525.Az

BDU-nun Filologiya fakültəsində birinci kurs tələbələri ilə görüş


 

BDU-nun Filologiya fakültəsində birinci kurs tələbələri ilə görüş <b style="color:red"></b>

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində 2017/2018-ci tədris ili üzrə qəbul olunmuş I kurs tələbələri ilə görüş keçirilib.

Görüşdə fakültə rəhbərliyi, kafedra müdirləri, müəllimlər və gənc əməkdaşlar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan fakültə dekanı dosent Elçin Məmmədov tələbələri yeni dərs ili münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb. Universitetlə yaşıd olan Filologiya fakültəsinin tarixi, elmi mühiti, kadr potensialı haqqında məlumat verən dekan son illər burada görülən işlərdən, yeniliklərdən, perspektivlərdən bəhs edib, tələbəlik illərinin yaddaqalan məqamlarından danışıb. Bildirib ki, fakültədə fəaliyyət göstərən Tələbə Elmi Birliyi, "Söz" Yaradıcılıq Birliyi, "Folklorşünaslıq" dərnəyi istedadlı tələbələrin üzə çıxarılması istiqamətində mühüm işlər görməkdədir.

Çıxış edən professorlar Tofiq Hüseynoğlu, Nizami Xəlilov, Ramiz Əskər, TEB-in sədri Pərvin Eyvazov və başqaları Azərbaycanda ictimai-siyasi və filoloji fikrin inkişafında BDU-nun Filologiya fakültəsinin tarixi xidmətlərindən, buradakı tədris prosesindən söz açıb, tələbələrin universitetin elmi-mədəni və ictimai həyatındakı fəallığının əhəmiyyətini vurğulayıblar. Sonra I kurslar üzrə tyutor N.Əliyeva tələbələrə Bolonya prosesi ve kredit sistemi haqqında məlumat verib, onların qruplar üzrə bölgüsünə aydınlıq gətirib. Sonda tələbələrin sualları cavablandırılıb.

Qeyd edək ki, bu tədris ilində 294 nəfər abituriyent (267-si əyani və 27-si qiyabi) BDU-nun Filologiya fakültəsində təhsil almaq imkanı əldə edib. Onlardan 197-si Azərbaycan, 97 nəfəri isə rus bölməsinə düşüb.

ŞAHANƏ

 





13.09.2017    çap et  çap et