525.Az

Türkün əbədi dirçəliş əfsanəsindəki aydın gerçəklər


 

MİNİLLƏR ÖNCƏ "ÖLÜM-QALIM" SINAĞINDAN UĞURLA ÇIXAN ŞANLI SOYUMUZ TARİX SƏHİFƏSİNƏ ZƏFƏRLƏRLƏ DOLU YENİ PARLAQ SƏHİFƏLƏR YAZDI

Türkün əbədi dirçəliş əfsanəsindəki aydın gerçəklər<b style="color:red"></b>

Türkköklü xalqların qəhrəmanlıq əfsanələri və dastanları nəhayətsiz hiss və duyğular xəzinəsi, hikmətlərlə, ibrət dərslərilə dolu qaynaqlardır.

Bunların sırasında qədim "Ərgənəkon" əfsanəsinin xüsusi yeri var. "Ərgənəkon" türkköklü xalqların qəhrəmanlıq əfsanə və dastanlarının ibtidasıdır. Bu əfsanəni günümüzə daşıyan, hər il 21 mart tarixində dəmiri qızarana qədər odda qızdırıb zindanda (örs) döyməklə həmin günü kimi bayram edən türk xalqı öz qəhrəmanlarını, çanlı, parlaq keçmişini heç  vaxt unutmadığını dönə-dönə nümayiş etdirir.

Türkün dirçəlişinin ilkin əfsanəsi olan  "Ərgənəkon" çoxlu sayda türk və bir çox yabançı dilçi-mifoloq alimlər tərəfindən tədqiq olunub. Türkiyənin XX əsrdə humanitar elmlər sahəsində yetirdiyi ölməz şəxsiyyətlərdən M.F.Köprülü, Sümer Faruk, Bahəddin Ögəl və digərləri min bir əziyyətə qatlaşaraq "Ərgənəkon"  əfsanəsini incələyib,onu axtarışlar nəticəsində daha da zənginləşdiriblər. Bu alimlər fəaliyyətlərinin mühüm bir qismini türk tarixinə işıq tutmağa, həmçinin bu məşhur əfsanəni öyrənib yaymağa həsr etmişlər. Türkün qurtuluşundan xəbər verən həmin əfsanə onların qələmi sayəsində daha da şöhrətlənib, onun işığı, istisi günümüzə gəlib çıxmaqdan əlavə, oradakı ideya və amallar son dərəcə yüksək dəyər və etibar qazanıb.

"Ərgənəkon" əfsanəsinin məzmunu bütün türkköklü xalqların hamısında eynilik təşkil edir. Əslində, mifologiyanı tədqiq edən dünya alimləri mifologiyanın məzmununun nəsildən-nəsilə ötürüldüyünü etiraf edirlər. Lakin mifoloji terminlərin bir mif olaraq qalmasına təəssüflənirlər. Bu vaxta qədər çox az sayda mifoloji terminlər öyrənilib. "Ərgənəkon" əfsanəsinin termini də tam dəqiqliklə öz mənasını tapmayıb.

Əslində, hər bir xalq öz mifologiyasına sahib çıxmalı və onu mühafizə etməlidir. Min illər tarixi olan mifologiyanın hansı xalqa mənsub olmasını təyin etmək yalnız elm yoluyla, davamlı, dərin axtarış və tədqiqatlarla mümkündür.

Araşdırmalar göstərir ki, mifologiyanın məzmunu onun necə adlanması, nə cür təqdim olunması ilə sıx əlaqəlidir.Mifologiya terminlərinə bu prizmadan yanaşmaq daha məqsədəuyğun və səmərəlidir.

Tədqiqatlardan belə bir nəticəyə gəlmək olar ki, türkün dirçəlişindən xəbər verən "Ərgənəkon" əfsanəsinin əsas məzmunu "dəmir dağ" motividir.Bəzəndə "mədən yeri" kimi mənalandırılır. Çox güman ki, bu mənalandırma həmin dağlarda dəmir yataqlarının olması ilə əlaqədardır. Professor Ramiz Əskərin tərcüməsində Bahəddin Ögəlin "Türk mifologiyası" kitabının 1-ci cildinə istinadən "Ərgənəkon" əfsanəsinin məzmununu bir daha xatırlayaq:

Düşməndən xilas olaraq dağlara sığınmış,doğub-törəmiş türk tayfasının vətənlərinə dönüşünün yolunu kəsən dəmir dağı əridib özlərinə yol açmaları "Ərgənəkon" əfsanəsinin qısa məzmunudur. Əgər əfsanədə dağın əridilməsindən bəhs edilirsə, əslində bu, məzmundan uzaqlaşmaq lazım deyil. Kəlmənin 1-ci hecası olan  "ərgən" sözü Azərbaycan dilindən, demək olar ki, arxaikləşib çıxmış, "əriyən" sözü ilə əvəzləşərək, çox vaxt "yumşaq" mənasında işlənilir. Müasir Türk dilində də "ergimiş" sözü ilə yanaşı, "erimiş" sözü eyni mənada verilir.

Göründüyü kimi, "Ərgənəkon" sözünün birinci hecasının türkcə "əritmək" mənasını verməsinin şahidi oluruq və bu məfhumun açılışı mövzuya tam uyğun gəlir.

Kəlmənin 2-ci hecası olan "kon" sözünün  etimologiyası tam öyrənilməmiş, yalnız əfsanənin adına uyğun olaraq bədii təsvirlə "dağ beli, keçid" kimi izah edilmişdir. Bu 3 hərifli "kon" sözünü mənalandıran ayrı-ayrı 3 sözün  türk dillərində öz mənaları vardır. Bəs onda "kon" sözünün özünün etimologiyası nədir?

