525.Az

Professor Nərgiz Paşayevaya Fransa hökumətinin ali ordeni təqdim olundu


 

Professor Nərgiz Paşayevaya Fransa hökumətinin ali ordeni təqdim olundu<b style="color:red"></b>

FRANSANIN AZƏRBAYCANDAKI SƏFİRİ PASKAL MONYE: “FRANSA HÖKUMƏTİNİN AKADEMİK PALMA ORDENİNƏ TƏHSİL VƏ TƏDRİS SAHƏSİNDƏ XÜSUSİ ƏMƏYİ OLAN ŞƏXSLƏR LAYİQ GÖRÜLÜRLƏR” 

Bakıda M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor  Nərgiz Paşayevaya Fransa hökumətinin Akademik Palma Ordeninin zabit dərəcəsinin təqdimetmə mərasimi keçirilib. Fransanın Azərbaycandakı səfirliyində təşkil olunan tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə, təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, xarici ölkələrin Azərbaycandakı səfirləri, görkəmli elm, təhsil, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Fransanın Azərbaycandakı səfiri Paskal Monye professor Nərgiz Paşayevanın Azərbaycan-Fransa əlaqələrinin inkişafında əvəzssiz xidmətlər göstərdiyini vurğulayıb: “Fransa hökuməti Sizin əməyinizi xüsusi qeyd etməyi özünə borc bildi. Razılaşın ki, bu, əməyinizə verilən layiqli qiymətlə yanaşı, həm də Fransanın Sizin ən yüksək səviyyədə təmsil etdiyiniz ölkəylə əlaqələr qurmağa verdiyi önəmin ifadəsidir”. Səfir xatırladıb ki, bu mükafat Napoleon dönəmində təsis olunub və 2008-ci ildə Fransada Akademik Palma Ordeninin 200 illiyini qeyd edilib: “Əlbəttə, bu iki yüz ildə müəyyən dəyişikliklər edilib, amma başlıca  məram saxlanılıb: bu ordenə təhsil və tədris sahəsində xüsusi əməyi olan şəxslər layiq görülürlər. Akademik Palma Ordeni Sizin kimi Fransanın təbliğatına öz intellektual, elmi, bədii töhfəsini vermiş, onun mədəniyyətinin və dilinin dünyada yayılmasına yardımçı olmuş başqa millətlərin nümayəndələrinə də təqdim olunur”. Səfir deyib ki, Akademik Palma Ordeninin zabit dərəcəsi kimi mükafatın professor Nərgiz Paşayevaya təqdim olunması həm də onun Azərbaycanı dünyaya tanıdan aparıcı şəxsiyyətlərin sırasında olduğunun təsdiqidir: “Həqiqətən də Siz həm peşə, həm də şəxsi karyeranızda mədəniyyətlərin dialoqu, sülh və ədalət kimi ali insani dəyərləri əsas tutmaqla ətrafınızdakı tələbə və müəllimləri nurlandırırsız. Siz bizlərin bölüşdüyü bu idealları və dəyərləri özünüzdə təcəssüm etdirirsiz. Siz həm də, intellektuallıgın və biliyin həmişə əsas tutulduğu ailənizdən gələn dəyərləri özünüzdə təcəssüm etdirirsiz. Sizin atanız, akademik Arif Paşayev Milli Aviasiya Akademiyasının rektoru, əminiz Hafiz Paşayev xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatiya Akademiyasının rektorudur. Elmə məhəbbət sizin ailə ənənələrinizdən gəlir. Sizin ananız, tanınmış ərəbşünas alim Aida xanım İmanquliyeva uzun illər Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna rəhbərlik edib. Siz yazıçı, Bakı Dövlət Universitetinin professoru, Azərbaycan ədəbiyyatı tarixi kitabının, romanlar və novellalar müəllifi olan babanız Mir Cəlal Paşayevin yolunu davam etdirirsiz. Siz Viktor Hüqonun 1840-cı ildə yazdığı sözləri özünüzə şamil edə bilərsiz: “Müəllimlər insan zəkasının bağbanlarıdır”. Necə də gözəl  yoldur – qərarlı, qətiyyətli, məqsədyönlü və xüsusi qeyd etmək istərdim ki, həm də mərdlik yolu. Bu sözlər sizin zahiri nəcibliyinizlə həmahənglik təşkil edir. O mərdlik yolu Moskva Dövlət Universiteti kimi nüfuzlu təhsil ocagının Bakı filialını yaratmaqda Sizə yardımçı oldu”.

