525.Az

Oralarda kimlər var: Aslan Qəhrəmanlı


 

Oralarda kimlər var:<b style="color:red"> Aslan Qəhrəmanlı</b>

SƏHİFƏMİZİN QONAĞI ASLAN QƏHRƏMANLIdır
ONUN YENİ PARODİYALARI
 
 
TOFİQ ABDİN – Tanınmış şairlərimizin şeirlərinə parodiyalarından bəzilərini oxumuşam.Nə zaman və nədən bu parodiyaları yazmağa başladın?
ASLAN QƏHRƏMANLI – Hər hansı əsərə yumoristik baxış bütün dünyada geniş yayılmışdır.Tarixi və detektiv romanlara, şeirlərə çoxlu parodiya yazılmışdır və indi də yazılmaqdadır. Lakin Azərbaycanda bu,demək olar yoxdur.Əvvəllər şairlər bir-birinə dostluq şarjları yazardılar,indi o da unudulub.Səbəbi isə bizim yazıçıların bir az dəymədüşər olmaları,zarafatı qəbul etməmələridir.Rusların İvanov soyadlı bir parodiyaçısı vardı,az-çox tanınmış bütün şairlərin əsərlərinə parodiyalar yazmışdı və hətta konsertlərdə çıxış edirdi.Şeirə parodiya şairi yazdıqlarına görə daha məsuliyyətli olmağa məcbur edir.Mən Səməd Vurğundan Qulu Ağsəsə qədər şairlərimizin çoxunun şeirlərinə parodiya yazmışam.Bilirəm ki,şairlər məndən inciyirlər,bunu görüşəndə onların soyuq salamlaşmalarından duyuram.
TOFİQ ABDİN : O xatanın bir ucu da gəlib mənə çıxır.
 
 
 
SƏNƏTKARIN BİR GÜNÜ
 
O gəldi evinə, at-at,
Qızı yüyürdü qabağına, don-don,
Oğlu diyirləndi, dərs-dərs,
Arvadı suyuldu, ot-ot,
Televizor-televizor yoruldu kişi.
Qəşəm Nəcəfzadə
 
lll
 
Sümükdə heç yoxdur bir damcı, ət-ət,
İştahla gəmirir qapıda, it-it,
Gözünü bərəldir acıqlı, öt-öt,
Ona bir iri daş atır sənətkar.
 
lll
 
Maşınlar yollarda sürünür, tır-tır,
Bürküdən təngləşir nəfəsi, tər-tər,
Gözləri qaralır pis görür, tor-tor,
Axır iş yerinə çatır sənətkar.
 
lll
 
Hamı yerindədir orada, küt-küt,
Stolun üstündə kompüter, çat-çat,
Açır, şeirini o yazır, bit-bit,
Aləmi aləmə qatır sənətkar.
 
lll
 
Evinə qayıdır, yuyunur, şır-şır,
Uşaq beşiyində ağlayır, zır-zır,
Yorğundur, uzanır yerinə, xor-xor,
Başını bürüyüb yatır sənətkar.
 
lll
 
BİZİM KÜÇƏDƏ
 
 
hə, qardaşım,
orda ki qan dizə çıxır
orda ki bir-birinin qanına
susayır adamlar
həyat var deməli
həyat var deməli həyatın
yoxa çıxdığı yerdə
 Zahir Əzəmət
 
lll
 
Sənin küçəndə, mənim küçəmdə
zirzəmilərdə, tinlərdə
bir-birinin qanına susayır adamlar
öldürürlər kim isə yoldan keçəndə
kim isə dalanda
tək olanda
zirzəmilərdə isə
qan dizə çıxır
hamımız yaxşı bilirik ki,
həyatın yoxa çıxdığı yerdə həyat var
ən yaxşı yer isə ölülərin basdırıldığı yerdir
biz bir-birimizi qıracağıq və küçəmiz
qəbristanlığa dönəcək
əsl həyatı onda görəcəyik
hər şeyi çox gözəl bilir öldürülənlər
onların torpağa qarışdığı yer
yəni bizim gələcək küçəmiz
əsl həyat küçəsi olacaq
onda başlayacaq
bizim işıqlı gecəmiz.
 
