525.Az

Min kitablıq işığın ünvanı, yaxud Cocuq Mərcanlıya bir səfərin təəssüratı - Fotolar


 

Min kitablıq işığın ünvanı, yaxud Cocuq Mərcanlıya bir səfərin təəssüratı - <b style="color:red">Fotolar</b>

Avtobusumuz təzə çəkilmiş, rahat asfalt yolla şütüyür. Göz işlədikcə uzanan dərə-təpəli çöllük, qıvrılaraq uzanan yol... Cocuq Mərcanlıya üz tutmuşuq. İşğal altında olan torpaqlarımızın döyünən ürəyinə çevrilmiş kəndə. Özümü işıq savaşçısı kimi hiss edirəm. Missiyamız da elə işıq daşımaqdır, Bakıdan Cocuq Mərcanlıya min kitablıq işıq aparırıq.

Sentyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə, kütləvi informasiya vasitələri nümayəndələri Cocuq Mərcanlıda səfərdə oldular. Nümayəndə heyətinə fondun icraçı direktoru Oktay Səmədov başçılıq edirdi.

Səfər iştirakçıları əvvəlcə şəhid Novruz Aslanovun adını daşıyan Cocuq Mərcanlı tam orta məktəbinə baş çəkdilər. Fondun hədiyyələrini məktəbə təqdim edən icraçı direktor müəllim heyəti ilə səmimi söhbət apardı. Bildirdi ki, işğaldan azad edilmiş Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Prezident İlham Əliyevin sərəncamından sonra Bilik Fondu sözügedən kənddə inşa olunacaq orta məktəbin kitabxanası üçün kitablar toplanması aksiyası başladıb: "Bilik Fondunun ictimaiyyətə ünvanladığı çağırışın nəticəsi olaraq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanası, Mirzə Fətəli Axundov adına Milli Kitabxana, AMEA-nın Mərkəzi Elmi Kitabxanası, Bakı və Mingəçevir şəhərlərinin orta məktəbləri, fondun mühazirəçiləri, könüllüləri tərəfindən təqdim olunan, eləcə də kitab mağazalarından alınmış ümumilikdə 1000 nüsxədən çox kitab toplanıb".

İcraçı direktor xatırlatdı ki, Bilik günündə ölkənin bütün məktəblərində ilk dərs Cocuq Mərcanlıya həsr ediləcək: "Bu proses davamlı olacaq. Tezliklə Xankəndi dərsi, Şuşa dərsi, Kəlbəcər dərsi keçiləcək, sonda isə hamımızın həsrətində olduğu an yetişəcək - Qarabağ dərsi keçiləcək".

Fond rəhbəri dedi ki, bu, sonuncu layihə deyil, mütəmadi olaraq Bilik Fondunun mühazirəçiləri Cocuq Mərcanlıda mühazirələr aparacaqlar, kurslar, layihələr, dəyirmi masalar təşkil ediləcək: "Ölkə başçısı öz tərəfindən bu kəndə yeni nəfəs verdi. Bizim üzərimizə də bu nəfəsə dəstək vermək düşür. Cocuq Mərcanlıda elmi, mədəni həyatı canlandırmaq borcumuzdur".

O.Səmədov mütaliənin, kitabla təmasın vacibliyindən də söz açdı. Vurğuladı ki, hər evdə kitab guşəsinin olması mütləqdir. Xüsusən də evdə uşaq böyüyürsə, kitabla təmas daha lazımlı hal almalıdır. 

İcraçı direktor qəzetimizə verdiyi açıqlamada fərəhli olduğunu qeyd etdi: "Ölkənin belə prezidentinin olması çox fərəhli haldır. Xırdaca bir kəndi bütün dünyaya tanıdıb. Bundan başqa, məktəblərdə ilk dərsin Cocuq Mərcanlıya həsr olunması da özlüyündə böyük, düşünülmüş addımdır. Bütün bunlar, əlbəttə, silsilə şəklində davam edəcək. Başqa ərazilərimiz azad olunduqca quruculuq işləri geniş vüsət alacaq".

O. Səmədov vurğuladı ki, işğaldan azad olunmuş, quruculuq işləri görülən məntəqədə olmaq insanda böyük ruh yüksəkliyi yaradır, vətənpərvərlik hisslərini coşdurur.

Fond rəhbəri perspektivlərdən də söz açdı: "Oktyabrın 5-də Müəllimlər günü münasibətilə Bilik Fondunun nümayəndə heyəti yenidən kəndə gələcək, məktəbin müəllimləri təbrik ediləcək. İstərdik ki, məsələn, Əjdər Ağayev kimi tanınmış pedaqoq Cocuq Mərcanlıda olsun, müəllim və şagird heyəti ilə görüşsün, onlarla söhbət aparsın. Əlavə olaraq layihələr, görüşlər, təlimlər, tibb kursunun fəaliyyəti nəzərdə tutulub”.

Direktor kifayət qədər maraq olduğu təqdirdə teatr kursunun da fəaliyyət göstərə biləcəyini vurğuladı. Hətta həvəskar truppa yaradılarsa, onların paytaxt səhnəsində çıxışının mümkünlüyünü də istisna etməyib.

Bundan başqa, xarici tələbələrin Cocuq Mərcanlıya səfər planının da nəzərdən keçirildiyi vurğulandı.

