525.Az

Dövlətin əzablı doğuluşu - Azərbaycan Cümhuriyyəti - 100


 

Dövlətin əzablı doğuluşu - <b style="color:red">Azərbaycan Cümhuriyyəti - 100</b>

Qorxulu 1918-ci ildə əvvəlcə mart qırğını zamanı Stepan Şaumyanın daşnakları, sonra isə ermənipərəst Sentrokaspi diktaturası tərəfindən iki dəfə həbsə atılan, aylar boyu həyatı hər an tükdən asılı olan Əlimərdan bəy Topçubaşov yalnız həmin il avqustun əvvəllərində, müstəqillik elanının üçüncü ayında böyük təhlükələri adladaraq Azərbaycan Cümhuriyyətinin müvəqqəti paytaxtı Gəncəyə gələ bilmişdi.

Əqidə dostları onun taleyindən tam xəbərsiz qaldıqlarından (hətta sağ olub-olmadığı da bilinmirdi) 1918-ci il iyunun 17-də formalaşdırılan ikinci hökumət kabinəsində Əlimərdan bəyə sadəcə portfelsiz nazir vəzifəsi ayırmışdılar. Lakin mənəvi nüfuzu, biliyi, təcrübəsi, milli ideyaya tükənməz sədaqəti ilə daha yüksəkdə dayanması heç kimə sirr deyildi. Ona görə də baş nazir Fətəli xan Xoyski 1918-ci ildə bir neçə günlüyə Gəncəni tərk  edib cəbhə xəttinə gedəndə baş nazir və xarici işlər nazirinin səlahiyyətlərini həyata keçirmək bir başqasına deyil, məhz Əlimərdan bəy Topçubaşova həvalə edilmişdi.

Avqustun 23-də isə Nazirlər Şurasının qərarı ilə Azərbaycan Cümhuriyyətinin Fövqəladə və Səlahiyyətli naziri kimi “bütün məsələlər üzrə danışıqlar aparmaq” üçün İstanbula göndərilmişdi. Ona verilən səlahiyyətli nazir statusu və mandatı bir sıra Mərkəzi və Qərbi Avropa dövlətlərində, Osmanlı imperatorluğunda, Gürcüstanda və Ermənistanda Azərbaycan Resublikasını təmsil etməyə tam hüquqi əsas yaradırdı.

Puşkin Lomonosov haqqında yazırdı ki, o, təkcə ilk rus universitetini qurmayıb, özü də rus xalqı üçün bütöv bir universitet olub. Əlimərdan bəy də yeni milli dövlətin xarici işlər naziri vəzifəsini cəmisi bir neçə günlüyünə tutsa da, özünün sonrakı fəliyyəti ilə ən müxtəlif istiqamətlərdə bütöv xarici işlər nazirliyinin funksiyalarını bacarıqla yerinə yetirib. 1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyətinin xarici siyasəti ilə bağlı bütün məsələlərdə açar-sima kimi çıxış edib, Versal sülh konfransında Azərbaycan nümayəndə heyətinin başçısı kimi gənc dövlətin de-fakto tanınmasına nail olub. Həyatının sonuna - 1934-cü ilə qədər bütün məhrumiyyətlərə, xəstmühacirət daxili çəkişmələrə baxmayaraq, millətinin sözçüsü  rolunda çıxış edib.

Aşağıda təqdim etdiyim sənədlər, təbii ki, Cümhuriyyət dövrünün tədqiqatçılarına yaxşı tanışdır. Azərbaycan diplomatiyasının, xarici siyasətinin tarixinə dair əsərlərdə, Ə.Topçubaşova dair tədqiqatlarda onlara dəfələrlə istinad edilib. Amma ana dilimizə ilk dəfədir ki, tərcümə olunurlar.

1918-ci ilin dekabrında baş nazir Fətəli xan Xoyski Azərbaycan Cümhuriyyəti Parlamentinin təntənəli açılış iclasında acı-acı şikayətlənirdi ki, Allah rus dövlətinin evini yıxsın, tifaqını dağıtsın, bizi ana dilimizdə təhsil almağa, ana dilində danışmağa qoymadı. Əlimərdan bəy də gimnaziya və universitet təhsilini rus dilində almışdı, fikirlərini rusca daha səlis və dolğun ifadə edirdi. Ona görə də istər İstanbuldan, istərsə də Parisdən hökumətlə bütün məktub və sənədləri bu dildə göndərmişdi.

Fikrimcə, müxtəlif kağız parçalarında, tələsik yazılmış  bu qeydlər təkcə görülən işlər haqqında hesabat, görülməli olanlar barədə xatırlatma deyil, həm də dövlətin və dövlətçiliyin əzablı doğuluş tarixinin bir parçasıdır. Təkcə bayrağı yox, dövlətlə bağlı bütün atributları yoxdan yaratmaq lazım gəlirdi. Heç bir təmənna güdmədən o günlərdə yəqin ki, çoxlarına Sizif əməyi kimi görünən son dərəcə ağır və məsuliyyətli yükün altına girən adamların millət sevgisi, vətən məhəbbəti qarşısında baş əymək lazımdır.

