525.Az

Türküstanda VIII Türk Dünyası Ədəbiyyat Dərgiləri Konfransı


 

Türküstanda VIII Türk Dünyası Ədəbiyyat Dərgiləri Konfransı <b style="color:red"></b>

Türk Dünyası Mədəniyyət Paytaxtı olan Türküstan şəhərində 18 ölkədən seçilmiş 32 ədəbiyyat dərgisinin baş redaktorları bir araya gəliblər. Bu il səkkizinci dəfə təşkil olunan Türk Dünyası Ədəbiyyat Dərgiləri konfransı bu gün - 12 sentyabrda başlanıb və ayın 14-dək davam edəcək.

Avrasiya Yazarlar Birliyi və TÜRKSOY-un birgə düzənlədiyi konfrans Türk İşbirliyi və  Koordinasyon Ajansı Başkanlığı  - TİKA tərəfindən də dəstəklənir.

İlk dəfə 2007-ci ildə İstanbulda keçirilən Türk Dünyası Ədəbiyyat Dərgiləri konfransı daha sonra növbəylə 2 dəfə Ankara, Kipr Türk Cümhuriyyətinin (KTTC) Lefkoşe, Qazaxıstanın Astana, Türkiyənin Əskişəhər və Tatarıstanın Kazan şəhərlərində təşkil olunub.


TÜRKSOY tərəfindən Türk Dünyası Mədəniyyət Paytaxtı layihələri başlandıqdan sonra hər il Mədəniyyət Paytaxtlarında toplanan seçkin ədəbiyyat dərgiləri rəhbərlərinin bu növbəti yığıncağında bu il Altay, Azərbaycan, Başqırdıstan, Dağıstan,  Qaqauziya, Xakasiya, Qaraçay-Malkar, Qazaxıstan, Qırğızıstan, Krım, Kosova, Makedoniya, İraq, İran, KKTC, Özbəkistan, Tatarıstan və Türkiyə təmsil olunur. Əhməd Yəsəvi Türbəsinin ziyarətindən sonra təşkil olunan açılış mərasimi ilə konfrans öz işinə başlayıb. Açılışda tanınmış özbək yazıçısı Şükrullaha Türk Dünyasında İlin Ədəbiyyat Adamı mükafatı təqdim olunub. Mükafat hər konfransda iştirakçıların ortaq qərarı ilə verilir. Daha öncə bu mükafatı Türkiyədən şair Əli Ağbaş, Azərbaycandan Xalq yazıçısı Anar, Qazaxıstandan Tölən Abdik, Qırğız Xalq şairi Omor Sultanov və KKTC-dən roman ustadı İsmayıl Bozqurd alıblar.

Türkiyənin tanınmış elm adamlarından professor İlber Ortaylının "Tarix boyunca Türk Dünyası Mədəniyyətində Türküstan" mövzusunda mühazirəsi təqdim olunacaq.

Türk Dünyasında ədəbi əlaqələrin inkişafı üçün həyata keçirilə biləcək layihələrin müzakirə ediləcəyi toplantıda 2017-ci ilin Türk Dünyasında İlin Ədəbiyyat Adamı da seçiləcək.

Şahanə MÜŞFİQ

 





12.09.2017    çap et  çap et