525.Az

Lahıc - zamanları qovuşduran məkan


 

Lahıc - <b style="color:red">zamanları qovuşduran məkan</b>

Lahıcın gözəlliyi, zənginliyi, füsunkarlığı və qədimliyi haqqında çox eşitmiş, çox oxumuşdum. Ürəyimi o yerləri gəzib görmək istəyi bir an olsun belə tərk etmirdi. Gözəllik məkanına baş çəkmək üçün vaxt qıtlığı ucbatından  arzumu yerinə yetirə bilmirdim. Elə bil vaxt zamanın dəyirmanında ovulub-ovulub sovrularaq qəhətə çıxmış, xırdalanıb, parçalanıb heçliyə çevrilmişdi.

Axır ki, Lahıca getmək üçün şərait yarandı, vaxt tapıldı. Ləngimədən yola çıxdıq. Həmişə bu yaşayış məntəqəsinin yerləşdiyi istiqaməti göstərən kiçik lövhənin yanından başı göylərə söykənən dağlara həsədlə baxıb, köks ötürə-ötürə keçib gedərdik. Bu səfərimizdə isə belə olmadı. Lahıcın adı yazılan lövhənin yanında maşının sürətini azaldıb göstərilən istiqamətə döndük. Bir az gedəndən sonra pəncərədən üzümüzə meşələrin, çöllərin sərin havası vurdu. Asfalt döşənmiş rahat yollar üzü dağlara tərəf uzanıb gedirdi. Meşələrlə əhatə olunmuş ərazilərin bənzərsizliyinə baxmaqdan doymaq olmurdu. Elə bil təbiət ağaclardan dağlara yaşıl paltar biçmişdi. Gözəlliyə bürünmüş yerlər sanki yoldan keçənlərə əl edib "dön bir mənə bax" deyirdi. Əyninə biçilmiş yaşıl geyim dağlara çox yaraşırdı. Doymaq bilmədən seyr etdiyimiz bu gözəl mənzərərlər bizə zövq verib ilhamımızı coşdururdu. Belə təkrarsız gözəlliyə heyran qalmamaq mümkün deyildi.

Yollarda maşınlar çoxuydu. Son günlər havalar isti keçdiyindən gediş-gəlişdə canlanma hiss olunurdu. Hamı dillər əzbəri olan bu qədim məkana tez çatmağa tələsirdi. Bizi çiyinlərində Lahıca aparacaq yolların da gözəlliyi ayrı aləm idi. Bu gözəllik hər addımda diqqətimizi özünə çəkirdi. Sağa-sola dolaylanan yollar qıvrılıb dağların qoynunda yatmış ilana bənzəyirdi. Sərt döngələr, dik yoxuşlar, qəfil enişlər ola biləcək təhlükələrdən xəbər verirdi. Hündür ağaclar sanki yola qalın kölgə salmaq üçün bir-biri ilə qucaqlaşmışdı. Ağacların kölgəsi asfaltın üstündə rəngbərəng kəpənəklər kimi oynaşırdı. Beləcə, bizi əhatə edən gözəl mənzərələri seyr edə-edə yolumuzdan qalmır, mənzil başına tez çatmaq üçün hey irəli gedirdik.

Zərnava kəndindəki sərt döngələrin birində maşınların sağ tərəfdə bir xətt boyunca ard-arda düzüldüyünü görüb dayanmalı olduq. Ağlıma gələn ilk fikir bu oldu ki, yəqin qəza-filan baş verib, yoxsa bu qədər maşın yolun kənarında boy-boya sıralanmazdı. İçimdə həyəcan yükü, narahat duyğular maşınların arasından irəli keçib getdim. Qarşımda bu yerlərin gözəlliyinin daha bir möhtəşəm səhifəsi açıldı. Yanaşı dayanmış uca dağların arasından şırıltı qoparan çay axırdı. İslanmış irili-xırdalı daşlar par-par parıldayıb sayrışaraq göz qamaşdırırdı. Səmaya əl uzadan bir-birinə bənzəməyən iki dağın arasından kanat körpü asılmışdı. Lahıca gedən insanların diqqətini də elə bu asma körpü cəlb etmişdi. Onları əhatə edən bu gözəlliyə tamaşa etmək üçün bir anlıq dayanmalı olublar. Uşaqlar körpüylə çıxıb hərəkət etməyə, o tərəf-bu tərəfə adlamağa böyük həvəs göstərirlər. Asma körpü ilə üzbəüz iri və sərt qayalar ilk baxışda adama vahiməli görsənirdi. Amma yavaş-yavaş sanki adamla dostlaşıb doğmalaşırdı. Qayaların üstündə heç torpağın belə əli çatmadığı yerlərdə güllər, çiçəklər açmışdı. Bu da təbiətin bir möcüzəsidi. Çiçəklərin üstündə dəstə-dəstə arılar vızıldaşır, kəpənəklər uçuşur. İri qayaların ortasından bulaq qaynayır. Su qayanı bir neçə yerə parçalayıb. Ürəyimizin odunu, atəşini söndürən bu sərin sudan bir ovuc içib yolumuza davam edirik.

