525.Az

Etibar etdiyimiz qəzet - “525”-25


 

Etibar etdiyimiz qəzet - <b style="color:red">“525”-25 </b>

Türk dünyasının çeşidli yerləri ilə yaradıcılıq əlaqələrimiz, iş birliklərimiz var.

Avrasiya Yazarlar Birliyi fəaliyyətə başladığı gündən türk dünyası coğrafiyasında yaşayan və istedadı ilə seçilən qələm adamlarını birləşdirmək, tanışdırmaq ideyasını irəli sürüb. Buna görə hər bir türkdilli ölkədə bu cür əlaqələrin yaradılmasına, genişləndirilməsinə yardımçı olan, sözünün üstündə duran, arzularımızı həyata keçirməkdə çabalar göstərən dostlara ehtiyacımız var. Belə dostlarımızdan biri də Rəşad Məciddir. Rəşad Məcid Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru, istedadlı şair və publisistdir. Türkçəyə çevrilmiş kitabları Türkiyədə də işıq üzü görüb, ona görə bu ad, bu imza türk oxucularına da tanışdır. Rəşad Məcidin ədəbiyyatın inkişafı, təbliği adına böyük işlərindən biri də 25 il öncə əsasını qoyduğu “525-ci qəzet”dir. Azərbaycan ədəbiyyatını bu qəzetdən ayrı, çağdaş mətbuatı bu qəzetsiz təsəvvür etmək olmaz. Bu il 25-ci yaşını, yubileyini qeyd edən qəzet Azərbaycanın özü kimi çox keşməkeşli yollardan, çətinliklərdən keçib. Nəticədə bu gün ölkənin ən nüfuzlu mətbu orqanlarından biridir.

Avrasiya Yazarlar Birliyi olaraq bir çox layihələrimizi məhz “525-ci qəzet”lə birgə həyata keçirmişik. Kaşğarlı Mahmud hekayə yarışmasını Azərbaycanda iki dəfə “525-ci qəzet”in vasitəsiylə keçirib, mükafatlandırma mərasimlərini də birgə təşkil etmişik. Həmçinin, pyes yarışmalarımızın elanlarını, müsabiqə şərtlərimizin iştirak etmək istəyənlərə çatdırılmasını da, ən müxtəlif tədbirlərimizdən reportajları, yazıları da məhz bu qəzetin səhifələrinə etibar edirik.

Sosial şəbəkələr bütün uzaqlıqları yaxın etməyə yardımçıdır. Ona görə məhz sosial şəbəkələrdən “525-ci qəzet”i izləyirəm, qardaş ölkə haqqında məlumatları bu inandığım mətbu orqandan alıram. Bu gün sadəcə öz ölkən, öz dairəndə baş verənləri yayımlamaqla kifayətlənmək olmaz. “525-ci qəzet” həm də dünyaya açıq olması ilə, dünyada baş verənləri isti-isti oxucularına çatdırması ilə fərqlənir. Ədəbiyyata ayırdığı xüsusi yer, ədəbiyyatın təbliğatı üçün gördüyü işlər isə ayrıca mövzudur və məncə, hər bir dərgi, qəzet bu təcrübədən yararlana bilər.

Artıq bir neçə ildir ki, Türk dünyasının mədəniyyət paytaxtlarında keçirdiyimiz Dərgilər Konqresində “525-ci qəzet”in ayrıca yeri, xüsusi nüfuzu var. Bütün sadaladığım və bir yazıya, təbrikə sığışdırılması mümkün olmayan üstünlüklər heç şübhəsiz ki, qəzetin yaradıcı heyətinin, Rəşad Məcidin və onun komandasının uğurudur. Mən dostlarımızı onların yüz əziyyət hesabına qoruduqları “525-ci qəzet”in yubileyi münasibətiylə ürəkdən təbrik edirəm, xalqın maariflənməsi yolunda gördükləri böyük işlərdə onlara uğurlar diləyirəm.

 





04.09.2017    çap et  çap et