525.Az

Millət vəkilləri tibb işçilərinin döyülməsi və təhqir olunmasına qarşı çıxdılar


 

MUSA QULİYEV BUNUNLA BAĞLI PARLAMENTİN PAYIZ SESSİYASINDA MƏSƏLƏ QALDIRMAQ NİYYƏTİNDƏDİR

Millət vəkilləri tibb işçilərinin döyülməsi və təhqir olunmasına qarşı çıxdılar<b style="color:red"></b>

Tibb işçilərinin, xüsusilə də təcili tibbi yardım işçilərinin statuslarının və hüquqlarının artırılması təklif olunur.
 
Bu təşəbbüslə mətbuata açıqlamasında ixtisasca həkim olan Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev çıxış edib.
 
O, mətbuata açıqlamasında bildirib ki, bununla bağlı parlamentin payız sessiyasında məsələ qaldırmaq niyyətindədir.

Onun sözlərinə görə, bir çox hallarda təcili tibbi yardım həkimlərini, tibb bacılarını döyür, təhqir edir, onlara xəsarətlər yetirirlər. Komitə sədrinin müavininin qeyd etdiyinə görə, əslində, təcili tibbi yardım işçilərinin statusu polis işçilərinin statusuna bərabərləşdirilməlidir.

"Polis işçisinə əl qaldırmaq, onu təhqir etmək, vəzifəsinin icrasına ziyan verəcək, əngəl törədəcək hərəkət etmək ağır cəza ilə cəzalandırılır, tibb işçilərinə qarşı da belə hərəkətlərə görə ağır cəza verilməlidir. Ağır xəstə olanda təcili yardım çağırırlar. Müəyyən hallarda təcili yardım ünvana yetişdikdə xəstə artıq dünyasını dəyişir. Bəzən təcili yardım özündən asılı olmayan səbəbdən ünvana gecikir. Bunların hamısının həllinin hüquqi, sivil yolu var" - deyən millət vəkili onu da bildirib ki, tibb işçilərinin, xüsusilə təcili yardım işçilərinin evə çağırış zamanı təhqir olunması, peşələrinə əngəl törədilməsi, döyülməsi hallarının ciddi şəkildə cəzalandırılması ilə bağlı İnzibati Xətalar və Cinayət Məsəllələrinə dəyişiklik edilməlidir.

Millət vəkilinin bu təklifi onun həmkarı, MM-in Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva tərəfindən də dəstəklənib. O da belə hesab edir ki, tibb işçilərinin, həkimlərin əsassız və haqsız yerə təhqir edilməsi, həqarətə uğradılması, döyülməsi kimi hallar biabırçılıq, qanunsuzluq və yolverilməzdir. "Çox təəssüflər olsun ki, günümüzdə, reallığımızda bu kimi utancverici hallar da yaşanır. Bu, özü də təkcə bizdə deyil, əksər, hətta inkişaf etmiş digər ölkələrdə də müşahidə olunur. Məsələn, qardaş və dost Türkiyədə də demək olar ki, hər gün bu cür hadisələr baş verir. Bunu hər gün onların ən müxtəlif televiziya kanallarından da izləyirik, müşahidə edirik. Ona görə mən də bir millət vəkili, bir ziyalı olaraq, belə halların baş verməsinə qarşıyam və onları qətiyyətlə pisləyirəm. Hesab edirəm ki, bu kimi əməllərə yol verən insanlar mütləq qanunla cəzalandırılmalıdırlar. İnsan əsəbi, stress halında ola, hətta, yaşadığı hadisədən bir anlıq müvazinətini də itirə bilər, amma bütün hallarda, bütün situasiyalarda öz hərəkətlərinə nəzarət etməyi bacarmalı, onların nəzarətdən çıxmasına yol verməməlidir. Əgər yol verərsə, o zaman bunun qanunla cəzalandırılacağını da göz önünə almalıdır"- deyə, MM-in komitə sədrinin müavini sonra sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

 





14.09.2017    çap et  çap et