525.Az

"Ən böyük nailiyyətimdən biri də qazandığım dostlarım və yaxınlarımdır"


 

FİKRƏT ŞİRİYEV: "MƏN ÖZÜMÜ BAKI DÖVLƏT UNİVERSİTETİNİN FANATI ADLANDIRMAQ İSTƏRDİM"

"Ən böyük nailiyyətimdən biri də qazandığım dostlarım və yaxınlarımdır" <b style="color:red"></b>

Bakı Dövlət Universiteti (BDU) Həmkarlar İttifaqının sədri, dilçi alim Fikrət Şiriyev Modern.az saytına geniş müsahibə verib.

Müsahibəni ixtisarla oxuculara təqdim edirik.

- BDU-nun Həmkarlar İttifaqının sədri, müəllim, dilçi alim, şair, jurnalist... Sizi fərqli formalarda təqdim etmək mümkündür. Amma maraqlıdır, siz öz baxış bucağınızdan özünüzü necə təqdim edə bilərsiniz?

- Mən özümü Bakı Dövlət Universitetinin fanatı adlandırmaq istərdim. Universitet mənim həyatımdır! Mənim həyatımda olan digər sadaladıqlarınız və demədikləriniz universitetin fonu ətrafında olanlardır. Təbii ki, ailə, dostlar, övladlar, nəvələr kimi digər amillər də var, amma mən ömrümün-günümün çox hissəsini keçirdiyim universitet üzərində daha çox dayanmaq istəyirəm. Qeyd etdiyiniz alimlik, bədii yaradıcılıq, məmurluq kimi digər titullar universitetin çevrəsində olan məsələlərdir.  Təvazökarlıqdan uzaq olsa da, deyim ki, mən universiteti yaxşı qiymətlərlə başa vurmuşam. Bakının ən qədim məktəblərindən birini - 56 saylı orta məktəbi bitirmişəm. O məktəb 1884-cü ildə Bakıda neft istehsalı olan ərazidə - Qara şəhərdə qurulmuş ilk məktəblərdən biri idi. Biz oranı bitirən zaman həmin məktəbin 90 illiyi tamam olurdu. Bu müddət ərzində məktəbin 9 ən yaxşı (hər on ilə bir nəfər olmaqla) məzununun adı məktəbin tarix lövhəsindən yazılmışdı. Fəxr edirəm ki, 90 il ərzində olan ən yaxşı  9 məzundan biri də mən idim. Bunu nə üçün deyirəm. Bəlkə də mən başqa sahəyə maraq göstərsəydim, böyük maddi imkanlara malik olardım, yaxud daha firavan şəraitdə yaşaya bilərdim. Ancaq mənə elə gəlir ki, bu, mənim mənəvi zövqümün təminatçısı olan BDU ilə müqayisə olunmayacaq dərəcədə  çox cılız olardı. Universitetdə işləmək mənim üçün böyük xoşbəxtlikdir. Universitetin ziyalı təbəqəsi ilə həmişə qürur duyuram. Biz başqa təşkilatlarla, müəssisələrlə daim ünsiyyətdə oluruq. Amma bizim universitetdə olan kollektivçilik, böyük-kiçik münasibəti, səmimiyyət, qarşılıqlı hörmət amili və s. mənə elə gəlir ki, başqa heç yerdə bu dərəcədə yoxdur. Xoş və çətin günlərdə hamı bir-birinə hayan dayanır, bayramlarda təbrikləşirik, bir-birimizi axtarırıq və s. Bax, burada belə gözəl bir ailə ənənələri mövcuddur. Bütün bu və digər arqumentlərə görə təkrar edirəm ki, Universitet mənim həyatımdır!

- Artıq 35 ildən çoxdur ki, BDU-da işləyirsiniz. Sizi bura bağlayan əsas amillər hansılardır?