lll
 
İŞIQDA  YATAN  İT
 
ey dili qafil fil faili məchul fani f...
qaranlıqda
işığın düşdüyü yerdə bir it uzanıb yatır
it işıq üstə yatıb bu nə qədimlik
bu nə çərxi-fələk tərki dünyalıqdır
itin yatdığı yerdə
topraq üstəki ışıq iti bətninə alıb
tanrı naxışı vurub işığa iti
işığı itə salıb
Xanəmir
lll
 
ey dili qafil filfilo fil fani f...
qaranlıqdır bayırda
otağın balaca alaca pəncərəsindən
həyətə işıq düşür
işığın düşdüyü yerdə
bir it uzanıb yatır
başa düşmürəm
it işığın üstündə yatıb
yoxsa işıq itin üstünü örtüb
bu it röyasında yasında anasını görür
dəniz iz kənarında öldürülmüş anasını
işıqda yatıb ki onu da görsünlər öldürsünlər
getsin anasının yanına
otaqda söndürdülər işığı
it qaldı qaranlıqda
çox keçməmiş oyandı yandı andı
durub getdi işıq axtarmağa
tapa bilmədi
çünki həyətin hündür hasarı vardı
qapı da bağlıydı
şöngüdü çəpərin dibində
gözləmək üçün sabahkı axşamı şamı
çünki oişıqda yatan itdir.
Sağlıq olsun
gələn dəfə qaranlıqda yatan it haqqında
şeir yazacam azacam acam cam.
 
lll
 
DAHİYANƏ BİR BEYTİN
RİYAZİ TƏHLİLİNƏ 
AİD MÜHAZİRƏ
 
... gəlin tək və cüt hecaların sayını toplayaq. Təkdən başlayaq:
  9+7+7+11+7+11+13+11+9=85=8+5=13=1+3=4.
 
Bu isə cüt hecalar:
8+10+10+8+4+8+8+12+8=76=7+6=13=1+3=4.Şərhə ehtiyac yoxdusa da biz başqa bir dəqiqləşdirmə də  aparaq. Bu dəfə isə  hecaların təklik və cütlük saylarını toplayaq:
təkliklər:
1+3+2+1+3=10;
cütlüklər:
3+1+2+3+1=10. Cavablar eynidir.
 
Səlim Babullaoğlu
 
lll
 
Bu günkü mühazirəmizdə şeirlərin riyazi təhlilinə aid yeni üsulla tanış olacaq və dahiyanə bir beytin  sirlərini öyrənəcəksiniz. Əvvəlcə lövhəyə diqqətlə baxın. Burada beş bənddən ibarət bir şeir yazılmışdır və hər misranın qarşısında hecaların sayı göstərilmişdir. Hecaların sayının 8, 10, 10, 9, 7, 8, 7, 11, 4, 7, 8, 13, 8, 8, 12, 13, 7, 8, 11, 9  olduğunu görürsünüz. Tək və cüt hecalı sətirlərin sayı eynidir: hərəsi 10 dənədir. Şeirin əsl gözəlliyi də elə buradan görünür. Baxın, lövhədə onlar toplanmışdır:
  
9+7+7+11+7+11+13+11+9=85= 8+5=13=1+3=4;
8+10+10+8+4+8+8+12+8 =76= 7+6 =13= 1+3=4.
 
Şərhə ehtiyac yoxdur. Var? Nə var? Aydın deyil? Misraların sayı niyə 18 oldu? Gəlin bir-bir sayaq. 9 və bu da 9. Eybi yoxdur bu saat düzəldərik. Siz də fikir verin, səhv olmasın:
 
9+7+7+11+7+13+13+7+11+9 = 94 = 9+4= 13= 1+3= 4;
8+10+10+8+4+8+8+8+12+8 =  84 = 8+4 = 12= 1+2= 3.
 
