525.Az

Umud Rəhimoğlu: “25 il az deyil, əsrin dörddə biridir” - Fotolar


 

BEYNƏLXALQ AVRASİYA MƏTBUAT FONDU 25 İLLİK YUBİLEYİNİ QEYD EDİR

Umud Rəhimoğlu: “25 il az deyil, əsrin dörddə biridir” - <b style="color:red">Fotolar</b>

Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyətinin 25 ili tamam olub.
 
1992-ci ildə dövlət qeydiyyatından keçən fond dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları ilə sıx əməkdaşlıq əlaqələri qurub.
 
Fond Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Qarabağ müharibəsinin vurduğu maddi və mənəvi ziyanların aradan qaldırılması, qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli, habelə müstəqil medianın inkişafı istiqamətlərində çox böyük və səmərəli işlər görüb.

Bundan başqa, nüfuzlu qurum Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması və inkişafı, dövlətçiliyin möhkəmləndirilməsi, innovativ ideyaların həyata keçirilməsi, dövlət-vətəndaş cəmiyyəti münasibətlərinin stimullaşdırılması sahəsində prinsipial fəaliyyət aparır.

Fond BMT qurumları, ABŞ Dövlət Departamenti, Avropa Komissiyası, Dünya Bankı, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası, bir sıra xarici ölkələrin Azərbaycandakı səfirlikləri, dövlət qurumları, eləcə də yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə intensiv əməkdaşlıq edir.
 
BMT-nin İqtisadi Sosial Şurasının QHT bölməsinin əsas məşvərətçi statuslu üzvü olan fond, həmçinin, Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının, ABŞ Dövlət Departamentinin İctimai-Özəl Tərəfdaşlıq Proqramının, Beynəlxalq Mətbuat İnstitutunun, Beynəlxalq Sülh Bürosunun və digər nüfuzlu beynəlxalq qurumların və şəbəkələrin üzvüdür.

Beynəlxalq Avrasiya Mətbuat Fondu eyni zamanda, Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun yaradıcılarındandır.
 
Humanitar yardım üzrə Respublika Komissiyası ilə sıx əməkdaşlıq edən qurumlardan biridir. Fondun bu illər ərzində böyük uğurlar qazanmasında təşkilatın rəhbəri və qurucusu Umud Rəhimoğlunun mühüm xidmətləri var.
 
Müstəqillik dövründən başlayaraq ölkədə peşəkar media, vətəndaş cəmiyyəti institutlarının formalaşması və inkişafında müstəsna rolu olan U.Rəhimoğlu “525-ci qəzet”ə müsahibə verib.

- Umud müəllim, rəhbərlik etdiyiniz təşkilat 25 il ərzində nə kimi uğurlara imza atıb?

- Beynəlxalq Avrasiya Mətbuat Fondu bu illər ərzində çox böyük layihələrə imza atıb. Əslinə qalanda illik hesabatlarımızda fondun fəaliyyətinin cəmi 10-15 faizi yer alır. Çünki həyata keçirdiyimiz çoxsaylı layihə və tədbirləri ardıcıllıqla qeyd etmək, sıralamaq, illik hesabata sıxışdırmaq olduqca müşkül məsələdir. Beynəlxalq Avrasiya Mətbuat Fondu özünün beynəlxalq təcrübəsinə, ciddi və nüfuzlu tərəfdaşlarına, səriştəli kadr potensialına, maddi-texniki bazasına görə regionda tanınmış qeyri-hökumət təşkilatlarından birinə çevrilib.

