525.Az

Yaddaşa və keçmişə münasibətdə Barns düsturu - Cavid Qədir yazır


 

Yaddaşa və keçmişə münasibətdə Barns düsturu - <b style="color:red">Cavid Qədir yazır </b>

“...Yaşlı vaxtında adam həyatdan bir azca rahatlıq umur, yox? Düşünürsən ki, buna haqqın var. Hər halda, mən belə bilirdim. Ancaq sonralar anlamağa başlayırsan ki, həyat xəsisdir, layiq olduqlarını adama asanlıqla vermir...

...Ən çətini isə, sadəcə, gələcəyə baxmaqla qalmayıb, həm də geriyə boylanmaqdır; zamanın özü ilə gətirdiyi yeni duyğulara alışmaqdır; tanış-bilişlər seyrəldikcə onlarla birgə sənin həyatına aid dəlil-sübutlar da azaldığı üçün özünün əvvəlcə kim olduğunu, sonradan kimə çevrildiyini dəqiqləşdirə bilməmək...

Hətta doğru-dürüst arxiv yaratsan - gündəliklər, səs yazıları, şəkillər toplasan da, axırda belə məlum ola bilər ki, əslində, tamam başqa məqamları qeydə almaq lazımmış...”

Bu cümlələri oxuyanda güzgüdən geriyə baxırmış kimi hiss doldumu içinizə?

Nəsnələr əslində olmadıqları yerdə, əks tərəfdə görünürmüş kimi...

Oxuduqca mətn o qədər doğma gəlir ki, sanki özümüz yazmışıq kimi; mən, sən, o - biz... Yazı dilə o qədər hakimdir ki, Azərbaycan ədəbiyyatı nümunəsindən başqası ola bilməz.

Amma deyil.

Bu cümlələr zəmanəmizin böyük ədiblərindən olan məşhur ingilis yazıçısı Culian Barnsın “Aqibət duyğusu” romanındandır. Romanı ana dilimizə tanınmış tərcüməçi və ədəbiyyatşünas, “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Seyfəddin Hüseynli çevirib. Əsər ayrıca kitab halında bu yaxınlarda “TEAS Press” nəşriyyatında işıq üzü görüb.

Öncədən qeyd edirəm: tərcümə o qədər sərrast, o qədər axıcı və əlbəttə, o qədər peşəkar səviyyədədir ki! Sadəcə, oxumaq, doğma dildə mütaliənin zövqünü dadmaq istəyirsən!..

Bəzi kitablar cümlələrdən ibarətdir; ayrı-ayrı ifadələr, cümlələr, ədəbi “priyomlar”, abzaslar oxucuda maraq oyadır, düşündürür, qulağa xoş gəlir. Amma bir müddətdən sonra kitab haqqındakı təəssürat yay səmasındakı bulud kimi əriyib yox olur. Həmin ibarələr də yaddaşın qaranlığına gömülür. Bu tip kitablar daha çox empirik oxucuların “xörəyi” hesab olunur.

İkinci qismə aid olan kitablarsa bütövlükdə mətndir. Belə əsərləri ifadələrə, cümlələrə, abzaslara bölmək olmur. Başdan sona qədər şüur axını, fiksiya, ədəbi yanaşma, üslub oyunları bu tip əsərlər üçün xarakterikdir. Culian Barnsın “Aqibət duyğusu” romanındakı kimi. 

2008-ci ildə ilham qaynağı olan həyat yoldaşı Pət Kavana vəfat etdikdən sonra yazıçı depressiyaya düşmüş, küskünləşib qapalı həyat sürməyə başlamış, az qala özünü dünyadan təcrid etmişdi. İtkinin böyüklüyünə baxmayaraq dostlarının, eləcə də sadiq oxucularının dəstəyilə depressiyanın “daşını atan” ədib “Aqibət duyğusu” kimi möhtəşəm bir roman yaza bildi.

Əsər hətta Barns üçün belə böyük sayılacaq səs-küy doğurdu. Çap olunduğu ildə (2011) çağdaş ədəbiyyatın ən nüfuzlu mükafatına, “Buker”ə (Man Booker Prize for Fiction) layiq görülən roman intellektual nəsrin parlaq nümunəsidir.

“Aqibət duyğusu” Barnsın digər romanları kimi yığcamlığı ilə seçilir. Ədibin ustalıqlarından biri də az sözlə çox mətləbi anlada bilməkdir. Romanın baş qəhrəmanının təkcə adı hazırlıqlı oxucuya mövzusu barədə xeyli ipucu verir. Toni Uebster ismi məşhur “Uebster lüğəti” ilə assosiasiya olunur.

Baş qəhrəman hər hansı keyfiyyəti ilə fərqlənməyən, bir qədər eqoist, yeniliklərə çox da açıq olmayan gəncdir. “Gənc” sözü, əlbəttə, əsərin başlanğıcı üçün xarakterikdir, sonrakı - əsas hadisələrin cərəyan etdiyi bölmədə isə Uebster qarşımıza 60 yaşını adlamış, keçəl, boşanmış və təqaüddə olan tənha tarixçi kimi çıxır. Bəs, görəsən, tənhalığın tarixlə əlaqəsi varmı?..