Əlimərdan bəy Topçubaşovun baş nazir Fətəli xan Xoyskiyə göndərdiyi məktubları - XX əsr Azərbaycan diplomatiyasının ilk, amma mükəmməl sənədlərin rus dilindən tərcümədə oxuculara təqdim edirəm.

Budapeşt, iyul-avqust, 2017

Azərbaycan Cümhuriyyətinin Fövqəladə və Səlahiyyətli naziri Əlimərdan bəy Topçubaşovun baş nazir Fətəli xan Xoyskiyə məktubları

(Əvvəli ötən şənbə sayımızda)

Ə. Topçubaşovun F.Xoyskiyə məktubu. 

31 oktyabr 1918-ci il
Konstantinopol
Pera Palas oteli

Çox hörmətli Fətəli xan!

Xəlil bəy Xasməmmədovla Əsəd bəy Rüstəmbəyovun getdikləri gəminin sabah  yola düşəcəyi qəti məlum oldu. Bura üçün adi mənzərədir: reys haqda bir neçə gün əvvəldən deyil, yalnız gəminin hərəkəti ərəfəsində məlumat yayırlar. Bu isə təbii ki, lazımi şəkildə hazırlaşmağa imkan vermir. Amma indi qeyd etdiyim çatışmazlıq bizim Xəlil bəyin vətənə dönüşü ilə aradan qalxır. Ondan şəxsən xəbər verməyə macal tapmadığım, yazılı göndərməyi məqbul saymadığım bütün təfərrüatlar haqda şifahi məlumatları ilə məktubumu tamamlamağı  xahiş etmişəm.

Əlbəttə, ilk növbədə ümumi siyasi vəziyyətdən başlamaq lazımdır. İndi yaranmış şəraitdən doğru-düzgün baş çıxarmaq çox çətindir. Yəqin ki, ümumi səciyyəli faktlar teleqraf vasitəsi ilə  Sizə də çatır. Göndərdiyim bir qəzet komplekti əsasında Vilsonun təkliflərindən sonra siyasi həyat hadisələrinin son günlərdəki gedişini bu və ya digər şəkildə təsəvvürə gətirmək  mümkündür. Əvvəlcə ümumi xarakterli və humanist mahiyyətli görünən həmin təkliflər sonradan əsasən Almaniya və Avstriyaya (amma Macarıstana yox), başqa sözlə desək, yalnız almanlara qarşı çevrilən özünəməxsus hücum və qisas səciyyəsi almağa başladı. Tək imperator Vilhelmin deyil, sülalənin devrilməsi, bütün sualtı gəmilərin və ümumən alman donanmasının, Krupp zavodlarının məhv edilməsi və s. və i. a. - hamısı birlikdə müttəfiq dövlətlərin hökumətlərinə rəğbəti azaltmaqla bir sırada aydın məsələdir ki, əks cəbhədə yer alan ölkələrin xalqları arasında da  anlaşılaşılması çətin olmayan əsəbilik yaratdı. Deyilənə görə,  almanların Qərb cəbhəsində başlayacaqları yeni qanlı toqquşmalar haqda söhbət dolaşmaqdadır. Onlar artıq 6-cı gündür ki, fransız-ingilis-amerikan qoşunlarının indiyə qədərki müzəffər yürüşünün qarşısını saxlaya biliblər.
 
Başqa bir maraqlı fakt isə Almaniya və Avstriyanın son vaxtadək sərhədlərindən kənarda saxladıqları hərbi hissələri çəkib gətirmələridir. Yeri gəlmişkən, bu son müddət ərzində Konstantinopolda “məskən salmış” 50-80 min nəfərlik alman qoşunları da geri qaytarılır. Qarşıda həqiqətən də toqquşmalar gözlənilir, yoxsa amerikan-ingilis siyasəti buna imkan verməyəcək - hələlik qəti söz demək çətindir. Amma təbii ki, yaranmış vəziyyət Türkiyəyə də öz təsirini göstərir. İndi onun siyasəti  hər zamankından daha anlaşılmazdır. Həm də  məxfilik şəraitində hansısa işlər aparıldığına görə deyil! Hamının və hər şeyin öz açarını tamam itirməsi səbəbindən! Deyəsən, heç yerdə sülh təklifinə buradakı qədər sevinməyiblər.
 
Təkcə onu demək kifayətdir ki, nəyin bahasına olursa olsun, sülhə qovuşmaq  istəyi nəticəsində kütlələrin sevimlisi olan, bir ay əvvələ qədər qarşısında bütün ölkənin diz çökdüyü Tələt-Ənvər hökuməti də qurban verildi. Lakin necə sülh təklif olunur - bu, hələ qeyri-müəyyəndir. Bir tərəfdən hamının başını itirməsi və instiktiv özünüqoruma hissi, digər tərəfdən isə daha xoşagəlməz sürprizlərin gözlənilməsi  elə  vəziyyət yaradıb ki, yalnız yeni rəhbərlər deyil, mətbuat, parlament və ictimai fikir də artıq başqa bir ifrat addım atmağa - ingilislərin ağuşunda yer tapmağa hazırdır. İndi məlum olur ki, “türklər almanları heç vaxt sevməyiblər, frankofil, ingilispərəst olublar və bu gün də belədirlər”.

