525.Az

2013-cü il prezident seçkisi öncəsi vəziyyətin monitorinqi


 

2013-cü il prezident seçkisi öncəsi vəziyyətin <b style="color:red">monitorinqi</b>

QHT Əməkdaşlıq Alyansı 16 oktyabr 2013-cü il Prezident seçkisinin monitorinqi ilə bağlı birinci mərhələni bitirib. İlk mərhələdə ölkədə fəaliyyət göstərən və ictimai fikrə təsir gücü olan, eləcə də prezident seçkilərini özünün əsas hədəflərindən sayan, birbaşa və ya dolayısı ilə bu seçkidə iştirak edən 26 siyası partiyanın resursları öyrənilib və yekun nəticələr QHT Əməkdaşlıq Alyansının internet səhifəsində yerləşdirilib.

Hazırda monitorinq davam etdirlir. Alyansın ekspertlər qrupu seçkiöncəsi vəziyyəti araşdırır. Seçki monitorinqinin uzunmüddətli və bir neçə mərhələdən ibarət olmasını nəzərə alaraq, ayda iki həftədən bir seçkiöncəsi vəziyyətlə bağlı ekspertlər tərəfindən icmallar hazırlanacaq və ictimaiyyətə təqdim olunacaq.

2013-cü il 16 oktyabrında Azərbaycan Respublikasında keçiriləcək Prezident seçkisinin demokratikliyi ölkənin hazırkı inkişafı, demokratik təsisatların möhkəmlənməsi, vətəndaş cəmiyyətinin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Seçkinin rəsmi startına 2 aydan bir az çox zaman qalır. Ölkədə seçki startı rəsmən avqust ayının 17-dən başlayır. Seçkinin demokratikliyi baxımından seçkiöncəsi mühit çox əhəmiyyətlidir. Təəssüflə qeyd etməliyik ki, əvvəlki seçki illəri ilə müqayisədə bu il seşkiöncəsi vəziyyət passivlik baxımından çox fərqlənir. Ötən illərdə seçki fəallığı seçki günündən 5-6 ay öncədən yaranırdı. Aktiv müzakirələr, debatlar keçirilir, mətbuatın diqqəti, vətəndaş cəmiyyəti sektorunun əsas və aparıcı qüvvələrindən biri olan QHT-lərinn müxtəlif layihələrinin əsas hədəfi məhz seçki olurdu. Siyasi qüvvələr arasında konsolidasiya sürətlənirdi.

Bu il keçiriləcək seçkiyə daha az müddət qalmasına rəğmən, ölkədə real seçki mühiti hiss olunmur, desək, yanılmarıq. Siyasi partiyalar arasında konsolidasiya əvvəlki illərlə müqayisədə zəifdir. Bunun da əsas səbəbı siyasi partiyaların passiv fəaliyyətidir. Əslində seçki mühitini siyasi qüvvələr yaratmalıdır. Dövlət bu mexanizmin icraçısı və təminatçısıdır. Dövlətin resursları seçkiyə istiqamətləndirlməmlidir və dövlət də bunu özünün əsas prioriteti sayır. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bununla bağlı dövlətin rəsmi mövqeyini bəyan edib:“Azərbaycanda keçirilən seçkilərdə dövlət resurslarından hansısa siyasi mənsubiyyətli şəxslərin maraqlarına uyğun istifadə olunmamasına nail olmuşuq.  Demokratik seçkilər keçirmək üçün şərait yaradılıb. Hər bir insanın seçib-seçilmək hüququ var. Nailiyyətlərdən biri də odur ki, ötən vaxt ərzində Seçki Məcəlləsi Avropa standartlarına uyğunlaşdırılıb...”