Təşkilatımızın Rusiyada, Baltikyanı respublikalarda şöbələri, dünyanın bir sıra ölkələrində təmsilçiləri var. Həmçinin, fondun Tərtər, Füzuli və Ağstafa rayonlarında regional ofisləri fəaliyyət göstərir. Bu ofislər vasitəsilə təşkilat regiondakı məqsəd və vəzifələrini koordinasiya edir. BAMF, 2014-cü ildən BMT-nin İqtisadi-Sosial Şurasının ən yüksək - Əsas Məşvərətçi Statuslu üzvlüyünü qazanmış, dünya üzrə 146 qeyri-hökumət təşkilatından biridir. Bu üzvlük Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyət dairəsinin genişlənməsi ilə yanaşı, həm də təşkilatımıza mühüm səlahiyyətlər qazandırıb. Fond BMT Baş Assambleyası tərəfindən çağırılan beynəlxalq konfrans və digər xüsusi iclasların iştirakçısı olmaq, komitə tərəfindən verilmiş zəmanət əsasında şifahi, həmçinin, qısa yazılı bəyanatlar vermək, BMT-nin İqtisadi Sosial Şurası və onun digər orqanlarının iclaslarında iştirak üçün nümayəndələr təyin etmək, QHT-lərin maraqlı olduğu məsələlərlə bağlı katiblikdəki məmurlarla məsləhətləşmələr aparmaq səlahiyyətlərinə malikdir. Beynəlxalq Mətbuat İnstitutunun üzvü kimi bu nüfuzlu qurumun hər il keçirdiyi Dünya Konqreslərində və Baş Assambleyalarında iştirak edir, təkliflər irəli sürür, Azərbaycanda müstəqil medianın inkişafı ilə bağlı məsələlər qaldırırıq. BAMF, Beynəlxalq Sülh Bürosunun Ali Şurasının üzvüdür və bu qurumun 18 qərbi Asiya ölkəsində təmsilçisidir.

Qeyd edim ki, baş idarəsi Berlində yerləşən bu qurumun 125 ildən çox tarixi var. Qurumun rəhbərlərindən 14 nəfəri və eləcə də təşkilatın özü Nobel Sülh Mükafatına layiq görülüb. Rəhbərlik etdiyim qurum sülhün və dayanıqlı inkişafın təmin edilməsində BMT agentlikləri ilə, xüsusən UNDP, UNİCEF, Beynəlxalq Miqrasiya Təşkilatı, UNHCR ilə əməkdaşlıq edir, dayanıqlı inkişaf prioritetlərinin yerinə yetirilməsi üçün aparılan milli müzakirələrdə yaxından iştirak edir. Yəni, media vətəndaş cəmiyyətinin inkişafı sahəsində gördüyü işlərlə yanaşı, təşkilatımız dayanıqlı inkişafın təmin edilməsi, sosial məsuliyyət kimi prinsiplərə də sadiqdir. Bu il Nobel Sülh Mükafatı laureatı, BMT-nin sülh çağrışçısı, keçən il ölkəmizə səfərini reallaşdırdığımız və prezident tərəfindən rəsmi qəbul edilən Məhəmməd Yunusun təşəbbüsü ilə hər il Dəkkə şəhərində keçirilən dünyanın 50-dən çox ölkəsindən 2000 nəfərdən yuxarı vətəndaş cəmiyyəti nümayəndəsini, sahibkarı, akademik şəxsləri bir araya toplayan “Dünya Sosial Biznes Günü” törəninin post Sovet, yaxın şərq və Afrika üzrə koordinatorluğu məhz bizə həvalə olundu. Tədbirdə Əmək və Sosial Müdafiə Nazirinin müavini çox hörmətli Mətin Kərimli ilə Azərbaycanı ən yüksək səviyyədə təmsil etmiş olduq. Bildiklərimizi paylaşdıq, yeni təcrübələr qazandıq, ölkəmizi təqdim etdik. Ümumiyyətlə, qeyd etdiklərim beynəlxalq cameədə təşkilatımıza olan bir etimadın nümunəsidir.

- Fond ölkədə media və vətəndaş cəmiyyətinin inkişafıyla bağlı hansı işləri görüb?

- Bizim əsas fəaliyyət istiqamətlərimizdən biri olan media və vətəndaş cəmiyyətinin inkişafı sahəsində indiyədək xeyli uğurlu işlər görmüşük. Vətəndaş cəmiyyətinin formalaşmasında və hüquqi dövlət quruculuğunda mətbuatın rolunu xüsusi qiymətləndirən fondumuz bu sahəni daim diqqət mərkəzində saxlayır. Kütləvi informasiya vasitələrinin ətrafda cərəyan edən hadisələrə ədalətli və tərəfsiz münasibətinə nail olmaq, Dağlıq Qarabağ probleminin həllində media mənsublarının bir araya gəlməsini və beynəlxalq jurnalistikanın dəstəyini təmin etmək təşkilatın əsas vəzifələrindən biridir.

