525.Az

“Bulağıstan. Yaddaş”: Vahid Mustafayev ilk kitabını təqdim etdi


 

“Bulağıstan. Yaddaş”: Vahid Mustafayev ilk kitabını təqdim etdi<b style="color:red"></b>

Dünən “AzərKitab” Kitab Təbliğatı Mərkəzində, tanınmış telejurnalist Vahid Mustafayevin “Bulağıstan. Yaddaş” kitabının təqdimat mərasimi keçirilib.
 
Tədbiri giriş sözü ilə açan müəllif qonaqları salamladıqdan sonra kitab haqqında məlumat verib: “Mən bu kitabın yazılmasına çox uzun müddət sərf etmişəm. Bir çox dünya yazıçıları öz kitablarını çağdaş hadisələr əsasında qələmə alıblar. Təəssüf ki, bizim ədəbiyyatda bu təcrübədən çox az istifadə olunub. Qarabağ müharibəsindən 25 ildən çox zaman keçməsinə baxmayaraq, bu haqda yazılan əsərlər, çəkilən filmlər çox azdır. Müharibə şəraitindəki ölkə üçün bu, çox ağrılı haldır. Qarabağ haqqında məhz indi yazılmalıdır. Nə qədər ki, şahidlər sağdır. Sözsüz, gələcəkdə bu haqda yazılacaq. Ancaq onun nə qədəri həqiqətə uyğun olacaq, bu, mübahisəlidir. Buna görə də mən belə düşünürəm ki, gələcək nəsillərimiz bu hadisələrlə bağlı məlumatları məhz şahidlərdən, müharibə iştirakçılarından almalıdırlar. Mənim təmənnam budur ki, biz tezliklə torpaqlarımızı azad edək və gələcək kitablarımız qələbəmizə həsr olunsun”.

Xalq şairi, kitabın ön söz müəllifi Sabir Rüstəmxanlı Vahid Mustafayevin Azərbaycan televiziya məkanındakı rolundan söz açıb, onun nəsr sahəsində də uğur qazanacağına inandığını söyləyib: “Mövzusundan asılı olmayaraq, kitabla bağlı bütün tədbirlər bayramdır. Vahid Mustafayev televiziya üçün çoxdan doğulmuşdusa, bu gün ədəbiyyatımız, nəsrimiz üçün doğulur. Onun nəsr yolunun qırılmamasını, enerjisinin tükənməməsini arzu edirəm. Vahid Mustafayevin amalı millətə xidmət etməkdir və o, bu amal uğrunda yorulmadan çalışır”. S.Rüstəmxanlı Qarabağ müharibəsinə həsr olunmuş əsərlərlə bağlı fikirlərini bölüşüb: “İndi ölkəmizdə Qarabağ haqqında film çəkmək çətindir. Biz bu müharibədə təkcə bir ölkəylə mübarizə aparmırıq, bütün dünya ilə mübarizədəyik. Biz məğlubiyyətimizi yazmağa öyrənməmişik. Dastanlarımız, folklorumuz həmişə qələbəmizi təbliğ edib. Vahid Mustafayev isə burada həm reallığı əks etdirir, həm də xalqın ümidini sönməyə qoymur”.

Tanınmış telejurnalist, kitabın redaktoru Mirşahin Ağayev həm təqdim olunan nəşr, həm də film haqqında öz düşüncələrini bölüşüb, müəllifə uğurlar arzulayıb: “Mənim fikrimcə, kitab insanların beyninin gimnastikası üçün düşünülmüş bir möcüzədir. Kitab təsəvvürdür, təəssüratdır. Bu baxımdan düşünürəm ki, bu kitab oxuculara “Bulağıstan”, “Yaddaş” əsərlərinin obrazlarını yaratmaq imkanı verir”.

İbrahim Nəbioğlu, Rasim Müzəffərli, Vasif Babayev, həmçinin digər söz-sənət adamları da çıxış edərək kitab haqqında düşüncələrini dilə gətirib, müəllifə yeni uğurlar diləyiblər.

Sonda müəllif kitablarını tədbir iştirakçıları üçün imzalayıb.

Şahanə MÜŞFİQ

 





16.09.2017    çap et  çap et