Seçki mühiti

Satandartlara cavab verən seçki qanunvericiliyi mühüm və vacib elementlərdəndir. Lakin seçkini xarakterizə edən mühüm amillərdən və stimulverici dönəmlərindən biri də seçkiöncəsi vəziyyət və aktivlikdir. Seçkiöncəsi vəziyyət əslində seçkiləri hədəfləyən siyasi qüvvələrin rəsmi seçki startına qədər formalaşması, konsepsiyalarının hazırlanması, baxış və mövqelərinin qanunvericiliyin verdiyi imkanlar çərçivəsində ictimaiyyətə çatdırılmasıdır. Mütəxəssislərin fikrincə, hazırkı dönəm seçki ilinə adekvat deyil. Əhali arasında aparılan müşahidələr də bunu göstərir. Əhalinin böyük bir qismi seçki ilini adi illərdən fərqləndirmir. Ölkdə ümumi bir passivlik müşahidə olunur. Bu passivliyin də yaranmasında əsas məsuliyyət siyasi partiyaların üzərinə düşür. Siyasi partiyaların fəaliyyətində seçki ilə bağlı fəaliyyət yalnız müxalif mətbuat səhifələrində, ən yaxşı halda isə, siyasi partiyaların məhdud çevrəsində - qərargahlarında müzakirə olunur. Bütünlükdə ictimaiyyət bu prosesdən məlumatsızdır və bu da seçkiyə ümumi laqeydliyin yaranmasını şərtləndirir.

Halbuki, ötən seçkilərlə müqayisədə bu seçki ilində daha çox dinamizm gözlənilən idi. 2003-cü ilin Prezident, 2005-ci ilin Parlament seçkiləri ilində seçkiöncəsi mühit indikindən xeyli fərqli və əhalinin seçkini hədəfləyən namizədlər, siyasi qruplar və ya partiyaların hədəfləri, proqram-məqsədləri haqqında məlumatı daha çox idi. Seçkidə iştirakla bağlı qərar verən siyasi qruplar və namizədlər ölkənin gələcəyi, siyasi inkişafı, iqtisadi islahatlar, ümummilli problem olan Qarabağ konfliktinin həlinə yönəlik baxış bucaqlarını icitimaiyyətə açıqlayırdılar. Lakin bu seçki ilində hədəflər kimi, müxtəlif mövzulara da baxışlar toplusu ictimaiyyətə aydın deyil. Azərbaycanın növbəti inkişaf konsepsiyası, dünyanın siyasi düzənində yeri, Qarabag probleminin həlli istiqamətində də heç bir mövqe bildirilməyib və bu ictimaiyyət üçün qapalı qalan mövzulardandır. Yalnız iqtidarda olan hakim siyasi qüvvənin bu və ya digər məsələlərlə bağlı mövqeyi ortadadır.

Bu məsələdə yubanma və ictimaiyyətə mövqe çatdırılmamasının əsas səbəbkarı siyasi partiyalardır. Öz namizədləri ilə seçkidə iştirak etmək istəyən siyasi partiyalar ictimaiyyətin onların məramları, seçki mesajları ilə tanış olmaları üçün seçkiöncəsi zamanı boşa verməməli idi.

Seçkiöncəsi vəziyyətin əvvəlki dönəmlərlə müqayisədə zəifliyini xarakterizə edən digər amillərdən biri də kütləvi aksiyaların, mitinq və nümayişlərin keçirilməməsidir. Ölkədə sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması ilə bağlı mübahisəli məqamlar mövcuddur. Hökumət Konstitusiyanın 49-cu maddəsinin tələblərinin yerinə yetirildiyini, müxalifət bunun əksini iddia edir. Konstitusiyanın 49-cu maddəsində “Hər kəsin başqaları-----?  ilə müvafiq dövlət orqanlarını xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır”. Bu hüququ tənzimləmək üçün “Sərbəst toplaşmaq azadlığı haqqında” da qanun qəbul edilib. Hakimiyyət və müxalif siyasi qüvvələrin bu məsələdə fikir ayrılığı var və illərdir bu mübahisə davam edir. Hökumət müxalifəti icazəli aksiyalar keçirməyə çağırır, müxalifət isə bununla konstitusiyanın müvafiq maddəsinin (49-cu maddəsinin) pozulmasını bəyan edir. Müxalif siyasi qüvvələr hökuməti bu hüququ tanımamaqda ittiham etsə də, hökumət müxalifətin aksiyaları üçün müəyyən meydanlar (xüsusən də Bakı şəhəri, Bayıl qəsəbəsindəki stadion) təklif edir, müxalifət isə orada aksiyalar keçirmıkdən imtina edir, aksiyaların şəhərin mərkəzi hissələrində keçirilməsini israr edir. Bununla da seçkinin əsas stimullarından biri olan nümayiş və mitinqsiz bir seçkiöncəsi vəziyyət yaşanır. 

