525.Az

Yeni paytaxtın böyük inkişafı - Astanadan reportaj


 

Yeni paytaxtın böyük inkişafı -<b style="color:red"> Astanadan reportaj  </b>

Qazaxıstanda olduğum bir həftə ərzində bu ölkəni özüm üçün kəşf etdim, desəm, yəqin ki, yanılmaram.

Ölkə ilə tanışlığım 1998-ci ildən Qazaxastanın paytaxtı statusunu qazanmış Astana şəhəri ilə başladı. Şəhərlə tanışlıq zamanı ağlıma gələn ilk fikir bu oldu: Astana  gələcəyin şəhəridir, özü də yaxın gələcəyin... Həqiqətən də yaxın gələcəkdə Astana regionun əsas mərkəzlərindən birnə çevrilməyi bacaracaq. Şəhərin inkişafı üçün çox işlər görülür. Paytaxtda ilk diqqətimi çəkən isə səliqə-səhman oldu. Astanada bir milyon insan yaşayır. Şəhər tıxacdan və sıxlıqdan azaddır. İnsanlar regionlardan paytaxta axışmır, əksinə regionlarda iş imkanları daha genişdir.  Hər addımda şəhərin xarici görünüşünə gözəllik verən, diqqəti çəkən nələrsə yaradılıb. Məsələn, parklar, maraqlı gül-çiçək kompozisiyaları, uşaqlar üçün açıq havada əyləncəli məkanlar və s. Astana həm də maraqlı arxitekturası ilə diqqəti cəlb edir.

Bu il həm də Qazaxıstanın baş şəhəri "EXPO 2017" beynəlxalq sərgisi ilə dünyanın diqqətini öz üzərinə çəkə bildi. İyunun 10-dan fəaliyyətə başlayan və 100-dək ölkənin, beynəlxalq təşkilatların iştirak etdiyi sərgi sentyabrın 10-da yekunlaşacaq. Sərgidə əsasən alternativ enerji mənbələri ilə bağlı çox maraqlı təqdimatlar nümayiş olunur. Pavilyonun 1-ci mərtəbəsində Qazaxıstanın tarixi, mədəniyyəti, adət-ənənələri və turizm potensialını əks etdirən stendlər, sərgilər, tematik görüntülər nümayiş olunur.

Azərbaycan pavilyonu da sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanır və ən çox ziyarət olunan pavilyonlar arasındadır. Üç hissədən ibarət pavilyonun giriş zalının dizaynı bükülmüş xalça formasındadır. Burada təqdim olunan foto və videomateriallar ziyarətçiləri Azərbaycan tarixinə səyahətə aparır. Bu hissədə Azərbaycan xalçaları, mətbəxi və musiqisinin incilərini yaxından görmək və Qobustan qayaüstü təsvirlərindən, "Atəşgah" məbədindən Bakının müasir memarlıq incilərinədək müxtəlif tarixi və modern tikililərlə tanış olmaq mümkündür. Milli pavilyonda, həmçinin Azərbaycanın ənənəvi enerjidən alternativ enerjiyə qədər keçdiyi inkişaf prosesi, neft, neft məhsulları, qaz, elektrik, külək, günəş enerjisi ilə bağlı təqdimatlar nümayiş etdirilir.

Sərgini ziyarət etməyə həm ölkə daxilindən, həm də xaricdən çoxsaylı turistlər gəlir.  "EXPO 2017”nin bir məqsədi də ölkəyə turistlərin cəlbidir.  Ümumiyyətlə, hazırda  Qazaxıstanda turizmin inkişafı üçün islahatlar həyata keçirlməkdədir. Hələ ki, ölkədə daxili turizm inkişaf edib. Xarici ölkələrə gəlincə isə ən çox Rusiya və  Çindən Qazaxıstana turistlər gəlir. Amma digər MDB dövlətləri və Avropa ölkələrindən olan turistlərə də rast gəlmək mümkündür.

Rus dili ölkənin ikinci rəsmi dilidir və hər kəs rusca danışa bilir. Amma qazax dilinin statusunun qaldırılması üçün də böyük işlər görülür. Latın qrafikasına keçidlə bağlı dövlət başçının qərarı da məhz buna hesablanıb.

