525.Az

Ədəbiyyatımızda milli düşüncə konsepsiyası ilə bağlı tədqiqat nəşr edildi


 

Ədəbiyyatımızda milli düşüncə konsepsiyası ilə bağlı tədqiqat nəşr edildi<b style="color:red"></b>

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun və həmin İnstitutun Dilçilik şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın həmmüəllifi olduğu "Azərbaycan ədəbiyyatında milli düşüncə konsepsiyası və Azərbaycançılıq  ideologiyası" adlı monoqrafiya çapdan çıxıb.

"Elm və təhsil" nəşriyyatında çap olunan kitabın elmi redaktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, rəyçiləri - AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevadır.

Monoqrafiyada milli düşüncə konsepsiyası və Azərbaycançılıq ideologiyasından bəhs olunur.  Həmçinin, Azərbaycançılıq məfkurəsinin milli ideologiya kimi müəyyənləşməsində ümummilli lider Heydər Əliyevin göstərdiyi misilsiz xidmətlər əsərdə özünə yer tapır. Eyni zamanda, ana abidəmiz olan "Kitabi-Dədə-Qorqud" dastanından başlamış böyük şair və yazıçılarımızın yaradıcılığında özünə əsas yer tutan milli ideologiya monoqrafiyada ciddi təhlil olunur.

Görkəmli Azərbaycan ziyalıları Məhəmməd ağa Şahtaxtlı, Cəlil Məmmədquluzadə, Əhməd Cavad, Məmməd Səid Ordubadi, o cümlədən, XX əsrin ortalarından sonlarına doğru Mir Cəlal, Məmmədhüseyn Şəhriyar, Məmməd Araz, Bəxtiyar Vahabzadə kimi şair və yazıçılar milli-ideoloji məsələləri uğurla əks etdiriblər ki, bütün bu məsələlər müəlliflər tərəfindən kitabda təhlil və təqdim olunur.

Yeni nəşr ali məktəb tələbələri, müəllim, elmi tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 





13.09.2017    çap et  çap et