525.Az

Arakan qətliamı: bölgə uğrunda böyük güclərin toqquşması


 

"MYANMADA BAŞ VERƏNLƏRİ BÖLGƏNİ NƏZARƏT ALTINDA SAXLAMAQ İSTƏYƏN GÜCLƏRİN TOQQUŞMASI KİMİ QİYMƏTLƏNDİRMƏK OLAR"

Arakan qətliamı: <b style="color:red">bölgə uğrunda böyük güclərin toqquşması</b>

Myanma son illərin ən dəhşətli qətliamı ilə dünyanın diqqət mərkəzindədir. Cənub-şərqi Asiyada yerləşən bu ölkə hərbi rejim tərəfindən idarə olunur.

Əhalisinin 83 faizi buddistlərdən ibarət olan Myanmada müsəlmanlar vaxtaşırı kütləvi qətliama, sürgünə məruz qalır, hüquqları kobudcasına pozulur. Daha çox Arakan bölgəsində məskunlaşan Rohingya müsəlmanları təqib edilərək qətlə yetirilirlər.

Bu hadisələrin təməli 1942-ci ildə qoyulub. O vaxtdan başlayaraq Arakan bölgəsində müsəlmanlara qarşı amansız qətliamlara başlanılıb. 75 il ərzində fasilələrlə davam edən bu vandalizm aktları zamanı onminlərlə müsəlman öldürülüb, sürgünə məruz qalıb. Son günlər isə Arakan bölgəsində yaşayan Rohingya müsəlmanları yenə dəhşətli faciələr yaşamaqdadırlar. Ölkə hərbçiləri silahlı qruplaşmalarla mübarizə adı altında bölgədə yaşayan üç minə yaxın dinc sakini qətlə yetiriblər.

Arakanda müsəlmanların qətlə yetirilməsinin dünya mediasının əsas xəbərinə çevrilməsinə baxmayaraq, beynəlxalq ictimaiyyət, xüsusən də Qərb dövlətləri və Birləşmiş Ştatlar bu dəhşətli soyqırıma lazımi reaksiya verməyib. Yalnız İslam Əməkdaşlıq Təşkilatına üzv olan müsəlman dövlətləri Rohingya müsəlmanlarının qətliamına dair bəyanatlar yayaraq, insanların kütləvi şəkildə öldürülməsinin qarşısını almağa çağırış ediblər. Xüsusən Türkiyə daha kəskin çıxışlar edərək, qətliamın dayandırılmasını tələb edir. Vaxtilə Xocalı soyqırımına məruz qalmış Azərbaycan dövləti də Rohingya müsəlmanlarının taleyinə biganə qalmayaraq öz mövqeyini bildirib, Myanma hakimiyyətindən baş verən hadisələrin dayandırılmasını tələb edib.

Evlərindən qovularaq Banqladeşə sığınan Rohingya müsəlmanlarına Türkiyə, Azərbaycan və bir neçə başqa ölkə kömək əlini uzadıb, humanitar yardım göstərib. Lakin hər hansı bir Avropa şəhərində yaranan insani problemə qabarıq şəkildə yanaşan, onun həlli üçün ciddi addımlar atan xristian dünyası Arakan müsəlmanlarının ölümünə laqeyid yanaşmaqdadır. Beynəlxalq təşkilatlar və böyük güclər gözdən pərdə asmaq üçün bu qətliama qarşı yalnız müəyyən bəyanatlarla çıxış edir, soyqırımın dayandırılması və ya ərazilərindən qovulmuş insanların taleyi ilə bağlı heç bir qanun layihəsi qəbul etmir, qətliama obyektiv və hərtərəfli yanaşmayaraq, Myanma hakimiyyətinə qarşı ciddi tədbir görmürlər. Proseslərin gedişindən məlum olur ki, siyasi və iqtisadi maraqlarını ön plana çəkən Qərbin bu qətliama dair mövqeyi ikili standartlara söykənir. Təsadüfi deyil ki, Arakan qətliamına rəhbərlik edən Myanma lideri Aun San Su Çiji vaxtilə Qərbin Nobel Sülh Mükafatına layiq görülüb. İslam ölkələrinin təhsil elm və mədəniyyət təşkilatı - İSESCO bu mükafatın ondan geri alınmasını tələb etsə də, Nobel Sülh Mükafatı Komitəsi, yəni Qərb bu çağırışa müsbət cavab verməyib.

Məsələ ilə bağlı "525"ə fikirlərini bildirən politoloq Vüqar Zifəroğlu Myanmada baş verən hadisələri bölgəni nəzarət altında saxlamaq istəyən güclərin toqquşması kimi qiymətləndirir: "İstər Myanmada, istərsə də müsəlmanların kompakt yaşadığı dünyanın hər hansı bir nöqtəsində, əgər geosiyasi və geoiqtisadi maraqlar toqquşursa, o zaman yaşananların dəhşətindən və qətliamların miqyasından asılı olmayaraq münasibət təbii ki, ikitərəfli olur".

Politoloqun sözlərinə görə, faciəvi haldır ki, bu toqquşma Arakan müsəlmanlarının kütləvi şəkildə qətliamı ilə müşahidə edilir: "Halbuki, bu bölgədə yaşananlar yeni deyil və bunun təməli 20-ci əsrin 40-cı illərində qoyulub. Təbii ki, bu qarşıdurmada neft və qaz yataqlarının da önəmli və hətta həlledici rolu var. Bu o deməkdir ki, müəyyən çevrələr yeraltı təbii sərvətlərlə zəngin torpaqları "insansızlaşdırmaqla" nəzarət altında saxlamağa çalışırlar".

V.Zifəroğlu hesab edir ki, Rohingya uğrunda savaşan, rəqabət aparan qüvvələr çoxqütblüdür və onların hər birinin öz hədəfləri var: "Cənub-şərqi Asiyanın bu zəngin torpağında axan qanlar əslində, bu acımasız rəqabətin bir elementidir".

Zeynəb ƏKBƏR

 





12.09.2017    çap et  çap et