İş o yerə çatıb ki, oktyabrın 25-də İstanbul səmasında paytaxtı (əsasən şəhərin müsəlman hissəsini) bombalamaq üçün ingilis aeroplanları peyda olanda və təyyarəçi zabit Fazil bəy iki yerdən ağır yara alanda türk aeroplanları onların qarşısına çıxıb düşmənə döyüşə başlamışdı. Hadisədən dərhal sonra türk qəzetlərindən biri canıyananlıqla yazmışdı: “Dostlarımıza - ingilislərə atəş açmağa kim cürət edib?” Onların necə dost olduqlarını gələcək göstərəcək. (Keçmiş ingilis parlamentində türkləri Avropadan qovmağın zəruriliyi fikrini təkidlə ortaya atan, “onlar mədəni erməni xalqına qarşı vəhşi münasibətləri ilə özlərini biabır ediblər” - deyən ser Qladstonun (İngiltərənin baş naziri - V.Q.)  milləti isə hər hansı dostluqla bağlı heç bir nümunə vermir). Lakin indi Smirna (İzmir) yaxınlığındakı kiçik Saqqız adasında türklərlə danışıq masası arxasında həvəslə otururlar. Artıq dənizçilik naziri Rauf bəyin (Trabzonda olmuşdu) rəhbərliyi altında türk nümayəndə heyəti ora yola düşüb

. İngilislər tərəfdən əsas söz sahibi general Tausenddir. Bu, iki il əvvəl Kut-əl-Amarada türklərə əsir düşən həmin o general Tausendin özüdür. Hər gün hansısa nəticə gözləyirlər. Amma əbəs yerə! Artıq dünənki qəzetlər də danışıqların uzanma ehtimalına  işarə vurur. Türkiyəyə ünvanlanan dəhşətli təkliflərlə bağlı şayiələrin hətta kiçik bir qismi də doğrudursa, o zaman məsələni başa düşmək çətin deyil. Nələr danışmırlar - Konstantinopolun düşmənə verilməsi (hətta satılması), boğazların qeyd-şərtsiz açılması, Türkiyə Ermənistanı, Ərəbistan, Suriya, Mesopotomiya və Frakiyanın tam muxtariyyəti, Türkiyəyə qalan bütün adalardan həmişəlik imtina olunması... Daha nə qaldı ki? Bədəxt, ac-yalavac, xarabazara çevrilmiş Anadolu. Vilsonun şərtlərindən biri qoşunların bütün yeni tutulmuş əyalətlərdən dərhal çıxarılmasıdır. Artıq Əsəd paşa qərargahı ilə birlikdə Batumdan qayıdıb. Xəlil paşa da buradadır. Nuri paşanın da qayıdacağı haqda söhbətlər gəzir. Hələ bunlar da hamısı deyil. Danışırlar ki, İngiltərənin tələblərindən biri Bakı və Zaqafqaziya dəmiryolunun almanlarla türklərdən alınmasıdır. Deyirlər ki... Yeri gəlmişkən, bugünkü səhər qəzetləri deyilənlərin çoxunu təsdiq edir. Onları bir az əvvəl (səhər saat 9-da almışıq). Burada artıq Türkiyəyə təklif olunan 22 maddədən  14-ü göstərilib. Deməli, “deyirlər ki... ehtimalı özünü doğruldur. Həm də indi mən mətbuat nümayəndələri və ictimai-siyasi xadimlərlə daha tez-tez görüşürəm. Dünən parlamentin qapalı iclası idi. Sədrəzəm mövcud vəziyyət barədə çıxış edib. Deyəsən, parlament öz hərəkətləri üçün  üçün kart-blanş  alıb. Amma vəziyyət son dərəcə bərbaddır.

İndiki kabinet özü də zəifliyini etiraf edir. Əslində, elə vəziyyət yaranıb ki, burada dahi diplomat da asanlıqla çıxış yolu tapa bilməz. İzzət Paşa və Nəbi bəyin (xarici işlər naziri) mənimlə söhbətinə diqqət yetirin: “Biz məğlub olmuşuq, indi şərtləri başqaları diqtə edir. Sizi əvvəlki kimi sevirik, amma kömək etməyə gücümüz yoxdur.  Yenə əlimizdən gələni etməyə çalışacağıq. Burada qalın, birlikdə işləyək”. Hakimiyyətdə bütün yerləri yetərincə istedadı və nüfuzu olmayan adamlar tutub. Hamısı sülhün və İngiltərənin tərəfdarıdırlar. Yaxud özlərini belə göstərirlər. Bir nəfər də olsun güclü adam yoxdur. İndi beləsinə  hər zaman olduğundan daha çox ehtiyac var.