Qazaxıstanda ən çox yeyilən at ətidir. At ətindən müxtəlif yeməklər hazırlanır. Deyilənə görə, kəsim üçün xüsusi atlar saxlanılır. Yəni, minilmiş atı kəsmirlər. Çünki minilən at tərləyir və onun qəribə qoxusu ətə də keçir. At ətinin qiyməti, təxminən 8 dollardır. At südü də çox xeyirlidir, dərman hesab olunur. Paytaxtda qiymətlər normal hesab edilə bilər. Ölkədə orta aylıq əmək haqqı, təxminən 400 dollar təşkil edir. Ümumiyyətlə, insanlar prezident Nursultan Nazarbayevin siyasətindən razıdırlar. Söhbət etdiyim şəxslər ölkədə həqiqətən böyük islahatların aparıldığını vurğulayırlar. Qazaxıstanda yoxsulluq aradan qaldırılıb. Biznesə başlamaq, iş qurmaq da çox asandır. Yeni ailə quranlara, yeni doğulmuş körpələrə dövlət tərəfindən xüsusi dəstək proqramları fəaliyyət göstərir. Mənzil növbəliliyi mövcuddur. Dövlət tərəfindən mənzillər inşa edilir və evi olmayanlara uzun müddətə əlverişli şərtlərlə kreditə verilir.

Təhsilin keyfiyyəti də yüksək səviyyədədir. Ölkədə ən nüfuzlu universitet Nazarbayev Universiteti sayılır. Burda təhsil ingilis dilindədir və xaricdən dəvət olunmuş müəllimlər çalışırlar. Ölkədə test sistemi mövcuddur. Amma orta məktəbin yekun imtahanından yüksək bal toplayan şagirdlər test imtahanı vermədən ali məktəblərə daxil olurlar. Dövlət qulluğuna qəbul da imtahan vasitəsilə həyata keçirilir.

İndi isə Astanın gəzməli-görməli yerləri barədə. Onu qeyd edim ki, Bakı ilə Astana arasında saat fərqi iki saat təşkil edir. Bakıdan Astanaya uçuş üç saat yarımdır. Şəhərdə dünyanın məşhur hotel brendləri fəaliyyət göstərir.  

Bayterek qülləsi 

Əgər Astanaya yolunuz düşübsə, mütləq Bayterek qülləsini ziyarət edin. Bura  Astananın simvolu hesab edilir. Yerləşdiyi ərazi də elə Bayterek meydanı adlanır. Bayterek həyat ağacı deməkdir. 105 metr uzunluğundadır. Qüllə üzərində prezident Nursultan Nazarbayevin əl izi mövcuddur. Bu əl izinə əli qoyarkən isə Qazaxıstanın dövlət himni səsləndirilir. Bayterek həm də sülh və tolerantlıq əlaməti olaraq tanınır. Bayterek ərazisində Prezident sarayı, parlamentin hər iki palatasının binaları, Ali Məhkəmə, plazalar və digər tikililər yerləşir. İnsanlarınn əraziyə daxil olması, Prezident sarayı qarşısında gəzməsi, foto çəkdirməsi sərbəstdir.

Ümumiyyətlə, Prezident sarayı, şəhərin ən gözəl və əhəmiyyətli memarlıq quruluşlarından biridir. Sarayın hündürlüyü 80 metrdir, 36 min 700 kvadratmetrlik ərazidə tikilmiş saray "Akorda" adı ilə tanınır. 

Xan Çadırı (Khan Shatyr) 

Dünyanın ən böyük çadır şəhərciyi olan Khan Shatyr 150 metr yüksəklikdə, 10 futbol meydançası qədər ərazini əhatə edir. Bu tikili özünün qeyri-adi arxitekturası ilə fərqlənir. İçərisində mini qolf meydançası, park, alış-veriş mərkəzləri, qapalı plyaj və digər əyləncə məkanları var. Şəhərə gələn hər bir turist bu ərazini ziyarət edir.

Sülh və Tolerantlıq Piramidası

Sülh və tolerantlıq simvolu olaraq inşa edilmiş piramidanın xarici görünüşü Misir piramidaları formasındadır, amma daxili çox fərqlidir. 62 metr hündürlüyü olan piramidanın içərisində muzey yaradılıb, qədim Misir barədə məlumatlar yerləşdirilib. Burada konsert, iclas, konfrans zalları, opera, qış parkı var. Qazaxıstanda 130 millətin nümayəndəsinin yaşaması nəzərə alınaraq, piramidanın üst tərəfində 130 fərqli milləti təmsil edən göyərçinlər çəkilib, 18 fərqli dinlə bağlı məlumatlar yerləşdirilib.