Təkcə bir faktı deyim ki, bu il 50-yə yaxın xarici jurnalistin, elə bir o qədər də beynəlxalq nümayəndənin müharibədən zərərçəkmiş ərazilərə səfərlərini təşkil etmişik, ölkəmizlə bağlı ən zəruri məlumatların dünya mediasına çatdırılmasında, yayılmasında xeyli işlərimiz olub. Aprel döyüşlərini əks etdirən videomateriallarımız bir sıra xarici media orqanlarında nümayiş olunub. Son vaxtlar isə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi cənab Qulam İsaqzai və BMT Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Furio de Angelisin, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin əməliyyatlar üzrə rəhbəri Yeroen Villemsin münaqişə bölgələrinə, infrastrukturu dağılmış bölgələrə səfərlərini təşkil etdik, onları ermənilərin Dağlıq Qarabağda yerləşdirilməsi münasibəti ilə 1978-ci ildə ucaldılan abidə ilə, düşmən torpağa, suya, havaya belə vurduğu mənfi təsiri onlara əyani nümayiş etdirdik.
 
Heç zaman unutmaram, Amerika səfirinin belə bir səfəri zamanı onun uşaqlarla görüşünü təşkil etmişdik. Yerdən bir qız uşağı qalxıb birbaşa soruşdu: “Cənab səfir, biz nə vaxt geri dönürük? Nə vaxt bitir bu qanlı-qadalı illərimiz?” Uşaqdakı belə bir emosiya və təkid dolu baxışlar hamını sanki sual işarəsinə çevirmişdi. Tədbirlərimiz bu illər ərzində çox olub. Beynəlxalq Mətbuat İnstitutu ilə “Neft, Qaz və Media”, ADA universiteti ilə birgə “Media və tolerantlıq” , Dini qurumlar üzrə dövlət komitəsi ilə “Dinlərarası münasibətlərdə medianın rolu”, “Münaqişələrin aradan qaldırılmasında medianın rolu” , “Media və vətəndaş cəmiyyəti harmoniyası”, Avropa Birliyi ölkələrinin nümayəndələri ilə birgə Bakıda təşkil olunan “Frankofoniya” kimi nüfuzlu tədbirlərin təşkilatçısı və moderatorlarından olmuşuq. İlin sonuna kimi isə Əl Cəzirə Media Şəbəkəsi, Azərbaycan Mətbuat Şurası ilə birgə “Jurnalizm və Sülh” mövzusunda beynəlxalq tədbirə hazırlaşırıq.

- İnformasiya müharibəsində Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında fondun xüsusi fəaliyyət istiqaməti nədən ibarətdir?

- Biz Qarabağ problemini, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq müharibəsinin dəhşətlərini, qaçqın və məcburi köçkünlərin üzləşdikləri məşəqqətləri əks etdirən xeyli kitablar çap etmiş, sənədli filmlərin, videomaterialların hazırlanmasında yaxından iştirak etmişik. Azərbaycan haqqında obyektiv informasiyaların toplanıb dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə rəhbərlik etdiyim qurum 10 ildən artıq müddət ərzində dünyanın ayrı-ayrı ölkələrindən jurnalistlərin, ziyalıların, xalq diplomatlarının münaqişə bölgələrinə ardıcıl səfərini təşkil edib. Bu ilin mart ayında BMT-nin Cenevrə ofisində “Müharibə və uşaqlar” mövzusunda paralel sessiya keçirdik. 60-dan yuxarı beynəlxalq nümayəndənin iştirak etdiyi bu tədbirdə Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın üzləşdiyi ağrı-acılar dünyaya çatdırıldı.

