525.Az

“Bir şairin sevgisi misralarda göyərər”


 

Əbülfət Mədətoğlunun yeni şeirlər kitabı haqqında

“Bir şairin sevgisi misralarda göyərər”<b style="color:red"></b>

Əbülfət Mədətoğlunun yeni şeirlər kitabı çapdan çıxıb və bu kitabın ilk oxucularından biri də mən oldum.
 
Əbülfət demək olar ki, hər gün çalışdığı “Ədalət” qəzetində müxtəlif məzmunlu publisistik yazıları ilə çıxış edir, təzə çıxan şeir kitabları haqqında da yazıları çap olunur. Yazısız dayana bilmir, ürəyini deşən, ona rahatlıq verməyən sözləri, kəlmələri, beynini, ağlını narahat edən düşüncələri yazılara çevirir. Mən o yazıları da oxuyur, bir jurnalistin mənəvi dünyası ilə tanış oluram. Ancaq mən Əbülfəti bir ŞAİR kimi sevirəm. Onun şeirləri duyğularının sözlə ifadə olunan rəsmidir. Bəli, Əbülfət Mədətoğlu duyğu şairidir. İllərdən bəri özüynən, ürəyiynən, Tanrısıynan, sevdiyi insannan və indii xəyallarda görüşdüyü Tuğ kəndiynən danışmaqdan yorulmur.

Daşa çırpıram özümü
Ağrımır əzilən yerim...
Yaman qorxudub gözümü -
Allahdan üzülən yerim!

Bu dərd ancaq dörd divardı
Hər divarın dərdi vardı...
Yadımdadı - biri vardı-
Boy-boya düzülən yerim!

Ömür deyil, bu bir heçdi
İçimdən qasırğa keçdi...
Gecdi daha, yamaq, gecdi-
Ürəyim, - süzülən yerim!


Bir ömrün DƏRD adlı dörd divar arasında çırpınıb qalması fərdi, subyektiv duyğuların təzahürüdür. Hər kəs, o cümlədən Əbülfət Mədətoğlu dərddən, qüssədən xali deyil. Dərdin də çeşidləri var. Əbülfət Mədətoğlunun məncə, ən böyük dərdi Qarabağdır.

Əlim daşını öpmür,
Zirvənisə gözlərim...
Mən nə qədər uzaqdan
Baxa-baxa közərim-
Qarabağım, Qarabağ?!.

Ahım nədi? - can odu!
İçim yanmaqdan sönüb...
Qaralan ürəyim də -
Artıq kösövə dönüb -
Qarabağım, Qarabağ!

Günəş
in buludlanıb,
Ayın isə tutulub...
Yolunu bulud alıb,
Yoxsa ki, unudulub?!
Qarabağım, Qarabağ?!


Əbülfət Mədətoğlunun Qarabağa aid bundan əvvəl yazdığı şeirlər də var və unudulmaz Bəxtiyar Vahabzadə o şeirlərdə poetik yanğını, dərdin böyüklüyünü hiss edib, Əbülfətin şeirlərini Qarabağ dərdinin sözlə ən mükəmməl ifadəsi adlandırıb. Amma Əbülfət Qarabağla, Tuğ kəndi ilə, atalı-analı xatirələri ilə yalnız ən təsirli anları təqdim edir, bu mövzunu heç vaxt plakata, şüara çevirmir. İllər keçəcək, Qarabağ və onun bir parçası Tuğ kəndi yenə bizim üzümüzə güləcək, amma Əbülfətin korun-korun tüstülənən dərdini ifadə edən bu şeiri heç vaxt unudulmayacaq, çünki bu şeir Əbülfətin poeziyada vizit kartıdır, deyərdim:

Yenə könlüm qan ağladı,
Baxdım dağlara, dağlara...
Dolub qaralmış bulud tək,
Yağdım dağlara, dağlara.

Dedi daşıma dərdimi,
Burax başına dərdini!
Alıb başıma dərdimi -
Çaxdım dağlara, dağlara.

Havalanmış ruhum şimşək
Bəsdi, mənə sən az şum çək!
Əbülfəti bir bayraq tək
Taxdım dağlara, dağlara.