Lahıca yaxınlaşdıqca yollar adama vahiməli görsənir. Nə vaxtsa buralarda təbiətə güc gəlmək, onun nizamını dağıtmaq üçün dağları partladıb, qayaları parçalayıb yol çəkiblər. Bəzi dimdik hündürlüklərə baxanda fikirləşirsən ki, elə indicə yerindən qopacaq. Dağların xalı kimi görünən iri qayalar nərilti-gurultu salaraq üzüaşağı - üstümüzə dığırlanacaq. Ürəyimizdə həyəcan yükü, asta-asta, yolumuza davam edirik. Nə dağlar yerindən qopur, nə də qayalar üstümüzə aşır. Dağlar da, qayalar da neçə illərdir olduğu kimi donub yerində qalıb.Üstündə məskən saldıqları ana torpaqdan möhkəm yapışıblar. Bizi əhatə edən nə dağlar bir-birinə oxşayır, nə də qayalar. Hamısı fərqli biçimdə, bənzərsiz görkəmdədir. İlk dəfə bu yerlərə ayaq qoyduğumdan ətrafdakı gözəlliyə baxmaqdan gözlərim dörd olub. Bilmirəm ki, hara, hansı tərəfə daha çox baxım? Bir anlıq ayaq saxlayıb dərindən köks ötürüb fikirləşirəm ki, Tanrı buralara çox gözəl qələm çəkib. Bu yerlərin təbiətinə bütün rəngləri xəsislik etmədən gen-bol vurub. Ona görə də ətraf rəngarəngdir, bənzərsizdir, təkrarolunmazdır, gözəldir.

Bir az qorxulu, bir az təhlükəli yollardan keçib axır ki, mənzil başına yetişdik. Lahıcı daha da yaxşı görmək, yaddaşıma yazmaq üçün ətrafıma elə baxıram ki, sanki bu yerlərin şəklini gözlərimlə çəkəcəm. Lahıc hündür dağların ətəyində yerləşir. Əsrlərdir, bu dağlar Lahıcı ovucunun içində saxlayıb yerdən və göydən gələn təhlükələrdən qoruyur. Başımı qaldırıb səmanın sonsuz, ümmansız ənginliyinə baxıram. Günəş bəxtəvər-bəxtəvər üzümüzə gülümsəyir. Deyəsən, o da bizim kimi çox sevincəkdir, sanki o da Lahıcı ilk dəfədir görür.

Lahıcın küçələri, döngələri, yolu bir anlıq mənə qədimdən qədim olan İçərişəhəri xatırladır. Qəribə hisslər məni çulğayır. Fikrim bir anlıq keçmişə gedir. Qulaqlarıma at kişnərtisi, qılınc cingiltisi, ox vıyıltısı, insanların bir-birinə qarışan, səs-küyü, qışqırığı gəlir. Keçib getdiyimiz küçələrə iri, yastı daşlar döşənib. Hiss edirik ki, burada yer kürəsi ayağımızın altında daha da möhkəm dayanıb. Ətrafda gördüyümüz hər şey ötüb keçən illərə boyun əyməyərək qədimliyini qoruyub saxlayıb. Yolboyu bir-birindən fərqli biçimdə, müxtəlif çeşiddə olan mağazalar düzülüb. Burada nələr satılmır? Ürəyindən keçən hər şeyi mağazalarda tapa bilərsən. Dağ çiçəyindən tutmuş manqala qədər hər şey var. Ən çox da satışa miskərlik sənətinin nümunələri çıxarılıb. Emalatxanaların bəzilərinin üstünə vurulmuş tanışlıq lövhələrindən məlum olur ki, onlar on doqquzuncu əsrdən qalıb. Lahıcda oğullar atalarının, babalarının sənətinin böyük həvəslə, sevə-sevə davam etdirirlər. Sənəti çiyinlərində bu gündən sabahlara, sabahlardan da gələcəyə daşıyıb aparırlar, yorulmadan, rahat-rahat, nəsildən-nəslə ötürürlər. Mağazaların sırası ilə irəli addım atdıqca sanki üzü keçmişə-gedirsən.Elə bil burada zaman donub, bu günlə-dünən, keçmişlə gələcək qovuşub. Amma nə qədər fikirləşsən də, bunların qarşısında bərabərlik işarəsi qoymaq olmur. Çünki zaman məsafəsinə görə onlar bir-birilərindən uzaq və əlçatmazdır. Bir-birilərinə uzaqdan-uzağa baxırlar.