Parlamentin adına uyğun fəaliyyəti də qeyri-kafidir. Qəribə tərkibə malikdir. Düzdür, orada diqqətəlayiq insanlar da var. Məsələn, Tələt paşa da parlament üzvüdür. Amma fəaliyyətlərində canlılıq görünmür, təşəbbüs yoxdur. Əsas çatışmazlıq - müxalifətin olmamasıdır. Müxalifət rolunda bəzən qeyri-türklərdən - ermənilərdən, əksərən də yunanlardan kimsə çıxış etməyə can atır.  Onlar isə ümumdövlət məsələlərini deyil, müxtəlif hiyləgər yollarla üstünü malalamağa çalışdıqları milli məsələni gündəliyə gətirmyə çalışırlar. Ümumiyyətlə, parlament indi bacardığı qədər gözə görünməməyi daha üstün tutur.

Mətbuat da bu məsələdə ondan geri qalmır. Amma 10-12 yaxşı çıxan qəzet ümumi ictimai-siyasi vəziyyəti əks etdirir. Avropadan və Amerikadan məlumat azdır. Bu isə nəqliyyatın işləməməsi, teleqraf əlaqələrinin kəsilməsi  ilə bağlıdır. Amma ədalətli olmağı da bacarmaq lazımdır. Ara-sıra son dərəcə müasir ruh və üslubda qələmə alınmış yazılara da rast gəlinir. Onların bəzi yerləri son dərəcə güclü və təsirlidir. Amma heyhat.... Belə yazılar ümumdövlət xarakterli işlərə həsr edimir, “Panama şəkər plantasiyası qəhrəmanlarından” ibarət ayrı-ayrı şəxslərə basqılardan, ya da şəxsi söyüşmələrdən ibarət olur. İndi son hökumət kabinəsinə, xüsusən Ənvər paşaya hücumlar daha da çoxalıb. Onu bütün işlərin “mayeyi-fəsadı” sayırlar. Hətta ailə həyatını da gözdən qaçırmırlar: nə üçün sultanın qızına evlənmişdi? Saray almaq üçün pulu haradan tapmışdı? Niyə Azərbaycanı gətirib Türkiyəyə  bağlamışdı? Lakin ayrı-ayrı epizodlara baxmayaraq, milli mətbuatın qətiyyətli səsi eşidilmir, cəsur addımları nəzərə çarpmır, o, həqiqətin gözünün içinə düz baxmağı və sözü ilə insanların qəlblərini alovlandırmağı bacaran  qəhrəman görkəmində cəmiyyətə ayaq basa bilmir.

Ona görə də burada ictimai fikir hətta mövcud olsa da heysiz, süst və dumanlı şəkildədir. Bu dağınıqlıq, qətiyyətsizlik içərisində aparıcı əhval-ruhiyyəni sezmək çətindir. Nəinki çətin, deyərdim ki, qeyri-mümkündür. Çünki ölkə əhalisi nəhayətsizliyə varacaq dərəcədə rəngarəng  və müxtəlifdir. Amma bununla belə, yenə üç əsas qrup müəyyənləşdirmək olar: 1). Öz vətənlərinin marağı üçün yaşayan xaricilər. Türkiyə onlar üçün sağmal inəkdən başqa bir şey deyil. 2). Yunanlar və ermənilər: Hər ikisi, xüsusən də yunanlar Türkiyənin barışmaz düşmənidir. Hamısı Osmanlı ağalığından tam azad olmaq arzusu ilə yaşayır, səbirsizliklə ingilislərin, yaxud hər hansı başqa  qüvvənin onları “vəhşi” adlandırdıqları türklərin əlindən qurtaracağı ümidi ilə günləri sayırlar. Özlərini osmanlı kimi qələmə vermək və vətən sevgisi nümayiş etdirməklə bir sırada səbirsizliklə avropalıların türkləri ölkədən qovacağı saatı gözləyirlər. Əslində isə türkləri hər üzünə yolur və qırxırlar. Əlverişli şəraitdə yaşamaları üçün türklər vuruşmalı və onları qorumalıdırlar. Ermənilərlə yunanlar isə alış-verişlə məşğul olmalı, var-dövlət toplamalıdırlar. 3). Nəhayət, türklərin özləri. Onlar iki qrupa bölünür: a) dövləti yaratmış həqiqi türklər, b) vaxtı ilə imperiya tərkibinə daxil edilmiş və bu gün də daxil olan müxtəlif ölkələrin müsəlman xalqları. Müsəlman olsalar da, daim türklərdən narazıdırlar.