- İnsan daim yenilik  axtarır, nəsə təzə bir şey görmək, eşitmək istəyir. Universitetin ən böyük üstünlüyü odur ki, burada daim yenilənmə prosesi gedir, yeni nəsillər gəlir, yeni alimlər yetişir, yeni əlaqələr yaranır, hər bir təkrarlanan hadisə də yeni formada olur və s. Maraqlı məqamlardan biri də budur  ki, 5 il əvvəl dərs dediyin tələbəni hansısa yüksək dövlət postunda görə bilir, onun həyatda qazandığı uğurların şahidi olursan. Yaxud üstündən uzun illər keçəndən sonra  dərs dediyin tələbə hardasa qarşına çıxır, adını da unutduğun həmin adam sənə elə hörmətlə yanaşır ki, sanki o illərdə edə bilmədiyinin əvəzini qaytarır. Beləcə müxtəlif aspektlərdən yanaşmaq olar, ona görə inanmıram ki, universitetdən doymaq mümkün olsun. Həm intellekt, həm də fiziki baxımdan daim yenilənmə gedən sağlam bir cəmiyyətdə çalışırıq. Hərdən Abel müəllim də bunu qeyd edir, bizim universitetdə əməkdaşlı-tələbəli 22 mindən artıq insan var. Bu, bir rayonun əhalisi qədərdir. Əgər nəzərə alsaq ki, onlar aktiv yaşdadırlar, yəni yaşları, əsasən 17-dən 70-ə qədərdir və burada heç bir güc strukturu fəaliyyət göstərmədən 10 illərdir ciddi bir hadisə baş verməyib, bunu da ağılla, intellektlə bağlamaq lazımdır. Sadə məsələ deyil, kollektivimiz təxminən 100 il müddətində formalaşıb. 2 ildən sonra BDU-nun yaranmasının  100 illiyi tamam olacaq. Bu illər ərzində BDU möhtəşəm bir ocaq kimi yetkinləşib. Bunda təbii seçim amili çox mühüm rol oynayıb. Məsələn, yalnız hər bir kəndin, məktəbin yox, hətta rayonun ən yaxşı şagirdi bizim universitetə daxil ola bilib. Onların arasından seçilən ən yaxşı tələbə də universitetdə  işləmək üçün saxlanılıb. Ona görə də  ölkənin ən yaxşı müəllimləri burada fəaliyyət göstərib. Ən ağıllı gənclərlə ən yaxşı müəllimlərin vəhdəti olub. Səbəblərdən biri də budur ki, ötən əsrin 80-ci illərinə qədər əmək haqqının yüksəkliyinə görə BDU ölkədə bütün təşkilatlardan  fərqlənib. Bizdə kafedra müdiri, professorlar o vaxt 500 manat maaş alırdı. Bunu indiki  pulla müqayisə edəndə 10 dəfə artıq hesab etmək olar. O vaxt Azərbaycanda ən yüksək maaşı rayon rəhbərləri alırdı, təqribən 320 manat. Amma  universitetdə professorun əmək haqqı 500 manat idi. Özünüz universitetin cazibə qüvvəsini təsəvvür edin.

- İndi necədir vəziyyət?

