525.Az

Meksika səfiri Memarlıq və İnşaat Universitetinin rektoruyla görüşdü


 

Meksika səfiri Memarlıq və İnşaat Universitetinin rektoruyla görüşdü<b style="color:red"></b>

Sentyabrın 12-də Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova ilə görüş keçirib.

Səfirlikdən verilən məlumata görə, səmimi şəraitdə keçən görüşdə müxtəlif mövzulara toxunulub, onların arasında universitetlərarası əlaqələr qeyd edilib. Bu xüsusda, rektor G.Məmmədova memarlıq sahəsində ixtisaslaşan Meksika institutları ilə təmas qurmaqda maraqlı olduğunu ifadə edib.

Səfir Labardini, öz növbəsində, Mexiko şəhərindəki yüksək səviyyəli təhsil ocaqlarına istinad edib, həmçinin, Puebla, Quanaxuato, Verakruz kimi digər şəhərlərdə yerləşən ali təhsil ocaqlarının təqdim etdiyi imkanlardan danışıb. Hər iki tərəf memarlıq və inşaatda olan aktual problemləri, eyni zamanda, onların həlli yollarını müzakirə ediblər. Meksika memarlığı dedikdə ölkə hazırkı ərazisində həyata keçirilmiş tikinti və dizayn işləri, eyni zamanda, xarici ölkələrdə meksikalı memarlar tərəfindən yaradılan layihələr nəzərdə tutulur. Özündə ispanların gəlişindən əvvəlki və müstəmləkə dövrlərinin təsiri ilə müasir elementləri cəmləşdirdiyinə görə seçilir. Müxtəlif şəhərlərinin tarixi mərkəzlərinin ümumi sayı daxil olmaqla, Meksikanın memarlıq abidələrinin çoxunun bədii əhəmiyyəti sayəsində ölkə UNESCO tərəfindən Bəşəriyyətin İrsi elan olunan məkanların sayına görə Amerika qitəsində ilk yeri tutur.

Dostluğun rəmzi olaraq, səfir Labardini meksikalı heykəltəraş Xorxe Marinin xatirə kitabını təqdim edib.

Qeyd edək ki, adıçəkilən ustadın 10 monumental əsəri "Varlığın canlanması" sərgisi çərçivəsində 2016-cı ilin oktyabr ayından etibarən Heydər Əliyev Mərkəzində nümayiş olunur. Səfir Labardini ümid edir  ki, sözügedən əsərlər universitet tələbələrinin ilham mənbəyinə çevriləcək.

Ceyhun ABASOV

 

 





14.09.2017    çap et  çap et