525.Az

“Bir həzin axşamda düşsəm yadına”


 

“Bir həzin axşamda düşsəm yadına”<b style="color:red"></b>

May ayının 21-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsində Xalq şairi Nigar Rəfibəylininin 100 illik yubileyinə həsr olunmuş “Bir həzin axşamda düşsəm yadına” adlı ədəbi-bədii tədbir keçirildi.

Tədbiri giriş sözü ilə sənətşünaslıq fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent  Vəfa Əliyev açaraq qeyd etdi ki,  dünyada yollar çoxdur, yolların ən çətini oxucunun qəlbinə gedən yoldur. “Bu müqəddəs yola gərək istedadla çıxasan.İstedadlı sənətkar hər yerdə, hər məkanda sevilir. Xalq şairi Nigar Rəfibəyli də xoşbəxt sənətkarlarımızdandır. Onun lirikası başdan-başa həzin bir musiqidir. Bəstəkarlarımız şairin sözlərinə çoxlu mahnılar bəstələyiblər. Onun şeirləri ilhamlı bir qəlbin poetik nümunələridir. Xalq şairi Səməd Vurğun yazırdı ki, hər sənət əsərinin çarpan ürəyi saf və səmimi bir ilhamdır. İlhamsız yazılan bir əsər məhəbbətsiz  ailə kimi sönükdür. Ən böyük və xoşbəxt sənətkar öz ilhamını xalq mənəviyyatından, onun yüksək əməl və arzularından alır.Bu gün 100 illik yubileyini qeyd etdiyimiz Xalq şairi Nigar Rəfibəyli də istedadına güvənən ilhamlı şairlərimizdən olub. Onun poeziyası bu gün də oxunur, sabah da sevilə-sevilə oxunacaq”.

V.Əliyev sözü “Ədəbiyyat və Azərbaycan dili” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Məmmədovaya verdi.

Məruzəçi Nigar Rəfibəylinin həyat və yaradıcılığı barədə geniş məlumat verdi.  Şairənin atası Xudadat bəy Rəfibəylinin Avropada təhsil aldığını, dövrünün ilk azərbaycanlı cərrahlarından olduğunu nəzərə çatdırdı. O, Azərbaycan Demokratik Cümhuriyyətinin təklifi və Gəncə ictimaiyyətinin xahişi ilə quberniyanın valisi vəzifəsini qəbul etmiş, bir müddət bu vəzifəni layiqincə icra etmiş, sonralar müstəqil dövlətin səhiyyə naziri  vəzifəsində çalışmışdır. Taleyin gərdişi elə gətirir ki, Xudatat bəy sonradan həbs edilir, Bakıya göndərilir və  Nargin adasında güllələnir. Təbii ki, bütün bunlar şairin gələcək yaradıcılığına da öz təsirini göstərir. Nigar xanımın “Çadra” adlı ilk şeiri  1928- ci ildə “Dan ulduzu” jurnalında dərc edilib.  Nigar xanım Moskvada təhsil alarkən 1934- cü ildə Bakıda onun ilk şeirlər məcmuəsi çapdan çıxıb.

Nigar Rəfibəyli ədəbiyyata özünəməxsus mövzu, lirizm və çalarla daxil olub. Saf məhəbbət, insan taleyi, nisgilli hadisələr, qadın səadəti, övlad sevgisi, Vətən torpağına sevgi, ömür-gün yoldaşına bağlılıq, qadın ürəyinin kövrəkliyi onun poeziyasının əsas qayəsinə çevrilib. Nigar Rəfibəylinin yaradıcılığında təbiilik ən müqəddəs bir duyğu kimi vəsf olunur. Onun poeziyasında yaxşılıq, xeyirxahlıq, mərdlik, qəhrəmanlıq, gənclik, zəriflik anlayışları da məhz təbiilik prizmasından baxılıb qiymətləndirilir:

Ölümdən qorxmuram,

Cəfadan, zülmdən qorxuram.

Bircə məhəbbət yarasıdır

Ürəyimi qanadan...

Gülnarə Məmmədova sözünü Nigar xanımın ömür-gün yoldaşı Rəsul Rzanın sözləri ilə bitirərək böyük şairin Nigar Rəfibəyli  haqqında dediklərini olduğu kimi çatdırdı: “Əgər günlər geriyə varaqlansa, gəncliyim qayıtsa idi, inan ki, mən ömrümü yenə səninlə bağlayardım...Qoy üç sevimli balamızın sevinc və səadəti gələcək günlərimizi bəzəsin. Qoy məhəbbətimizin hərarəti onları hər cür fırtınalardan qorusun. Vəfa və sədaqətin qarşısında baş əyirəm.”

Tədbir tələbələrin hazırladıqları bədii hissə ilə davam etdirildi. Nigar Rəfibəyli lirikasının həzin musiqisi tamaşaçıları lirik bir dünyaya dəvət etdi. Məruzəçi çıxışının sonunda N.Rəfibəyli yaradıcılığının bədii özəlliklərini konkret nümunələr əsasında səsləndirdi.

ADMİU-nun tələbələrindən  Elməddin Məmmədovun, Rəfail Əliyevin, Nicat Nəzirovun, Fəridə Məmmədovanın  tamaşaçılara təqdim etdiyi  bədii kompozisiya hələ bir müddət onların ruhunu oxşayacaq, təmiz sevgiyə, məhəbbətə, sədaqətə səsləyəcək.

Zakir Abbas

 





24.05.2013    çap et  çap et