- Bizim universitetin 80-cı illərin sonu, 90-cı illərin əvvəllərində çətin dövrləri oldu.  Vaxt oldu ki, universitet professorunun əmək haqqı cəmi 2 "şirvan"a düşdü, bu da təxminən 20-30 dollar  demək idi. Müəllimlərin arasında xarici ölkələrə üz tutub gedənlər, başqa  gəlirli iş sahələri ilə məşğul olmağa başlayanlar oldu.  Ailələrinin və özünün insan kimi tələbatını nəzərə alsaq, bunu təbii hesab etmək lazımdır. İndi şükür ki, həmin dövrü keçmişik. Hazırda da BDU ali təhsil ocaqları arasında ən yüksək əmək haqqı ödəyən müəssisələrdəndir. Bizdə bu gün dosentlərin, professorların, kafedra müdirlərinin orta əmək haqqı təxminən 1000 manatdır, yəni 80-ci illərə gəlib çatmışıq, hətta 2 dəfə ötmüşük, ancaq bu günün tələbləri başqadır. Əlbəttə, bundan da çox - 2000 manata yaxın əmək haqqı alanlar da var. Bu gün bizim müəllimlərimizin  əksəriyyətinin gəlir mənbələri beynəlxalq qrantlarla,  proqramlarla bağlıdır. Beynəlxalq proqramlara qoşularaq elmi layihələr vasitəsilə yaxşı qazanc əldə edə bilirlər. Məhz buna görə də BDU müəllimlərindən elələri var ki, onların aylıq haqqı təxminən 5000-6000 manat arasında dəyişir. Hər halda yenə də ən yaxşılar bizim universitetdə toplaşıb. Bu gün universitetin təxminən 3000 nəfər ştatda olan əməkdaşı var. Ölkənin tanınmış alimlərini, ziyalılarını tədris prosesinə cəlb edirik. Məsələn, daxili işlər naziri Ramil Usubov, xarici işlər naziri Elmar Məmmədyarov,  Qafqaz Müsəlmanlar İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə kimi şəxslər universitetimizin müəllimləridirlər. Yəni onlar bizim tədris prosesində iştirak edirlər.
 
Nümunə üçün cəmi bir neçə ad sadalasam da, universitetdə onlarla belə tanınmış şəxs, ali struktur rəhbərləri, akademiklər var. Ramil Usubov Hüquq fakültəsinin Dövlət imtahan komissiyasının sədridir. Eyni səlahiyyəti Elmar Məmmədyarov Beynəlxalq münasibətlər ixtisasında, professor Paşazadə isə İlahiyyat fakültəsində icra edir.

Bütün tələbələr, necə deyərlər, onların süzgəcindən keçərək həyata vəsiqə alırlar. Ölkəmizin çox tanınmış ziyalıları, Milli Məclis sədrinin birinci müavini professor Ziyafət Əsgərov, AQUPDK-in sədri professor Hicran Hüseynova, MSK-nın sədri professor Məzahir Pənahov və bir çox digərləri bizdə kafedra müdiridirlər. Milli Məclisin 11 üzvü, AMEA-nin 20 həqiqi və müxbir üzvü  müəllimlərimizdir. Fərəhlidir ki, belə tanınmış ziyalılar tədris prosesində iştirak edirlər. Bu, universitetin reytinqinin, nüfuzunun göstəricisidir. Ancaq Həmkarlar Təşkilatının rəhbəri kimi  cavab versəm, bir az da yaxşısını arzuladığımı deyərəm. Bütün dünyada milli universitetlər ölkənin səviyyəsinin göstəricisi, həm də sabahının təminatçısı  hesab edilir. İstərdim ki, yenə də ən yüksək əmək haqqı Universitetlərdə olsun: ən güclü məzunlarımız ən yaxşı yeni nəsilləri yetişdirmək üçün bizdə qalsınlar, onları cəlb edən yalnız nüfuzlu və tarixi bir yerdə işləmək  olmasın, tələbatlarını təmin etmək üçün xarici şirkətlərə üz tutmasınlar.

- BDU-nun tələbəsi olmusunuz. Maraqlıdır, sizin dövrün tələbələri ilə indiki tələbələr arasında hansı fərqlər var? Həm də bir müəllim kimi indiki gəncləri necə qiymətləndirirsiniz?