Bunların sırasına, fikrimcə, türk dövlətinin qəbirqazanları simasında çıxış edən  ərəblər, suriyalılar, çərkəslər, arnautlar və et-tuttu guanti ... daxildir. Hərəsi yorğanı öz üstünə çəkmək istəyir. Hesab  edirlər ki, türk dövləti türklər üçün deyil, ayrılıqda ərəblər, çərkəslər, arnavutlar üçün qurulub. Hazırda Ərəbistanda və Suriyada, daha əvvəl isə Albaniyada türklərə göstərilən münasibət bunun əyani sübutudur. Beləliklə, 30 milyon əhalidən yalnız bir ovuc Anadolu türkü (8 milyon nəfərə yaxın!) 600 illik tarixə  malik dövlətin bütün yükünü və günahlarını  çiyinlərində daşımalı olur. Bu olan işdirmi, bu nə qədər ədalətlidir! Sadaladığım məsələlərin qısa səciyyəsi ilə bağlı hissəni başa vurarkən etiraf etməliyəm ki, yuxarıda sətirləri kağıza köçürmək üçün özümü çox böyük zora salmalı oldum.Türk xalqının maraqlarının müdafiəsi uğrunda həyatını qurban verməyə hazır olan bir türk  kimi İstanbulda keçirdiyim bir ayın yekununda varılan son dərəcə kədərli və ürək ağrıdan nəicələri Sizinlə bölüşmək mənə olduqca çətindir. Çox istərdim ki, yanlışlığa yol verim və səhvimi düzəltsinlər. Lakin eyni zamanda, həqiqətə bütün çılpaqlığı ilə, qorxmadan, açıq nəzərlərlə baxmaq istərdim. Burada gördüklərim, aşkara çıxardıqlarım barədə düzgün təsəvvür əldə etmək və Sizə də düzgün məlumat vermək istərdim. Hələlik idarəetmə sisteminə, dövlət müəssisələrinin iş mexanizminə və onların doğma xalqa münasibətdə artıq ənənəyə çevrilən xidmət üsullarını işıqlandırmaqdan özümü saxlayıram. Bu məsələyə toxunmuram, çünki qarşıma necə Avqi tövlələrinin çıxacağını özüm də əvvəldən görürəm.

Lakin burada çox qaldıqca 600 ildən bəri belə bir ağırlığa - 600 illik tarixə malik türk dövlətçiliyinin yükünə dözən türk xalqına həqiqi hörmət və məhəbbət hisslərimin get-gedə artdığını hiss edirəm. Cərəyan edən hadisələr türk xalqının 600 illik əzab və iztirab tarixidir. Bu xalqda nə qədər yaşarılıq, nə qədər həyat eşqi var! Fenomenal hadisədir! Onun gözümüzlə gördüyümüz nümunəsi bizə də heç vaxt ruhdan düşməmək, af-uf etməmək, belə bir xalqın kiçik qardaşı adlanmağa layiq olmaq üçün güc, qüvvə verməlidir və düşünürəm ki, verir.

Ona görə də hesab edirəm ki, taleyin hazırladığı zərbələrə və şıltaqlıqlara  davam gətirə bilməkdən ötrü indi hamımız daha çox işləməliyik. Qarşıda bizi nələrin gözlədiyi ilə bağlı falçılıq eləməyək. Hər halda indiyə qədər başımıza gələnlərdən daha pis olmayacaq. Sadəcə, elə etmək lazımdır ki, qüvvələr dəqiq və bərabər şəkildə bölünsün,  hər kəs gücünə, qabiliyyətinə, işgüzarlıq və biliyinə görə mümkün qədər öz yerində olsun. Söhbət xalqın nicatından gedirsə, şəxsi xarakterli mülahizələrə yer yoxdur və heç bir halda olmamalıdır.

M.Ə.Rəsulzadə ilə göndərdiyim məktubda bu məsələyə toxunmuşdum və bundan sonra da İstanbulda qalmağımın məqsədəuyğunluğu ilə bağlı  düşünməyi təklif etmişdim. Əgər burada qalıramsa, hər şeyi elə tənzimləmək vacibdir ki, işlər mənim təsəvvür etdiyim kimi görülsün. İndi mövqeyimi aydınlaşdıraram. Hadisələrin gedişi göstərir ki, Konstantinopol tezliklə beynəlxalq siyasətdə  əsl yerini tutacaq.Tezliklə bütün dövlətlərin (İngiltərə, Fransa və b.) səfirləri geri qayıdacaq, İstanbul yenidən böyük siyasi mərkəzə çevriləcək. Bunları nəzərə alıb ilk növbədə təyinimi hüquqi şəkildə rəsmiləşdirmək və iki şeydən birini seçmək zəruridir: 1. Ya məni türk hökuməti yanında elçi təyin edin; 2. Yaxud da səlahiyyətimi elə genişləndirin ki, Türkiyədən başqa Almaniya, Avstriya-Macarıstan, Ermənistan və Gürcüstan, habelə ABŞ, İngiltərə, İtaliya, Bolqarıstan, Rumıniya, Ukrayna, Polşa kimi ölkələrdə də təmsilçilik hüququm olsun. Siz əlbəttə, başa düşürsünüz ki, bu,  ilkin tanışlıqdan ötəri zəruridir və heç vəchlə qarşıdan gələn sülh konqresində iştirak və danışıqlar üçün xüsusi mandatı əvəz edə bilməz. Bu barədə aşağıda yazacağam. Fikrimcə, geniş səlahiyyətlər verən mandat məni ayrıca bir ölkəyə elçi təyin etməkdən daha yaxşı və asandır. Beynəlxalq qaydalar baxımından elçi (səfir) təyin olunması üçün əvvəlcə danışıq aparmaq, başqa dövlətlər tərəfindən tanınmaq, sonra diplomatik nümayəndə göndərmək istədiyin dövlətin ilkin razılığını almaq lazımdır. Ona görə də hazırda məsələnin ən yaxşı və asan yolu məni əvvəlki kimi, lakin yuxarıda sadaladığım dövlətlərin adını göstərməklə mandatla təmin etməkdir. Belə bir mandat indiki məqamda da son dərəcə vacibdir. Xahiş edirəm, onu göndərməyə tələsin. Eyni zamanda, sənədin  keyfiyyətli kağızda çap olunub möhürlənmiş surətini də göndərin.

