525.Az

Rafael Hüseynov Kürdəmirdə ədəbiyyat müəllimlərilə görüşdü - Fotolar


 

Rafael Hüseynov Kürdəmirdə ədəbiyyat müəllimlərilə görüşdü - <b style="color:red">Fotolar</b>

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynovla sözügedən Muzeyin Kürdəmirdəki Aran Regional şöbəsində ədəbiyyat müəllimlərinin görüşü keçirilib.

Yeni dərs ili münasibətilə keçirilən görüşdə klassik və müasir Azərbaycan ədəbiyyatını gənc nəsilə sevdirmək, layiqincə tədris və təbliğ etmək yönündə müəllimlərə gərəkli tövsiyələr verən akademik Rafael Hüseynov müasir dünya ədəbiyyatındakı yeniliklərdən, ədəbi cərəyanlardan da bəhs  edib.

Müəllimlər ədəbiyyat fənninin tədrisindəki bəzi çətinliklərdən, müasir ədəbi əsərlərin tədrisindəki problemlərdən danışaraq alimə onları narahat edən məsələlər barədə suallar ünvanlayıblar.

Görüş iştirakçıları, həmçinin, Muzeyin Aran regional şöbəsinin Azərbaycan ədəbiyyatının müxtəlif dövrlərini əks etdirən eksponatları ilə yaxından tanış olub, maraqlı materialları nəzərdən keçiriblər.

Qeyd edilib ki, muzeydə ən qədim dövrdən müasir zamana qədərki ədəbi prosesi əhatə edən materiallar, yeni ekspozisiyalar toplanıb. Burada Azərbaycanın müxtəlif dövrlərdə yaşamış görkəmli rəssamlarının, tanınmış heykəltəraşlarının hazırladıqları əsərlər, ayrı-ayrı bədii əsərlərə çəkilmiş illüstrasiyalar, əlyazmalar, miniatürlər və müxtəlif dövrlərdə nəşr edilmiş kitablar nümayiş olunur.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi yarandığı gündən fəaliyyətinin əsas istiqamətlərindən biri kimi məktəblə əlaqələri götürüb. Məqsəd ondan ibarətdir ki, müəllimlər şagirdləri ilə birgə muzeyə tez-tez gəlsinlər, müəyyən dərsləri muzeyin ekspozisiyasında keçirsinlər.

Sonda akademik Rafael Hüseynova əhəmiyyətli görüş üçün təşəkkür edən ədəbiyyatçılar bu fənni şagirdlərə daha çox sevdirmək məqsədi ilə muzeylə daha sıx əməkdaşlıq edəcəklərini bildiriblər.

ŞAHANƏ

 





11.09.2017    çap et  çap et