525.Az

Riyaziyyat və Mexanika İnstitutu hesabat verdi


 

MİSİR MƏRDANOV: “SON İLLƏRDƏ İNSTİTUTUN ŞÖBƏLƏRİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN ELMİ İŞÇİLƏRİN GƏRGİN İŞİ NƏTİCƏSİNDƏ BİR ÇOX UĞURLAR ƏLDƏ OLUNUB”

Riyaziyyat və Mexanika İnstitutu hesabat verdi<b style="color:red"></b>

Riyaziyyat və Mexanika İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ən qədim elmi-tədqiqat müəssisələrindən biridir. Hal-hazırda İnstitutda 222 nəfər işçi çalışır. Onlardan 39 nəfər riyaziyyat üzrə elmlər doktoru, 68 nəfər riyaziyyat üzrə fəlsəfə doktorudur.

İnstitutda ümumilikdə 22 şöbə fəaliyyət göstərir. Onlardan 14 şöbə elmi fəaliyyətlə məşğuldur. Bunlar Funksional analiz, Funksiyalar nəzəriyyəsi, Diferensial tənliklər, Riyazi analiz, Riyazi fizika tənlikləri, Cəbr və riyazi məntiq, Optimal idarəetmə, Qeyri-harmonik analiz, Hesablama riyaziyyatı və informatika, Tətbiqi riyaziyyat, Elastiklik və plastiklik nəzəriyyəsi, Dalğa dinamikası, Sürüncəklik nəzəriyyəsi, Maye və qaz mexanikası şöbələridir. Son illərdə AMEA-da aparılan əsaslı elmi və təşkilatı islahatlar nəticəsində 3 köməkçi şöbə yaradılıb. Bunlar Beynəlxalq əlaqələr, Təhsil və İctimayətlə əlaqələr şöbəsidir.

İnstitutda həyata keçirilən islahatlar, əhəmiyyətli tədbirlər, nəticəsində əsaslı nailiyyətlər əldə olunub. Hazırda da bu istiqamətdə işlər davam etdirilir.

İNSTİTUTDA ELMİ-TƏDQİQAT İŞLƏRİ RİYAZİYYAT VƏ MEXANİKA SAHƏLƏRİ ÜZRƏ APARILIB 

Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov deyir ki, 2017 ilin birinci yarımillik müddətində İnstitutda elmi-tədqiqat işləri riyaziyyat və mexanika sahələri üzrə aparılıb. İnstitut alimlərinin tədqiqatları AMEA-nın Rəyasət Heyəti tərəfindən təsdiq edilən tədqiqatlarının prioritet istiqamətlər proqramına uyğun olaraq həyata keçirilib: “İnstitut alimləri göstərilən istiqamətlər üzrə bir neçə ciddi elmi nəticələr alıb, müxtəlif beynəlxalq və respublika səviyyəli elmi konfrans, simpozium, seminarlarda məruzələr edib, alınmış elmi nəticələr yüksək İmpakt faktorlu jurnallarda çap olunub və tanınmış mütəxəsisslər tərəfindən yüksək qiymətləndirilib. 2017-cı ilin iyun ayında İnstitutun Elmi Şurasının iclaslarında 18 mövzunun hər biri üzrə şöbələrin hesabatları dinlənilib. Mühüm elmi nəticələr Akdemiyanın rəhbərliyinə təqdim olunub.   

İNSTİTUTUN “GƏNC RİYAZİYYATÇILAR” MƏKTƏBİ 

Misir Mərdanovun dediyinə görə, riyaziyyatın inkişafı və müasir dünyada geniş tətbiqi, istər müasir texnologiyalar sahəsində, istər iqtisadiyyatda və istərsə də cəmiyyətin digər fəaliyyət sahələrində yüksək ixtisaslı dərin riyazi biliyə malik kadrların yetişdirilməsini tələb edir. Azərbaycanda riyaziyyat sahəsində gələcək elmi-pedaqoji və digər kadrların hazırlanması baxımından gənc nəsil arasında riyaziyyat elminin təbliğinin böyük əhəmiyyəti var.

