525.Az

"Vətəndi "Yanıq Kərəmi" - "Aşıq Ədalətə yazılmış şeirlər"


 

"Vətəndi "Yanıq Kərəmi" - <b style="color:red">"Aşıq Ədalətə yazılmış şeirlər"</b>

Ustad aşıq Ədalət Nəsibovun vəfatı onunla bağlı xatirələrə, yazılan əsərlərin xatırlanmasına da rəvac verib.
 
Rəşad Məcidin "Bir də gəlməyəcək..." şeirlər kitabında Aşıq Ədalətə yazılmış şeirlər diqqətimizi cəlb etdi, müəllifdən şeirlərin yazılma tarixçəsilə maraqlandıq. Rəşad Məcid "Aşıq Ədalətə yazılmış şeirlər"lə bağlı xatirələrini Parafraz-la bölüşdü:

"Ötən əsrin 80-ci illəri idi, Aşıq Ədalətin Filarmoniyada konserti vardı. Biz də dostlarla getmişdik. Bu şeirlər o konsertdən sonra yazılıb. Görünür, zaman yaddaşımızdakı bəzi məqamları yuyub aparsa da, ədəbiyyatdakı izləri, xatirələri poza bilmir".

Şeirləri bugünlərdə vəfat etmiş aşığın ruhuna ehtiram əlaməti olaraq yayımlayırıq:

I

Bu payız gecəsi filarmoniya
O sazın sehrinə məəttəl qalıb.
Yanıb od çiləyir bu səssizliyə,
Hər adam yerində bir heykəl qalıb.

O sazın sehrində, möcüzəsində
Sanki əriyir daş, ovulur divar.
Ayrılıb, ayrılıb yer kürəsindən,
Ovsuna düşübdü salondakılar.

Sazını saxlayıb şeir deyirsən,
Püskürür sinəndən daş dələn səsin.
– Bu gecə burdayıq, ay el, – deyirsən.
Qəlbini duyursan sən hər bir kəsin.

İlhamla çaldığın o saz havası,
Bilməzdin o axşam sonuncu olar.
Axı səhnədə bir qəlbi dayazın
"Konsertimiz bitdi" söyləməyi var.

"Kərəmi" çalmadın o gün, Ədalət,
Təşnə ürəklərdə bir arzu qaldı.
Sazının sehrindən heykəl adamlar
Doymadı sehrindən – tamarzı qaldı.

Ümidlər qırılsın bu gecə niyə?
Qonub pəncərəyə ay gecələyə.
Dəyməyin, dəyməyin bir gecəliyə
"Yanıq Kərəmi"ni çalsın Ədalət.

Filarmoniyanın sönsün işığı,
Olsun, o saz olsun yar-yaraşığı.
Yarsın bağrımızı bu haqq aşığı,
Sübhəcən bizimlə qalsın Ədalət.

Biz ona təşnəyik, o bizə təşnə,
Biz onsuz heç nəyik, o bizsiz heç nə.
Od-alov sazını basıb döşünə
Kərəm qisasını alsın Ədalət.

Bu səsə sıxaraq göz yaşımızı
Yaşarıq daşlaşan yaddaşımızı.
Kəsəmməz min cürə sədd qarşımızı
Beləcə, saz çalsa ovsun Ədalət.

II

Dilləndi "Yanıq Kərəmi"

Bir hüznlü ahdı o səs,
Çeşmə olub axdı o səs.
Pillə-pillə qanadlanıb
Şimşək kimi çaxdı o səs –
Dilləndi "Yanıq Kərəmi".

Bir alovdu, yana-yana
Axdı cana, keçdi qana.
Kül eləyib dağı-daşı,
Od ələdi bu cahana –
Selləndi "Yanıq Kərəmi".

Min illərin savaşıdı,
El ahı, el yaddaşıdı.
Nakam eşqin yol yoldaşı
Dərdin bağrı badaşıdı –
Vətəndi "Yanıq Kərəmi".

Harayından qaçdı ölüm,
Atəşində heçdi ölüm.
Sən dinəndə bu dünyadan
Baş götürüb köçdü ölüm,
Nədəndi, "Yanıq Kərəmi?"

Parafr.az

 





16.09.2017    çap et  çap et