525.Az

Hacıqabul gölünün bərpası üçün təkliflər verildi


 

Hacıqabul gölünün bərpası üçün təkliflər verildi<b style="color:red"></b>

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Hacıqabul gölünün bərpasına dəstək layihəsini həyata keçirir. Layihədə məqsəd quruma təhlükəsi ilə üzləşmiş Hacıqabul gölünün bərpası və qorunması məsələsinə cəmiyyətin, cəmiyyətin fəal təbəqəsi olan gənclərin diqqətini cəlb etməkdir. Mayın 24-də layihə çərçivəsində gölün bərpası ilə bağlı hazırlanmış ilkin təkliflər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, ekoloji yönümlü QHT-lər və gənclər təşkilatlarının təmsilçiləri və ekoloji mövzularda yazan jurnalistlərin iştirakı ilə müzakirə edilib. “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Aran bölgəsində mikroiqlimin formalaşmasında mühüm rol oynayan gölün bərpası üçün aşağıdakı təklifləri irəli sürür: Hacıqabul Balıq” ASC tərəfindən özəlləşdirilmiş Hacıqabul gölü və onun ətraf ərazisinin gələcək təyinatı, statusu müəyyənləşməlidir; (Rəvan Gəncliyə Dəstək İctimai Birliyi yasaqlığın yaradılmasını ən məqbul variant sayır).

- Şirvan və Hacıqabul şəhərlərində formalaşan tullantı sularının idarə olunması və Şirvan tullantı su təmizləyici qurğuları kompleksi tikilməlidir;

- Gölün ətrafında qanunsuz tikilmiş 32 yaşayış evi köçürülməlidir (Yasaqlıq yaradılacağı halda sudan mühafizəsi məqsədi ilə bəndin tikilməsi yox, məhz həmin evlərin köçürülməsi daha məqbuldur );

- Hacıqabul gölünün ətrafında yerləşən torpaqlar inventarlaşdırılmalıdır;

- ARDNŞ-in balansında olan  ləğv olunmuş quyular ekoloji cəhətdən təhlükəsiz vəziyyətə gətirilməli, göl ərazisindəki kommunikasiya xətlərinin mülkiyyətçilərinın (nazirlik, təşkilat və s.) gölün bərpası ilə bağlı prosesdə aktiv iştirakı təmin edilməlidir;

- Kür çayından gölə su vurulması üçün nasos stansiyasının müasir tələblərə cavab verəcək səviyyədə yenidən qurulmalı və Hacıqabul gölünü Kür çayının suyu ilə təmin edən beton kanal çəkilməlidir; (Hazırda mövcud olan torpaq kanal yuyulma və digər səbəblərdən məqbul deyil).

- Yağıntılar zamanı ətraf dağ yamaclarında formalaşan səth sularının gölə axıdılması üçün kanal tikilməlidir; (Təbii proseslərin təmin edilməsi üçün).

- Göl ərazisindəki radioativ fonun səviyyəsinin öyrənilməsi, göldə və gölün ətrafında flora və faunanın bərpası üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi təcili tədbirlər görməlidir.

 “Rəvan” Gəncliyə Dəstək  İctimai Birliyinin sədri Ramiz Mikayıloğlu bildirib ki, layihə çərçivəsində aprelin 27-də Hacıqabul gölündə yaranmış vəziyyətlə yerində tanış  olmaq üçün İctimai Birliyin və digər gənclər təşkilatlarının üzvü olan gənclərin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndələri, eləcə də  ekoloji mövzularda yazan jurnalistlərin Hacıqabul gölünə ekskursiyası təşkil edilib. Səfər zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Hacıqabul balıq”ASC-nin əməkdaşları gölün durumu ilə bağlı məlumat veriblər. O qeyd edib ki, Hacıqabul gölündə ekosistemin bərpası istiqamətində fəaliyyətin əlaqələndirilməsi və bu sahədə kompleks tədbirlərin aparılması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq  əmrinə əsasən Kompleks Tədbirlər Planının hazırlanması üçün nazirliyin aidiyyəti dövlət qurumlarının səlahiyyətli nümayəndələrinin iştirakı ilə İşçi Qrup yaradılıb. İşçi Qrup tərəfindən göl və gölətrafı ərazilərdə kompleks tədqiqat işləri aparılıb, gölün qurumasını və çirklənməsini törədən səbəblər və yaranmış problemin həlli üçün mövcud imkanlar bir daha qiymətləndirilib. Araşdırmaların nəticəsi olaraq “Hacıqabul gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması və ərazidə ekosistemin bərpası üzrə Kompleks Tədbirlər Planı”nın layihəsi hazırlanaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim edilib. Nazirlər Kabineti tərəfindən Kompleks Tədbirlər Planı rəy və təkliflərin bildirilməsi üçün aidiyyəti dövlət qurumlarına göndərilib. Ramiz Mikayıloğlu deyib ki, “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin gölün bərpası ilə bağlı təkliflərini yüksək qiymətləndirir. Bununla belə o, gölün bərpası istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üzərinə daha çox məsuliyyət götürməli olduğunu, Hacıqabul gölü və onun ətraf ərazisində yasaqlığın yaradılmasının ən məqbul variant olduğunu  vurğulayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Mütəllim Əbdülhəsənov, Amil Sofiyev, Ekoloq Jurnalistlər Birliyinin sədri Cəmşid Bəxtiyar, BHPA sədri Rafiq Verdiyev, digər QHT təmsilçiləri və ekoloji mövzuda yazan jurnalistlər “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin hazırladığı ilkin təkliflərlə bağlı rəy və tövsiyələrini bildiriblər.

Rəy və tövsiyələr nəzərə alınmaqla, Hacıqabul gölünün bərpası ilə bağlı hazırlanmış təkliflər təkmilləşdirilərək müvafiq dövlət qurumlarına təqdim olunacaq.

K.Həmzəoğlu

 





24.05.2013    çap et  çap et