Orta məktəb şagirdlərinin riyaziyyata marağının artırılması, istedadlı uşaqların vaxtında aşkar olunub seçilməsi və onların riyazi biliklərə daha dərindən yiyələnməsi məqsədilə təşkil olunan elmi-populyar seminar, mühazirələr dünyanın bir çox elmi mərkəzlərinin praktikasında geniş yayılıb: “Riyaziyyatın yaradıcılıq və tətbiq imkanlarını müasir şagirdlərə aşılamaq üçün onun populyarlaşdırılmasının xüsusi əhəmiyyəti var. Populyar mühazirələr, dərgilər və kiçik həcmli kitabçalar uşaqların riyaziyyata marağını artırır və onun praktik əhəmiyyətini dərk etməyə kömək edir. Bunu əsas tutaraq, AMEA-nın Riyaziyyat və

Mexanika İnstitutu nəzdində “Gənc riyaziyyatçılar məktəbi” yaradılıb. Məktəb artıq xüsusi fəaliyyət proqramı ilə işə başlayıb. İndiyə qədər keçirilən 14 məşğələnin 11-i mühazirə, 3 isə seminar formasında təşkil olunub. Bu tədbirlərdə şagirdlərin fəal iştirakı hər kəsin diqqətini cəlb edib. Qeyd edim ki, seminarlardan birini Bakı-Dəyanət liseyinin şagirdi aparıb. Bakı şəhər məktəblərinin xüsusi riyazi qabiliyyəti olan şagirdləri və müəllimləri mühazirələrdə iştirak edirlər. Layihə çərçivəsində şagirdlər arasında riyaziyyatın geniş təbliğini və populyarlaşdırılmasını təşkil etmək, gələcəkdə elmi yaradıcılığa meyilli şagirdlərin seçilməsi və onlara riyazi biliklərə yiyələnməkdə yardım etmək, istedadlı uşaqların seçilməsi və müəyyən elm və təhsil fondlarının onların təhsilinə yardımını təşkil etmək əsas hədəflərdəndir. Məlumat üçün bildirim ki,  İnstitutun elmi əməkdaşları tərəfindən aparılan mühazirələr Youtuba yerləşdirilir”.

İNSTİTUTUN VEB SƏHİFƏSİNƏ 282.000 BAXIŞ 

İnstitutunun direktoru vurğulayıb ki, Riyaziyyat və Mexanika İnstitutunun İnternet səhifəsi www.imm.az adı altında bütün məlumatları 3 dildə (Azərbaycan, ingilis və rus dillərində) təqdim edir. 2017-ci ilin birinci yarımilliyində www.imm.az saytına baxış sayı 282.000-ə yaxındır: “Sevindirici haldır ki, www.imm.az saytına baxanların sayında artım müşahidə olunur. Veb səhifənin ana menyusu 21 bölmədən və 10 alt kateqoriyadan ibarətdir. Elmi Şuranın iclasları, ümuminstitut seminarı, görüşlər, dissertasiyaların avtoreferatları, əməkdaşların elmi əsərləri haqqında məlumatlar müntəzəm olaraq veb-saytın “Xəbərlər” bölməsində yerləşdirilib. Konfranslar bölməsinə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutu və Sumqayıt Dövlət Universiteti ilə birgə Sumqayıt Dövlət Universitetinin 55 illiyinə həsr olunmuş “Riyaziyyatın nəzəri və tətbiqi problemləri” adlı Beynəlxalq elmi konfrans haqqında elan, açılışı, gedişatı və bağlanışı haqqında geniş məlumat verilib. Səhifədə həmçinin İnstitutun, şöbələrin illlik, yarım illik hesabatları yerləşdirilib. Saytda dissertasiya şurası bölməsi 7 alt bölməni özündə birləşdirir. Bu bölmədə dissertasiyalara dair tələblər, təqdim edilən sənədlərin siyahısı, tövsiyə edilən elmi nəşrlər haqqında ətraflı məlumat əldə etmək olar. Müdafiədən öncə iddiaçıların avtoreferatları “dissertasiyaların avtoreferatları” bölməsinə yerləşdirilir. Bu da maraqlanan hər kəs üçün avtoreferatların əlçatan olmasını təmin edir. “Nəşrlər” bölməsində institut alimlərinin il ərzində çap etdirdikləri məqalə, kitab, konfrans materialları yer alıb. Saytda müxtəlif kombinasiyalara uyğun axtarış sistemi mövcuddur. Bu axtarış sistemi ilə qısa bir zaman kəsiyində lazım olan məlumatı çevik tapmaq mümkündür”.

