525.Az

Astana sammiti: prezident İlham Əliyev İslam dünyasına mühüm mesajlar verdi


 

"AZƏRBAYCANDA MÜQƏDDƏS MƏSCİDLƏRİMİZİ DAĞIDAN ERMƏNİSTAN MÜSƏLMAN ÖLKƏLƏRİNİN DOSTU OLA BİLMƏZ"

Astana sammiti: <b style="color:red">prezident İlham Əliyev İslam dünyasına mühüm mesajlar verdi</b>

Məlum olduğu kimi, sentyabrın 9-da prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiya üzrə birinci sammitində iştirak etmək üçün Qazaxıstana işgüzar səfər etmişdi.

AZƏRTAC-ın məlumatına görə, sentyabrın 10-da Astanada fəaliyyətə başlayan sammit Qazaxıstan prezidenti Nursultan Nazarbayevin ötən ilin aprelində İƏT-in İstanbulda keçirilən XIII zirvə toplantısında irəli sürdüyü təşəbbüsə əsasən təşkil olunub. İƏT-in elm və texnologiya üzrə birinci sammitində təşkilata üzv olan 57 ölkənin dövlət və hökumət başçıları, elm və texnologiya məsələləri üzrə məsul nazirlər, müşahidəçi ölkələrdən, eləcə də beynəlxalq təşkilatlardan 80-dək nümayəndə heyəti iştirak edib.

Sammitin açılış sessiyasında çıxış edən Qazaxıstan prezidenti Nursultan Nazarbayev son zamanlar İslam ümmətinin çətin sınaqlarla üzləşdiyini, müsəlman ölkələrində ekstremist və terrorçu təşkilatların yayıldığını təəssüf hissi ilə qeyd edərək bildirib ki, bundan daha çox İslam ölkələri əziyyət çəkir. Eyni zamanda, bu, Qərb ölkələrində islamofobiya meyillərinin, eləcə də müsəlmanlara qarşı zorakılığın artmasına səbəb olur. Myanmada müsəlmanlara qarşı yaşanan kütləvi zorakılıq hallarının İslam ölkələrində dərin narahatlıq doğurduğunu ifadə edən Qazaxıstan prezidenti bu problemin dialoq yolu ilə BMT-nin əsas prinsipləri əsasında həll edilməsinin vacibliyini bildirib.

N.Nazarbayev İslam ölkələrində elm və texnologiyanın inkişaf etdirilməsi üçün beynəlxalq platformanın yaradılmasının və bu sahədə Qərb ölkələri ilə səmərəli əməkdaşlığın qurulmasının vacibliyini qeyd edib və bu baxımdan belə sammitlərin əhəmiyyətini vurğulayıb. Qazaxıstan prezidenti bu sammitin İslam dünyasında əməkdaşlığın inkişafına təkan verəcəyinə əminliyini bildirib.

Daha sonra sammitdə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan prezidenti Məmnun Hüseyn, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaym, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, İran prezidenti Həsən Ruhani və digər ölkə rəhbərləri çıxış ediblər.

Prezident İlham Əliyev çıxışında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiya üzrə birinci sammitinin keçirilməsini yüksək qiymətləndirib: "Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Son bir neçə ildə Azərbaycanda İƏT-ə üzv ölkələrin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirlərinin 10-a yaxın görüşü keçirilib. Biz təşkilata üzv ölkələrlə həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edirik. Azərbaycan üzv olduğu beynəlxalq təşkilatlarda müsəlman ölkələrini daim dəstəkləyir. İƏT də öz növbəsində Azərbaycana böyük dəstək göstərir və ölkəmizin apardığı siyasətə yüksək qiymət verir. İƏT daim Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini dəstəkləyən ədalətli mövqe nümayiş etdirib və Azərbaycanın ədalətli mövqeyini əks etdirən bir çox qətnamələr qəbul edib".