Bu barədə əsla danışmaq istəməsəm də, yenə nüfuz məsələsinə qayıdıram.

Mən artıq yazmışdım ki, bir sıra səbəblərə görə nüfuzumuz yüksək deyil. Bu fikri söyləyərkən kimisə tənqid, yaxud mühakimə etmək niyyətindən çox uzağam. Əgər göndərilən şəxslərin siyasi təmsilçilər kimi çıxış etmələrini istəyirsinizsə, o zaman onların funksiya, vəzifə və borclarının dəqiq müəyyən olunmamasının doğurduğu təbii nəticələri də görmək lazımdır. Məsələn, Xəlil bəy soruşanda ki, doğrudanmı Səlim bəy Behbudov xarici işlər nazirinin, Əsəd bəy Rüstəmbəyov isə maliyyə nazirinin müavinidir, həqiqətən çox çətin vəziyyətə düşdüm. Çünki onlar da vizit kartında dağlı xalqların Şimali Qafqaz Respublikasının xarici işlər naziri olduğu göstərilən,  bəzilərinin hətta knyaz deyə hörmətə mindirdikləri  Heydər Bammatov kimi adlarının əvvəlinə Son Exellence  artırıblar və bu cür də çağrırlar. Belə bir şəraitdə, siyasi kursun dəyişdiyi indiki vaxtda mən nə etməliyəm? Nüfuzumuza gəldikdə isə daşıyıcıları ayrı-ayrı adamlar olan, fərqli adamların fərqli şəkildə anladıqları, fərqli şəkildə istifadə etdikləri həmin o nüfuzun parçalanıb-dağılmış zərrələrinin  indi necə bir yerə yığım? Əlbəttə, mən heç vaxt xüsusi rəğbət göstərmədiyim, can atmadığım ritual və təntənəli mərasimlər haqda danışmıram. Məni maraqlandıran ilk növbədə dövlətimizi təmsil edən nümayəndələrin vəziyyətidir. Bu baxımdan, xahiş edirəm, tərəfimdən qaldırılan və təmsilçiliyin maddi təminatı ilə bağlı məsələyə baxasınız. Hər şeyin son dərəcə baha olduğunu yazmağa ehtiyac varmı? Bahalıq haqda geri qayıdanlar sizə danışarlar. Başqa bir məsələ də var - bu da Pera Palace Hoteldə türk hökumətinin hesabına yaşamaq və yeməklə bağlıdır. Belə müftə bəslənmə nə qədər davam edəcək?

Bədbəxtlikdən mən də yemək, yaşamaq və nəqliyyat xərclərini türk hökumətinin - xarici işlər nazirliyinin ödədiyi müsafirlər sırasındayam.  Düzünü desəm, bu hal mənə çox ağır gəlir. Əslində, heç düzgün də deyil. Çünki məndən əvvəlki bütün nümayəndələrimiz bura müvəqqəti gəlmişdilər və müəyyən mənada qonaq sayıla bilərdilər. Mən isə mandatımda da göstərildiyi kimi, ölkədə uzun müddət qalmaq niyyətindəyəm. Sözün doğrusu, çox narahat olduğum məsələ barədə baş mehmandarla  da danışdım, lakin o, hökumətin inciyə biləcəyini dedi. Amma heç nəyə baxmadan bu söhbəti bitirmək istəyirəm və artıq lazımi bina  axtarmağa başlamışam. Münasib   bina və zəruri təchizatdan (masa, işıqlandırma, isitmə, xidmətçi) başqa dəftərxana təşkili də zəruridir. Yəni katib, fransız və türk tərcüməçisi, kuryer və s. Bundan başqa, Konstantinopolun siyasi mərkəz kimi dirçəlməsini nəzərə alıb burada “Azərbaycan mətbuat bürosu” yaratmağı qərara almışam. Yəqin ki,  ad və ifadə etdiyi məna indilikdə xüsusi izahat tələb etmir. Artıq bəzi adamlarla büro barəsində danışıq aparıram. Müəyyən görkəmli şəxslərdən əməkdaşlıq vədi almışam. Sonra iştirak etmək istəyənlərin sayı daha da çoxalacaq. Lakin məlum məsələdir ki, bu iş üçün vəsait lazımdır. Hələlik nə mətbuat bürosu, nə də nümayəndəliyin saxlanma xərcləri məsələsinə toxunuram. Çünki məsələ özümə də sona qədər aydın deyil.