YARIM İL ƏRZİNDƏ İNSTİTUT ƏMƏKDAŞLARININ İMPAKT FAKTORLU JURNALLARDA 26 MƏQALƏSİ ÇAP OLUNUB 

Misir Mərdanovun sözlərinə əsasən, hesabat müddətində Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşlarının 168 elmi işi, onlardan 105 məqalə, o cümlədən, xaricdə 58, impakt faktorlu olan jurnallarda 26 məqaləsi və 62 tezisi (onlardan 29-u xaricdə) və 1 dərs vəsaiti (xaricdə) çap olunub: “Elmi-tədqiqat institutlarında çalışan alimlərin əsas nəticələri onların hazırladıqları gənc alimlər, monoqrafiyalar, dərsliklər, dərs vəsaitləri və çap etdirdikləri elmi məqalələrdir. Hazırda dünyanın müxtəlif agentlikləri bu və ya digər elm sahəsində institutların, jurnalların, alimlərin nəticələrini qiymətləndirməklə məşğuldur. Bu agentliklər arasında ən nüfuzlusu Thomson Reuters agentliyidir. Yeri gəlmişkən onu da qeyd edim ki, hələ 1976-1983-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Xəbərləri jurnalının fizika-riyaziyyat və texnika seriyası həmin agentliyin qiymətləndirdiyi jurnallar siyahısına düşmüşdü. Bu agentlik hazırda hər il 10 mindən çox jurnalı qiymətləndirir. Son üç ildə yay tətili qabağı, institutun daxili imkanları hesabına Thomson Reutersin siyahısına daxil olan impakt faktorlu jurnallarda çap olunmuş hər bir məqaləyə mükafat veririk. 2014 və 2015-ci illərin hər birində institut əməkdaşlarının 34 elmi işi belə mükafata layiq görülüb. İnstitutda aparılan ardıcıl və məqsədyönlü işlərin nəticəsində həmin göstəricilər 2016-cı il və 2017-ci ilin birinci yarısında xeyli artıb”.

İNSTİTUT AZƏRBAYCAN VƏ ÖLKƏ XARİCİNDƏ KEÇİRİLƏN ELMİ KONFRANSLARDA TƏMSİL OLUNUB 

Misir Mərdanov qeyd edib ki, Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları elmi işləri ilə yanaşı, ölkəmizin müxtəlif təhsil müəssisələrində - Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyası, Sumqayıt Dövlət Universiteti mühazirələr oxuyub, ixtisas kursları aparıb, bakalavr və magistr dissertasiya işlərinə elmi rəhbərlik ediblər: “Bu ilin may ayında AMEA Riyaziyyat və Mexanika İnstitutu və Sumqayıt Dövlət Universiteti ilə birgə Sumqayıt Dövlət Universitetinin 55 illiyinə həsr olunmuş “Riyaziyyatın nəzəri və tətbiqi problemləri” adlı Beynəlxalq elmi konfrans keçirilib. Konfransda dünyanın müxtəlif ölkələrinin - Rusiya, Ukrayna, Türkiyə, Gürcüstanın tanınmış alimləri iştirak ediblər. Konfransda 5 plenar məruzə dinlənilib. İnstitut əməkdaşları ölkə və xaricdə keçirilən digər elmi tədbirlərlərdə də fəal iştirak ediblər. Məlumat üçün bildirim ki, alimlərimiz xarici ölkələrin bir sıra nüfuzlu elmi jurnallarının redaksiya heyətinin üzvü və rəsmi rəyçisi olmuşlar. Həmçinin, 2017-ci ildə Riyaziyyat və Mexanika İnstitutu ilə M.V.Lomonosov adına Şimal (Arktik) Federal Universiteti və Voloqda Dövlət Universiteti arasında birgə əməkdaşlıq haqqında elmi müqavilə bağlanıb. Eləcə də bir çox xarici ölkələrin aparıcı elmi mərkəzləri ilə qarşılıqlı elmi əlaqələr davam etdirilib”. 