Keçən il İslam Əməkdaşlıq Təşkilatının Türkiyədə keçirilmiş zirvə görüşündə Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar Təmas Qrupunun yaradıldığını xatırladan ölkə başçısı qeyd edib ki, Azərbaycan bu qərarı çox yüksək qiymətləndirir: "Bu ədalətli mövqeyə görə İƏT-ə və onun üzvlərinə təşəkkürümüzü bildiririk. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul edib. Bu qətnamələrdə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Ermənistan bu qətnamələri icra etmir və buna görə onlara qarşı sanksiyalar tətbiq olunmur. Bu, ikili standartlardır. Ermənistan 25 ildən çoxdur ki, Azərbaycanın əzəli, tarixi torpağı olan Dağlıq Qarabağı və digər yeddi rayonumuzu işğal edib. Bu təcavüz nəticəsində torpaqlarımızın 20 faizi işğal altına düşüb, bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın və köçkün vəziyyətində yaşayır. Ermənilər xalqımıza qarşı etnik təmizləmə siyasəti aparıblar, Ermənistan hərbi cinayətlər törədib".

 1992-ci ildə Ermənistanın Xocalı soyqırımını həyata keçirdiyini bildirən prezident qeyd edib ki, bu hərbi cinayət nəticəsində 613 dinc azərbaycanlı erməni faşistləri tərəfindən vəhşicəsinə qətlə yetirilib: "Onlardan 106-sı qadın və 63-ü uşaqdır. Minlərlə insan itkin düşüb və yaralanıb. Ondan çox ölkə Xocalı soyqırımını rəsmən tanıyıb. Erməni vəhşiliyi bu gün də davam edir. Bu ilin iyul ayında iki yaşlı azərbaycanlı körpə nənəsi ilə birlikdə ermənilər tərəfindən atılan mərmi nəticəsində həyatını itirib. Bu, vəhşilikdir. Bu, erməni faşizminin növbəti qanlı cinayətidir. İşğal edilmiş torpaqlarımızda Ermənistan rəhbərliyinin göstərişi ilə bütün məscidlərimiz dağıdılıb. Şuşa, Ağdam və digər şəhərlərimizin dağıdılmış məscidlərinin fotoşəkilləri erməni vandalizminin sənədli sübutudur".

İlham Əliyev vurğulayıb ki, Ermənistanda islamofobiya pik həddə çatıb: "Ermənistan çox çalışır ki, müxtəlif müsəlman ölkələri ilə əlaqələrini genişləndirsin. Onların riyakar və yalan sözlərinə inanmaq lazım deyil. Azərbaycanda müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz".

Keçən ilin aprel ayında qəhrəman Azərbaycan Ordusunun torpağımızın bir hissəsini erməni işğalçılarından azad etdiyini deyən prezident söyləyib ki,  orada yeni qəsəbə salınıb: "150 evdən ibarət Cocuq Mərcanlı qəsəbəsində məktəb, tibb mərkəzi və məscid tikilib. Ermənilər tərəfindən dağıdılmış Şuşa məscidinin bənzərini biz işğaldan azad edilmiş Cocuq Mərcanlı qəsəbəsində tikdik. Bu, bir daha Azərbaycan xalqının yenilməz ruhunu, öz dini dəyərlərinə bağlılığını göstərir. Ermənilər məscidlərimizi dağıdıblar. Ancaq bu məscidlər bizim qəlbimizdə ucaldılıb, onları heç bir qüvvə dağıda bilməz".

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfə verir: "Biz dünyanın müxtəlif bölgələrində baş qaldıran islamofobiyaya qarşı fəal mübarizə aparırıq. Biz müsəlmanlara qarşı törədilən cinayətləri, xüsusilə də son vaxtlar Myanmada Rohingiya müsəlmanlarına qarşı həyata keçirilən qətliam və kütləvi zorakılıq hallarını qətiyyətlə pisləyirik. Biz beynəlxalq təşkilatları, dünya ictimaiyyətini, siyasi və dini liderləri Myanmada baş verən hadisələrin qarşısının alınması üçün zəruri addımlar atmağa çağırırıq. Yeri gəlmişkən, bildirmək istəyirəm ki, sentyabrın 8-də Azərbaycan Rohingiya qaçqınlarına humanitar yardım - 100 ton ərzaq məhsulu göndərib".

2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunduğunu deyən prezident qeyd edib ki, eyni zamanda, bu il Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilib: "Bu möhtəşəm dostluq və qardaşlıq bayramında 50-dən çox müsəlman ölkəsi iştirak edib. Əminəm ki, üç minə yaxın idmançı və minlərlə qonaq Bakıdan ən xoş təəssüratlarla ayrılıb".

