525.Az

"Bitməmiş son"un təəssüratları


 

"Bitməmiş son"un təəssüratları<b style="color:red"></b>

Uşaqlıqda hansı bir əsəri oxuyurdumsa, uzun müddət o kitabın təsirində qalırdım. Hətta xeyli vaxt tanış olduğum qəhrəmanların taleyini düşünür və onların həyat hekayələrini unuda bilmirdim.
 
Etiraf edim ki, bəzi surətlərin sonda yazıçıdan fərqli olaraq ömür yolunu da özüm istədiyim məcraya yönəldir və təxəyyülümdə onları düşündüyüm kimi əbədiləşdirirdim. Sonluğu faciə ilə bitən əsərin qəhrəmanının ölüm səhnəsinə ona görə də qəti təəssüflənməzdim. Çünki bilirdim ki, acı sonluq yaşamağa haqqı olan bir müsbət qəhrəmanın hafizəmə köçməsini əngəlləyə bilməz...

Yaşımın üstünə yaş gəldikcə, illəri yola saldıqca bir çoxları kimi bədii ədəbiyyata tam fərqli rakursdan yanaşmağa başladım. Reallıqda insanların dramatik həyatını eşitdikcə, gündəlik rastlaşdığımız bir-birindən ağır olayların şahidi olduqca ədəbiyyatdan demək olar ki, yavaş-yavaş uzaqlaşırdım. Ara-sıra oxuduğum əsərlərdə də diqqətçəkən məqamlara az-az rast gəlirdim. Son günlər oxuduğum bu kitab əlimə düşənə qədər...

Tələbə qızım yay tətilinə buraxılarkən sevimli müəllimi professor Cəlal Qasımov onlara Seymur Şeydayevin "Bitməmiş son" kitabını hədiyyə verib və oxumağı tövsiyə edib. Alimin nəyə görə əsərə önəm verdiyini və oxunmasını məsləhət bildiyini öyrənmək istəyi ilə kitabı vərəqləmək qərarına gəldim...

Müəllif "Bitməmiş son" kitabında eyniadlı povesti və üç hekayəsində həyatda baş verən gerçək hadisələrdən söhbət açıb, onu tam reallıqla oxuculara nəql edir. Hadisə necə baş veribsə, onu eləcə olduğu kimi bəzəksiz, düzəksiz, bədii boyasız öz təbii fonunda təsvir edib. Onun əsərindəki Qəmər surəti çoxlarımızın tanıdığı minlərlə analarımızdan biri olan Azərbaycan qadınının ümumiləşdirilmiş obrazıdır. Övladını təkbaşına böyüdən bu ana əri öləndən sonra gözünün ağı-qarası olan bircə balasına atasının yoxluğunu hiss elətdirməyib. Bir əli torpağında, bir əli də bağında-bahatında olub, 3 yaşındakı ciyərparasının sağlam böyüməsi üçün illərini ona həsr edərkən bir dəfə də olsun yoruldum deməyib. Ürəyinin yağını yedirib, gözünün nurunu bəxş etdiyi yeganə övladını Bakıya ali məktəbə yollayıb. Oğlu ali məktəbə girən gün ananın keçirdiyi həyəcan və sevinc hissələri bizə nəinki bu əsərdən, eləcə də hər birimizin ailəsində yaşanılan, canlı şahidi olduğumuz tanış səhnələrdir.

Oğul anasını kənddə damın altında tək qoyub məlum səbəbdən şəhərə, yəni oxumağa gəlir.

Əsərin süjet xətti həyatda olmuş hadisə üzərində qurulub. Özü də belə hadisə bir ailənin faciəsi deyil, bir neçə dəfə eşitdiyimiz və tez-tez qarşılaşdığımız cəmiyyəti narahat edən olaylardandır. Real həyatda kənddən şəhərə oxumağa gələn bəzi qızların yolunu azdıqlarının dəfələrlə şahidi olmuşuq ki, onların əməlləri ailəsinə başıaşağılıq gətirib. El-oba içərisində valideynlərini xəcil ediblər. Ancaq oğul səhv edəndə daha ağır faciələr olurmuş. Bir ocağın işığı sönürmüş, yurdun qapıları bağlanırmış, nəslin, soykökün şəcərəsi kəsilirmiş.

