525.Az

Ermənistanın dini abidələrimizə qarşı terror siyasəti müsəlman dünyasına yönəlib


 

Ermənistanın dini abidələrimizə qarşı terror siyasəti müsəlman dünyasına yönəlib<b style="color:red"></b>

Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistan öz mənfur əməllərini həm də dini, tarixi, mədəni abidələrimizə qarşı həyata keçirir.
 
Erməni vandalları işğal olunmuş Azərbaycan ərazilərindəki abidələri talan etməklə bir tərəfdən tarixi torpaqlarımızı özününküləşdirməyə çalışır, digər tərəfdən isə terrorçuluq mahiyyətlərini bir daha ortaya qoyurlar. Azərbaycan dəfərlərlə bu məsələni beynəlxalq forumlarda, beynəlxalq təşkilatlarda qaldırıb.

Sentyabrın 10-da Qazaxıstanın paytaxtı Astanada keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiya üzrə birinci sammitində çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın təcavüzkar siyasətinə diqqət çəkib.

Dövlət başçısı bildirib ki, İƏT daim Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini dəstəkləyən ədalətli mövqe nümayiş etdirib və Azərbaycanın ədalətli mövqeyini əks etdirən bir çox qətnamələr qəbul edib.

Prezident vurğulayıb ki, Ermənistan 25 ildən çoxdur ki, Azərbaycanın əzəli, tarixi torpağı olan Dağlıq Qarabağı və digər yeddi rayonumuzu işğal edib. Bu təcavüz nəticəsində torpaqlarımızın 20 faizi işğal altına düşüb, bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın və köçkün vəziyyətində yaşayır. Ermənilər xalqımıza qarşı etnik təmizləmə siyasəti aparmışlar, Ermənistan hərbi cinayətlər törətmişdir.

Xatırladaq ki, ermənilər təkcə işğal etdikləri Azərbaycan ərazilərində deyil, həm də Ermənistan ərazisində olan Azərbaycana məxsus tarixi və mədəni irsə qarşı da eyni terror siyasətini həyata keçirirlər. Bu ilin martında Ermənistan Şuşa məscidi ətrafında qazıntılar aparmağa başlamışdı. Bir müddət əvvəl isə qəsdən Şuşa və Ağdam məscidlərinə donuz yerləşdirərək, dini abidələri xüsusi təhqir obyektinə çevirmişdi. İşğalçı Şuşa şəhərində Yuxarı və Aşağı Gövhərağa məscidləri ilə bərabər, Saatlı məscidi, Vaqifin Mavzoleyi, Natəvanın evi, karvansaray kimi arxeoloji abidələri dağıdıb, yandırıb, talan edib və təyinatını dəyişdirib. Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonu, Ermənistanla sərhəddə yerləşən Qazax rayonunun yeddi kəndi və Naxçıvan Muxtar Respublikasının Kərki kəndinin müvəqqəti işğalı nəticəsində 738 tarixi abidə, 83500 ədəddən çox eksponata malik 28 muzey, 4 şəkil qalereyası, 14 xatirə kompleksi və 1107 mədəniyyət müəssisəsi daxil olmaqla, 1891 ədəd maddi-mədəniyyət resursu talan və vandalizm obyektinə çevirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təsbit olunmuş siyahıda işğal altındakı torpaqlarımızda, təqribən, 403 tarixi dini abidə olduğu göstərilib. Onlardan 67-i məscid, 144-ü məbəd, 192-i ziyarətgahdır. Ermənilər tərəfindən ən çox dağıntılara və tələfata məruz qalan İslam dini abidələri, yəni məscidlər, türbələr və digər inanc yerləri olub. İşğal olunmuş ərazilərdə qalan və İslam dövrünə aid tarixi abidələrin xüsusi amansızlıqla dağıdılmasının səbəblərindən biri də onların üzərində müsəlman epiqrafiyası ilə yazıların olmasıdır. Məhz buna görə bu abidələri erməniləşdirmək və qeyri-Azərbaycan abidələri kimi təqdim etmək mümkün deyil. Elə bu səbəbdən də Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb.

Yuxarıda vurğulandığı kimi, Ermənistan ərazisində olan Azərbaycana məxsus tarixi və mədəni irs də eyni aqibəti yaşayır. Yerevandakı Dəmirbulaq məscidi yer üzündən silinib, Göy məscid isə orijinal xüsusiyyətlərinin dəyişdirilməsi məqsədilə "yenidən təmir edilib". Dağıdılmış arxitektura abidələri arasında XVIII əsrin ikinci yarısında Qara Seyid tərəfindən İrəvanda tikilmiş Hacı Novruzəli bəy məscidi, "Sərdar sarayı" və ya "Xan sarayı" adlı saraylar kompleksi də vardır. İrəvanın Sərdar məscidi də sistemli dağıntıya məruz qalıb və 2014-cü ildə tamamilə məhv edilib.

XİN-in hazırladığı "Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində İslam dininə aid tarixi və mədəni irsin məhv edilməsi" və "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı davam edən təcavüzü nəticəsində Azərbaycanın tarixi və mədəni irsinin dağıdılması və təhqir olunması" adlı hesabatlar UNESCO başda olmaqla, BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, ISESCO-ya, digər beynəlxalq təşkilatlara təqdim olunub.

Görülən işlərin nəticəsi olaraq isə İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam dininə aid tarixi və mədəni irsin və məbədlərin dağıdılması və təhqir edilməsi barəsində mütəmadi əsasda qətnamələr qəbul edilir. Sonuncu belə qətnamələr 2015 və 2016-cı ildə Küveyt və Daşkənddə keçirilmiş İƏT xarici işlər nazirləri şurasında qəbul olunub.

Ermənistanın bu kimi əməlləri 1954-cü il Haaqa və ya "Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair Konvensiya" və həmin Konvensiyanın 1999-cu ildə qəbul edilmiş İkinci Protokolu üzrə üzərinə götürdüyü öhdəliklərinin kobud şəkildə pozulmasıdır. II Protokolun 9-cu bəndi işğalçı tərəfin "işğal edilmiş ərazilərə münasibətdə" mədəni mülkiyyətin, istənilən arxeoloji qazıntı nümunəsinin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi və ya elmi sübut xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan etməsi və qarşısının alması kimi öhdəliyini təsbit edir.

Silahlı münaqişələr zamanı mədəni mülkiyyət və mədəni irsə qarşı qanunazidd əməllər beynəlxalq cinayət hüququ ilə hərbi cinayət hesab olunur. Ona görə də Ermənistanın bu mədəni vandalizm əməllərinə görə birbaşa beynəlxalq hüquqi məsuliyyəti var.

Beynəlxalq qurumlar, müsəlman ölkələri təkcə Azərbaycana, müsəlman dünyasına deyil, bütün bəşəriyyətə qarşı olan bu vandalizmə, erməni terror siyasətinə öz kəskin mövqeyini bildirməlidir.

PƏRVANƏ

 





12.09.2017    çap et  çap et