Zəhrimar niyə belə alındı? Eybi yox, düzəldərik. Nədir? Bərkdən de. Bərabərliklər səhv yazılıb? 85=4 ola bilməz? 84=12 ola bilməz? Niyə ola bilmir? Bu üsulda nəzərə almışıq ki, hər şey olar. Təki araşdırılan şeirin həqiqi poeziya nümunəsi olduğu görünsün. Burada bir cüzi anlaşılmazlıq oldu. Sonuncu rəqəm 3 yox,  4 olsaydı, daha yaxşı olardı. Lakin bu, üsulun dəqiqliyinə xələl gətirmir. Hövsələsizlik eləməsəniz, indicə görəcəksiniz.
Siz hamınız görkəmli yazıçımız Əbdürrəhim bəy Haqverdiyevi yaxşı tanıyırsınız. O, Mirzə Səfər adlı bir şairin öz atası ilə birlikdə yazdığı beyti mətbuata gətirsə də, bu şedevr indiyə qədər ədəbiyyatşünaslarımız tərəfindən tədqiq edilməmişdir. Beyt belədir:
 
Darvazamızı fələk  vurubdu!
Sən tək bişüuru mənə veribdi!
 
Hecaları sayaq. Birinsi misra 10, ikinci misra 11 hecadan ibarətdir. Tək və cüt hecalı misraların sayı eynidir. Bayaqkı üsuldan istifadə etsək,
10 =1+0 = 1;  11 = 1+1 = 2 
alarıq.  Bu rəqəmlər misraların nömrələrini göstərir. Bundan əlavə birinci misrada 3 söz, ikincidə 5 söz var. İkinci rəqəmdən birincisini çıxsaq, 2 alınacaq. Yəni şeir cəmisi iki misradan ibarətdir.
Beytin daha qəribə xüsusiyyətləri var. Onlardan birneçəsini göstərək.
Birinci misradakı hərflərin sayı 11+5+7=23, ikinci misrada isə  3+3+7+4+7=24   olması onun əlamətidir ki, birinci misra 23-cü olsaydı, növbəti misra 24-cü olacaqdı; yəni bu sətirlərin yerini heç cür dəyişmək olmaz.
Hərflərin ümumi sayının  23+24 = 47 = 4+7=11=1+1=2   olması yenə də şeirdə misraların sayının göstəricisidir.
Beytdə əlifbamızın 12 hərfindən istifadə edilməmişdir. Fikir verin 1 və 2, yəni şeir yalnız 1-ci və 2-ci sətirdən ibarətdir.
Mən yalnız riyazi təhlildən danışdım. Darvazanın geniş yola çıxmaq üçün açıldığını, fələyin həmin darvazanı barmağı, yoxsa yumruğu ilə döydüyünü, insanın əvvəlcə şüursuz məxluq olduğu və sonra ağıllandığını çox güman ki, gələcəkdə böyük alimlərimiz tədqiq edəcəklər.
Amma hələlik buradan belə nəticə çıxır ki, Mirzə Səfər atası ilə birlikdə dahi şair olublar və yaxşı ki, Ə. Haqverdiyev onların şeirini əbədiləşdirib. Yeri gəlmişkən, Əbdürrəhim adında 10 hərf, Haqverdiyev soyadında 11 hərf var. Ədədlər gördüyünüz kimi, şeirin hecaları ilə üst-üstə düşür. Bunu qətiyyən təsadüf hesab etmək olmaz. Yekun olaraq onu demək lazımdır ki, Ə. Haqverdiyev 1870-ci ildə doğulmuş, 1933-cü ildə vəfat etmişdir. Hər iki ədədin rəqəmlərini toplasaq, eyni ədədi, 16-nı  alarıq. Buradan 1+6=7 müqəddəs rəqəmlərdən biri alınır və yazıçının araşdırdığımız şeir nümunəsini misal gətirməsi tamamilə qanunauyğun hesab edilməlidir.

[email protected]
tofigabdin.com

 

 





27.05.2013    çap et  çap et