28 TƏLƏBƏ RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTUNDA TƏCRÜBƏ KEÇİB 

Direktor qeyd edib ki, Akademiya prezidentinin müvafiq sərəncamına əsasən, Ali təhsil müəssisələrində yaradılan SABAH qruplarında təhsil alan tələbələrin Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisələrində təcrübəkeçmə planına uyğun olaraq, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetindən 28 tələbə Riyaziyyat və Mexanika İnstitutuna göndərilib. Tələbələrə Elmi Şurada təsdiq edilən proqramlar üzrə təcrübə dərsləri keçilib: “Düşünürəm ki, bu müsbət təcrübəni gələcəkdə də davam etdirmək lazımdır”.

İNSTİTUTUN MAGİSTRATURASINA ÖTƏN İL 4, BU İL İSƏ 8 NƏFƏR QƏBUL OLUB 

İnstitut direktorunun sözlərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarına əsasən, Riyaziyyat və Mexanika İnstitutunun magistraturasına ötən il 4 nəfər, bu il isə 8 nəfər qəbul olunub. Magistraturada plan üzrə Riyaziyyatın müasir problemləri, Riyaziyyatın tarixi və metodologiyası, Qeyri-xətti analiz, Xətti cəbr və strukturlar, Harmonik analiz, xüsusi törəməli diferensial tənliklər üçün Koşi sərhəd məsələsi, Optimal idarəetmə nəzəriyyəsində maksimum prinsipi və optimallıq şərtləri fənlərindən “Fənn Proqramları” tərtib edilib və İnstitutun Elmi Şurasında təsdiq olunub. 

4 ELMİ JURNAL ÇAP EDİLİB 

Misir Mərdanov vurğulayıb ki, bu ilin 6 ayı ərzində Riyaziyyat və Mexanika İnstitutunda 4 elmi jurnal çap olunub: “Məlumat üçün bildirim ki, tarixən bu institutda iki elmi jurnal buraxılıb. Bunlardan birincisi, 1946-cı ildən nəşr olunan “Riyaziyyat və Mexanika İnstitutunun əsərləri”, onun ilk baş redaktoru akademik Zahid Xəlilov, ikincisi, 1992-ci ildən nəşr olunan “Azərbaycan Milli Elmlər Akademiyasının xəbərləri (riyaziyyat buraxılışı)” jurnalı, onun ilk baş redaktoru akademik Fəraməz Maqsudov olub. 2011-ci ildən institutda “Azərbaycan Riyaziyyat Cəmiyyətinin” jurnalı nəşr olunmağa başlayıb. Mən instituta direktor təyin olunana qədər hər üç jurnalın baş redaktoru akademik Akif Hacıyev idi. Son üç ildə yuxarıda adları çəkilən jurnallardan birincisinə mən, ikincisinə institutun elmi işlər üzrə direktor müavini, Akademiyanın müxbir üzvü, professor Vaqif Quliyev, üçüncü jurnala isə AMEA-nın müxbir üzvü, professor Bilal Bilalov rəhbərlik edir.
 
Jurnalların baş redaktorlarının dəyişməsi ilə iş bitmədi. Biz birinci iki jurnalın redaksiya heyətinin tərkibində ciddi dəyişikliklər edib, həmin heyətə Azərbaycanın və dünyanın tanınmış riyaziyyatçı alimlərini, əlbəttə onların razılığı ilə daxil etdik. Müəyyən araşdırmalar apardıqdan sonra məlum oldu ki, ilk növbədə jurnalların müasir tələbləri ödəyən “Veb saytı” olmalıdır. İnstitutda çalışan, İKT sahəsində biliyi və bacarığı olan gəncləri dəvət etdim, onların köməyi ilə həm “Riyaziyyat və Mexanika institutunun əsərləri”, həm də “Azərbaycan Milli Elmlər Akademiyasının xəbərləri (riyaziyyat buraxılışı)” jurnallarının müasir tələblərə cavab verən “Veb saytını” yaratdıq. Birinci jurnalın məsul katibi vəzifəsinə ingilis dilini yaxşı bilən və gənc elmlər doktoru, Vüqar İsmayılovu təyin etdim. İngilis dilində çap olunan jurnal üçün bu, çox vacib məsələdir. Jurnala məqalə qəbulunu internet vasitəsi ilə həyata keçirməyə başladıq.
 
