525.Az

Fədakarlıq tarixçəsi - “525”-25


 

Fədakarlıq tarixçəsi - <b style="color:red">“525”-25 </b>

“525-ci qəzet”in qarşıdan gələn 25 illik yubileyi ilə bağlı Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədlinin rəhbərliyilə xüsusi nəşr layihəsi həyata keçirilir.

Bununla əlaqədar hazırlanan kitabda Azərbaycanın dəyərli qələm adamlarının fikirləri, yazıları yer alacaq.

Həmin yazılar ardıcıl şəkildə qəzetimizdə də dərc olunacaq.

Böyük tarixi yol keçən, Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Əli bəy Hüseynzadə, Ömər Faiq Nemanzadə, Məhəmmədağa Şahtaxtlı, Üzeyir Hacıbəyli, Qulam Məmmədli, Nəsir İmanquliyev kimi fədakar, qeyrətli qələm sahiblərinin çiynində ucalan Azərbaycan milli mətbuatı bu gün də xalqımızın, azad, müstəqil dövlətimizin xidmətindədir. Babaların, ataların şərəfli yolu layiqincə davam və inkişaf etdirilir.  Sevindirici hal odur ki, əsl həqiqətə, aydınlığa üz tutan, 142 illik şərəfli milli mətbuat yolunu yazılarında ləyaqətlə davam etdirən, millətimizin, vətənimizin, azad, müstəqil dövlətimizin tərəqqisinə, inkişaf və intibahına fədakarlıqla xidmət edən qəzet və jurnallarımız, həqiqi jurnalistlərimiz bu gün daha çoxdur.  Məsələn, bu məqamda tam səmimi olaraq “525-ci qəzet”in adını çəkə bilərəm.  Bu, müstəqillik dövrünün yetirməsidir. Azərbaycan milli mətbuatının tarixi ənənələrini layiqincə davam və inkişaf etdirən, özü də ciddi bir tarix yaradan yeni qəzetdir.

Etiraf edim ki, “525-ci qəzet”i, xüsusilə, onun şənbə buraxılışlarını həmişə gözləmişəm və izləmişəm.  Bu qəzet, adətən, təzə söz deməsiylə, milli mətbuat məkanımızdakı ağ səhifələri yenidən yazması, boşluqları doldurması, hadisələrə realist, praqmatik, analitik, cəsarətli münasibət göstərməsi, kosmopolit biganəlikdən uzaqlığı, təəssübkeş milli mövqeyi, ədəbiyyatımızın, çağdaş ədəbi prosesimizin saf köklər, sağlam təməllər üzərində inkişafına qayğı göstərməsiylə seçilir.   Və mən bu sözləri yaza-yaza dahi dərdçəkənimiz Mirzə Cəlil Məmmədquluzadənin heç vaxt unutmadığım tarixi sözlərini bir daha xatırlayıram:  “Qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda xidmət etməkdir. Bu ola gərək hər bir qələm sahibinin amalı.  ...Sözün doğrusunu danışmaq hünərdir!”

“525-ci qəzet” 25 illik fədakar fəaliyyəti ilə Mirzə Cəlilin həmin tarixi sözlərini təsdiqləyib, praktik şəkildə həyata keçirib.  O, xalqın xoşbəxtliyi yolunda xidmət etmək amalıyla SÖZÜN DOĞRUSUNU DANIŞIB, Azərbaycanın milli mətbuatına dəyərli töhfələr verib, jurnalistikamızın düşüncə hüdudlarını, publisistik-analitik təfəkkür miqyaslarını genişləndirib, qəzetçiliyin əsas istiqamətlərindən olan informasiya, xəbər vermək mədəniyyətini yüksəldib.  

Məlumdur ki, informasiya azadlığı informasiya anarxiyası, ucuz dedi-qodu, sensasiya bazarı, söz alverçiliyi deyil;  “525-ci qəzet” öz səviyyəli, ağayana informasiya sərbəstliyi ilə qəzetlərimizdə, çağdaş KİV sistemində XƏBƏRÇİLİK MƏDƏNİYYƏTİNİN müasir klassik formatını təqdim edir;  mən bu qəzetin səhifələrində bircə dəfə də sensasiya aludəçiliyinə, anarxist yalan-palana, dedi-qodu xəstəliyinə, boz bulvar sözbazlığına rast gəlmədim; bu, sözü urvatdan salmayan, əksinə, sözü publisistik yüksəkliklərə qaldıran, sözə SAHİBLİK EDƏN və zamanın sözünü sözün zamanında deyə bilən, yaşı kimi ruhu da cavan, daim səfərbər olan kamil jurnalistika məhsulu, yaradıcı qəzetdir.

