525.Az

Cümhuriyyətə doğru üç addım


 

Cümhuriyyətə doğru üç addım<b style="color:red"></b>

Zakir MURADOV

Demokratik cəmiyyət qurmaq arzusunda olan millət üçün onun öz dövlətçiliyinin ilkin qaynaqlarına müraciət etməsi vacib amildir. Bu baxımdan 20-ci əsrin əvvəllərində Azərbaycan Cümhuriyyətinin qurulması ilə nəticələnən milli-siyasi intibahın beşiyi olan Gəncənin həmin dövrdəki ictimai mühitinin öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Azərbaycanın siyasi bir anlayış kimi formalaşmasında bu qədim, milli ruhun aynası olan şəhər müstəsna rol oynayıb.

”Difai” firqəsi

Əsrin əvvəllərində Rusiya İmperiyası inqilabi təlatümlər dövrünə qədəm qoyarkən xalqın taleyini düşünən və bu məqsədlə milli təşkilatlanma zərurətini anlayan Azərbaycan liderləri milli-siyasi tariximizin başlanğıc nöqtəsi sayıla bilən bir aktı gerçəkləşdirdilər. Bu haqda tanınmış amerikalı alim Tadeuş Sviyetoxovskinin aşağıdakı fikirləri olduqca diqqətəlayiqdir:

“Daşnakların ali təşkilatlarının olmasına cavab olaraq, ayrı-ayrılıqda mübarizə aparan müsəlman qrupları öz fəaliyyətlərini koordinasiya etməyə başladılar... “Difai” adlanan bu təşkilat 1905-ci ilin yazında Gəncədə, bununla öz siyasi karyeralarını müəyyən etmiş buradakı tanınan adamların – Şəfi  Rüstəmbəyovun, Ələkbər və Xəlil  Xasməmmədovların, İsmayıl Ziyadxanovun, Nəsib Yusifbəylinin və doktor Həsən Ağayevin təşəbbüsü ilə yaradıldı. Bakıdan onlara Əhməd Ağayev də qoşuldu. Təşkilatın yaranması Gəncənin milli-azadlıq hərəkatının mərkəzinə çevrilməsi demək idi və bu statusunu şəhər gələcəkdə də qorumuş olacaqdı”. (Tadeuş Sviyetaxovski. “Russkiy Azerbaydjan”. Bax  “Xazar” jurnalı, no.1. 1990.səh.101). Müəllifhəmçinin “Difai”yə qədər Gəncədə “Qeyrət” adlı milli təşkilatın mövcud olduğunu da qeyd edir.

Hadisələrin bilavasitə iştirakçısı olmuş, Azərbaycan Cümhuriyyəti dövründə Milli Təhlükəsizlik idarəsinin rəisi işləmiş Nağı bəy Şeyxzamanlının xatirələrində də“Difai”nin yaradılmasının zəruriliyi bu cür vurğulanır.

“... Milli Azərbaycan işləri ilə məşğul olan Əhməd bəy Ağaoğlu Gəncəyə gəlmişdi... O vaxt gizli təşkilatımız ilhamını bir neçə irəli gələn millətpərvərlərimizdən alırdı. Onların başında Rəfibəyli Əliəkbər bəy, iki qardaş Xasməmmədli, Yusifbəyli Nəsib bəy, doktor Həsən Ağaoğlu dururdular. Bu böyüklərimiz Ağaoğlu Əhməd bəyi axşam yeməyinə dəvət edərkən xeyli söhbət apardılar. Azərbaycan xalqının gələcəyi qaranlıq olduğu və qarşıda ruslar ermənilərin əli ilə hər bir pisliyi edə biləcəkləri üçün xalqı birləşdirmək, rus idarəsi ilə mücadilə etmək... üçün gizli bir təşkilat yaratmağa, gizli firqəni “Difai” deyə adlandırmağa qərar verdilər” (Nağı Şeyxzamanlı, “Azərbaycan İstiqlal mücadiləsi xatirələri”, Bakı, 1997 səhifə 113).

Müdafiə mənası verən “Difai”nin rəmzi kimi Gəncənin Rəfibəylilər nəslinin nişanı qəbul edilmişdi.

Özünün gizli yaydığı bəyannamələrdə  “Difai” qan tökülmənin əleyhinə olduğunu bəyan edir, lakin erməniləri xəbərdar edirdi ki, onlar tərəfindən ola bilən  zorakılıqlara adekvat cavab veriləcək.