Əbülfət Mədətoğlunun yeni kitabındakı şeirlərin əksəriyyəti sevgidəndir. Görəsən, əsrlər boyu şairlərin dönə-dönə müraciət etdikləri bu mövzuda təzə söz deyə bilirmi? Deyərdim ki, Əbülfəti artıq bir sevgi şairi kimi də tanıtmaq olar. Doğrudur, mən onun bu mövzuda bəzən bir-biri ilə üs-üstə düşən, eyni fikrin təkrarına çevrilən şeirlərinin olduğunu da gizlətmirəm, amma Əbülfət sevgi şeirlərində yaşanılan hissləri qələmə alır. Həm də bu hissləri çalışır ki, poetik şəkildə ifadə etsin. Hər şeydən əvvəl bu şeirlərdə sevginin mənası, lirik qəhrəmanın tutulduğu “mərəz” haqda düşünmək olar. İməkləmək, sürünmək, dizin-dizin yerimək - sevgi yolunda bunlar bəlkə indiki çağda arxaik görünür. Amma baxın:

iməkləmək, sürünmək
bəlkə də xoş görünməz.
sevən əyilər eşqə -
sevgi ölər - sürünməz...


Həyat onun fikrincə, sevgi, məhəbbət, eşq üzərində qurulub. Bu da bizim klassiklərdən gələn ənənədir ki, Əbülfət də şeirində bu ənənəyə sadiq qalır. Onun dan üzünə həsr etdiyi bir şeirə diqqət yetirək:

Uşaq kimi gülümsəyir -
Hamıdan öncə dan üzü.
Çiçəklərin ən gözəli -
Açılan qönçə dan üzü.

Gecənin sapın qoparır,
Yuxusun alıb aparır!
Dünəndən sanki top alıb,
Çəkilib küncə dan üzü.

İnsan gəlir görə-görə,
Min cürə dəyişir hərə.
Sevgisin anamız yerə, 
Qoymur ki, dincə dan üzü!


Əbülfətin sevgi şeirlərində bir tükənməzlik, yorulmazlıq və həmişə təşnəlik var, yəni həyatın bir insan üçün ancaq sevgidən ibarət olduğunu fikirləşmək var. Təbii ki, bu lirik qəhrəmanda Məcnunsifətlik izləri də tapmaq olar. Məcnun da dözürdü və bu dözüm ona əzab vermirdi, çünki “bəlayi-eşqin” intəhası yoxdu. “Hər gün sevəcəyəm, Məcnundan betər” - bunu Əbülfətin lirik qəhrəmanı söyləyir.

Dəyir atdığın daşlar,
Birbaşa ürəyimə...
Daşlama bu evi sən -
Gir, yaşa, ürəyimə!
Bu əzabı, bu qəmi,
Verdin, seçdim qibləmi!
Köçürtdün sən Kəbəmi-
Birbaşa ürəyimə!


Əbülfət hər kitabında öz poetik axtarışları ilə diqqəti cəlb edir. Çalışır ki, təzə təşbehlər işlətsin, fikrini obrazlı ifadə eləsin, sözü yavan-yalxı olmasın. Deyəndə ki: “Döyülən qapı kimi sinəm yumruq yeridi” - bu bənzətmənin təzəliyi bizi sevindirir. Deyəndə ki: “pəncərəmin şüşəsi çiliklənmiş şüadı” -bu da inandırıcıdır. “mən çəkdiyim “ah” deyil - dərd ovudan duadı” - bənzətmənin qeyri-adiliyi göz qabağındadır. Son illərdə Əbülfətin gəraylı formasına meyl etməsi də maraq doğurur. Amma “köhnə havalarda” gərək təzə söz deyəsən və Əbülfət Mədətoğlu bunu bacarır:

ümidimin budaqların
doğraya-doğraya qaldım.
buz göyərtmiş dodaqların
yoxlaya-yoxlaya qaldım.

Allahdı dərdimdən agah
ürəkdi qəmə nişangah...
oturub mən axşam, sabah -
oxlaya-oxlaya qaldım.

üzümə tərəf açılan
üzümə işıq saçılan,
qapıları, bu yaşacan -
bağlaya-bağlaya qaldım.
 
güldüm qəmin yerişinə
əl uzatdım hər işinə.
Çatıb vüsal girişinə -
 ağlaya-çağlaya qaldım.

köməksiz qaldım meydanda
ismarıc aldım - mey damda!
tam olmur hər şey adamda,
ağlaya-ağlaya qaldım...


Əbülfətin “Cəzayam sevdiyim qıza” yeni şeirlər kitabı bir şair ömrünün pünhani, çoxundan gizli saxladığı “sirlərinin” əyan olmasıdır. Ürəkdə heç nəyi saxlamaq olmaz! Və arzu edirəm ki, təzə şeirlərində də bu pünhani “gəzişmələr” davam etsin. Bunlar bir şairin sevgi dolu yaşantılarıdır...

 





04.09.2017    çap et  çap et