Piramidanı ziyarət edən turistlər həm də Prezident Nazarbayevin burda konfrans zalındakı yerində əyləşib foto da çəkdirə bilirlər.  

Həzrət Sultan məscidi 

Həzrət Sultan məscidi Qazaxıstanın ən böyük, Mərkəsi Asiyanın isə ikinci böyük məscididir. Bu məscidin tikintisinə müxtəlif vaxtlarda 1000-dən 1500-ə qədər insan cəlb edilib. Məscid 2012-ci ildə açılıb. Məscid binası klassik İslam üslubunda, ənənəvi qazax ornamentləri tətbiq edilməklə tikilib.  Esil çayının sağ sahilində yerləşən məscid  adi günlərdə 5 min, bayram günlərində isə 10 minə qədər insan qəbul edə bilir. Sahəsi 11 hektardan çoxdur, tikinti sahəsi isə 17.700 kvadratmetrdir. Məscidin künclərində 4 ədəd, hündürlüyü 77 metr olan minarə ucalır. Həzrət Sultan məscidi Qazaxıstanda ən böyük günbəzə malikdir. Günbəzin hündürlüyü 51 metr, eni isə 28 metrdir.

Məsciddə qadınların ibadəti üçün ayrıca yer nəzərdə tutulub. Ölkəyə gələn turistlərin ən çox ziyarət etdiyi məkanlardan biri də məhz bu məsciddir.

Astanadakı müstəqillik meydanında yerləşən ölkənin ən böyük muzeyi Qazaxıstan Milli muzeyi isə 2014-cü ildə açılıb. Muzey kifayət qədər maraqlı və eksponatlarla zəngindir. Muzeylə tam tanış olmaq üçün xeyli vaxt tələb olunur. 11 zalda ölkənin qədim tarixi, qazaxların adət-ənənələri əks olunub. Həmçinin, burada müstəqillik zalı da var ki, orada ölkənin müstəqillik aktı, digər sənədlər, bayrağı, gerbi və s. nümayiş olunur. Turistlər istər piramida, istər opera, digər yerlərdə olanda Nazarbayevin yerində əyləşib fotolar da çəkdirirlər.

Qazaxıstan mətbəxi

Təbii ki, getdiyimiz ölkənin mətbəxi də bizim üçün çox önəmlidir. Çünki fərqli ölkələrin mətbəxi də fərqli olur. Yuxarıda qeyd etdiyim kimi, Qazaxıstanda əsasən at əti yeyilir. At ətindən Qazaxıstanın milli yeməyi olan beşbarmaq, müxtəlif suplar, salatlar, xəmir yeməkləri, kabablar hazırlanır. Əgər at əti yeyə bilmirsinizsə,  qoyun, mal, toyuq, qaz əti, balıq seçə bilərsiniz. Qaz ətindən də ən müxtəlif yeməklər, həmçinin beşbarmaq, kabablar, suplar hazırlanır. Qazaxıstanda özbək restoranları da çox məşhurdur. Xüsusilə özbək aşı, qazan kabab, özbək supları çox sifariş olunur. Qiymətlərə gəlincə, 2200, 2500, 3000 min təngəyə menyuda yeməklər var. Salatlar 1200 təngədən başlayır. Min təngə, təxminən üç dollardır. Çaylar da müxtəlif qiymətədir. Sadə çay 500 təngə, müxtəlif  bitkilədən hazırlanan çaylar isə 1200 təngə və daha baha təqdim olunur. Amma paytaxtda Avropa, Çin, Azərbaycan restoranları da var. Düzdür, Azərbaycan restoranı paytaxtdan bir qədər aralı yerləşdiyi üçün görmək imkanımız olmadı, amma dadanlardan eşitdik ki, mətbəximiz burada da çox sevilir.

Astanadan bu qədər, növbədə isə Qazaxıstanın mirvarisi sayılan Burabay var...

PƏRVANƏ
Bakı-Astana

 

 





06.09.2017    çap et  çap et