Səfir P.Monye daha sonra professor Nərgiz Paşayevanın elmin gələcək nəsillərə ötürülməsi istiqamətində ardıcıl fəaliyyət göstərdiyini və bu fəaliyyətin Azərbaycanın nüfuzunun daha da qaldırılması arzusundan qaynaqlandığını qeyd edib: “Bu arzunu general de Qollun sözləri ilə daha yaxşı ifadə etmək olar: “Böyük dövlətlər ona görə böyük olurlar ki, onlar böyük olmaq istəyirlər”. Bu yerdə xatırlatmaq istəyirəm ki, Sizin nüfuzlu universitetdə şəxsi təşəbbüsünüzlə digər fakültələrlə yanaşı, fransız dili və ədəbiyyatı bölməsi  də yaradılıb. 2008-ci ildə Bakı Dövlət Universitetinin prorektoru kimi Sizin təşəbbüsünüzlə universitetin filologiya fakültəsində “Fransız dili və ədəbiyyatı” bölməsinin yaradılmasıyla baglı rolunuzu da xüsusi qeyd etmək istərdim. Hər il  bu ixtisas üzrə diplom alan tələbələr bizim əməkdaşlıgımızın və Sizin səylərinizin ən yaxşı elçiləridir”.

Səfirin sözlərinə görə, çoxları üçün yekun hesab oluna biləcək belə zəngin karyeraya baxmayaraq, Nərgiz Paşayeva bilik və bacarığını incəsənətin inkişafına sərf etməkdən də əsirgəmir və bu işdə Fransa mədəniyyətinə xüsusi rəğbət hiss olunur: “Nərgiz Paşayevanın təsisçisi və bədii rəhbəri olduğu Bakı “ÜNS” teatrındakı tamaşalarda Fransa tez-tez diqqət mərkəzində olur. Mən belə tamaşalardan çox  nümunələr gətirə bilərəm, amma birini deyəcəyəm: A Filetta polifonik korsika xorunun azadlıq rəmzi və xoşməramlı insanlar arasında qarşılıqlı anlaşma kimi təqdim etdiyi çıxışı”.

Nərgiz Paşayeva həm də elmi kitablar və məqalələr müəllifi olduğunu önə çəkən səfir bunları onun ölkə qarşısında olan zəhmətinin akademik təsdiqi kimi qiymətləndirib: “Hörmətli Nərgiz xanım Paşayeva, Fransa hökuməti adından fransız mədəniyyətinə və fransız dilinə olan bu daimi dəstəyinizə, həmçinin, xüsusilə mədəniyyət və incəsənət sahəsində ölkəniz Azərbaycanla Fransa arasındakı əməkdaşlıqla bağlı səylərinizə görə Sizə səmimi qəlbdən təşəkkür edirəm”.

Sonra səfir bu günlərdə Fransanın insan haqları üzrə elçisi Fransua Zimerenin Bakıya gəlişini xatırladıb: “Onun üçün ən vacib məqamlardan biri Azərbaycandakı dini tolerantlıq oldu ki, bunu da çıxışlarında dəfələrlə vurğuladı. O, bütün dünyaya Azərbaycandakı tolerantlığı bəyan edəcəyini bildirdi”.

Çıxışını bitirən səfir Paskal Monye Fransa prezidenti adından professor Nərgiz Paşayevaya Akademik Palma Ordeninin zabit dərəcəsini təqdim edib.