Əsər ilk səhifələrində dörd yeniyetmənin dostluğundan bəhs edir. Bu bölmədə Barns, digər məsələlərdə olduğu kimi, hər qəhrəmanın öz dilində danışmaqda da kifayət qədər pərgar olduğunu göstərir. Oxucu, hadisələri sanki həqiqətən özündənrazı, həyatın hər üzünü görmüş kimi davranan, bir az da ağzıxarab yeniyetmə danışırmış kimi bir gümana da düşür.

Dostların arasına sonradan qatılan Adrian Finn onlardan zəkası, mühakimə qabiliyyəti, hadisələrə öz rakursundan baxma bacarığı ilə asanlıqla seçilir. Hətta digər üç yeniyetmə Adriana yarınmağa, ona bənzəməyə çalışırlar. Finnin hekayətə daxil olması bir qədər də “Üç muşketyor”u xatırladır, əlbəttə, istər, mövzu, istər, üslub, istər janr, istərsə də ustalıq baxımından çox ciddi fərqlər mövcuddur, amma istənilən əsərdə üç dostun arasına dördüncünün qatılması istər-istəməz Dümanın sözügedən əsərini xatırladacaq.

Fəlsəfəylə yaxından maraqlanan Finn yeri gələndə müəllimlərlə də mübahisədən çəkinmir, mövqeyini müdafiəyə çalışır. Hətta heç kəslə razılaşmayan qoca tarix müəllimi Co Hantı (yenə tarix, yenə tənhalığı simvolizə edən qoca) da müəyyən qədər öz səflərinə çəkə bilir.

Əsərdə tarixə, keçmişə qəribə münasibət, bir qədər xoflu, güvənsiz, bir qədər də heyranlıq oyadan yanaşma var. Müəllif hesab edir ki, keçmiş əslində dəyişkəndir. Düzdür, faktlar, hadisələr öz yerindədir, amma zaman keçdikcə keçmişə olan münasibətimiz dəyişir. Yaddaşımızın, eləcə də şüuraltımızın bizə oynadığı oyunlar nəticəsində xatırladığımız keçmiş əslində olan keçmişdən fərqlənir, hafizəmiz bizə illüziya göstərir. Yaxud keçmişə istədiyimiz kimi yozum veririk.

“... Cavan vaxtlarımızda otuzunu yenicə adlayanları yaşlı, əllini keçənləri isə qoca-qoltuq sayırıq. Zaman irəlilədikcə məlum olur ki, çox da yanılmamışıq. Cavanlara böyük, əhəmiyyətli görünən cüzi yaş fərqləri aradan qalxır. Əvvəl-axır biz hamımız eyni bir yaş qrupuna - cavanlığı əldən getmişlərin cərgəsinə qoşuluruq. Mən bu barədə heç vaxt xam xəyala qapılmamışam”.

Adrianla tanış olmamışdan əvvəl “müqəddəs üçlük”ün zamanla bağlı kodeksi də var idi: saatlarını biləklərinin iç tərəfinə tərəf çevirirdilər. Bu, zamanın onlar deyil, onların zaman üzərində dominantlğına işarə vuran bir qədər səfehcə hərəkət idi...

Gedişatda Toni Veronika adlı qızla tanış olur, amma qısa sürən münasibətdən sonra araları dəyir. Bir müddət sonra ikilidən ona ünvanlanan məktub vasitəsilə öyrənir ki, Veronika Adrianla bir yerdədir. Uebster həm dəlisovluğunun, həm eqoizminin, eləcə də yelbeyinliyinin təsirilə çox əsəbi şəkildə cavab məktubu yazır. Beləcə, universitetə daxil olandan sonra uzaq düşən dostların yolları tamamilə ayrılır. Təhsilini tamamladıqdan sonra ölkəni gəzmək qərarına gələn qəhrəman evə dönəndə sarsıdıcı xəbər alır: Adrian ölüb. İntihar...

Köhnə dostlar bir yerə toplanıb xeyli müzakirə aparsalar da Adrianın ölümünün sirrini aça bilən olmur. Hətta intihar məktubu da...

Bu yerdə Kamyunu xatırlamadan keçmək olmaz. Usta ədib və filosof intiharın yeganə həqiqi fəlsəfi problem olduğu qənaətində idi. Bu iddiadan yola çıxan Barns həm də yaddaşın zamana nisbətdəki qəribə cilvələrini işığa çıxarır...

