525.Az

Müasir Azərbaycanın öncül qəzeti - "525"-25


 

Müasir Azərbaycanın öncül qəzeti - <b style="color:red">"525"-25</b>

TRT-nin Bakı Nümayəndəliyində çalışarkən hər gün aldığımız qəzetlər arasında ilk gündən etibarən diqqət və marağımı çəkən bir qəzet vardı. Çox keçmədi, günə oxumadan başlamadığım mətbu orqanlardan birinə çevrildi. Türk dünyasında çıxan gündəlik qəzetlər arasında ən mötəbər yerlərdən birinə sahib “525-ci qəzet”lə, beləcə, bağlılığım yarandı.

Əvvəla, qəzetdən tələb olunan bir çox xüsusiyyətə sahib idi. Daxili və xarici siyasət haqqında lazımi qədər informasiya sahibi olurdun, ən vacibi isə Azərbaycan başda olmaqla yaxın ərazilər, eləcə də türk dünyasının mədəniyyət, sənət, ədəbiyyat və tarixi barədə geniş məlumat alırdın, bilgi üfüqlərin genişlənirdi.

Sonralar “525-ci qəzet”in ölkə ictimaiyyətinin də etibarını qazandığını gördüm. Bu, gözlənilən idi. Çünki bu qəzet həm əsl jurnalistlik məsələsində həssas davranır, həm də Azərbaycanın “Əkinçi” ilə başlayan milli mətbuat ənənəsini davam etdirməyə maksimum diqqət göstərirdi. Dolayısıyla, qardaş ölkənin yenidən müstəqillik dövrünün səsi və güzgüsü olmaq vəzifəsini üzərinə götürmüşdü.

Bütün bu müddət ərzində Azərbaycandakı ən yaxın dostlarımdan olan Rəşad Məcid bəyi yaxından tanıdıqca qəzetin bu prinsip və quruluşunun haradan qaynaqladığını öyrənmək imkanım oldu. İlk olaraq onu deməliyəm ki, Rəşad bəy, təməl qayğısı jurnalistika olan bir qəzetə sahibdir. Rəşad bəylə müxtəlif mühitlərdə bir yerdə olub söhbət etməyimdən əlavə, Aqil bəy Abbasla birlikdə çəkiliş üçün Ağcabədi və Ağdam ərazisinə də getmək fürsətim olub. Yəni yol yoldaşlığı etmişik. Bu vəsiləylə həm dünyaya, həm də Azərbaycanın milli məsələlərinə baxışını daha yaxından öyrənmək, eyni zamanda, insani tərəfini müşahidə etmək fürsəti tapmışam.

Hər şeydən əvvəl təvazökar xüsusiyyətə sahib və öz xalqına, torpağına cani dildən bağlı idi. Xalqla bir araya gələndə bu xüsusiyyətinə dərhal şahid olursunuz. Bu da xalq tərəfindən öz qarşılığını tapırdı və Rəşad bəyi sevdikləri, ona güvəndikləri rəftarlarından, baxışlarından, danışıqlarından açıq şəkildə başa düşürülürdü.

İkincisi, intellektual şəxsiyyəti var idi. Məsələlərə, tarixi dərinlik, daxili-xarici siyasət dinamikaları, xalqın ümid və gözləntiləri baxımından analitik yanaşma göstərir, realist, həlmərkəzli düşüncə nümayiş etdirirdi.

Eyni zamanda, dəyərli ədəbiyyat insanı olmasının təsiri ilə xalqın, ərazinin ruh, eləcə də duyğu dünyasını da yenə ayaqları yerə basan bir yanaşma ilə, ən obyektiv və həssas şəkildə əks etdirirdi. Qəzetdəki yazılarında, kitablarında bu xüsusiyyətləri ən gözəl şəkildə müşahidə olunurdu.

Digər tərəfdən, müəyyən zaman ərzində “525-ci qəzet”in digər idarəçilərini, işçilərini də tanımaq imkanım oldu. Məndə oyandırdıqları təəssürat, istisnasız, “Bəli, onlar jurnalist ruhlu insanlar, peşəsini sevən şəxslərdir” düşüncəsi oldu. Hər birinin əsas qayğısı peşələri idi; danışıqlarından, verdikləri suallardan anlamaq olurdu. Təbii ki, bu da təsadüfi vəziyyət deyildi, qəzetin yaratdığı iqlimdən qaynaqlanırdı.

Rəşad bəyin liderliyindəki “525-ci qəzet” Azərbaycan mətbuatının öncüllərindən biri olmağa, bütün ictimaiyyətin nəzərində hörmət qazanmağa layiqdir.

Azərbaycandakı işlərim bitdikdən sonra yazılı nüsxələrini əldə etmək imkanım olmadı, amma internetdən izləməyə çalışdım. Qürurla bildirməliyəm ki, “525-ci qəzet” rəqəmsal medianın inkişafı nəticəsində bütün dünyada olduğu kimi ənənəvi qəzetin yaşadığı çətinliklər və digər dövri sıxıntılara rəğmən, tutduğu yolunu, qorumağa, jurnalistika prinsiplərini daha da yüksək səviyyəyə qaldırmağa davam edir. İnanıram ki, gələcək nəsillər və tədqiqatçılar üçün Azərbaycanın ən önəmli sosial yaddaş qaynaqlarından biri olacaq, hazırda da elədir.

Yeri gəlmişkən, “525-ci qəzet”in jurnalistika həyatımdakı yeri haqqında bir neçə söz demək istəyirəm.

Qəzetlə ilk yaxın ünsiyyətim, yuxarıda bildirdiyim kimi, TRT Bakı Nümayəndəliyinin fəaliyyətinə göstərdiyi diqqətli münasibətlə başlamışdı. Daha sonra “525-ci qəzet”lə münasibətim o qədər yaxınlaşdı və genişləndi ki, bunları ardıcıl yazsam, bir neçə səhifə edər. Lakin bunlardan simvolik olan bir neçəsini dilə gətirmək istəyirəm:

Birincisi, TRT nümayəndəsi olaraq Azərbaycandakı fəaliyyətimizlə əlaqədar ilk reportajı “525-ci qəzet” nəşr etdi. İlhamə xanım Qasımlının incə tələbi ilə “İki türkcəyə xoş məqamlar üzərindən bir nəzər” adı altında ilk yazım da məhz bu qəzetdə nəşr edildi. Azərbaycandakı vəzifəm bitməzdən əvvəl də mənimlə aparılan son müsahibə “525-ci qəzet”də nəşr olunan son müsahibəm oldu. Bunlarla yanaşı, zaman-zaman müəyyən mövzularda qələmə aldığım bir çox yazı...

Azərbaycanın bu avanqard qəzeti mənim peşə həyatımın da önəmli mərhələlərindən biri oldu. Hətta “Türkiyə-Azərbaycan münasibətləri və ictimai rəy” mövzulu doktorluq işimdə də ən çox faydalandığım mətbuat orqanları arasında yer aldı.

Azərbaycan başda olmaqla, bütün Türk dünyasının mötəbər mətbuat orqanı, dünyaya açılan pəncərələrindən biri saydığım “525-ci qəzet”in neçə 25 illərə çatmasını, daha da güclənərək mətbuat həyatını davam etdirməsini arzulayıram.

Yaxşı ki varsan, “525-ci qəzet”!

 





08.09.2017    çap et  çap et