Təkcə Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı müxtəlif dillərdə 5 rəsmi bəyanatımız dərc olunub. ADA Universiteti ilə xarici müəllim və tələbələrin müharibədən zərərçəkmiş regionlarımıza səfərini təşkil etdik və bundan sonra müharibənin əsl üzünü göstərən xeyli sayda məqalələr işıq üzü gördü, sosial şəbəkədə müzakirə predmetinə çevrildi. Bu ilin avqustunda Özbəkistandakı Heydər Əliyev Mərkəzi və bu ölkədəki səfirliyimizin dəstəyi ilə Özbəkistanın 10 ən tanınmış yazarının münaqişə bölgəsinə, Füzulinin Aşağı Əbdürrəhmanlı, Cəbrayılın Cocuq Mərcanlı, Tərtərin Həsənqaya və Şıxarx kəndlərinə səfərlərini təşkil etdik. Təsəvvür edin, bu səfərdən sonra Özbəkistan mediasında Qarabağ münaqişəsi və ölkəmizlə bağlı 30-dan yuxarı material dərc olundu. Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Şurasının köməyi ilə macar jurnalistlərlə birgə hazırladığımız və Qarabağ həqiqətlərini əks etdirən “Atəşkəs” sənədli filmi Pribaltika və şərqi Avropa ölkələrində yayıldı. Bundan başqa, biz “Eurasiadiary” portalı vasitəsilə dünyanın 5 dilli auditoriyasına mütəmadi olaraq məlumatlar çatdırır, informasiya müharibəsində düşmən cəbhəsi ilə ciddi mübarizə aparırıq.

- Beynəlxalq müstəvidə hansı layihələri həyata keçirmisiz?

- Təşkilatımız böhranın idarə olunması, sülhməramlı aksiyalar, konfliktologiya və insan haqlarının müdafiəsi sahəsində səmərəli iş aparır. Fəaliyyətə başladığımız ilk dövrlərdən regionda milli və hərbi zəmində baş verən münaqişələrin öyrənilməsi və aradan qaldırılması yollarının araşdırılması fondun əsas vəzifələrindən biri olub. Fond fəaliyyətinin bu istiqaməti ilə bağlı indiyədək xeyli layihələr həyata keçirib. “Evdə sülh, ölkədə sülh, cahanda sülh”, “Beynəlxalq Mina Təhlükəsi ilə mübarizə proqramı”, “NATO və regional təhlükəsizlik”, “Yaşıl iqtisadiyyat və davamlı inkişaf”, şərqi Avropa ölkələrində və Macarıstanda “Müharibə fotolarda”, “Atəşkəs” sənədli filmi, Rusiyada “Novruz və milli mənəvi dəyərlərimiz”, BMTnin Nyu- York ofisində “Yüksək səviyyəli forum və maraqlı donor təşkilatlarla görüş”, “Davamlı inkluziv inkişaf” və digər layihələr həyata keçirib, onlarla beynəlxalq konfransların, seminarların, dəyirmi masaların iştirakçısı və təşkilatçısı olub.

- Münaqişədən əziyyət çəkən vətəndaşlarımızın problemlərinin həlli, sosial vəziyyətinin yaxşılaşdırılmasıyla bağlı rəhbərlik etdiyiniz təşkilat nə kimi işlər görüb?

- Azərbaycanda qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli, miqrasiya məsələlərinin öyrənilməsi sahəsində də Beynəlxalq Avrasiya Mətbuat Fondu uğurlu işlər görür, layihələr həyata keçirir. Fəaliyyətə başladığımız ilk dövrlərdən qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli məsələsini prioritet vəzifələrdən biri hesab etmişik. Bu istiqamətdə daim hökumət qurumları ilə xüsusən, “Qaçqın və məcburi köçkünlərin işi üzrə dövlət komitəsi” ilə sıx əməkdaşlıq etmişik. Rəhbərlik etdiyim təşkilat icma problemlərinin həllini, ev-eşiklərindən didərgin düşmüş vətəndaşlarımız arasında sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi məqsədilə layihələr həyata keçirilməsini ön plana salıb.

