525.Az

Qədrini bilmədiklərimiz... - Orxan Aras Almaniyadan yazır


 

Qədrini bilmədiklərimiz... - <b style="color:red">Orxan Aras Almaniyadan yazır </b>

"bir kara haber de verdi bu akşam radyo
irene joliot curie ölmüş!
daha gençti.
yıllar var
bir kitap okudumdu...
ölenin anası üstüne yazılmış.
bir yerinde iki kız çocuğundan bahseder
satırlar gözümün önüne geldi
sarışın iki yunan heykeli gibi der
işte bu çocuklardan biri öldü
bilmem ki nasıl anlatsam
büyük bilgin
büyük adam
ama şimdi lösemiden ölen o sarışın kız çocuğu da
bu ölüm bana çok dokundu
İrene Jolio Küri için ağladım bu akşam". 

Nazim Hikmət Moskvadadır. İl 1956-cı ildir və məmləkətindən, yoldaşından, oğlu Məhmətdən ayrılalı tam beş il olmuşdur. Həsrətini bir az olsun soyutmaq üçün gah Praqaya, gah Buxarestə, gah Varnaya gedər və oradan oğlu Məhmətdən, həyat yoldaşı Münəvvərə həsrət dolu şeirlər yazar:

"Sen esirliğim ve hürriyetimsin
Çıplak bir yaz gecesi gibi yanan etimsin
Sen memleketimsin!"

Münəvvər də boş durmaz, ona yüzdən çox məktubla cavab verər. Hətta yazdığı bir məktubun başına "Canım, iştə yüzüncü məktubum", deyə yazar və belə davam edər:

"Bu gün heç yaxşı deyiləm. Bir az gəzdim, dolaşdım, çox toxundu anlaşılan, evə dönüncə uzanmağa məcbur oldum... Bir neçə il öncə "Marie Küri" kitabını oxumuşdum, o kitab yadıma düşdü... Onun iki qızından biri İrene Küri... Onun talassemiyadan ölmüş olması mənə təsir etdi... Nə qəribədir, İrene Jolio Küri üçün ağladım".

Münəvvər bu məktubu Nazim Hikmətə göndərir və Nazim də bu ölümdən təsirlənərək bu şeiri yazar:

"bu ölüm bana çok dokundu
İrene Jolio Küri için ağladım bu akşam".

Bəli, ölüm ürəyi olana toxunar. Uzaq da olsa, tanımasa belə təsir edər və ağladar...Amma bu ürəyi olan üçündür.

Münəvvər və Nazimi ağladan İrene Küri Madam Kürinin iki qızından biridir. Küri çox önəmli bir elm adamıdır. 1933-cü ildə yenə fizikaçı olan həyat yoldaşıyla süni radioaktivi kəşf edərək 1935-ci ildə Nobel Kimya Ödülünə layiq görülür və 1956-cı il martın on yeddisində Parisdə vəfat edir.

İrenenin anası Madam Küri 1867-ci ildə Varşavada doğulmuşur. O sıralar Polşa rus işğalı altındadır və bütün polyak gənclər kimi Maria da rus işğalçılarına nifrət etməkdədir. Daha tələbəykən ruslara qarşı fəaliyyətdə olmaqdan çəkinməmişdi. Həm oxuyur, həm də varlı bir ailənin evində xadiməlik edirdi. Çox keçmədən evində işlədiyi varlı ailənin oğluna aşiq oldu. Eşq ortaya çıxınca varlı ailə tərəfindən təhqir olunaraq evdən qovuldu, zəlil vəziyyətdə Varşavanı tərk edərək Parisə böyük bacısı Brenyanın yanına getdi. İki bacı Parisdə kiçik pəncərəli daracıq divarlar arasında yaşayaraq oxudular.

Marie Parisdə həm dayəlik edər, həm də Sarboniya Universitetinin fizika fakültəsinə yazılır. Qazandığı pul qarnını belə doyurmamaqdadır. Zaman-zaman soyuqdan titrər və aclıqdan halı dəyişərdi. Buna rəğmən universitetdə daha ikinci kursdaykən əlaçı olur.

Parisə gedişinin üçüncü ilində fizikaçı Pierre Küri ilə tanış olur. Pierre 35 yaşındadır və ondan səkkiz yaş böyükdür. Ailə qururlar. Əl-ələ verərək gecə-gündüz labarotoriyada işləyir və daha 31 yaşında əri ilə birlikdə Uraniumun radioaktiv dəyişikliyə uğramasından ortaya çıxan maddəni tapırlar. Marie tapdığı maddəyə ölkəsinin adı Polşanın  ismini verir və Polonium adlandırır.

1903-cü ildə əri Pierre və iş yoldaşı Bekerel ilə Nobel Fizika Ödülünə layiq görülürlər. Bu gənc qadın əzmi, çalışqanlığı və zəkası ilə adını dünya elm tarixinə qızıl hərflərlə yazdırır. Bu gün milyonlarca insanın hər gün xəstəxanalarda çəkdirdiyi rentgen filmləri də bu çalışqan qadının əsəridir.

Madam Küri 1934-cü il iyulun dördündə hələ 67 yaşına girmədən radioaktiv şüaların səbəb olduğu qan xərçəngindən Fransada vəfat edir.

Albert Einstein onun üçün "Şöhrətin korlamadığı tək insan Madam Küridir" demişdir.

Madam Küri 24 yaşında tərk etdiyi ölkəsi Polşaya bir daha geri dönməməsinə rəğmən Polşa  onun adını ölümsüzləşdirir və Madam Kürinin adı Polşa ilə adətən eyni dəyərə gəlir.

Mədəni ölkələr yetişdirdikləri insanlar və onların elmdə etdikləri kəşflərlə öyünərlər. Durmadan bayraq yelləmək, yalançı vətənsevər populist çıxışlar etmək, olmayacaq xəyallar arxasınca qaçmaq mədəni insanların işi deyildir. Bir Madam Küri bir Polşa deməkdir. Bunu hər polyak bilir. Amma şöhrətpərəst, mənfəətpərəst, şüarçı kəslər nə Madam Küriləri tanıyarlar, nə də ölkələrində bir Madam Küri olmasını istəyərlər.

Bütün bunları azərbaycanlı elm adamı mərhum Lütfi Zadənin ölümü üçün xatırladım və oxuculara da xatırlatmaq istədim. Bizlər nə Lütfi Zadələrin, nə də dünyada ən çox tanınan bir ədəbiyyatçı olan Əsəd Bəylərin qədrini bildik. İkisinin də ruhu şad olsun!

 





12.09.2017    çap et  çap et