"Bitməmiş son" povestindəki Qəmər ana obrazı həyatda çoxlarımıza rast gələn sürətlərdən biridir.

Deyirlər ki, analar övladının səhvini bağışlamağı bacarır. Görəsən, bəs niyə Qəmər ana Rüstəmi əfv etmir? Bir oxucu kimi, özüm də ana olduğum üçün və eləcə də atasız böyüyüb, Qəmər ananın taleyi kimi ağır məşəqqətlər içərisində yaşayan bir ananın övladı olduğuma görə Rüstəm kimi oğulu bağışlaya bilmərəm. Çünki nə olursa olsun, insan öz səhvini düzəltməyi, iradə nümayiş edirməyi bacarmalı, anasının haqqını qaytarmağı düşünməlidir.

Rüstəm isə aciz insandır. Uğursuz izdivacdan doğulan övladlarına boğazına dolanan kəndir kimi saymasına, ailə qurduğu qadına əfi ilan kimi baxmasına baxmayaraq, onlardan ayrılmağa cürəti çatmayan zəif xarakterli bir obrazdır. Ona görə də acizliyinə görə vəziyyətdən çıxış yolu tapmaqda çətinlik çəkir. Belə tale yaşayan xeyli insan tanıyıram və bilirəm ki, onlarla siz də qarşılaşmısınız. Həyatı boyu nələr çəkdiyini görmüsünüz, öz əli ilə özünə qəbir qazan, ömrünü zindana çevirən fərdlərdən biridir "Bitməmiş son" povestinin qəhrəmanı. Rüstəmin səhvi nədə olub? Qəmər ananı hiddətləndirən və oğlunu bağışlamamasının səbəbi nədir? Bu haqda ətraflı danışıb nələrin baş verdiyini tam açıqlamaq istəmirəm. Yaxşı olar ki, oxucular əsəri özləri oxusunlar.

Povestdəki Zeynəb arvad, Gülgəz, Fidan, Mirpaşa əmi və b. obrazlar da bizə həyatımızda rast gəldiyimiz tanış simalardır. Kənddə birinin yurd yeri oğulsuz qalanda elatın xeyirxah insanları tez kömək əlini uzadar, ev sahibinin köməyinə çatar. Ona kimsəsiz olduğunu hiss etdirməzlər. Qəmər ananın dərdini elin-obanın yaxşı insanları, mehriban və qayğıkeş kənd camaatı ovundurmağa cəhd etsə də, onun ürək ağrısına məlhəm ola bilmirlər.

Professor Cəlal Qasımovun tələbələrə belə bir əsəri tövsiyə etməsi həqiqətən alqışlanmalıdır.

Zənnimcə, bu cür mövzuların bədii ədəbiyyatda əksi və gənclərə təbliği çox gərəklidir.

Gəncliyin ən maraqlı yaddaqalan dövrü tələbəlik illəri hesab olunur. Kənddən şəhərə gələn, bir qarnı ac, bir qarnı tox kirayələrdə, yataqxanalarda yaşayan bir qrup gənc illər sonra keçmişləri nostalji ilə yada salırlar. "Bitməmiş son" kitabında mən də addımladığım yollardakı izlərə, yaddaşımda əbədiləşmiş adlara, məkanlara rast gəldim. Seymurun hekayələrində universitet həyatından bədii lövhələr, yataqxana mühitindən ştrixlər, tələbə şəhərciyindəki ərzaq mağazamızda durduğumuz növbələr, "Kvant" restoranında tələbə yoldaşlarımızın "komsomol toyları", hekayədə fakültədəki müəllimlərin adları dəqiq çəkilməsə də, öz şəxsi keyfiyyətlərinə görə illər sonra da adi bir bədii ifadədən tanımağım insanlar, ali məktəbi bitirib Bakı küçələrində iş axtarmaq istəyi ilə keçirdiyimiz nigarançılıq, daha nələr, nələr...

Ona görə də "Bitməmiş son" əsərini həvəslə oxudum və gəncliyimizə də cəmiyyəti narahat edən aktual mövzularda yazılmış belə əsərlərin təbliğ olunmasını istəyirəm. Belə kitablara milli ehtiyacımız olduğu üçün müəllifə yaradıcılıq yollarında uğurlar arzulayıram.

 





12.09.2017    çap et  çap et