Azərbaycanın sürətlə inkişaf edən ölkə olduğunu diqqət çatdıran İlham Əliyev bildirib ki, son 14 il ərzində ölkəmizin ümumi daxili məhsulu üç dəfədən çox artıb: "Bir milyon 600 min iş yeri yaradılıb. Yoxsulluq beş faiz səviyyəsinə düşüb. Savadlılıq isə 100 faizə yaxındır. Azərbaycanda elm və müasir texnologiyalar uğurla inkişaf edir. Azərbaycan dünyanın kosmik klubunun məhdud sayda olan üzvlərindən biridir".

Çıxşının sonunda ölkə başçısı vurğulayıb ki, Azərbaycan bundan sonra da İƏT-in fəal üzvü kimi İslam həmrəyliyinin möhkəmlənməsinə öz töhfəsini verəcək.

Astana sammitində prezident İlham Əliyevin verdiyi mühüm mesajlarla bağlı "525"ə fikirlərini bildirən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin deputatı Musa Qasımlı qeyd edib ki, prezident İlham Əliyevin Astanada İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə Birinci sammitində iştirakı, keçirdiyi ikitərəfli görüşlər və etdiyi nitq Azərbaycan diplomatiya tarixinin səhifələrindən biri olmaqla böyük əhəmiyyət daşıyır: "Dövlət rəhbərinin nitqində müsəlman dünyasında yaranmış şəraiti, İslam əleyhinə olan hərəkətlərin artmasını, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünü, müsəlman ölkələrində apardığı məkrli işləri diqqətə çatdırması, gənclərin elm və təhsilə cəlb edilmələrinin vacibliyini vurğulaması xüsusilə diqqəti cəlb edib. Hesab edirəm ki, bu nitq İslam Əməkdaşlıq Təşkilatının gələcək fəaliyyəti üçün faydalı olacaq".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli isə qeyd edib ki, ölkə başçısı İlham Əliyev Astana sammitində kifayət qədər önəmli mesajlar verib: "Azərbaycan prezidentinin İslam həmrəyliyi ilə bağlı verdiyi mesajlar xüsusi önəm daşıyır. Dövlət rəhbəri qeyd edib ki, işğal olunmuş Azərbaycan torpaqlarında məscidləri dağıdan Ermənistan heç vaxt müsəlmanların dostu ola bilməz".

Politoloq hesab edir ki, bu gün Ermənistanla yaxından əməkdaşlıq edən müsəlman ölkələri prezident İlham Əliyevin verdiyi mesajlardan nəticə çıxarmalıdır: "Çünki İslam həmrəyliyi faktoru ilə Ermənistanla dostluq etmək heç bir araya sığmır. Hətta bəşəri həmrəylik nümayiş olunsa belə tarixi abidələri dağıdan, başqa ölkələrin ərazilərini işğal edən, insanları öz yurdundan didərgin salan ölkə ilə  dostluq nə beynəlxalq hüququn prinsiplərinə sığır, nə də mənəvi dəyərlərə uyğun gəlir. Bu baxımdan, qənaətimə görə, prezident İlham Əliyevin sammitdə verdiyi mesajlar İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ilk növbədə həmrəyliyə nail olmaq üçün maneə yaradan amillərin aradan qaldırılmasına xidmət edir. Ümumiləşdirilmiş şəkildə desək, müsəlman ölkələrinin bir-birlərinin problemlərinə qarşı münasibətdə birmənalı mövqeyi olmalıdır. Necə ki, Azərbaycan öz xarici siyasətində bu amilləri nəzərə alır, eləcə də digər müsəlman ölkələr də bunu mütləq nəzərə almalıdır".

Qeyd edək ki, sammit çərçivəsində prezident İlham Əliyev iranlı həmkarı Həsən Ruhani və Bosniya və Hersoqovinanın Rəyasət Heyətinin üzvü Bakir İzetbeqoviç ilə təkbətək görüşlər keçirib. Danışıqlarda ölkələr arasında qarşılıqlı münasibətlər, əməkdaşlığın genişləndirilməsi, Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq terrorizmlə mübarizə əsas müzakirə mövzuları olub.

Ceyhun ABASOV

 





12.09.2017    çap et  çap et