Təəssüf ki, müasir Azərbaycan milli mətbuatında yaşı cavan, özü qoca, ruhən düşkün, min bir virusa yoluxan bədbəxt, xəstəhal qəzetlər, jurnallar, reketçi söz dəllalları da yox deyil.  O da məlumdur ki, həmin dırnaqarası qəzetçiklərin heç bir oxucu auditoriyası yoxdur;  onlar müəyyən naşı məmurları, iş adamlarını qorxutmaq, mafioz sövdələşmələrlə nəsə çırpışdırmaq... üçün çap edilir.  Düşünürəm ki, milli mətbuatımızı gözdən salan belə bayağı çap kağızlarına ən yaxşı cavab “525-ci qəzet”in yüksək qəzetçilik mədəniyyətidir.

Hər bir qəzet öz yaradıcısına, baş redaktoruna bənzəyir - lap genetik varis, qan qohumu kimi. Bu baxımdan “525-ci qəzet” də istisna deyil.  “525-ci qəzet”in hər sayından, hətta hər səhifəsindən onun yaradıcısı və 25 illik baş redaktorunun - istedadlı şair, yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin katibi, fədakar ziyalı Rəşad Məcidin sakit, təmkinli, ağayana səsi gəlir.

Rəşad Məcid Azərbaycan ədəbiyyatında, istər poeziya və nəsrimizdə, istər publisistikamızada öz sözünü demiş, öz fərqli ədəbi obrazını, mükəmməl və mötəbər müəllif mövqeyini yaratmış, hələ nisbətən gənc yaşlarından klassik portret cizgilərinə sahiblənmiş QƏLƏM ADAMI, sənətkar və şəxsiyyətdir. Onun sözü və əməli əkiz qardaş kimi bir-birinə bənzəyir, sənəti və şəxsiyyəti HƏMQAFİYƏDİR.  Onun əsərlərini çağdaş müstəqillik dövrümüzün bədii salnaməsi, canlı ensiklopediyası adlandırmaq olar. Bu əsərlərdə - Rəşad Məcid ünvanlı şeir və hekayələrdə, məqalə və esselərdə Azərbaycanın sevincləri və dərdləri qolboyundur, millətimizin Qarabağ ağrıları bütün dünyaya boylanır, “Məni görün, haqqa, həqiqətə, ədalətə səs verin, kömək olun” deyir. O ağrıları istər şəxsi həyatında, istər ictimai və mətbu fəaliyyətində, istər bədii əsərlərində bütün qəlbi-qanıyla, bütün ruhuyla yaşayır və yaşadır Rəşad Məcid.    

Deyərdim ki, Rəşad Məcid əsərlərində ən çox görünən, oxucuyla birbaşa görüşən, danışan, həsbi-hal edən sənətkarlarımızdandır.  Bu baxımdan, o, Mirzə Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli kimi zirvələri yada salır;  Rəşad Məcid istedadlı oxucu qəlbində kotan kimi şırım açıb DƏRD ƏKƏN və QƏLƏBƏ GÜLLƏRİ bitirən, yetirən sinəsi qanlı vətənpərvər yazıları, vətəndaş əsərləri ilə həmin möhtəşəm zirvələrin qəm ortağı, sevinc davamı, axır-əvvəl haqqın və həqiqətin hüzurunda yetişəcəyimiz, qovuşacağımız qələbə büsatının müjdəçilərindəndir.

lll

“525-ci qəzet” öz mövqeyi, öz strateji hədəfləri, öz publisistik ab-havası, öz ədəbi-estetik mühiti, öz fəlsəfəsi olan müstəqil qəzetdir.  Bu baxımdan, “Əkinçi” və “Molla Nəsrəddin”i daha çox yada salır, o ulu sələflərin xələfidir.