Mərasimdə çıxış edən professor Nərgiz Paşayeva bu gün burada həyatının ən xoşbəxt anlarından birini yaşadığını vurğulayıb, belə bir yüksək mükafata – Fransa hökumətinin Akademik Palma Ordeninin zabit dərəcəsinə – bu ali şərəfə layiq görüldüyü üçün Fransa dövlətinə, Parisdə onun namizədliyinə səs verən xadimlərə, Fransanın Azərbaycandakı səfirliyinə böyük ehtiramını və minnətdarlığını bildirib: “Təməli 1808-ci ildə Napoleon tərəfindən qoyulmuş və təsis edilmiş bu orden hər bir insanın, eləcə də bütün cəmiyyətin gələcəyini daha aydın, daha işıqlı və avand edən elmin, təhsilin müqəddəs missiyasına verilən yüksək dəyərin və diqqətin təzahürüdür. Əgər mənim elmi-pedaqoji fəaliyyətim belə bir mötəbər təşkilatın sıralarında təmsil olunursa, bu fərəh, bu şərəf, bu sevinc mənə bir daha ruh verir, güc, inam, qol-qanad verir. Siz, cənab səfir, nəvaziş göstərib bizim universitetə gəlib bu sevincli və xoş xəbəri gətirdiyinizdə tək mənə deyil, bütün Universitetimizə, tələbələrimizə, müəllim heyətimizə müjdə gətirmiş oldunuz. Çünki biz bir ailəyik, Universitet ailəsiyik. Hamı yaxşı bilir ki, Universitetlər bütün dövrlərdə elmin, savadın, təhsilin carçısı olmaqla yanaşı, həm də əyilməz azad insan ruhunun, ədalətlilik ehtirasının, vətəndaşlıq temperamentinin və cəsarətinin, humanizmin və mənəvi gözəlliyin keşikçiləri olub. Mən isə bir vətəndaş kimi öz fəaliyyətimdə həmişə bir ideala bağlı olmuşam, bu da doğulduğum gündən qəlbimdə yaşayan Vətən sevgisidir. Ümumiyyətlə, müəllim, alim, pedaqoq peşəsi insandan həmişə əqidə saflığı, məsuliyyət tələb edir. Çünki sənin fəaliyyətin cəmiyyətə xidmət edir və onun ən fəal üzvlərinə – cavanlara ünvanlanıb. Bir milləti məğlub etmək üçün onunla müharibə etmək lazım deyil, bunun üçün onun ləyaqətli müəllimlərini əlindən almaq kifayətdir”. Rektor qeyd edib ki, qədim mədəniyyətə və tarixə malik olan Azərbaycan diyarı əsrlər boyu böyük mütəfəkkirlər, alimlər, sənətkarlar yetişdirib və bizim bugünkü uğurlarımızın təməlində onların həyat və yaradıcılıqlarının zəngin irsi durur.

Azərbaycan-Fransa əlaqələrinin dərin və qırılmaz köklərə malik olduğunu xatırladan N.Paşayeva deyib ki, 1918-ci ildə yaradılan və müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasını məhz Fransada, Paris Sülh konfransında 1919-cu ildə beynəlxalq aləm tanıyıb: “O dövrdə Əlimərdanbəy Topçubaşov başda olmaqla görkəmli ictimai və dövlət xadimləri Əhmədbəy Ağayev, Ceyhun Hacıbəyli, Əkbərağa Şeyxülislamov və başqaları böyük tarixi missiyanı yerinə yetirmək üçün Parisdə əzmlə çalışdılar. Onlar həyatlarını Vətəninin azadlığı və müstəqilliyi naminə qurban verməyə hazır olan əsl ziyalı, əsl dövlət xadimləri idilər. O dövrün müstəqil respublikasının ömrü az olsa da, tarixin tərəzi gözündəki daşıdığı yük yüzilliklərə bərabərdir”.

