525.Az

Dini liderlərin Moskva görüşü: "Qaregin din adamı, yoxsa hərbi-siyasi xadimdir?"


 

"DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ REGİONUNDA YARANAN XAOS RUSİYAYA ÇOX CİDDİ ZƏRBƏ VURA BİLƏR"

Dini liderlərin Moskva görüşü: <b style="color:red">"Qaregin din adamı, yoxsa hərbi-siyasi xadimdir?"</b>

Xəbər verdiyimiz kimi, sentyabrın 8-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşü keçirilib.

Görüşdə Moskva və bütün Rusiyanın Patriarxı Kirill, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə və bütün ermənilərin katolikosu II Qaregin iştirak ediblər.

Patriarx Kirillin təşəbbüsü ilə keçirilən və iki saata yaxın davam edən görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə mövzusu olub.

Görüşdən sonra Patriarx Kirill, Şeyxülislam Hacı Allahşükür Paşazadə və Qaregin jurnalistlər önünə çıxıblar.

Kirill Dağlıq Qarabağ münaqişəsində əsir düşənləri azad etməyə çağırıb. O, görüşün atmosferindən razı qalıb: "Fikir ayrılığını yalnız mehriban qonşuluq prinsiplərinə və mənəvi dəyərlərə əsaslanaraq aradan qaldırmaq olar. Azərbaycan və Ermənistan xalqları daim yanaşı yaşamalıdırlar. Buna görə də sülh və əməkdaşlıqdan savayı perspektiv yoxdur".

Şeyxülislam Hacı Allahşükür Paşazadə isə qeyd edib ki, bu görüşün bütün Qafqaz xalqları üçün bəhrəsi olacağına ümid edir: "Dini liderlərin münaqişənin həllinə töhfə vermək imkanları var. Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Müharibə də Azərbaycan ərazisində gedib. Azərbaycan torpaqları işğal olunub".

QMİ sədri bildirib ki, milyonlarla insan öz ata-baba yurduna gedə, qəbirlərini ziyarət edə bilmir: "Həmin yerlər işğal altındadır. Faktlar var ki, qəbirlər təhqir edilir. Bu heç də dindarlara yaraşmır. Dağlıq Qarabağ ətrafındakı rayonların yavaş-yavaş qaytarılmasına başlamaq lazımdır".

II Qaregin isə çıxışında Azərbaycan tərəfinin silahlanmaya üstünlük verməsindən narahatlıq ifadə edib. O, Azərbaycan tərəfini sülh danışıqlarından yayınmaqda günahlandırıb. Din xadimi deyil, siyasətçi kimi danışan II Qaregin Azərbaycan tərəfini atəşkəs rejimini tez-tez pozmaqda da ittiham edib.

Ötən ilin aprel müharibəsini xatırladan erməni katolikos Azərbaycanın həmin vaxt geniş miqyaslı müharibə apardığını söyləyib, münaqişənin sülh yolu ilə həllinin vacibliyini qeyd edib. II Qaregin snayperlərin qoşunların təmas xəttindən çəkilməsinin zəruriliyini də diqqətə çatdırıb.

Danışıqların yekununa dair bəyanat imzalanıb. APA-nın məlumatına görə, sənəddə qeyd olunub ki, Azərbaycan və Ermənistanın dini liderləri Rusiya patriarxı Kirillin dəvəti ilə yenidən Moskvada görüşərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini müzakirə ediblər: "Bunsuz Qafqazda sülh və təhlükəsizlik əldə etmək mümkün deyil. Biz münaqişənin hərtərəfli həllinə kömək olacaq sülhməramlı dialoqun davamlı şəkildə inkişafına, danışıqların davam etdirilməsinə və beynəlxalq ictimaiyyətin vasitəçəliyinə böyük önəm veririk. Əminik ki, fikir ayrılığını yalnız mehriban qonşuluq və mənəvi dəyərlərə əsaslanaraq aradan qaldırmaq mümkündür.