- Çox yaxşı! İntellektli, ağıllı, tədbirli, özünə inamlı! Fikrimcə,  dünyadakı insanları optimist və pessimist olaraq iki hissəyə bölmək mümkündür. Hər bir hadisəyə münasibətdə də insanların rəftarı belədir.  Bəzi insanlardan müasir gənclik haqqında soruşanda onları tənqid edirlər, əvvəlkilərin daha yaxşı olduğunu bildirirlər. Yəqin bilirsiniz, bizim eradan əvvəl 3350-ci ildə yazılmış "Prissanın papirusu" dünyada ən qədim kitab hesab olunur. Həmin papirusun müəllifi gəncləri əxlaqsız, tənbəl və tərbiyəsiz adlandırır, "bizim vaxtımızda belə deyildi" yazır. Gördüyünüz kimi, beş min ildən də artıq vaxt keçsə də, heç nə dəyişməyib. Bu gün də narazı adamlar var, dünən də olub, sabah da olacaq. Amma mən belə deməzdim. Düzdür, mən özümü çox optimist hesab etmirəm, amma realist insanam.  Bugünkü gənclik heç də bizim dövrün gəncliyindən geri qalmır. Müəyyən fərqli amillərin olduğunu danmaq olmaz. Biz o vaxt müəllimin mühazirələrinə diqqətlə qulaq asıb onun ətrafında hazırlaşıb cavab verirdik. Amma bu gün internet vasitəsilə müəllimin  dediyi mühazirədən daha geniş məlumatlar əldə etmək olur. O zaman bilik əldə etmək üçün yalnız müəllim və kitab var idi. İndi görün nə qədər geniş imkanlar mövcuddur. Mənə elə gəlir ki, indiki tələbələrin beyni daha sürətlə çalışır. İnsan beyni təsəvvür etdiyimizdən xeyli çox yükgötürmə qabiliyyətinə malikdir və belə olduğu halda da daha yaxşı çalışır. Məsələn, çox torpaq götürüb daha uzağa ata bilməzsən, yük az olsa onu  daha uzağa ata bilərsən. Amma insanın beyni bu cür fiziki nümunələrdən fərqlidir. Daha çox yük götürəndə daha yaxşı çalışmağa başlayır. İnsanlar çox oxuduqca, beyin daha çox yükləndikcə yaddaşlı, məntiqli və mühakiməli olurlar. Oxumaq, öyrənmək insan beyninin yanacağıdır. Bugünkü gənclər daha çox informasiya qəbul etmək baxımından o illərin gənclərindən irəlidədirlər, deməli, türklər demişkən "kafaları daha yaxşı çalışır". Deməli, sağlam məntiq gənclərin xeyrinə qərar qəbul etməyə əsas verir. Təbii ki, mühazirələrinə qulaq asmayan tələbələrdən narazılıq edən müəllimlər də var.  Belə halda o müəllimlər  "indiki uşaqlar fərqlidir, heç bizə qulaq asmırlar"  kimi fikirlər səsləndirirlər. Halbuki, onlar bəlkə də, mühazirələri zəif olan müəllimlərdir  və bu gün "ondan çox bilən"  tələbəni qane etmirlər və s. Bu başqa bir söhbətin mövzusudur.

- Tələbə-müəllim münasibətlərində o vaxt sərhəd var idi, amma indi azadlıqdır. Siz necə düşünürsünüz, hansı daha faydalıdır?

