525.Az

“Leyli və Məcnun”, Azərbaycan diplomatiyası, bir də Qarabağ harayı...


 

“Leyli və Məcnun”, Azərbaycan diplomatiyası, bir də Qarabağ harayı...<b style="color:red"></b>

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin
Özbəkistan Respublikası və Mərkəzi Asiya Ölkələri üzrə müxbir postunun rəhbəri

Ötən bir həftəni üzərimə düşən missiya və işimlə əlaqədar Tacikistanda keçirməli oldum. Azərbaycan Respublikasının Tacikistandakı səfirliyi bu ölkədə Heydər Əliyevin 90 illiyi ilə bağlı silsilə tədbirlər keçirdi. Bu tədbirlərin davamı olaraq, Tacikistanın Sədrəddin Ayni adına Dövlət Opera və Balet Teatrında böyük Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” əsəri səhnələşdirildi.

Üzeyir Hacıbəyovun adı və əsərləri dünyanın hansı ölkəsində göstərildisə, ölkəmizə vurğunluq gətirdi. Azərbaycanın və SSRİ-nin Xalq artisti, xalqımızın sevimlisi Zeynəb xanım Xanlarovanın bir mahnısında oxuduğu bu bənd elə bil ki, fikirlərimin təsdiqidir: “Gəzir ölkələri nəğməm dünyada, dünyanın xoşbəxti mənəm dünyada”.

İnanın ki, Azərbaycan vətəndaşı dünyanın harasına öz mahnısını, nəğməsini eşitsə, orada özünü bir anlığa, bir günlüyə də olsa xoşbəxt hiss edir.

Həmin gün Düşənbənin səhər havası gah tutulub, gah açılırdı. Jurnalist həmkarım Emin Musəvi də “Leyli və Məcnun” əsərini Düşənbə səhnəsində lentə almaq üçün gəlmişdi. Opera Teatrının qapısını açıb içəri girəndə Azərbaycan tarının və kamanının yanğılı səsi, “Leyli və Məcnun”un Üzeyir Hacıbəyovun notlarında olan  tanış melodiyaları bu qədim binanın divarlarına dəyib, ruhumuzdan keçirdi. Sözlə ifadə edə bilməyəcəyim bir hiss keçirirdim. Ya qərib ölkədə doğma musiqimizin təsiri idi, ya da ki, bilmirəm... o hissin və yanğının adını hələ tapa bilməmişəm, qəlbimin içində əriş-arğac yollar açdı. Bəlkə də qəlbimdəki əriş-arğac yaraların közünü qopardı... nə idisə, yandırırdı...

Azərbaycan Opera və Balet Teatrının rejissoru Hafiz Quliyev bir az həyəcanlı, bir az əsəbi şəkildə səhnədəki tacik aktyorlarına mizan qururdu, onlara nəyi isə başa salırdı. Bizim aktyor müğənnilər – Xalq artistləri Mənsum İbrahimov və Nəzakət Teymurovadan fərqli olaraq, səhnədə son məşqlərini edən tacik Opera və Balet Teatrının artistləri, tamaşanın başlamasına 5 saat qalmasına baxmayaraq, artıq səhnə paltarlarını geyinmişdilər. Elə bil ki, belə bir möhtəşəm səhnəni paylaşmaq üçün tələsirdilər.

Düz bir həftə əvvəl rejissor Hafiz Quliyev və Azərbaycanın digər Xalq artisti, musiqi dünyasında ən müasir sehirli insan saydığım , sənətinə, əslinə və nəslinə böyük hörmət bəslədiyim, Azərbaycanın görkəmli dirijoru Yalçın Adıgözəlov ölkəmizin bu ölkədəki hörmətli səfiri Abbasəli Həsənovun təşəbbüsü ilə Düşənbəyə gələrək, burada tacik orkestr musiqiçilərinə və xor ifaçılarına Azərbaycan dilində “Leyli və Məcnun” əsərindən böyük parçaları ifa etməyi və oxumağı öyrətmişdilər. İndi biz Eminlə Opera Teatrının tamaşa zalında bu məşq prosesinə heyranlıqla baxırdıq. Qısa zaman kəsiyində böyük bir iş görülmüşdü.

... Axşam saat 5-də tamaşa başladı. Bizim tamaşaçılar indi az-az teatr salonlarına gedirlər. Mərkəzi Asiya respublikalarında isə hər yeni tamaşa, hər yeni teatr sezonu insanlar üçün bayram olur. Teatra böyük bir tamaşaçı axını var idi. Gələn qonaqlar arasında Tacikistanın yüksək dövlət rəsmiləri, nazirliklərin mötəbər şəxsləri, parlament deputatları çoxluq təşkil edirdi. Bu həm də dost ölkədə Azərbaycana və musiqimizə veriləm qiymət idi. Tacikistan Respublikasının mədəniyyət naziri Mirzo Şaxrux Asrori böyük Üzeyir Hacıbəyovun əsərinə milli səhnələrində baxmaqdan böyük zövq aldığını, Azərbaycanın əsrarəngiz muğam məktəbinin Tacikistanla bağlılığından, respublikamızda keçirilən “Muğam” festivallarında ölkəsinin musiqiçilərinin ifalarından və onlara verilən yüksək qiymətdən danışdı.

... Taciklərin milli bəzəkləri ilə bəzənmiş səhnənin qırmızı pərdəsi Üzeyir Hacıbəyovun musiqisi ilə açılırdı. Səhnəni tarın, kamanın və tacik orkestrinin ifasında Üzeyir bəyin musiqisi açdı... Bir azdan, taciklərdən ibarət xor ansamblı “Şəbi-Hicran”ı oxudu. Tamaşa başlamazdan əvvəl Mənsum İbrahimovun dediyi sözü bir daha xatırladım: “Çox qürur duyuram, “Şəbi-Hicran”ı taciklər bizim dildə oxuyurlar. Ürəyim köksümə sığmır”.