Azərbaycan və erməni xalqları hər zaman çiyin-çiyinə yaşayacaqlar, bu səbəbdən sülh və əməkdaşlıqdan başqa perspektiv yoxdur. Çoxsaylı çağırışlarla üz-üzə qalan xalqların dini liderləri onlara cavab axtarmağa məcburdurlar. Biz sülhün qorunması və münaqişə ilə əlaqəli olan humanitar problemlərin həlli üçün dualarımızı əsirgəmirik və ictimai-siyasi xadimləri də buna çağırırıq. Müharibə və düşmənçilik ritorikasından imtina etmək olduqca vacibdir. Hərbi əməliyyatlarda iştirak etməyən dinc sakinlərin azadlığa buraxılması vacibdir. Dini liderlər olaraq biz kilsələrin, məscidlərin və digər müqəddəs yerlərin qorunmasına çağırıq. Dini abidələrin qorunması olduqca vacibdir. Biz Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş sülhməramlı təşəbbüsləri dəstəkləməyə hazırıq".

Cənubi Qafqazın dini liderlərinin Moskva görüşü ilə bağlı fikirlərini bildirən Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd edib ki, bütün ermənilərin katolikosu II Qaregin özünü dini liderlə yox, hərbçi kimi aparır: "Bir insan kimi mənim üçün maraqlıdır ki, Qaregin din xadimidir, yoxsa hərbi-siyasi xadim? Din xadimi sülhdən, humanitar məsələlərin vacibliyindən danışar, xalqlar arasında sülh siyasətindən danışar. Ermənistan din rəhbəri isə özünün fikirləri ilə Ermənistan generallarından və irticaçı siyasətçilərindən fərqlənmir. Necə də ağır bir qonşu ilə üzbəüz qalmışıq. Tarix onlara hələ də heç nə öyrətməyib, XXI əsr bunlar üçün deyilmiş. Hələ də özlərini Azərbaycanın dövlət müstəqilliyinin olmadığı dövrdəki kimi hiss edirlər. Hələ də Azərbaycanın öz suveren hüquqlarının qorunması üçün əzmlə səy göstərdiyini görmək istəmirlər".

A.Mirzəzadə vurğulayıb ki, Ermənistanın siyasi, hərbi, dini rəhbərlərinin nə xülyalarla yaşadığı və özlərini nəyə inandırdıqları Azərbaycan dövlətini maraqlandırmır: "Artıq dünyada nüfuzlu dövlətlərdən biriyik, diplomatik mərkəzlərdən birinə çevrilmişik. Ermənistan isə özünün reallıqdan uzaq ideyaları ilə daim problemlər içində çabalayacaq".

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu isə qeyd edib ki, dini liderlərin görüşü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə ən ciddi təsir edən məsələlərdən biridir: "Dini lidelərlərin görüşü beynəlxalq ictimaiyyətin, sivil dünyanın çağırışı idi. Azərbaycan dini lideri, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə həmişə belə görüşlərə meylli olub, hətta dəfələrlə bu cür təşəbbüslərlə çıxış edib. Bir neçə dəfə isə Mosvka və bütün Rusiyanın patriarxı Kiril bu cür təşəbbüslərlə çıxış edib. Bu təşəbbüslərdən bəziləri alınsa da, əksərən alınmayıb. Cənubi Qafqazın dini liderlərinin görüşlərinin baş tutmamasının səbəbkarı Ermənistanın dini rəhbəri II Qaregindir. Dünyada az sayda dini lider var ki, onlar müharibəni tərənnüm edirlər. Onlardan biri də II Qaregindir. O, ermənilərin Dağlıq Qarabağın işğalını qeyd etdiyi günlərdə təbrik göndərir. Yəni, II Qaregin insan qanı tökülməsini alqışlayan dini liderdir. Əslində, bu, mənəviyyata sığmayan məsələdir".

Politoloq bildirib ki, Ermənistan belə görüşlərə heç vaxt imkan verməyib: "Lakin bu dəfə işğalçı ölkə təşəbbüsdən yayına bilməyib. Ona görə ki, bu dəfə Kirill öz təşəbbüsünün üzərində möhkəm dayandı. Həm də Rusiya prezidenti Vladimir Putin Kirillə dəstək verir. Məlumdur ki, Rusiya prezidenti ilə Kirill arasında şəxsi münasibətlər çox yaxşıdır".