- Məncə, tələbə müəllim arasında sərhəd olmamalıdır. Mən tələbələrimlə dostluq edirəm, hətta Facebook-da, WhatsApp-da onlarla yazışır, müəyyən məsləhətlər verirəm. Bunun nəticəsi daha faydalı olur. Gənclərə müstəqillik vermək lazımdır. Bu zaman onlardan daha çox şey almaq olur. Öz təcrübəmdən deyə bilərəm ki, tələbələrlə biz açıq müzakirələr edib tədris proqramında olan  bəzi problemləri müəyyənləşdirə bilirik.  Dərs dediyim fənn üzrə onların təklif və iradlarını dinləyirəm. Bu məsələləri kafedra səviyyəsində də müzakirə edib həllinə çalışırıq. Digər tərəfdən uşaqlarla dost və ya valideyn kimi davranan zaman onlar tədris prosesinə daha maraqlı və həvəsli olurlar. Fikrimcə, məhəbbət hər şeyin ən yaxşı çarəsidir. Axı qorxduğun adamı, ya səndən qorxan adamı sevə bilməzsən. Sevməsən də, onun dediyi fənni sevə-sevə öyrənə bilməzsən. Qorxudan öyrəndiyin isə ən yaxşı halda imtahana qədər, qiymət alana kimi səninlədir...  Hər halda səmimi münasibətlər həm müəllimlərin, həm də tələbələrin xeyrinədir. Dünyanın inkişaf etmiş ölkələrində cəmiyyəti irəli aparan əsas mühərrik universitetlərdir. Çünki universitetlər yeni nəsil formalaşdırır və bilik, elm daim inkişaf edir. Dünya universitetlərinin təcrübəsi göstərir ki, müəllim tələbə arasındakı münasibət səmimi olduğu təqdirdə universitet daha böyük uğurlara nail olur. 

- Sosial şəbəkələri vurğuladınız. "Əkinçi"də belə bir cümlə var idi: Zəmanə sənə saz ola bilmirsə, sən zəmanəyə saz ol.  Maraqlıdır, siz zəmanəyə saz ola bilirsinizmi? Sosial şəbəkələr, texnologiya dövrünə uyğunlaşma prosesiniz necə oldu?

- Mənə elə gəlir ki, bu, zəruri bir şeydir. Bugünkü nəsil elektron vasitələrlə daha tez dil tapa bilir. Bizim yaşda olan adamlar üçün bu məsələ bir az çətindir. Mənim beş yaşında nəvəm telefonu da, kompüteri də məndən yaxşı idarə edir. Halbuki, 55 il fərqimiz var. Amma bilirəm ki, kompüterdən, sosial şəbəkələrdən istifadə etməsəm,  müəyyən şeylərdən geri qalacam. Səməd Vurğunun təbirincə desək:

Bütün arzularım gülür yarına,
Xəyaldan ilhamlar almamaq üçün;
Baxıram Leninin kitablarına,
Dəstədən geridə qalmamaq üçün.

O dövrdə tələb belə idi, Leninin kitablarına baxmayan gərəkli sayılmırdı. Doğrudur, bu, siyasi  məsələ idi, ancaq dövrlə uyğunlaşmaq baxımından şair haqlı idi. Şükür ki, daha obyektiv seçim etmək mümkün olan bir dövrdə yaşayırıq. İnternet vasitəsilə böyük dünyaya açıla, çox geniş məlumatlar ala və ağıllı seçimlər edə bilirik. Mənim yaşımda olan insanlar da başa düşür ki, əgər biz internet dünyasından yararlanmasaq, fərqli dərəcədə geri qalacağıq. Bu səbəbdən mütləq uyğunlaşmaq lazımdır.

- Sosial şəbəkə demişkən, orada belə bir şeir bəndi paylaşmışdınız:

Yaşamıram özümçün
Daim basa-basdayam.
Gah tədbirdə, qəbulda
Gah da ki, iclasdayam.
Onlar da olmayanda
Ya toyda, ya yasdayam...

Belə başa düşürük ki, özünüzü işə fəda etmisiniz...