İnanın ki, salonda səssiz-səmirsiz tamaşanı izləyən çoxsaylı azərbaycanlıların hər biri bu hissi keçirirdi. Onlar burda uzun illərin qəribidirlər. Ana musiqini dinləmək qərib eldə lap şirin olur. Çoxlarının isə  “Leyli-Məcnun”la bağlı, Vətəndə qoyub gəldikləri illərin xatirəsi yaşayır qəlblərində. Həm Üzeyir bəydən dünyaya yadigar qalan bu möhtəşəm əsəri dinləyirdilər, həm də Vətəni xatırlayıb, kövrəlmişdilər. Əksəriyyətinin yanaqlarından yaş süzülürdü...

Məcnun yenə Leyli sorağında “Get... sən Leyli deyilsən, ey pərizad...”, – deyə haray çəkirdi. Üzündən həmişə nur, simasından gülüş əksik olmayan Mənsum İbrahimov bu qədər qəmi-kədəri səsinə haradan yığmışdı, ey böyük Yaradan?! O səsə kim biganə qala bilərdi?! Həsrətli Leyli isə ... Ay Nəzakət xanım, sənin səsindəki qəm, haray, nalə, Rübabə Muradovanı xatırlatdı mənə. O da həsrətli idi, sənin kimi, o, Təbrizə həsrət idi... Fərqiniz nədir ki: sən də əldən gedən Qarabağımızın qızısan. Sən də bir Qarabağ həsrətlisisən. Və bu zaman fikirləşdim ki, ey dahi Üzeyir bəy, bəlkə bilirdin ki, başımıza gələn bəlalar hər əsrdə var, yazdın ki, bu musiqilərlə uyumayan dərdlərimizi ağlayaq?!

Azərbaycandan gələn bütün musiqiçilərimiz – Elçin Həşimov tarın, Elnur Əhmədov isə kamanın səsini zəbanə çəkmişdilər. Qarabağlı balası Yalçın Adıgözəlov isə özü bilirdi harada olmağını... Sehrli çubuğu ilə taciklərin orkestrini özünə ram etmişdi. İnanın bir olan Allahımıza ki, heç bir ladda, heç bir alətdə səhv vurğu, səhv çalğı  getmirdi. Bu idi Yalçın Adıgözəlov sənətinin möhtəşəmliyi... 1 saat 20 dəqiqəlik “Leyli və Məcnun” musiqili kompozisiyası bitdi... Alqışlar isə bitmək bilmirdi... Bu həm də iki xalqın bir-birinə ruhən bağlı olan musiqisinin, ədəbiyyatının təntənəsi idi. O gün Tacikistan-Azərbaycan mədəni tarixinə sözün əsl mənasında 19 may 2013-cü il kimi yazıldı.

Yuxarıda qeyd  etmişdim ki, ötən bir həftədə Tacikistanda Azərbaycan səfirliyi çox mühüm işlər gördü. Onlardan biri, Xucənd şəhərində Azərbaycandan gələn digər muğam qrupunun verdiyi möhtəşəm konsert, digəri isə Tacikistanın Milli Konservatoriyası ilə Azərbaycan Milli Konservatoriyası arasında imzalanan tələbə, müəllim və musiqi layihələri mübadiləsi oldu. İmzalanma mərasimindən sonra Mənsum İbrahimov, Nəzakət Teymurova, Elnur Əhmədov və Elçin Həşimov konservatoriya tələbələri üçün ustad dərsi keçdilər. Həmin ustad dərsində baş verənləri isə Mənsum İbrahimovun öz dili ilə yazmaq istəyirəm.

“... Və sonda təklif olundu ki, birgə bir musiqi ifa olunsun. Taciklərin saz aşığı ilə Elçin, Nəzakət xanım və taciklərin Azərbaycandakı muğam festivalında iştirak edən gənc muğamat ifaçısı Gülçöhrə Kurbanova birlikdə “Qarabağ şikəstəsi” ifa etdik. Çox möhtəşəm bir səhnə alındı. Bu əslində siyasi bir haray idi... Bilirsiz də ... Başıbəlalı... Qarabağımız... işğaldadır... (Qarabağlı balası Qarabağın adını hər çəkəndə bütün vücudu və səsi titrəyirdi) . Mən öz qrupumun adını da “Qarabağ” qoymuşam ki, xaricə səfərlərimdə bu ad səslənsin. Hara gediriksə, proqramımızın sonunda “Qarabağ şikəstəsi” oxuyuruq. Bu bir musiqiçi siyasətidir. Bu mənim Qarabağım, bu da mənim musiqim... Bizim musiqiçi kimi əlimizdən bundan başqa nə gəlir ki...”

Əlindən gələni Azərbaycan diplomatı Abbasəli Həsənov da əsirgəməmişdi. Əslində, musiqimizi xarici ölkələrdə təbliğ etmək diplomatiyamızın müsəlləh əsgəri Abbasəli müəllimin iş metodundan biridir. Hansı ölkədə işləyibsə, Vətənimizi layiqincə təmsil edib, ölkəsindən qonaq gələn hər bir vətəndaşı ləyaqətlə qarşılayıb-yola salmağı bacarıb. Oturduğu ölkədə Vətənimiz üçün dostlar qazandırıb. İndi də bu ənənəni Tacikistanda davam etdirir. Bu ölkədə isə bizim haqq işimizin dünyaya çatdırılması üçün görüləcək çox işlər var. O yolun yolçusu Azərbaycandan dünyaya uzanan yolların haradan və hansı simdən keçdiyini yaxşı bilir.

 





24.05.2013    çap et  çap et