Təşkliat doğrudan da fərdi cəzalandırma aktlarına əl atırdı. Əsasən, erməniləri müsəlmanlar əleyhinə zorakılığa təhrik edən çar hərbi və polis çinovnikləri, həmçinin millətindən asılı olmayaraq ara qızışdıran provakatorlar “Difai”nin qərarı ilə qətlə yetirilmişdilər.  Bir qayda olaraq qərar icra olunduqdan sonra Gəncənin küçə və divarlarında “Difai”nin bu haqda məşhur möhürlü elanları vurulurdu.

T.Sviyetoxovski yazır: “Tatar-erməni müharibəsində yaranaraq, “Difai” özünün əsasən, antirusiya fəaliyyəti ilə Şamilin dövründən bəri heç bir təşkilatlanmış müqavimət görməyən bir ölkədə, çar rejiminə çoxillik dilsiz-ağızsız itaəti çatlatmış oldu”. 

Milli Komitə

Birinci Dünya Müharibəsinin başlanması ilə Çar Rusiyasında ictimai-siyasi mühit keyfiyyətcə yeni çalarlar almış oldu. İlk mərhələdə burada yaşayan müsəlmanların əksəriyyəti  1914-cü ilin yayında Avstriya-Macarıstan və Almaniyaya müharibə elan etmiş çar hökumətini dəstəkləyirdilər. Lakin bir neçə aydan sonra Türkiyənin Rusiyaya qarşı müharibəyə girməsi xüsusən azərbaycanlılar arasında birmənalı qarşılana bilməzdi. Azərbaycanın artıq yetkinləşmiş siyasi liderləri tarixi təlatümlərin buradan da yan keçməyəcəyini duyurdular və bu çətin şəraitdə millətin öz taleyinə sahib durması yönündə fəaliyyətlərini artırırdılar. Müstəqillik əldə etmək ideyası Gəncədəki fəalların amalına çevrilmişdi.

Difaiçilərin yaratdığı Gəncə Milli Komitəsinin nümayəndəsi Əmiraslan xan Xoyski  1915-ci ilin fevralında gizlincə cəbhə xəttini keçərək, türk komandanı Ənvər paşanın Ərzurumdakı qərargahına gəlmişdi. Məqsəd – tərkibinə Bakı, İrəvan və Gəncə quberniyalarının, eləcə də Terek və Dağıstan vilayətlərinin daxil olduğu Respublikanın (!) yaradılmasına Türkiyənin dəstəyinin təmin edilməsi idi. Lakin hadisələrin sonrakı inkişafı – türk qoşunlarının 1914-cü ilin noyabrında Qafqaz cəbhəsində uğurla başladığı hərbi əməliyyatın bir neçə aydan sonra məğlubiyyətlə nəticələnməsi bu planın gerçəkləşməsinə imkan vermədi (Bax T. Sv.-ski, göst. mənbə).

Mənbələrə istinad etdikdə,  Gəncə Milli Komitəsinin ən azı müharibənin ilk aylarından yaradıldığı aydınlaşır. Nağı bəy Şeyxzamanlı özünün “ İstiqlal mücadiləsi xatirələri”ndə  “ Milli Komitənin 14 nəfər üzvü olduğunu  və idarə heyətinə Nəsib bəy Yusifbəylinin rəhbərlik etdiyini yazır.

Komitə hadisələrin gedişini, siyasi şəraitin tələblərini  duyaraq, özünün silahlı dəstələrini də yaratmışdı. Tənəzzülə uğrayan çar ordusunun cəbhələrdən fərar edən  əsgərlərindən silahların müxtəlif yollarla alınıb Gəncəyə göndərilməsi də bu məqsədə xidmət edirdi. İlk vaxtlar Komitənin iki silahlı dəstəsi mövcud idi. Bunlardan biri Nağı Şeyxzamanlının rəhbərlik etdiyi “Gənclik” təşkilatı, digəri Gəncənin addımlı adamlarından olan Sarı Ələkbərin silahlı dəstəsi idi. Çar rejiminin başağrısı olan qaçaq hərəkatının nümayəndələri ( İbrahim, Qənbər və b.), həmçinin  rus əsirliyindən qaçaraq Komitə ilə əlaqə yaratmış türk hərbçiləri (onlardan biri, Hüsaməddin Tuğac idarə heyətinin üzvi idi və o, sonralar Nuri paşa komandanlığı altında türk hərbi yardımının təmin olunmasında əməli rol oynayacaqdı) də qurumun işinə ciddi yardım edirdilər.