“... Huş kəsərdən düşəndə (Alzheymerdən yox, qocalığın labüd əlamətindən danışıram) müxtəlif reaksiyalar ortaya çıxa bilər. Ya bütün günü oturub hansısa tanış adamınmı, çiçəyinmi, vağzalınmı, astronavtınmı adını xatırlamağa çalışarsan, ya da vəziyyətə boyun əyib soraq kitabçasına, internetə əl atarsan. Bir yol da var: sadəcə, yaddaşın başını buraxmaq. Onda həmin unudulmuş bildiyin fakt qəfildən, əsasən də qocalığın başqa bir əsəri olan yuxusuz saatlarda özü gəlib yadına düşəcək. Biz - yaddaşı korlananların hamısı - belə hallara alışmalıyıq”.

“İtmiş zamanın sorağında” romanının müəllifi Marsel Prusta da göndərmələr edən Culian Barnsa görə, xatırlamaq, yaxud unutmaq insanın öz seçimi deyil, bir növ taledir...

Aradan təxminən 40 il keçir. “Tarix qaliblərin uydurmasıdır” fikrini müdafiə edən, artıq təqaüdə çıxmış, sosial işlərlə başını qatan, çoxdan keçəlləşmiş, tənha Uebster Hantla razılaşmağa hazırdır: “tarix həm də məğlubların təsəllisidir”. Amma səmimi şəkildə etiraf edir ki, o vaxt Hanta yalan sırıyıb. Tarix, əslində, sağ qalanların yaddaşıdır, onlarınsa çoxu nə qalibdir, nə də məğlub...

“Cavanlıqda elə bilirsən, yaşlandıqca üzləşəcəyin bəlaları, müsibətləri qabaqcadan hesablamaq olar. Tənhalığı, boşanmanı, dul qalmağı, uşaqların ayrılıb uzaq düşməsini, dostların ölümünü xəyalına gətirirsən. Mövqeyinin əldən çıxacağını, sevib-sevilmək hissindən məhrum olacağını nəzərə alırsan. Bir az da dərinə gedəndə hər nə qədər yan-yörəndəkilər halına yansalar belə, təkbaşına qarşılamalı olduğun ölümün nəfəsini duya bilirsən. Ancaq bunlar hamısı sənin gələcəyə baxanda gördüklərindir”.

“Aqibət duyğusu” bütün əlamətlərinə görə postmodern romandır. Novellavari inşikaf xətti, təsadüfün hökmranlığı, ən geniş yayılmış forma kimi, qəfil məktub, köhnə əlyazmanın tapılması, vərəsəlik məsələsi... Toni də romanın janrına uyub postmodern şəxsiyyətə çevrilir, əvvəlki “mən”inə qarşı çıxır, əmin olduqlarından şübhəyə düşür, unutmağa çalışdıqlarını araşdırmağa girişir, özünə savaş açır...

Əsərin qəhrəmanını bartlbi də adlandırmaq olar, “qılaflı adam” da. Eynən bartlbilər, yaxud belikovlar kimi hər hansı təhlükə, eləcə də məsuliyyətli seçim zamanı uzaq qalmaq, öz baramasına çəkilmək Uebsterin yaşam fəlsəfəsinə çevrilib. Və bir gün mütləq baramadan çıxmaq lazım gələcək...

... Yeknəsəq günlərin birində Toni zərf alır. Məlum olur ki, məktubu Veronikanın artıq vəfat edən anası yazıb. Qadın ona 500 avro pul və Adrianın gündəliyini vəsiyyət edib.

“Həyatın sırf azalma, çıxılma və bölünmədən ibarət olduğunu düşündüyümüz məqamda beynimiz, yaddaşımız bizi heyrətə gətirir. Guya belə demək istəyir: “Elə bilmə ki, sakitcə, rahatca aradan çıxacaqsan - həyat qat-qat mürəkkəbdir”. Beləcə, beynimiz yaddaşımızı hərdənbir, qəlpə-qəlpə qoparıb önümüzə atır, hətta ən möhkəm ilmələri də çözələyir...”

Beləcə Toni, təqaüddə olan tarixçi, nə qalib, nə də məğlub olan qoca keçmişi eşələməyə girişir. Həm Veronikaya yenidən baş qaldırmaqda olan marağı, həm də Adrianın intihar səbəbini öyrənə biləcəyi ehtimalı onu qınından çıxarır.

Keçmiş xatirələr arasında az qala itib-batan qəhrəmanımız gözlənilməz məsələylə qarşılaşır. Keçmiş əslində xatırladığı kimi deyil. Hafizəsi ona oyun oynayıb. Yaddaşında həkk olunanlar sadəcə improvizasiyadır. Və obyektiv tarix, əslində, mövcud olmayan tarixdir. Ömrün sonuna çatmaqda olan və xatirələrindən başqa böyük bir heçliyə sahib Uebster əslində sahib olduğu xatirələrin də illüziya olduğunu anlayır. Bəs tarixin külləri arasında həqiqəti tapmaq mümkün olacaqmı? İllüziyalar içindən obyektiv tarixi ayırd etmək necə? Yoxsa labüd aqibətdən qaçmaq mümkünsüzdür? Bütün cavablar “Aqibət duyğusu”nda gizlidir...

 

 





11.09.2017    çap et  çap et