Məncə, gələcək sülh konqresi üçün bütün zəruri materialları dediyim büroda cəmləmək olar. Bu, növbəti vəzifəmizdir. Konqresdə iştirak edəcək nümayəndələri indidən müəyyənləşdirib seçmək lazımdır ki, hazırlıq işlərinə başlaya bilsinlər. Hazırlıq son dərəcə vacib məsələdir. Elə etmək lazımdır ki, ortalığa neytral ölkələrə göndərmək üçün təşkil olunan təsadüfi nümayəndə heyəti kimi bir heyət çıxmasın. Həmin nümayəndəlik barədə Xəlil bəy Sizə ətraflı məlumat verəcək. Hələlik  dediyim heyət iki nəfərdən - Əli bəy Hüseynzadə və Səlim bəy Behbudovdan ibarətdir. Əslinə baxanda onları hərbi nazirliyin Şərq şöbəsi göndərir. Dağlıların və türküstanlıların təmsilçiləri kimi məsrəflərini də oradan alıblar. Əli bəy Hüseynzadə sabah İsveçrəyə yola düşür. Səlim bəy Behbudov isə xəstələndiyindən səfərini təxirə salmalı olub. Səfərdən məqsəd sözün geniş mənasında təbliğatdır. Onları tapa bildiyim materiallarla təchiz etmişəm. Amma bu heyətin hansısa xüsusi nəticələrə nail olacağına ümid etmirəm. Beləliklə, sülh konqresinə hazırlıq növbəti vəzifəmizdir. (Burada bir cümlə yarımçıq qaldığından məna aydın deyil - Tərc.)

Yeri gəlmişkən, ermənilərlə gürcülərin Avropada çoxdan təmsilçiləri var. Buradakılar hamısı sabah geri qayıtmağa hazırlaşırlar. Onu da əlavə edim ki, fikrimcə, bizim Xəlil bəy ya nümayəndə heyəti ilə birlikdə geri qayıtmalı, ya da mənim gedəcəyim təqdirdə burada qalmalıdır. Lakin indi yerlərdə görülməli işin çox olduğunu deyərkən ona da haqq qazandırmamaq mümkün deyil.

İstanbuldakı erməni və gürcü nümayəndələri ilə çox az görüşmüşəm. Həm də bunu müəyyən qədər bilərəkdən etmişəm. Çünki burada vəziyyət dəyişəndən sonra onların, xüsusən də ermənilərin necə böyük iştahaya düşdüklərinin şahidi oldum. Arabir qəzet səhifələrində, ən çox da Bakıda və Qarabağda baş verən hadisələrlə bağlı özlərini göstərməyə çalışırlar.

Səlim bəy Behbudov və Əsəd bəy Rüstəmbəyova həvalə edilmiş maliyyə işinin qaydaya salınması məsələsinə gəldikdə isə vəziyyət mən onları burada görəndən necədirsə, yenə də eyni şəkildədir. Bizə göndərilməsi nəzərdə tutulan və görüşünə getdiyim maliyyə müşaviri Həmid bəy gələ bilmir. Başqası isə yoxdur. Bir də ümumiyyətlə indi bu işə baş qoşmağa dəyərmi? Hələlik bizim pulları çap etməyə başlamayıblar. Çünki Almaniyadan gələn 8 qatar yolda ilişib qalıb. Uzunmüddətli borcun ikinci yarısı (250 min lirə) barədə isə nədənsə susurlar. Lakin qəti söz verilmişdi ki, artıq aldığınız əvvəlki 225 min lirə kimi o da birbaşa Sizin adınıza göndəriləcək. Təfərrüatlar barədə Əsəd bəy Rüstəmbəyov məlumat verəcək.