- Yox, yox! Qətiyyən belə deyil! Hərçənd ki, şair demişkən, "can fəda eyləməyən eşqi müqəddəs bilməz!" Bir şeyi müqəddəs hesab etmək istəyirsənsə, özünü fəda eləməkdən çəkinmə! Əslində, mən öz həyatımdan narazı deyiləm. Ətrafımda olan insanlar, dostlarım da bilirlər ki, mən bu rejimdə yaşamağa artıq alışmışam. Başqa cür olanda darıxıram. Gərgin rejimdə yaşamağı xoşlayıram. Məsələn, bazar günləri guya istirahət etməliyəm. Amma həmin gün də rahat dayana bilmirəm. Daha doğrusu, ancaq  iş görəndə rahatlıq tapıram. Təbiətim belədir, məndən asılı olan bir şey deyil. Bayaq qeyd etdim ki, insanlar pessimist və optimist olaraq iki yerə bölünür. Digər tərəfdən həm də insanları işgüzar və tənbəl olaraq da iki yerə bölmək olar. Təbii ki, zəhmətsevər  adamlar bu dünyada daha böyük uğurlara imza atırlar. Bu, bəlkə də zamanın düzgün istifadə olunmasından irəli gəlir. Bir var 50-60 illik ömrün hər günündə 10 saat faydalı işlə məşğul olub cəmdə təxminən 20 il nəticən olsun, bir də var həftədə 1 saat nə isə edib cəmi heç100 günlük də göstəricin olmasın. 20 il 100 gündən nə qədər irəlidirsə, insanlar arasındakı nəticə fərqi bir o qədərdir. Aydın olsun deyə, belə deyim: elə bilin ki, iki səyyah yol gedir, biri gündə 10 kilometr, o biri həftədə 1 kilometr getsə, 40 ildən sonra nə qədər fərq olar? Zaman da belədir. Allahın insana verdiyi ən qiymətli nemət həyatdır, onun da meyarı zamandır. Adam var ki, həyatını ancaq kef məclislərində, domino oynamaqla, televizor qarşısında, yaxud buna bənzər digər formalarda, necə deyərlər, vaxtı öldürməklə keçirir. Elə bil məqsədi odur ki, ancaq birtəhər vaxt keçsin və axşam olanda da yatsın, sonra yenidən eyni hadisələr davam eləsin... Mənim fikrimcə, günün 10-15 saatını məhsuldar keçirmirsənsə, bu, Allaha da xoş gəlməz. Onun verdiyi nemətə niyə xor baxasan? Dinimizə görə müqəddəs hesab edilən nemətlər var, biz də onların qədrini bilirik və yaxud bilməyə çalışırıq. Amma dərin düşünəndə zaman hər nemətdən qat-qat irəlidir. Bu qiymətli varlığı insanlara, dostlara, ailəyə, qısası cəmiyyətə, onun faydasına həsr etməyin tərəfdarıyam.

- Şeir yazmaqla yanaşı, Siz jurnalist kimi də fəaliyyət göstərmisiniz. Amma bu peşədən uzaqlaşmağınızın səbəbini o dövrün çətinlikləri ilə əlaqələndirmisiniz. İndiki hal olsaydı necə, jurnalist kimi fəaliyyət göstərərdinizmi?

- Bugünkü bəzi üzdəniraq jurnalistlər kimi "fəaliyyət göstərməyə" nə var ki? Bax, gördünüzmü, Sizdən gələn kimi jurnalist ixtisasınızın olub-olmadığını soruşdum. Bu, mənim narahat olduğum məsələlərdəndir. Bilirsiniz ki, bu gün jurnalistika ilə kim istəyirsə məşğul ola bilir. Hətta heç ali təhsili olmayan, yaxud peşəsi kənd   təsərrüfatı, mühəndislik üzrə olanlar da jurnalist kimi "fəaliyyət göstərirlər". Əlbəttə, sənəti başqa olub, peşəkar jurnalist olmağı bacaran insanlar da var, bunu inkar etmək olmaz. Cəmiyyətimizdə həmişə istedadlı, yaxşı yazan jurnalistə ehtiyac var. Əlbəttə, yaxşı olardı ki, bu adam peşəkar olsun. Yaxud Şirməmməd Hüseynovun, Yalçın Əlizadənin, Cahangir Məmmədovun, Şamil Vəliyevin və digər şəxsiyyətlərin mühazirələrini dinləsin, heç olmasa onlarla bir neçə gün ünsiyyətdə olsun. Digər tərəfdən  jurnalistlik də, şairlik, rəssamlıq kimi bir Allah vergisidir. Mən isə seçim qarşısında qalsaydım, bəlkə də  yenə filologiyanı seçərdim. Çünki filologiya jurnalistika və buna yaxın digər humanitar sahələrin köküdür. Həmin ixtisaslar filologiyadan ayrılan budaqlardır.  Məsələnin kökünə yaxşı bələd olandan sonra peşəkar jurnalist də ola bilərsən.