Azərbaycan milli mətbuat tarixində həmişə iki əsas xətt, iki strateji istiqamət özünü göstərib:  romantik TURANÇILIQ və realist AZƏRBAYCANÇILIQ. Əli bəy Hüseynzadənin “Füyuzat”ı və Mirzə Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin”i həmin iki istiqamətin estetik-fəlsəfi qayəsini, obrazını, fikir, düşüncə hədəflərini, məqsəd, məram miqyaslarını, arzu və ümid coğrafiyasını kifayət qədər mükəmməl, sistemli şəkildə göstərib, milli mətbuat tariximizə əbədi olaraq həkk edib.

Başqa bir neçə səviyyəli qəzetimizin uğurlarına kölgə salmadan demək istəyirəm ki, müasir Azərbaycan milli mətbuatının qoşa qanadı olan “525-ci qəzet” və “Ədəbiyyat qəzeti” bu gün əsl intellektual, milli qəzetçilik nümunəsi göstərirlər.  İyirminci əsrin əvvəllərində Əli bəy Hüseynzadənin “Füyuzat”, Mirzə Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnallarının gördüyü işi bu gün - iyirmi birinci əsrin birinci rübündə Azər Turanın baş redaktoru olduğu “Ədəbiyyat qəzeti” və Rəşad Məcidin “525-ci qəzet”i görməkdə, davam və inkişaf etdirməkdədir. Bu qəzetlərin hər ikisi müasir Azərbaycan mətbuatının, milli ədəbi-publisistik fikrimizin qoşa qanadı, VƏTƏN və MİLLƏT təəssübkeşliyinin fədakar yolçularıdır; hər ikisi milli mətbuatımızın atası Həsən bəy Zərdabinin “ƏKİNÇİ” hünəriylə şumlanan, suvarılan, becərilən Azərbaycan tarlasının bəhrələridir;  hər ikisi Azərbaycanda Azərbaycan naminə mübarizə aparır, müstəqil dövlətimizə və dövlətçiliyimizə doğma övlad kimi xidmət edir və QALİB GƏLİR.

Nagahan sərin, cənnətməkan bir meh kimi əsən, ruhumun səmalarında titrəşən bir haşiyədən yan keçə bilmirəm...

1875-ci ilin təndir kimi yanan isti bir yay günü idi; əkinçilər biçini qurtarıb dərzləri qalaqlamışdılar, bol məhsulun sevinciylə kasıb süfrə ətrafında əyləşib qəribə, qeyri-adi bir xəbərin tilsiminə düşmüşdülər;  mərkəzdən gələn cavan oğlan, gimnaziya tələbəsi yazılarla dolu kağız parçasını onlara göstərib fəxrlə deyirdi: - Gözünüz aydın, əkinçi qardaşlar, sizin qəzet işıq üzü gördü, dərdlərinizin tərcümanı, arzu və ümidlərinizin güzgüsü göz açdı...

Və “Əkinçi”nin Vətən çöllərində, millət tarlalarında səpdiyi toxumlar zaman-zaman cücərib kök bağladı, bol məhsul verib Azərbaycanı sevindirdi. 

Hər dəfə “525-ci qəzet”in uğurları ruhumda şadyanalıq məclisi quranda 1875-ci ilin təndir kimi yanıb qovrulan o isti, uzaq yayının həmin nagahan, cənnətməkan sərin mehi çağırır məni;  o sirli-sehrli səsə, çağırışa doğru gedib, “525-ci qəzet”in gəldiyi yolları, su içdiyi bulaqları, qızılı buğda dərzlərinə oxşayan əkinçi əllərinin qabarını, kasıb biçinçi süfrəsinin halal bolluğunu görürəm...