Çap olunacaq hər bir məqalə həmin sahədə çalışan alimlərə internet vasitəsi ilə rəyə göndərilir. Jurnalın dizaynını və formasını müasir tələblər səviyyəsində qurmağa çalışdıq. Hazırda hər ildə nəzərdə tutulan vaxtlarda yuxarıda adı çəkilən jurnalların iki nömrəsi çap olunur. Apardığımız bu işlər qısa müddətdə öz nəticələrini verməyə başladı. Jurnallar dünyanın tanınmış elmi informasiya bazaları olan Mathematikal Revies, Zentralblatt MATH və Rusiya Elmlər Akademiyasının Referativ jurnalında referatlaşdırılmağa başladı. Sevindirici haldır ki, ötən il Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və “Thomson Reuters”in birgə təşkilatçılığı ilə Azərbaycan elmi ictimaiyyəti üçün nəzərdə tutulan “Web of Science” mükafatları-2016”nın təqdimetmə mərasimində “Yeni veb elmi jurnal” nominasiyası üzrə isə Azərbaycan Riyaziyyat Cəmiyyətinin “Azerbaijan Journal of Mathematics” jurnalı mükafatlandırılıb. Ötən iki il ərzində “Azərbaycan Riyaziyyat Cəmiyyətinin” və “Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri” jurnallarının Thomson Reutersin ilkin siyahısına daxil edilməsi Azərbaycan riyaziyyatının tarixində yadda qalan çox mühüm hadisədir. İndi bizim əsas vəzifəmiz adıçəkilən hər iki jurnalın sözügedən agentliyin növbəti bazasına daxil edilməsidir”.   

13 DOKTORANT, 23 DİSERTANT, 23 FƏLSƏFƏ DOKTORU HAZIRLIĞI ÜZRƏ ELMİ-TƏDQİQAT İŞLƏRİ APARIR 

İnstitut direktoru qeyd edib ki, Riyaziyyat və Mexanika İnstitutunda 13 doktorant, onlardan 7-si əyani, 23 dissertant, onlardan 8 elmlər doktoru və 15 fəlsəfə doktoru hazırlığı üzrə elmi-tədqiqat işləri aparır. Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın əmri əsasında İnstitutun nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Analiz və funksional analiz, Diferensial tənliklər, Dinamik sistemlər və optimal idarəetmə, Deformasiya olunan bərk cism mexanikası ixtisasları üzrə dissertasiya şurası fəaliyyət göstərir. 2017-ci ilin birinci yarısında 5 nəfər müdafiə edib ki, onlardan 2-si elmlər doktoru və 3-ü isə fəlsəfə doktorudur. Hazırda dissertasiya şurasında elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 16 iş vardır.

Direktor əlavə edib ki, 2017-ci ilin birinci yarımilliyində İnstitutun Elmi Şurasının 9 iclası keçirilib. Elmi Şuranın iclaslarında Azərbaycan Respublikası Prezidentinin, Akademiyanın Rəyasət Heyətinin aidiyyəti qərar və sərəncamlarının, İnstitutun elmi-tədqiqat işlərinin planı, kadr məsələləri (doktorant, dissertant, magistr), yubileylər, təltiflər, nəşr fəaliyyəti, Beynəlxalq seminarın keçirilməsi, ezamiyyətlər, şöbələrin fəaliyyəti, elm və texnikanın yeni nailiyyətləri, birgə elmi-texniki əməkdaşlıq, İnstitutun elektron saytının fəaliyyəti, əməkdaşların eləcə də doktorant və dissertantların attestasiyası, elmi işçilərin tutduqları vəzifələrə yenidən seçilmələri, Thomson Reuters siyahısında olan jurnallarda dərc olunmuş məqalələrə görə müəlliflərin mükafatlandırılması və sair kimi məsələlər müzakirə olunub. Hesabat müddətində riyaziyyat və mexanika istiqamətləri üzrə ümuminstitut seminarı, 8 daimi elmi seminar fəaliyyət göstərib, mexanika üzrə Birləşmiş seminar da öz fəaliyyətini davam etdirib. Bu seminarlarda müdafiəyə çıxarılan fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının ilkin müzakirələri, Riyaziyyat və Mexanika İnstitutunun, ölkənin digər elmi mərkəzlərinin əməkdaşları tərəfindən alınmış yeni və mühüm nəticələr də müzakirə edilib. Hesabat dövründə ümuminstitut seminarı öz işini fasiləsiz olaraq, davam etdirib, seminarın iclaslarında İnstitut əməkdaşlari ilə yanaşı xarici ölkələrdən gəlmiş tanınmış alimlərin də məruzələri dinlənilib”. 