Vuruşan ölkələr içərisində ən çox hərbi və siyasi böhran keçirən Rusiyada 1917-ci ilin fevralında baş verən  inqilabdan sonra çar ordusu hissələrinin daha da sarsılması fürsətindən yararlanan  Gəncə Milli Komitəsi  artıq şəhərdə vəziyyəti tamamilə öz nəzarəti altına aldı. Aparılan tədbirlər nəticəsində burada bir nəfər də olsun rus əsgəri qalmamışdı . Onlar tərksilah edilərək öz evlərinə göndərilmişdi.

Nəsib bəy Yusifbəylinin “Ədəmi-mərkəziyyət” partiyası 

Şübhəsiz, millətin fiziki müdafiəsi ilə yaranmış “Difai”dən və milli özünüdərkin möhkəmlənməsi üçün təcrübə qazandırmış Gəncə Milli Komitəsindən sonra siyasi təkamülün yeni mərhələsi zərurəti yarandı.

Monarxiyanın süqutundan cəmi bir neçə gün sonra Gəncədə, əvvəllər “Difai”ni yaratmış Gəncə Milli Komitəsinin aparıcı şəxsləri – Həsən bəy Ağayev, Şəfi bəy Rüstəmbəyov, Xasməmmədli, Şeyxzamanlı qardaşları və başqaları Nəsib bəy Yusifbəylinin rəhbərliyi altında Azərbaycan tarixində keyfiyyətcə yeni, ilk dəfə olaraq Avropa mədəni dəyərlərinə istinad məramlı bir partiyanın – “Türk Ədəmi-mərkəziyyət firqəsi”nin əsasını qoydular. Buradaca qeyd edək ki, istər lüğəti, istərsə də siyasi mənada “Ədəmi-mərkəziyyət” ifadəsi sərbəstliyi, müstəqil fəaliyyəti, özü-özünə cavabdehliyi bildirən desentralizasiya, qeyri-mərkəziyyətçilik mənasında anlanılmalıdır.Həm də keçmiş difaiçilər öz yeni siyasi partiyalarının adını əvvəllərdən (1906-cı ildən) sıx əlaqədə olduqları Türkiyə Ədəmi-mərkəziyyətçi Liqasının adından götürmüşdülər. Bu liqa İttihad və Tərəqqi uğrunda Gənc Türk Komitəsinin liberal (!) qanadı idi (bax: T.Sviyetoxovski, “Russkiy Azerbaydcan” “Xazar” (rusca) jurnalı, №2, 1990, səh 88). Elə “ədəmi mərkəziyyət” ifadəsinin özü də Avropadan gəlmə “liberalizm”in o vaxtkı türk dilli üslubunda tərcüməsidir.Və azad, sərbəst cəmiyyət qurulmasının ən doğru təmininin məhz istiqlal və ya muxtariyyət (o tarixi şəraitdə əlbəttə ki, Rusiya üçün federativ quruluş məqbul hesab edilirdi) olduğu partiyanın proqramında vurğulanırdı.

“Türk Ədəmi-Mərkəziyyət firqəsi” öz məqsədləri və proqramı ilə xalqı tanış etmək üçün 1917-ci ilin martında, Novruz bayramı günü Gəncənin Şah Abbas məscidinin önündə izdihamlı mitinq keçirdi. Mitinqdə partiyanın lideri N.Yusifbəyli nitq söyləmiş, ilk dəfə olaraq Azərbaycan anlayışı siyasi mənada işlədilərək “Yaşasın Azərbaycan muxtariyyəti!, Yaşasın Demokratik Respublika!, Yaşasın Türk Ədəmi-mərkəziyyət partiyası!” şüarları səslənmişdi (“Bakı” qəzeti, 12 aprel, 1917-cı il; həmçinin bax həmim yazı Mövsüm Əliyev-ön söz. M.Ə.Rəsulzadənin “Çağdaş Azərbaycan tarixi” kitabına.Bakı, 1991, səh.9).