Bəzi məsələlərlə bağlı xalq təhsili nazirinin müavini ilə söhbət yazısının surətini göndərirəm. Burada bütün işlər çətinliklə həll olunur. Müəllim və müəllimələrlə bağlı müxtəlif məmurlarla danışdım. Hamısı söz verir, amma əməl eləmir. Deyirlər ki, ümumən işin aparılma qaydası belədir. İstanbulda təhsil alan və yanıma şikayətlə gələn bir neçə gənclə söhbətim oldu. Aralarında Əhməd bəy Ağayevlə gəlmiş şuşalı İsfəndiyar Qəniyev də vardı. Gətirəndə ayrıca diqqət yetiriləcəyinə söz veriblər. Amma indi pulsuz qalıb. Gəncədə aldığı 2 min rubl qurtarıb. Ümumiyyətlə, pul məsələsi ilə bağlı tez-tez müraciət edirlər. Bu yaxınlarda artilleriya məktəbində oxuyan iki yunker - bakılılar Zeynalov və Hüseynov yanıma gəlmişdilər, aclıq çəkdiklərini bildirdilər. Müharibədə əsir düşən qafqazlılar, təsadüfən gəlib bura çıxan qaçqınlar və b. də ehtiyac içindədirlər. Hamısı maddi yardım və evlərinə göndərilmələrini istəyir. Bu işlərin öhdəsindən gəlmək isə son dərəcə çətindir. Rabitə məsələsi də bütün kəskinliyi ilə ortada dayanır. İki aydan çoxdur ki, Sizdən bir sətir də almamışam. Belə olmaz. İndi vəziyyət çox ciddidir və ən azı on gündən bir əlaqə saxlamaq lazımdır. Sizdən çox xahiş edirəm: heç olmazsa, Batuma qədər xüsusi xüsusi kuryer göndərəsiniz. O, sənəd və materialları gətirib adını çəkdiyim doktor Əfəndiyevə verə bilər. Ən yaxşısı isə birbaşa bura kuryer göndərməkdir. Bir daha və bir daha xahiş edirəm: əlaqəni xüsusi kuryerlər vasitəsi ilə saxlayaq. İlk gələn kuryerlə aşağıdakıların göndərilməsi vacibdir: 1. Azərbaycan, əsasən də Qafqaz haqqında ələ düşən bütün materiallar (xüsusən də statistik səciyyəli), 2. Hökumətin bütün sərəncamları (hərbi çağırış və s. haqqında); 3. Xarici işlər nazirliyinin  notalarının surətləri; 4. Hər yerin (Bakı, Tiflis, Batum)  və bütün dillərdə qəzet və jurnalları. Bunlar qurmaq istədiyim büro üçün də lazımdır. Məndə olan pullardan əvvəllər qəbz əsasında verilən və qəbzlərinin surəti Rəsulzadə ilə Sizə göndərilənlərdən başqa yenə aşağıdakı məbləğlər ödənilib: 1.Əsəd bəy Rüstəmbəyova - 81 lirə və 2. Xəlil bəy Xasməmmədova - 200 lirə. Onların verdiyi qəbzlərin surətini də göndərirəm. Alınması mənə həvalə edilmiş avadanlıq (pul çap edən dəzgah, yazı makinaları, dərman, revolverlər və s.) məsələsini təxirə salmaq lazım gəlir. Hələlik vaxtı deyil, üstəlik qiymətlər çox bahadır. Xahiş edirəm, istər bu məktubu, istərsə də söhbət yazılarının surətlərini yalnız hökumət üzvlərinə oxuyun və qoruyub saxlayın.

Hamıya atəşin salam. Özümünkülərdən də bir xəbər yoxdur. Narahat oluram. Əlinizi sıxıram.  

Sizin Ə.Topçubaşov 

P.S. Mövcud şərait vəziyyəti günbəgün deyil, saatbasaat dəyişməyə məcbur edir. Məktubu yazıb başa çatdırmamış elə bir xəbər aldım ki, bundan sonra da İstanbulda  qalmaqla həyatıımı təhlükəyə atmış olacağım bilindi. İndicə Xəlil bəy xəbər gətirdi. Lazımi tədbirlər görürəm.  Bu barədə yaza bilmərəm. Xəlil bəy  Sizə danışacaq. Əlbəttə, hər şey tək mənimlə bağlı olsaydı, vəziyyətlə barışmaq olardı. Lakin ümidlərimi itirmirəm. Məsələ daha mürəkkəbdir. Şəraitə uyğun hərəkət edəcəyəm. Ah, indi orada, Sizin yanınızda nələr baş verdiyini bilməyi necə də istərdim! Rəştdə, Ənzəlidə, bəlkə artıq elə Bakıda ingilis təmsilçiləri ilə danışıqlara tələsmək lazımdır. Günbəgün gözlənilən xüsusi missiya gələn  kimi özüm də eyni işi görəcəyəm. Görək, açılan sabah bizə nə vəd edir...

Beləliklə, ilk iş kimi xüsusi kuryerlə  mənə Azərbaycanla bağlı meydana çıxan məsələlər barədə ad çəkmədən (belədə daha yaxşıdır) bütün dövlətlərlə danışıq aparmaq səlahiyyəti verən mandat göndərin.

Ə.Topçubaşov

1 Daha sonra digər qəzetləri də aldıq. Orada bütün maddələr sadalanmışdı. Bu barədə özünüz oxuyarsınız. Sadəcə, şərtlər o qədər ağırdır ki, adamın danışmağa dili gəlmir. Əgər onlar qəbul edilsə, türk dövləti, onunla birlikdə Azərbaycan dövləti də mövcud olmayacaq. (Müəllifin qeydi)

2 Kart-blanş (Carte blanche) fr. - hərfi tərcümədə “ağ kart”. Burada qeyri-adi səlahiyyət mənasında işlənib.

3 Həftəbecər (İtalyanca)

4 Ə.Topçubaşov burada kiçik yanlışlığa yol verib. Söhbət Osmanlı imperiyasından gedirsə, onun əsası 1299-cu ildə Osman Qazi tərəfindən qoyulmuşdu və bu sətirlərin yazıldığı vaxt həmin dövlət mövcudluğunu 720-ci ilinə qədəm qoymuşdu. Türk dövlətçiliyinin və dövlətlərinin tarixi isə təbii ki, daha qədimdir - V.Q.

5 Zati-Aliləri (Fransızca)

6 Burada protokol xidməti mənasında işlənmişdir.

(Ardı gələn şənbə sayımızda)

 





04.09.2017    çap et  çap et