525.Az

Müharibə silsiləsindən- Emin Pirinin şeirləri


 

Müharibə silsiləsindən- <b style="color:red">Emin Pirinin şeirləri</b>

MƏLƏKLƏRƏ ATILAN MƏRMİLƏR...

 

Toplardan,

təyyarələrdən

doğan uşaqlar

yerdə bələklərdən çıxırdı.

uşaqların yerdə

batan səsləri

göydə mələklərdən

çıxırdı.

 

Analar saxlaya bilmirdi

bombaları

uşaqlar qaça bilmirdi

bombalardan.

hara qaçsalar da

bombalar tuturdu uşaqları.

           

şəhər bombalanarkən

itirmişdi

altıaylıq körpəsini.

qoparmışdı

əllərindən mərmilər.

bir qolu balasında

biri özündə qalmışdı ananın...

 

itkin qoluna yalvarıb,

itkin balasını tapşırırdı ana:

 “yaxşı bax balama

ağlayanda

əllərindən tut,

bir az güldür.

qulağı üşüyəndi

qulağını yaxşı ört”.

 

Balasıyla itən

qolunu günahlandırıb,

geri qayıtmayan

əlinə ağlayırdı.

itirdiyi qolunun

yerinə baxıb

yarasını danlayırdı,

ana.

 

bu dağılmış şəhərin

hər daşını qaldırıb,

axtarırdı yavrusunu.

daş qaldırmaqdan

daşa dönmüşdü təklənmiş əli.

ancaq bala vermirdi

daşlar...

            on altı il keçsə də

ana balasını axtarırdı

altı aylıq körpələr arasında.

 

SAĞ QALAN VARMI?!...

 

             Əsgər sinəsi axtarır

             isinməyə

fevral şaxtasından

üşüyən güllə.

 

hər əsgər tabutu

bir ağ gəlinliklə köçər...

            əsgər deyil,

sevən qızın arzularını

götürüb gedər

hər atılan güllə.

soba yanında

gecə yarısı bir qız

məktub yazır səngərə.

anasının yarıyuxulu

“qızım yatmamısan?”

 sualına diksinib

“üşüyürəm, ana

odun atıram sobaya” ...

 

Daha

gecələri oyaq qalmağa

soba yanında

məktub yazmağa,

yalandan üşüməyə

sobaya odun atmağa

ehtiyac yoxdu...

tağım komandirinin

səngərdən qıvrıla-qıvrıla

boğuq səsi gəlir:

kimsə sağdı?!

 

AYAĞIM ÖZÜMDƏN QEYRƏTLİ ÇIXDI

 

çiçək açırdı

torpağa basdırılan

minalar

toxunanda ayaqlar.

çiçəklər yara açırdı

yaralar

anaların yuxusuna qaçırdı.

yuxular qara xəbərin

ardınca qaçırdı.

 

Qəlbinə qara xal düşən qızların

gözünün altından

öpüş yerini

səhər eşitdiyi xəbərlər yuyar.

evli xanımlar

yatağında yox,

torpaqda

əriyçün dərin yer salar.

...O da cəbhədəydi

mərmilər qucaqlamışdı

sağ ayağının addımını.

arxada can verən

addım səsinə

qayıdıb

itmiş ayağını aldı əlinə.

Bir vaxt sevgilisinə

gül verən əllər

bugün nə aparacaqdı?!

 

cəbhədə qalan sağ ayağının

təqaüdünü də

sol ayağı alıb xərcləyir!

 

danlayır özünü hər səhər-axşam

əlini başına, dizinə çırpır:

o qaldı cəbhədə,

mənsə qayıtdım

ayağım özümdən qeyrətli çıxdı.

 

başdaşları

utandırdı məni

 

Şəhid məzarlarını

mərmərə bükdük,

daş qoyduq başlarına

qalxa bilməsinlər

üzümüzə tüpürməyə.

 

Bu yaşıma görə

Şəhidlər Xiyabanında

18 yaşlı

baş daşları

utandırdı məni.

 

məndən kiçikdi hələ

məndən öncə doğulanlar

əmi deyib

üstümə qaçır başdaşları

bir əsgərin ölüm günü

başdaşının doğum günüymüş.

 

can qoydular

nə düşdü paylarına

sağ qalanlar

daşladılar

torpağının başını.

 

Şəhid məzarlarını

mərmərə bükdük,

daş qoyduq başlarına

qalxa bilməsinlər

üzümüzə tüpürməyə.

 

İTİRİLMİŞ ƏLLƏR

 

Görüşəndə

Sevgilisinin əlində

gözü axtarardı

ona veriləcək  gülləri.

 

İndi

kitabları arasında qurutduğu

Gül ləçəklərində axtarır

Sevgilisinin cəbhədə itirdiyi əlləri.

 

ATƏŞKƏS

 

İyirmi illik

köhnəlmiş sözlərlə

başladı

televiziya

            xəbər başlıqları:

atəskəs pozulub...

 

düşmən susduruldu.

mərmilərə

atılan

Ana fəryadıyla.

 

 





24.05.2013    çap et  çap et