Azərbaycan-Fransa əlaqələrinin tarixinə ekskurs edən professor N.Paşayeva Aleksandr Dümanın bir zamanlar Azərbaycanda Xurşudbanu Natəvanla, 1944-cü ildə isə böyük Şarl de Qollun Bakıda birgünlük səfəri zamanı Üzeyir Hacıbəyovla görüşlərini xatırladıb: “Parisdə fransız yazıçısı kimi tanınan, ötən əsrin istedadlı Banini, azərbaycanlı Ümmülbanunu yada salaq, 1925-ci ildə görkəmli Ceyhun Hacıbəylinin təşəbbüsü ilə Fransada “Femina” teatrında “Arşın mal alan”ın fransız dilində premyerasını yada salaq, yenə də Ceyhun bəyin təşəbbüsü ilə Parisdə nəşr edilən “Qafqaz” jurnalını yada salaq. Yada salaq ki, XIX əsr Azərbaycan ədəbiyyatı tarixində “paqonlu maarifçilər” adı ilə məşhur olan böyül yazıçı-maarifçilər M.F.Axundov, Qasım bəy Zakir, Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı Avropa mədəniyyətindən, ən çox isə fransız ədəbiyyatı və dilindən bəhrələnmiş, yaradıcılıqlarında bunu əks etdirmişlər. Maraqlı faktdır ki, Azərbaycan ədəbiyyatı tarixində kiçik hekayə janrı ilk dəfə fransız dilində yazılıb. Bu İ.Qutqaşınlının 1835-ci ildə Varşavada nəşr edilmiş “Rəşid bəy və Səadət xanım” hekayəsidir”.

Sonra N.Paşayeva Fransa və Azərbaycan arasında əlaqələrin həm dərin tarixi köklərə, həm də qırılmaz insani tellərə bağlı olduğunu bildirib: “Məşhur fransız yazıçısı Sent Ekzüperinin gözəl kəlamı yada düşür: “Yeganə həqiqi zənginlik və zinət – insanlar arasında olan ünsiyyətdir”. Həyatımızdan və təcrübəmizdən bilirik ki, bu doğrudan da belədir. Ekzüperinin başqa bir kəlamını da burda səsləndirmək istərdim: “Hər sabah açılanda tək özünü deyil, yaşadığın planeti də səhmana sal”. Mənə elə gəlir ki, bu sözləri eşidən hər kəs özünü bir küçənin, bir şəhərin, bir ölkənin sakini olmaqla yanaşı, həm də bir evin – Yer kürəsinin sakini kimi duyur və hiss edir. Yer kürəsinin döyünən ürəyi isə mənim düşüncələrimdə və xəyallarımda həmişə Fransa olub. Gözəlliyi və cazibəsi, əhval-ruhiyyəsi ilə hər kəsi məftun və heyran edən və hər kəsi özünə əbədi vurğun edən bənzərsiz Fransa! Paris şəhəri isə yaradıcı insanların Vətəni, məskəni və ilham mənbəyi olub, olur və olacaq!”

“Mən özümü, dediyim kimi, artıq dərəcədə xoşbəxt sanıram ki, belə şərəfli ada layiq görülüb, hədsiz dərəcədə sevdiyim ölkənin yüksək diqqətini və etimadını qazanmış olmuşam. Sevinirəm ki, məni tam səmimiliyi ilə xeyirxahcasına sevənlər, qəlbən bağlı olanlar bu gün bura toplaşıb və mənə bununla dəstək və dayaq olublar. Sizlərin hər birinizin dəstəyinə və etibarına mənim ehtiyacım olub və olacaq” deyə fikrinə davam edən N.Paşayeva hər bir insanın qazandığı uğurda özü ilə yanaşı başqa adamların da payı olduğunu vurğulayıb: “Tək əldən səs çıxmaz” deyərlər. Kimliyindən asılı olmayaraq insanın uğurlarında tək onun özünün deyil, çoxlarının payı olmuş olur. Azərbaycanda gözəl məsəl var – “ağac bar verdikcə, başını aşağı salır”. Bizim də başımızı ucaldan tək özümüzün əldə etdiklərimiz deyil, yetişdirdiyimiz barlar, yəni digərlərinin inkişafı üçün yaratdığımız şərait, xoş əməllər, tərbiyə etdiyimiz nəsillər olacaq”.

Çıxışının sonunda N.Paşayeva bir daha tədbir iştirakçılarına minnətdarlığını bildirib: “Bir daha bura toplaşan səfirlərə, görkəmli xadimlərə, həmkarlarıma, tələbələrə, doğmalarıma və bu tədbiri belə nəvaziş, diqqət və istiqanlılıqla təşkil edən Fransanın Azərbaycandakı səfirliyinin bütün əməkdaşlarına, xüsusi olaraq Sizə, cənab səfir, göstərdiyiniz səmimiyyətə, lütfkarlığa və qonaqpərvərliyə görə böyük təşəkkürümü bildirirəm”.

 





26.05.2013    çap et  çap et