Yazılarında qızılı buğda zəmilərinin şövqü sayrışan, ruhunda halal əkinçi əllərinin qabarı görünən müəllimlər müəllimi, milli mətbuatımızın patriarxı Şirməmməd Hüseynovu və onun “525-ci qəzet”də silsilə şəklində təqdim etdiyi möhtəşəm məqalələri ehtiramla yada salıram.  Şirməmməd Hüseynovun, xüsusilə, Azərbaycan Xalq Cümhuriyyəti, onun liderləri ilə bağlı HƏQİQƏTPƏRƏST MÖVQEYİNƏ belə ardıcıl şəkildə, özü də geniş əhatədə yer verilməsi, onunla xalq, tarixlə bu gün arasında mətbuat körpüsü yaradılması “525-ci qəzet”in ən böyük xidmətlərindən biridir. Bir çox gizli-aşkar hadisələrin canlı şahidi olmuş bu nəhəng mətbuat xadimiylə silsilə qəzet görüşlərini şəxsən neçə müddətdir ki, böyük bir sevgiylə, minnətdarlıq duyğusuyla izləyirəm, gözləyirəm və hər dəfə belə görüşdən sonra “525-ci qəzet”in əllərini sıxıram, - Sağ ol, qardaşım - deyirəm, - sağ ol ki, unudulan həqiqətləri yada salırsan, vaxtın amansız dəyirmanında unudulmağa qoymursan;  sağ ol ki, xalqı öz böyük insanları, böyük həqiqətləri ilə yenidən qovuşdurursan, beləliklə, millətin tarixi yaddaş enerjisini, itkin tarixi gücünü bərpa edirsən, necə deyərlər, təkrar istehsala qaytarırsan...

lll

Belə deyirlər ki, gəldiyin yolları göstər, getdiyin mənzil başını soraq verim.  “525-ci qəzet”in gəldiyi və getdiyi yollar mədəniyyət ziyası, milli maarifçilik işığıyla nurlanıb.  Bu işıqda ən çox görünən ədəbi və əbədi sözdür.  Ədəbiyyatımızın dünəni və bu gününə səxavətlə yer ayıran qəzetdə müxtəlif yabançı izmlər, gəlmə tendensiyalar diqtə və təlqin olunmur, əksinə, milli köklərdən, etnogenetik yaddaş bulaqlarından gələn saf sözə, ABORİGEN ədəbi-estetik enerji axınlarına meydan verilir.   Xüsusilə, gənc ədəbi qüvvələrə bu qəzetin diqqət və qayğısı, onların düz yola yönəldilməsi, sağlam milli ruhda səfərbər olunması razılıq hissi doğurur.  Və bütün bunlara görədir ki, “525-ci qəzet” öz formalaşmış, sabit və sədaqətli oxucu auditoriyasına malikdir;  bu qəzet həm kağız, həm virtual formatda əl-əl gəzməsi, geniş şəkildə oxunması, yəni xalqa daha çox söz demək imkanları ilə seçilir.

Ulu köklərə ruhən, qan-gen yaddaşıyla bağlı olduğu üçündür ki, “525-ci qəzet” yarandığı çətin vaxtın, sevinclərlə və dərdlərlə dolu dövrün əzablı yollardan şərəflə, ləyaqətlə, alnıaçıq, üzüağ keçə bildi, gəlib iyirmi beş yaşına çatdı, Azərbaycan mətbuatının, bütövlükdə müasir milli mədəniyyətimizin ən uğurlu faktlarından biri kimi ümummillət miqyasında təsdiq və etiraf olundu.  Bu, böyük İNTELLEKT və İSTEDAD SAHİBİ Rəşad Məcidin və onun komandasının halal tale qisməti, ciddi yaradıcılıq uğurudur.  Bu, insanın öz xalqına, dövlətinə övlad əli uzatmasının, ona ləyaqətlə kömək, dəstək olmasının, bir sözlə, VƏTƏNDAŞIN VƏTƏN SEVGİSİNİN ibrətli nümunəsi, fədakarlıq tarixçəsidir.

Nəhayət, son olaraq, milli mətbuatımızın, jurnalistika sənətimizin canlı klassiki, böyük dostum Cahangir Məmmədliyə minnətdarlığımı bildirirəm ki, “525-ci qəzet”in 25 illiyinə həsr olunan kitab üçün bir yazı yazmağı telefonla təklif etdi və çoxdan ürəyimdə yığılıb qalan, deyilmək istəyən bu sözləri deməyimə səbəbkar oldu. Həqiqət və qədirşünaslıq naminə onu da deyim ki, “525-ci qəzet” 25 ildə mənim 50-dən artıq yazımı - hekayələrimi, məqalələrimi, esselerimi səxavətlə çap edib, haqqımda yazılan yazılara məmnuniyyətlə yer verib;  bütün bunlara görə də sağ ol, mənim sevimli qəzetim, əziz qardaşım!

 

 





04.09.2017    çap et  çap et