525.Az

Yüz gözəl sevgi şeiri- “... desəm artıqdır, ÖZün bilirsən!”


 

PƏRVİNin təqdimatında

Yüz gözəl sevgi şeiri- <b style="color:red">“... desəm artıqdır, ÖZün bilirsən!” </b>

Ən bəsit sevgi mətnlərindən tutmuş, melodramlara, lap elə şedevr romanlara qədər hamısında  gülüşün hisslərə, münasibətlərə təsirindən hansısa şəkildə söz açılır. Yəni toqquşmaq, qovuşmaq və ömürlük belə yaşamaq üçün gülüş bu qədərmi vacibdir? Əlbəttə... Axı 1-2 dəqiqə ünsiyyətdə olduğumuz satıcıdan da xoş münasibət, təbəssüm umuruqsa, ömür sərf etdiyimiz Yarımızın şirin davranışını niyə arzulamayaq?! Yaxud tanımadığımız, yad hesab etdiyimiz adamlara nəzakət xatirinə mehriban münasibət göstəririksə, bunu  bizdən gözləyən və bəzən də dərman kimi, həb kimi qəbul edib şəfa, rahatlıq tapan sevdiyimizdən niyə əsirgəyək?! Şübhəsiz, əsl, uzunömürlü sevgi yaşamaq və yaşatmaq niyyətimiz varsa... Doğrusu, “quru bəy”lərin qupquru, səssiz-sözsüz “məhəbbət”inə bir qədər skeptik yanaşıram. Axı necə ola bilər ki, sevdiyinə iki kəlmə xoş sözü, isti münasibəti çox görəsən... Və ömrün hansısa mərhələsində sinənə döyüb “mən də sevə bilirəm” deyəsən.

...Sevgi həm də iti, düzgün, həssas reaksiyadı, sözlü, ya da sözsüz dialoqdu. Və bu dialoqa eyni hadisələrə heyrətlənmək, eyni musiqilərdən zövq almaq, eyni əsərlərdən kövrəlmək, baş-başa verib bəlkə çox-çox uzaq gələcəkdə ola biləcək faciəyə, itkiyə ağlamaq, adi adamlara kənardan çox mənasız görünən nələrəsə qəhqəhə çəkib gülmək daxildi... Onu deyirdim, gülmək. Məncə, Qadın sevdiyinin yumorunu hara qədər başa düşə bilirsə, ora qədər sevir. Və bu mənada təbəssümü, gülüşü ürəyin xəbərçisi hesab eləmək olar. Düzü, qınayan olmasaydı, gülüşü sevgi iliksiri, enerji içkisi də adlandırardım. Çünki əslində müasir zamanda indikilərin dilinin əzbəri olan “pozitiv enerji” məhfumu səmimi təbəssümdən, təbii, içdən gülüşdən başqa bir şey deyil... 

Mikayıl Müşfiq o iliksirin də, içkinin də dadını duyub və aldığı zövqün təsvirini bütün incəliyi və gözəlliyi ilə “Sənin gülüşlərin” şeirində verib. Şübhəsiz ki, Müşfiq kimi böyük sənətkar hisslərini ən zərif poetik üsullarla, yollarla ifadə edir. Bu öz yerində! Amma mənə görə şeirin əsas gözəlliyi aşiqin sevdiyi Xanımın gülüşünə heyranlığını və ən vacib məqam, ondan asılılığını tam, bütöv halda göstərməsidi. Bu gülüşlərdən Müşfiqin şeirinin ahəngi, ruhunun işığı, canlanan baharı, axan suları, gül açan arzuları və daha nələri, nələri asılıdı. Məhz asılı! Bu mənada, şeirdən çıxan məntiqlə gülüşü asılılıq yaradan “maddə”lər siyahısına da aid eləmək olar. Çünki onun varlığı nə qədər sevindirirsə, qanadlandırırsa, ucaldırsa, kasadlığı beş o qədər  bədbəxt edir... Və Sən də Müşfiq kimi... günlərin birində o gülüşsüz nəfəsinin kəsildiyini, qala bilmədiyini görəndə təəccüblənmə... Belə olur!  Sən də GÜL!

Mikayıl Müşfiq: “Sən güldüyün zaman bu şad günümdə...”

Qarşımda nazlanıb yenə gülürsən,
 Bilsən gülüşlərin nəyə bənzəyir?
 Mən desəm artıqdır, özün bilirsən,
 Lalə yarpağında şehə bənzəyir.

 Sənin gülüşlərin bir rüzgar kimi
 Əsərkən arzumun gülü açılır.
 Gülsə dodaqların ulduzlar kimi
 Ruhuma bir sərin işıq saçılır.

Söylə, gözəllərin dodaqlarından
 Bu oynaq gülüşlər umulmuşmudur?
 Sənin hər qəhqəhən ay kənarından
 Keçən buludmudur, uçan quşmudur?
 
 Sənin gülüşlərin yaz səhərindən
 Hissimə, fikrimə sanki rəng alır.
 Gül ki, şeirlərim gülüşlərindən
 Qırılmaq bilməyən bir ahəng alır.
 
 Sən güldüyün zaman bu şad günümdə
 Açılır qarşımda, canlanır bahar,
 Bəzən baş ucumda, bəzən önümdə
 Şimşəklərim çaxar, sularım axar.
 
 Cahan ki, solmayan bir bağça-bağdır,
 Burda rəvamıdır gülmədən ölmək!
 Yazıq o şəxsə ki, qaraqabaqdır,
 Nə qədər yaraşır insana gülmək!

 





27.05.2013    çap et  çap et