Əslində, bütün dünya xalqları kimi türk xalqları da "gün"ə sitayiş etmişlər.Onlar "od allahı"nın göydəki təcəssümünü "gün"ə (günəşə), yerdəki təcəssümünü isə "od"a  bənzətmişlər.Türklərin tanrıçılıq təsəvvürlərində "tanrı"nın insanlardan yüksəkdə, göydə və dağların başında olması ayrıca yer tutur. Hətta qədim türklər tanrının göydə olması təsəvvüründən "tanrı" ifadəsini "tenqri" sözü ilə eyniləşdirmiş, özlərini "göytürklər" adlandırmışlar. Yaşadıqları ərazilərdəki yüksək dağları "Tanrı dağları" bilib, beləcə də təqdim etmişlər.Bu günə qədər həmin dağların adları tanrıçılıqla bağlıdır.

Qədim türklərin "Tanrı" təsəvvüründə "gün"ün (günəşin) hərarəti və şəfəqi (oda nəzərən) onu sakrallaşdırıb, müqəddəsliyə yüksəldib, eyni zamanda günəşin dağın arxasından çıxıb, dağın arxasında batması Tanrının məkanı kimi dağı da müqəddəsləşdirib. Deməli, "kon" sözünün qədim türklərin "gün" tanrısına inancından yaranan törəmə söz və mifoloji leksem kimi götürülməsi haqlı mülahizədir.

"Ərgənəkon" məfhumunun 2-ci hecası olan "kon" sözünün "gün" sözündən və ya "gün" sözünün "kon" (hun) sözündən yaranması ibtidai türk insanlarının şivələrindən  günümüzə gəlib çatmış assimlyatik bir formasıdır.  Əlbəttə ki, ötən min illərin təsiri "gün" sözündən də yan keçməyib.

Yuxarıda qeyd olunduğu kimi, qədim dövrlərdə bütün insanlar kimi türk insanı da od allahına və onun göydəki təcəssümü olan "gün"ə (günəşə) səcdə edib. İnancın (totemin) tərifinə əsasən xalqlar özlərini inanclarının adı ilə adlandırıblar. "Hun" termininin özü də "gün"ə inancdan yaranıb və  "gün" sözündən olmaqla "hun" şəklində günümüzə gəlib çıxıb.

Elə "Ərgənəkon" sözündəki "kon" sözü də "hun" sözünün qədim saxlanclarından biri kimi günümüzə gəlib çatıb.
 
Bu baxımdan, "ərgənəkonlular" Böyük Hun insanlarıdır.

Araşdırma bir də onu göstərir ki, "Ərgənəkon" leksemi əfsanənin motivinə tam aydınlıq gətirir, işıq salır və bu adla mövzu bir-birini tamamlayır. Deməli, bu nöqteyi-nəzərdən baxılanda "Ərgənəkon" sözü bütövlükdə qədim türk sözü olub, "Dağı əridən Hunlar" mənasını verir" fikri özünü doğruldur.

Bir sıra alimlər "Ərgənəkon" əfsanəsinin monqollara məxsus olmasını iddia edirlər.

Tədqiqatçılar göstərirlər ki, monqol dilində "əritmək" "xaylj"; "əritmə"-"xaylax"; "ərinmiş" - "xaylcan", "dağ" sözü isə "uulın" kəlmələrilə öz qarşılığını tapır. "Ərinmiş dağ" monqol dilində "xaylcan uulın" kimi səslənir. Göründüyü kimi, bunun "Ərgənəkon" kəlməsinin səslənişi ilə heç bir oxşarlığı yoxdur.

Yaddaşımızı təzələmək üçün, araşdırmalara, qiymətli elmi əsərlərə söykənərək qələmə aldığım bu yazının başlıca ideyası budur ki, "Ərgənəkon" əfsanəsi varlığımızın yenidən nurlanmasının, türk olaraq dirçəlməyimizin misilsiz ifadəsidir. Bu adın daşıdığı məna və bağlı olduğu məkan, hadisə tariximizin çox mühüm, ancaq indi unudulmaq təhlükəsilə üzləşmiş dərin qatlarına işıq saçır. Qürur hissilə, cəsarətlə deyə bilərik ki, türkün əbədi qurtuluşundan xəbər verən "Ərgənəkon" bizim sonrakı uğurlarımızın, əsrlərlə davam edən zəfər yürüşlərimizin müjdəçisidir. Buradakı qəhrəmanlıq motivləri türk xalqlarının qanına hopmuş, onları igid, döyüşkən insanlara çevirib. Təsadüfi deyil ki, biz türkçülük deyəndə qəhrəmanlığı, qəhrəmanlıq deyəndə böyük qürurla türkçülüyü düşünürük.

Təəssüf ki, bir neçə il əvvəl qardaş Türkiyəmizdə bu ad altında hansısa gizli qruplaşmanın mövcudluğu barədə şayiələr yayıldı, bədxah qüvvələr bu ulu, mötəbər kəlməni çirkin niyyətlərə alət etmək fikrinə düşdülər. Lakin haqq-ədalət öz yerini tapdı və əziz Türkiyəmizin, türk xalqının cəsur, igid övladlarının təpəri,  rəşadəti sayəsində əcdadımızın qəhrəmanlıq yolu uğurla davam etdirildi, soyumuz bu sınaqdan da üzüağ çıxdı.

Həsən ƏLİYEV
[email protected]

 





06.09.2017    çap et  çap et