Seçkiöncəsi dövrün gözlənildiyindən zəif və süst keçməsində hakim partiyanın resurslarının müxalif siyasi partiyaların resurslarından güclü oıması hesab edilir. 20 illik zaman çərçivəsində, bütün seçkilərdə hakim partiyanın qələbəsi müxalif siyasi qüvvələrin zəifləməsinə, sosail bazalarının itirilməsinə və onların rəqabət gücünə təsir edən amillərdəndir.

Siyasi partiyaların konsolidasiyası

Seçkiöncəsi vəziyyətin passionarlığını azaldan mühüm mıqamlardan biri də siyasi partiyalar arasında konsolidasiyanın zəifliyidir. Hakim partiya təkbaşına idarəçiliyin davamına iddialıdır və yalnız onu dəstəkləyənlərin ola biləcəyini, seçkilərdə iştirak üçün heç bir koalisiya yaratmayacağını bəyan edib.

Müxalif siyasi qüvvələrin isə bir neçə belə qurumu artıq yaranıb. Müsavat və AXCP-nin təmsil olunduqları İctimai Palata (bu qurumda KXCP, ADP, AMİP, Milli Demokrat Partiyalarının üzvləri  fərdi şəkildə təmsil olunur), “El” Hərəkatı və 12 siyasi partiyanı özündə birləşdirən Məşvərət Məclisi yaradılıb. Lakin bu qurumların heç biri bütün siyasi qruplar tərəfindən real güc mərkəzi kimi qəbul edilmir. Hazırda isə müxalifətin Milli Şurasının yaradılması istiqamətində müxalif siyasi qüvvələr arasında danışıqlar davam edir. Bütün müxalifət cinahının orada təmsil olunacağı real görünmür. Yaradılacaq Milli Şuranın müxalifətin vahid komandası olacağı iddia edilsə də, burada bütün müxalif spektrin təmsil olunacağı ehtimalı azdır. Yaradılacaq Milli Şura ilə bağlı birmənalı fikir və mövqe yoxdur.  Milli Şurada daha çox AXCP, Müsavat və “El”Hərəkatının nümayəndələrinin olacağı proqnozlaşdırılır. Hazırda yayılan informasiyalar bu konsolidasiyanın da yarımçıq qalacağını, müxalif siyasi qüvvələrin birləşə bilməməsin iddia edir. Buradan belə nəticəyə gəlmək mümkündür kli, seçkinin rəsmi startına az bir zaman qalmasına baxmayaraq, müxalifətin konsolidasiyası zamana adekvat deyil.

Seçkidə iştirak etməsi gözlənilən siyasi qüvvələrin namizədləri

Azərbaycanda keçiriləcək Prezident Seçkisində iştirak etmək niyyətləri haqqında bir sıra partiyalar və onların liderləri açıqlamalarla çıxış edib. İndiyə qədər olan məlumatlara görə, Müsavat başqanı İsa Qəmbər, KXCP sədri Mirmahmud Mirəloğlu, “El” Hərəkatının rəhbəri Eldar Namazov, Ümid Partiyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, ALP lideri Lalə Şəvkət, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, BAXCP sədri Qüdrət Həsənquliyev, Azadlıq Partiyasının sədri Əhməd Oruc  seçkidə iştriakları haqqında bəyanat veriblər. Eyni zamanda hakim partiyanın İcraçı katıbı Əli Əhmədov tərəfindən YAP-ın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin namizədliyinin partiya tərəfindən irəli sürüləcəyi bildirilib.