- Fikrət müəllim, jurnalistika demişkən, bir dilçi alim kimi hazırkı Kütləvi İnformasiya Vasitələrinin dili sizi qane edirmi?

- Demək olmaz ki, tam qane etmir, əlbəttə, əksər hallarda bu, yaxşıdır. Lakin bəzən televiziya qarşısında oturanda ən mükəmməl adamların nitqlərində belə səhvlər görürəm, bunu da filoloji xəstəlik hesab edirəm. Ümumiyyətlə, bu barədə mənim subyektiv fikirlərim var.  Mənə elə gəlir ki, nitq mədəniyyəti fənni ali məktəblərdə strateji bir fənn kimi tədris edilməlidir. Heç olmasa, ali təhsilli insanlar mükəmməl danışmağı bacarmalıdırlar. Bir halda ki, kimlərəsə efirə çıxıb milyonların qarşısında danışmaq səlahiyyəti verilir, onlar daha səlis danışmalıdırlar. Bu məsələ ilə bağlı məni narahat edən məqamlar çoxdur. Bir-iki deyil ki, deyim düzəltsinlər. Məsələn, biri ağzını açan kimi "ilk öncə" deyir. Ya "ilk" de, ya da "öncə", bunlar eyni şeydir axı. Yaxud birindən müsahibə alanda görürsünüz ki, hardasa 40-a yaxın "yəni" sözündən istifadə edir. Belə olmaz axı. Dilin öz qayda-qanunları var.  Belə onlarla, yüzlərlə misal çəkmək olar. Xüsusilə, şou proqramları aparanlar Azərbaycan dilində düzgün danışmırlar. Bəlkə də müəyyən keyfiyyətlərinə görə onlara üstünlük verirlər, amma buna baxmayaraq, bütün hallarda dilin qaydalarına əməl edilməlidir.

- Bu il 60 yaşınız tamam olacaq. Sizcə, bu müddətdə ən böyük nailiyyətləriniz nələr olub?

- Bütün insanlar kimi ən böyük nailiyyətim, fikrimcə, yaxşı ailəyə sahib olmağımdır. Gözəl iki övladım var. Qızım həkim, oğlum hüquqşünasdır. Oğlum hazırda İqtisadi İnkişaf Nazirliyində çalışır, bir bölmənin hüquq departamentinin rəhbəridir. Elxan mənim himayəmdən tam imtina etmiş oğlandır. Doğrusu, dostlarıma, yaxınlarıma güvənərək ona başqa yerə işə düzəlmək təklif etsəm də, bunu qəbul etmədi. Özü sınaqlarda iştirak edərək müsabiqələrdən keçdi, iş yerini müəyyənləşdirdi, indi onun rəhbərləri heç bilmirlər ki, mənim oğlumdur, özü öz keyfiyyətləri ilə inkişaf edir.  Artıq üçüncü nəsil yaranıb, nəvələrim  də var. Eyni zamanda, qazandığım dostlarım, yaxınlarım da ən böyük nailiyyətimdir. Digər tərəfdən universiteti də bu siyahıya daxil etmək istəyirəm. İntellekti, mədəniyyəti, insanlıq keyfiyyətləri yüksək olanlarla bir ailənin tərkibindəyəm. Bax bunları böyük uğur hesab etmək olar...

Günay RƏSULQIZI
Modern.az

 





07.09.2017    çap et  çap et