M.Əhmədoğlunun sözlərinə görə, artıq Rusiya da hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır: "Çünki Dağlıq Qarabağ münaqişəsi regionunda yaranan xaos Rusiyaya çox ciddi zərbə vura bilər. Ona görə həm Azərbaycan, həm Rusiya maraqlıdır ki, Dağlıq Qarabağ münaqişəsi həll olunsun. Ermənistan isə çalışır ki, münaqişə həll olunmasın".

Münaqişənin həllinin Rusiya prezidentinin marağında olduğunu deyən politoloq hesab edir ki, bu səbəbdən Kirill dini liderlərin Moskva görüşünü keçirmək təşəbbüsü ilə çıxış edib.

Mərkəz sədrinin fikrincə, həm Putini, həm də Kirilli dini liderlərin görüşündə inamlı dayanmağa vadar edən başqa bir səbəb də var idi: "Kirillin bu təşəbbüsü irəli sürməsi Vatikanın birinci diplomatı kardinal Petro Parolinin Moskva səfərindən bir qədər sonraya təsadüf edib. Yəni, Parolin Moskvada olarkən din təmsilçilərindən prezident Putinə qədər hədsiz çox adamlarla görüşüb. Vatikan diplomatının Rusiya səfəri ərəfəsində yayılan informasiyalarda qeyd olunmuşdu ki, Parolin Moskvada bütün münaqişələrlə bağlı müzakirə aparacaq. Adətən, Vatikanla rus provaslav kilsəsi görüşündə Suriya və Yaxın Şərqdə xristianların vəziyyəti müzakirə olunurdu. Bu dəfə isə qeyd olunmuşdu ki, bütün münaqişə regionlarında vəziyyət görüşün əsas müzakirə mövzularındandır. Yəni, Dağlıq Qarabağ bölgəsi bütün münaqişə regionları kontekstinə aiddir. Ona görə, hesab edirəm ki, Kirilli bu təşəbbüsü irəli sürərkən həm də Vatikanın dəstəyini də ortaya qoyub".

Bu yaxınlara qədər Yaxın Şərqdə 20 milyona yaxın xristianın yaşadığını xatırladan politoloqun sözlərinə görə, indi onların böyük əksəriyyəti həmin ərazilərdən miqrasiya edib: "İndi nə İraq, nə də Suriyada xristian qalıb. Halbuki yaxın dövrə qədər bu ölkələrin hər birində 4-5 milyon xristian yaşayırdı. Həmçinin, İordaniya və Liviyadakı xristianlar da bu əraziləri tərk edib, təqribən 5-10 faizi qalıb. Hazırda Misirdən xristianların axını başlayıb. İri xristian icmasına malik olan Livandan da istənilən anda xristianların köçü başlaya bilər".

Politoloq hesab edir ki, Vatikanla rus provaslav kiləsinin əsas məqsədi Yaxın Şərqdəki xristianları qoruyub saxlamaqdır. Müəyyən xarici qüvvələrin dəstəyi ilə ermənilərin Dağlıq Qarabağda 1 milyondan artıq dinc azərbaycanlını öz yurdlarından didərgin saldığını xatırladan M.Əhmədoğlu bildirib ki, Yaxın Şərqdə 20 milyona yaxın xristianın vəziyyətinin yaxşılaşdırılması üçün ilk olaraq Dağlıq Qarabağda bir milyonluq müsəlmanın problemləri həll olunmalıdır. Gec də olsa, bu onların ağıllarına gəlib. İndi də bu, iş üzərində fəaliyyət aparılır. Bu mənada, dini liderlərin Moskva görüşündə qəbul olunan birgə bəyannamədə vurğu  Azərbaycan və erməni xalqlarının birgə, yanaşı yaşamasının üzərindədir. Yəni, Qafqazda müsəlman və xristianlar birgə yaşamalıdırlar. Cənubi Qafqazda dini liderlərin verdiyi bu mesaj Yaxın Şərqə də ötürülür".

Politoloq əlavə edib ki, dini liderlərin görüşü Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsində önəmli rol oynayacaq: "Bu məsələlər həm Vatikan, həm də rus provaslav kilsəsi tərəfindən lazımi dövlət orqanlarına ötürüləcək".

Ceyhun ABASOV

 





12.09.2017    çap et  çap et