Ölkənin əsas aparıcı müxalifət partiyalarından biri olan AXCP-nin sədri Əli Kərimlinin namizəd olub-olmayacağı hələ də məlum deyil. AXCP-nin hansısa namizədlə birgə koalisiya yaradıb-yaratmayacağı da dəqiq deyil. Bu müxalifət daxilində qeyri-müəyyənlik göstəricilərindən biri hesab oluna bilər. Çünki AXCP hazırki siyasi situasiyada hakim YAP-ın əsas rəqiblərindən biri hesab olunur.

Seçkiöncəsi durumda QHT və media

Seçkiöncəsi durumda ən aktiv təbəqə QHT-lər və mediadır. Hər iki sektor seçki mövzusunu, seçkiöncəsi vəziyyəti daim diqqətdə saxlayır. Vətəndaş cəmiyyəti sektorunun əsas və aparıcı qüvvələrindən biri olan QHT Əməkdaşlıq Alyansı seçki monitorinqin davam etdirir. Bir çox QHT-lər də seçici fəallığının artırılması, seçkilərin azad və ədalətli keçirilməsinə dəstək üçün maarifləndirmə layihələri həyata keçirir. Burada əsas məqamlardan biri Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının QHT-lər üçün elan etdiyi birinci qrant müsabiqəsində bu istiqamətə xüsusi önəm verməsidir. Bu istiqamətdə Şura tərəfindən onlarla layihə dəstəklənib. Digər bir xüsusi məqam isə Şuranın elan etdiyi ikinci qrant müsabiqəsində Seçki Monitorinqini aparılması ilə bağlı istiqamətin prioritet seçilməsidir.

Yekun

Seçkiöncəsi vəziyyətin indiki mərhələsində, seçkinin rəsmi startına 2 aydan bir qədər çox zaman kəsimində mövcud durumu belə xarakterizə etmək olar:

-         Ölkədə azad və ədalətli seçkilər keçirilməsi üçün qanunvericilik bazasını qənaətbəxş hesab etmək mümkündür və dövlət seçkilərin azad və ədalətli olacağına vəd verir. Amma seçki rəqabəti üçün qüvvələr nisbəti formalaşmayıb;

-         Ötən prezident seçkisindən fərqli olaraq, bu il keçiriləcək prezident seçkisində ölkənin bütün aparıcı siyasi partiyalarının iştirakı gözlənilir. Bununla belə seçkiöncəsi fəaliyyət seçkinin əhəmiyyətinə adekvat deyi;

-         Ölkədə seçkinin demokratik keçirilməsi üçün qanunvericilik standartlara uyğun olsa da, seçkiöncəsi passionarlıq müşahidə olunmur;

-         Siyasi partiyalar seçki hazırlığından gaha çox siyasi ritorikaya üstünlük verir. Bu seçki mühitinin formalaşmasına görə məsuliyyət daşıyan partiyaların siyasi zəifliyinin nəticəsidir;

-         Siyasi partiyalar arasında konsolidasiya seçki ilinin tələblərinə adekvat deyil, yaradılan birliklər və bloklar vahid komandanın formalaşmasına və seçkidə qələbəyə deyil, sadəcə seçkidə iştiraka hesablanır;

-         Müxalif siyasi qüvvələr arasında seçkidə əməkdaşlıqla bağlı ümumi fikir formalaşmayıb və gerçək əməkdaşlığın simptomları hələlik müşahidə olunmur;

-          QHT və media sektorunun fəallığının artan tepmi seçkilərin azad və ədalətli keçirilməsi üçün seçkiyə ictimai marağın artırılmasına istiqamətlənib.

 





27.05.2013    çap et  çap et