Lahıca gələn turistlər satışa çıxarılmış qədim əşyalara böyük maraqla baxır, ustalarla söhbət edirlər. Onları düşündürən suallara cavab axtarırlar. Sonra həm ustalarla, həm də onun düzəltdib araya-ərsəyə gətirdiyi əşyalarla bir yerdə xatirə şəkilləri çəkdirirlər. Bu günlərdən, bu yerlərdən gələcək günlərə yadigar saxlamaq üçün nəsə alıb aparırlar. Milli geyimlərimiz də qonaqların  diqqətini özünə cəlb edir.

Daş döşənmiş küçələrlə irəli getdikcə sanki ötən illərlə üz-üzə qalırsan. Ətrafda gördüklərimiz bir anlıq bizi qoynuna alır. Sanki sirlərlə dolu olan nağıllar aləminə düşürük. Darısqal küçədə tez-tez gur bulaqlarla da rastlaşırıq. Buz kimi soyuq sudan içdikcə dağların havasını, torpağın ətrini hiss edirik. Bulaqların müxtəlif adları var. Məni ən çox cəlb edən "Qoşa bulaq" adı oldu. Uca dağlardan iki dəmir boru ilə axıb gələn su kiçik bir nohurda birləşir. Qıjha-qıjla axıb gedir. Bir anlıq mənə elə gəldi ki, bu bulaqlardan birinin suyu keçmişdən, birininki gələcəkdən axıb gəlir. Sanki zamanlar da bu kiçik nohurda birləşir. Bulaqların ikisinin də sərin suyundan içdim. Hiss etdim ki, dadı-tamı eyni deyil, bir-birilərindən fərqlənir. Elə Lahıc da mənim yaddaşımda zamanları qovuşduran bir məkan kimi qaldı.

Bir saata qədər darısqal küçələri gəzib dolaşdıq, bizi qoynuna alıb sehrinə salmış gözəllikləri seyr etdik. Ətrafda gördüyümüz hər şey bizi özünə çəkdi. Hər əşyada, hər paltarda, hər daşda bir gözəllik, bir qədimlik, bir rəngarənglik var idi. Gördüklərimiz ruhumuzu, qəlbimizi oxşadı. Sanki bir anlıq nağıllardakı gözəlliklər məkanına düşmüşdük. Xeyli gəzib dolaşdıqdan sonra üzü yuxarı bir-birinə söykənən dağlara tərəf getdik. Lahıcın dağları ilə küçələrinin gözəlliyi bir-birini tamamlayırdı. Başımı qaldırıb sonsuz səmanın ənginliklərinə baxıram. Səma gömgöydür, apaydındır, dumdurudur. Gözəlliyə tamaşa etməyə başı qarışan Ay da ləngiyib hələ batmamışdı. Sanki gözlərini bu yerlərin gözəlliyindən çəkib getmək istəmirdi. Amma dayanmaq bilməyən zaman isə hey onu qovub irəli getməyə tələsdirirdi...

İrəli getdikcə qulaqlarıma su şırıltısı gəlir. İki əzəmətli dağın arasından çay axıb keçir. İlan kimi dağların arasından keçən çay sanki şırıltısı ilə göz işlədikcə uzanıb gedən bu gözəlliyə, zamanları özündə qovuşduran Lahıca əbədi laylay çalır - şirin bir laylay...

 

 





06.09.2017    çap et  çap et