ZƏNGİN KİTABXANA 

Misir Mərdanov bildirib ki, Riyaziyyat və Mexanika İnstitutunun çox zəngin kitabxanası var. Kitabxana 1959-cu ildən fəaliyyət göstərir. Yarım il ərzində kitabxanaya davamiyyət 1903, ədəbiyyatın verilməsi-1128 nüsxədir: “Məlumat üçün bildirim ki, İnstitutun kitab fondunun ümumi həcmi 20341 nüsxədir (o cümlədən, xarici dildə -1059). Dövrü mətbuat fondunun ümumi həcmi-26023 (o cümlədən, xarici dildə-13715). Xüsusi növ ədəbiyyat fonduna 79 ədəbiyyat, onlardan 16 dissertasiya, 61-avtoreferat, 2 ottisk daxil olub. Xüsusi növ ədəbiyyat fondunun ümumi həcmi 22000 (o cümlədən, xarici dildə 6829). Kitabxana fondunun ümumi həcmi 68364 (o cümlədən, xarici dildə - 21604) nüsxədir”. 

İNSTİTUTUN UĞURU

İnstitut direktorunun sözlərinə əsasən, bu illin 6 ayı ərzində Riyaziyyat və Mexanika İnstitutu tərəfindən xeyli işlər görülüb: “İnstitutun nəzdindəki müxtəlif şöbələrdə fəaliyyət göstərən elmi işçilərimizin gərgin işi sayəsində bir çox uğurlar əldə etmişik. İnstitut bir sıra xarici ölkələrin aparıcı elmi mərkəzləri ilə qarşılıqlı elmi əlaqələrini davam etdirib. Xarici elmi təşkilatlar və tədqiqat mərkəzləri ilə qarşılıqlı əməkdaşlığın qurulması istiqamətində mühüm işlər görülüb. Əməkdaşların aldıqları elmi nəticələr, müxtəlif beynəlxalq və respublika səviyyəli elmi konfrans, simpozium, seminarlarda müzakirə edilib, mütəxəsisslər tərəfindən yüksək qiymətləndirilib və əksəriyyəti nüfuzlu jurnallarda çap olunub və sair”.

Misir Mərdanov deyib ki, bu gün institutda 14 elmi şöbə fəaliyyət göstərir. Onlardan 10-u riyaziyyat, 4-ü isə mexanikaya aid olan şöbələrdir: “Riyaziyyat və Mexanika İnstitutundakı şöbələrin əməkdaşları tərəfindən aparılan elmi-tədqiqat işləri arasında əlaqələr zəifdir. Yaxın gələcəkdə bu əlaqələri genişləndirmək, möhkəmləndirmək və inkişaf etdirmək əsas vəzifələrimizdən biridir. Bu gün dünyada tətbiqi əhəmiyyətli elmi tədqiqatlara geniş yer verilir. Riyaziyyat elmi tarixən fundamental elm kimi qəbul olunsa da, son illərdə onun tətbiqi sahələrinə daha çox diqqət yetirilir. Məhz bu səbəblərdən hesab edirəm ki, riyaziyyatın tətbiqi sahələrinə diqqəti artırmalı, bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika, İdarəetmə Sistemləri, İnformasiya Texnalogiyaları, Biofizika, Geologiya, Coğrafiya, Molekulyar Biologiya, Radiasiya Problemləri, Neft və Qaz İnstitutları ilə elmi əlaqələr qurulmalı və inkişaf etdirilməlidir”.

S.QARAYEVA

 





09.09.2017    çap et  çap et