar əməkdaşlarından kimin daha layiqli olduğunu müəyyənləşdirməlidirlər. Mənzillərdə say məhdudiyyəti olduğundan bu amil onlar tərəfindən nəzərə alınmalıdır. Qeyd olunub ki, son 3 ildə mütəmadi olaraq yayımlanan KİV (qəzet, jurnal, informasiya agentliyi və internet xəbər portalı) həmin redaksiyada  5 il fəaliyyət göstərmiş və ümumilikdə 10 il jurnalistlik təcrübəsinə malik əməkdaşlarının adlarını namizəd kimi irəli sürə bilər.
Gündəlik qəzetlər və informasiya agentlikləri 3-dək, həftəlik qəzetlər, jurnallar və xəbər portalları 1 namizəd müəyyənləşdirə bilər.
 
Redaksiya:
 
İclasını çağırmalı, namizəd(lər)ini müəyyənləşdirməlidir;
Azərbaycan Mətbuat Şurasına məktub ünvanlamalıdır (möhürlü və imzalı).
 
Redaksiyanın məktubunda yer almalıdır:
 
Namizədin şəxsiyyət vəsiqəsinin surəti;
Namizədin əmək kitabçasının surəti;
Namizədin müəyyənləşdirilməsi ilə bağlı iclasın protokolundan çıxarış (möhürlü və imzalı);
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən namizədin adına evin (mülkün) olmadığını təsdiqləyən sənədin əsli;
Namizədin tərcümeyi-halı.
 
Qeyd olunub ki, KİV redaksiya iclasının vaxtını MŞ ilə razılaşdırmalı və həmin iclasda MŞ-nin nümayəndəsi də iştirak etməlidir.
Göstərilən sənədlər iyun ayının 15-dək MŞ-yə təqdim edilməlidir.
Şura toplanmış materialları Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına təqdim edəcək.
 





23.05.2013    çap et  çap et