Kənd məktəbinin direktoru Zamin Həziyev Cocuq Mərcanlıda, eləcə də məktəbdə yaradılan şəraitdən məmnunluğunu ifadə etdi: "Kəndimizdə 96 yerlik tam orta məktəb tikilərək təhvil verilib. 14 nəfərdən ibarət müəllim heyəti var. Bütün avadanlıqlar, o cümlədən, vəsaitlərlə təmin edilib. Hətta Bakı Tikiş Evi tərəfindən məktəbli geyimləri hədiyyə olunub. Kəndin bütün infrastrukturu qurulub. Daimi işıq, qaz, telefon, sürətli internet xidməti var. İçməli su xətti çəkilib. 100 tonluq yeraltı çən vasitəsilə kənd əhalisi filtirasiya edilmiş içməli su ilə təmin olunur. 50 evin tikintisi artıq tamamilə başa çatdırılıb. Bundan başqa, kənd xəstəxanası, uşaq bağçası, poçt, icra nümayəndəliyi, böyük market, eləcə də daha 50 yaşayış evinin tikintisi oktyabrda başa çatacaq".

Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, rus dili və ədəbiyyatı müəllimi Esmira Orucova, təsərrüfat işləri üzrə direktor müavini Baxşəli Bədəlov, riyaziyyat müəllimi Leyla Maqsudova, riyaziyyat və informatika müəllimi İlkin Təbrizli, ibtidai sinif müəllimi Gülarə Seyidəliyeva çıxış edərək yerli əhali arasındakı yüksək ovqatdan, məktəbin müasir avadanlıqlar, vəsaitlərlə təmin olunmasından, şagirdlərin həvəslə yeni dərs ilinə hazırlaşmalarından söz açaraq, göstərilən diqqət və qayğıya görə təşəkkür etdilər.

Daha sonra nümayəndə heyəti Şuşa məscidinin prototipi olan kənd məscidinə baş çəkdilər, O.Səmədov məscid kitabxanası üçün nəzərdə tutulmuş 100 kitabı məscidə hədiyyə etdi.

Fond əməkdaşları və KİV nümayəndələri Bədəlovlar ailəsində qonaq olub onlarla söhbət apardılar, mövcud problemləri ilə maraqlandılar.

Leyla Maqsudovanın sözlərinə görə, kənd işğal edilərkən cəmi 5 aylıq olub, 24 il sonra isə doğma yurdlarına riyaziyyat müəllimi kimi qayıdıb. Gənc müəllim qeyd etdi ki, yaxınlıqdakı məktəb, eləcə də hazırda yaşadıqları ev xoş təsadüf nəticəsində baba yurdlarında tikilib: "Anam çox sevinir ki, bir vaxtlar ümidsiz şəkildə, qucağında körpə qızıyla tərk etdiyi kəndə indi həmin qızı öz körpələrilə geri dönüb. İçim ümidlə doludur, həm gözəl sənətim, həm də gözəl məktəbimiz var, bizə hər cür şərait yaradılıb. Dəfələrlə mənə qibtə edən adamlarla rastlaşmışam. Hətta sual ediblər ki, Cəbrayılın bütün kəndlərini Cocuq Mərcanlıya yerləşdirmək olmazmı? Bircə otaqlı ev olsun, kifayətdir. Biz də gəlib burada yaşayaq".

Tikilməkdə olan bağçada aşpaz işləyəcək Rəna Ataşova da L.Maqsudovanın sözlərinə qüvvət verdi. Görülən işlərə, göstərilən təşəbbüslərə görə minnətdarlığını dilə gətirən R.Ataşova 24 ildən sonra ata yurduna qayıtmağın möhtəşəm hiss olduğunu bildirdi: "Cocuq Mərcanlıya Böyük Qayıdışdan sonra buradan ayrılmaq daha çətin gəlir. Elə bil bu torpaqda ahənrüba var, məni özünə çəkir. Biləsuvardakı qaçqın şəhərciyinə gedəndə bir parçam burada qalır".

Baxşəli Bədəlov isə artıq əkin işlərinə başladıqlarını dedi. Onun sözlərinə görə, həyətyanı sahədə arpa əkib. Bundan başqa, toyuq da saxlayırlar. Atası isə kəndin tikintisində çalışır. Ümumiyyətlə, Cocuq Mərcanlının tikintisi ilə kənd əhalisi özü məşğuldur. Bütün işçi qüvvəsi yerli baza əsasında formalaşıb.

Kənd ictimaiyyəti ilə görüş zamanı problemlər də dilə gətirildi. Sakinlərin sözlərinə görə, infrastrukturun qurulması davam edir, sakinlər üçün hətta park da salınır. Sıxıntı yaradacaq məsələlərdən biri kommunal xərclərdir. Daha sonra ərzaq və geyimlə bağlı bəzi çatışmazlıqlar var. Horadizlə Cocuq Mərcanlı arasında nəqliyyat təminatı yoxdur.

Səfər artıq başa çatıb, avtobusumuz döngədən burularaq kənddən çıxır, arxamızca isə müəllimlər, kənd əhalisi baxır. Hamısının simasında doğmalıq, təbəssüm, ümid, ən əsası isə özünəinam var...

Cavid QƏDİR

 





14.09.2017    çap et  çap et