525.Az

Zərdabda regional seminar-müşavirə


 

Zərdabda regional seminar-müşavirə <b style="color:red"></b>

Dünən Zərdabda "Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları" mövzusunda regional seminar-müşavirə keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Zərdab Rayon İcra Hakimiyyətinin akt zalında baş tutan müşavirədə Baş Prokurorluq, Daxili İşlər və Ədliyyə nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zərdab, İmişli, Beyləqan, Ağcabədi, Ağdam, Füzuli, Kürdəmir, Laçın və Xocavənd rayonlarının yerli strukturlarının rəhbərləri, bölgənin din xadimləri, dini icma sədrləri, gənclər, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Müşavirədən əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən, radikalizmə qarşı mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəflərinin işıqlandırıldığı, maarifləndirici səciyyə daşıyan "Fitnə" sənədli filmi nümayiş olunub.

Filmin nümayişindən sonra tədbiri giriş sözü ilə açan Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev bildirib ki, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması istiqamətində mühüm addımlar atılıb. Bu adət və ənənələrimizə hörmət hissi, milli-mənəvi və əxlaqi dəyərlərimizin qorunmasına diqqət və qayğı prezident İlham Əliyev tərəfindən də uğurla davam və inkişaf etdirilir. L.Babayev qeyd edib ki, ölkəmizdəki tolerant və multikultural mühit bütün dünyada ən müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul edilir.

Dövlət komitəsinin sədr müavini Səyavuş Heydərov isə vurğulayıb ki, ölkəmizdə vicdan azadlığının təmin edilməsi, dini icmalara fəaliyyətlərinin genişləndirilməsi məqsədilə dövlət tərəfindən mütəmadi olaraq qayğı göstərilir: "Buna baxmayaraq, din adından qanunsuz şəkildə "partiyalar", "ictimai təşkilatlar" yaradaraq ölkəmizdəki uğurlu dövlət-din siyasətinə, dini etiqad azadlığına, tolerantlıq mühitinə kölgə salmaq istəyən qüvvələr də mövcuddur".

Sədr müavini bildirib ki, ölkəmizdə məzhəb ayrı-seçkiliyi yaratmağa, əmin-amanlığı, sabitliyi pozmağa, digər ölkələrin milli xüsusiyyətlərini, dini ideologiyalarını İslam adı altında ölkəmizdə təbliğ etməyə çalışan bəzi cərəyanlarla mübarizə aparılması, gənclərin və yeniyetmələrin zərərli dini cərəyanların təsiri altına düşməsinin qarşısının alınması üçün preventiv tədbirlərin görülməsi dövlət komitəsinin dini maarifləndirmə sahəsində əsas fəaliyyət istiqamətlərindəndir. 

S.Heydərovun sözlərinə görə, prezident İlham Əliyevin rəhbərlik etdiyi müstəqil respublikamızda mövcud olan bütün dinlərin nümayəndələrinə qarşı dözümlülük və tolerantlıq nümayiş olunur: "Azərbaycan bu aspektdən dünyanın bir çox dövlət və cəmiyyətlərinə nümunə ola biləcək bir ölkədir".

Baş Prokurorluğun idarə rəisinin müavini Rauf Məmmədov müvafiq sahə üzrə qanunvericiliyə diqqət çəkərək, dini radikalizm və ekstremizm probleminə qarşı mübarizənin hüquqi əsasları barədə  geniş məlumat verib. R.Məmmədov 2015-ci ildə "Dini ekstremizmə qarşı mübarizə haqqında"  Azərbaycan Respublikasının Qanunun qəbul olunduğunu qeyd edərək, dini ekstremizmə qarşı mübarizənin məqsədi və əsas prinsiplərindən danışıb.

Daha sonra çıxış edən Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi Hamlet Hümbətəliyev dini radikalizm və ekstremizmə qarşı mübarizə çərçivəsində ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədi ilə daxili işlər orqanlarının fəaliyyətinin əsas istiqamətlərindən bəhs edərək, təmsil etdiyi qurumun müvafiq sahədə həyata keçirdiyi profilaktik və inzibati tədbirlərdən söz açıb. O, dini radikal və ekstremist fəaliyyətin ictimai təhlükəsizliyə açıq təhdid olduğunu bildirərək, ona qarşı müştərək mübarizənin vacibliyini vurğulayıb.

Sonda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Adıgözəl Bəşirov dövlət rəhbərliyinə dindarlara göstərdiyi qayğı üçün təşəkkürünü bildirib.

Seminar-müşavirə müzakirələrlə davam etdirilib. Milli-mənəvi dəyərlərimizi, cəmiyyətimizi, dövlətimizi zərərli dini cərəyanlardan, radikalizm və ekstremizdən qorumaq, bu sahədə fəaliyyətin effektivliyini artırmaq, müsbət nəticələr əldə etmək məqsədilə əlaqəli şəkildə vahid təbliğat aparmağın zəruriliyi vurğulanıb. Müşavirədə, həmçinin dini radikalizmlə mübarizədə maarifçilik işinin təşkilinə xüsusi önəm verilməsinin vacibliyi də diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Ceyhun ABASOV

 





12.09.2017    çap et  çap et