Bir sıra beynəlxalq qurumlarla birgə həyata keçirdiyimiz layihələrin icrasını məhz bu kateqoriyadan olan insanlarla yerinə yetirmişik. Bir məsələni də qeyd edim, bu gün BAMF-ın tərkibində çalışan mütəxəssislərin, peşəkarların böyük əksəriyyətini müharibədən zərərçəkmiş insanlar təşkil edir. Mən özüm də müharibənin qurbanıyam. Müharibə bütün elimizi, obamızı, yaşadığımız xatirələri əlimizdən aldı. Buna baxmayaraq, usanmırıq və bir gün öz doğma yurd yuvamıza dönəcəyimizə inanırıq və bunun üçün də hazırlaşırıq. Elə bu səbəbdən də təşkilatımızın sosial-humanitar yönümlü proqramları məhz müharibədən zərəçəkmiş ərazilərə hədəflənib. BAMF-ın bu regionda qurduğu “Tərtər Peşə-Təhsil Mərkəzi” 500 nəfərdən çox insanın peşə vərdişlərinin inkişaf etdirilməsi, nəzəri və praktik biliklərinin artırılması istiqamətində əvəzsiz işlər görüb. Təşkilatımız qaçqınlar, məcburi köçkünlər və aztəminatlı ailələr, müharibədən zərərçəkənlər üçün peşə təlimi həyata keçirmək, daha sonra onların mikrokreditlərə çıxışını təmin etməklə regionda bu təbəqədən olan insanlar arasında işsizliyin səviyyəsinin aşağı salınmasına imkan yaradıb.

- Beynəlxalq Avrasiya Mətbuat Fondu 25 illik yubileyini necə qeyd edib?

- Adətən, əlamətdar günləri qeyd etmək üçün təqribən bir il öncədən hazırlıqlara başlanılır, xüsusi mərasim təşkil olunur. Lakin biz bunları etməmişik. Ona görə yox ki, bu əlamətdar gün yadımızdan çıxıb. Əksinə, Beynəlxalq Avrasiya Mətbuat Fondu olaraq fəaliyyətimizin hər ötən ilinə bərabər səviyyədə, eyni məsuliyyətlə yanaşmışıq. 25 il az vaxt deyil, əsrin dörddə biridir. Hətta dostlarımız da irad bildiriblər ki, mütləq bir tədbir keçirmək lazımdır. Hər halda biz 25 illik yubileyimizi “Əl-Cəzirə” televiziyasının İctimai azadlıqlar və insan haqları departamentinin direktoru ilə birgə Azərbaycanın regionlarında, o cümlədən, cəbhə bölgəsində, Tərtərdə dağıdılmış, viran qoyulmuş yurdlarımızda keçirdik. Bu mənim üçün daha vacib və əlamətdardır. 25 il bizimçün dopdolu keçib.

Ötən dövrə baxdıqda fəaliyyətimizdə boşluq saxlamadığımızı görürəm. Bəlli hədəflərimiz, görəcəyimiz konkret işlər olub. Qarşımızdakı bütün tapşıqları layiqli şəkildə yerinə yetirə bilmişik. Yadımızdan çıxardığımız, səlahiyyət dairəmizdə olub bacarmadığımız, həll edə bilmədiyimiz məsələ yoxdur. Ona görə də, düşünürəm ki, 25 illik fəaliyyətimizə nəzər saldıqda bizim Azərbaycan cəmiyyətinə üzüağ çıxmağımız üçün əlimizdə kifayət qədər əsasımız var. Mən təşkilat rəhbəri olmaqla yanaşı, yurdu yağmalanmış, viran qoyulmuş adamam. Ona görə, bizim nədənsə giley etməyə haqqımız yoxdur. Dövlətimizin önündə, arxasında, sağında və solunda düşmənlər var. Torpaqlarımızın 20 faizi işğal altındadır. Bir milyondan çox qaçqın və məcburi köçkünümüz var. Bu gün görməli olduğumuz çox işlər var. Müstəqil Azərbaycan dövlətinin vətəndaşları olaraq, əlbəttə, mövcud olan problemlərimizin həlli istiqamətində ciddi səylə mübarizə aparmalıyıq. Bunların böyük əksəriyyəti zamana bağlı məsələlərdir. Heç şübhəsiz, ən böyük problemimiz torpaqlarımızın işğal altında olması, erməni vəhşiliyinin davam etməsidir. Bu istiqamətdə biz həm təşkilat olaraq, həm də vətəndaş mövqeyimizdən irəli gələrək üzərimizə düşən vəzifələri yerinə yetirməyə hər zaman hazırıq.

Ceyhun ABASOV

 





09.09.2017    çap et  çap et