Moskvada yaşayan tarixçi-alim Saleh Əliyev Rusiya Xarici Siyasət Arxivində saxlanılan 1917-ci ilə aid bir sənəddə “Gəncədəki həmin müsəlman yığınacağında” Cənubi Azərbaycandan da bəhs edilərək şimaldan Dərbənd, cənubdan Zəncan və Qəzvinlə əhatələnmiş türklər yaşayan Azərbaycan ərazisindən də söhbət getdiyini bildirir (bax: Salex Mamed – oqlı “Ob odnoy ideye avtonomii Azerbaydcana 1917 q.”, “Xazar” jurnalı (rusca) №4, 1990, səh 92).

 Bildiyimiz kimi, 1911-ci ildə Bakıda “Müsavat” gizli partiyasının əsası qoyulmuş və ümumislami xarakter daşıyan ilk məram sənədində adının verdiyi “bərabərlik” anlamına uyğun olaraq müsəlmanların ruslarla hüquq bərabərliyinin təmin edilməsi, həmçinin bütün islam dünyasının milli-inqilabi oyanışı və azadlığı uğrunda mübarizə təşkilatın məqsədləri elan olunmuşdu (bax: “Müsavat” bülleteni, №1(5), 1993. Bakı). 1913-cü ildən “Müsavat” özünə həmin il mühacirətdən Vətənə qayıdan M.Ə.Rəsulzadə kimi dərin təfəkkürə və böyük siyasi təcrübəyə malik bir lider qazanmışdı.

Fevral inqilabının gerçəkləşməsindən sonra Bakıda milli maraqların əsas təmsilçisi “Müsavat” gizli qrup halından kütləvi partiyaya çevrilməsi dövrünü yaşayırdı. T.Sviyetoxovskinin fikrincə, leqal vəziyyətə keçdiyi ilk həftələr ərzində əsasən sıralarını genişləndirməklə məşğul olan “Müsavat”ın rəhbərlərinin, görünür, Gəncədəki siyasətçilərlə iş birliyinə qədər konkret fəaliyyət proqramları yox idi (T.Sviyetoxovski. Göstərilən mənbə, həmin səhifədə).

1917-ci ilin aprelin 15-dən 20-dək Bakıda Qafqaz müsəlmanlarının qurultayı keçirildi.N.Yusifbəylinin rəhbərliyi altında Gəncədən olan yenilikci siyasətçilərin fəallığı bu toplantının siyasi ab-havasını müəyyənləşdirirdi. “Azərbaycan ideyasını siyasi bir mətləb” kimi aydınlaşdıran konkret proqrama malik “Ədəmi-mərkəziyyət” firqəsi öz məramına, xüsusən də müsavatçılar arasında  çoxlu tərəfdar toplamış oldu.

“... Müsəlman Qafqaziya qurultayında partiyasının proqramını izah edərkən Nəsib bəy – Kim iddia edə bilər ki, biz özümüzü idarəyə səlahiyyətdar bir millət deyilik?!– demək surətiylə qurultaya lazım gələn yolu göstərmişdir” (F.Ağüzüm. “Nəsib bəy Yusifbəyli” Azərbaycan dərgisi, Ankara 1980).

Qurultayın yekun sənədində qeyd olunurdu ki, müsəlman xalqlarının maraqlarının təmin olunması Rusiyanın ərazi-federativ prinsiplərə əsaslanan demokratik respublika şəklində qurulması ilə gerçəkləşə bilər.Bu, həmçinin digər prinsipial məsələlərdə “Ədəmi-mərkəziyyət”lə “Müsavat”ın ümumi mövqeyi bu iki partiyanın birləşmə prosesinin başlanğıcını qoydu. Hər iki partiyanın liderlərinin böyük uğurla iştirak etdiyi 1 may 1917-ci il tarixində Moskvada keçirilmiş Ümumrusiya müsəlmanları Qurultayında muxtariyyət prinsiplərinə dair onların tezisləri çoxluq tərəfindən müdafiə edilərək Qətnamədə əksini tapmış oldu. Uğurlu nəticələrdən məmnun qalan iki aparıcı siyasi təşkilatların liderləri öz məqsəd ümumiliyini nəzərə alaraq birləşmə prosesini gerçəkləşdirməyi qərara aldılar.Həmçinin hər iki qurultaya sədrlik etmiş görkəmli ictimai-siyasi xadimimiz Əlimərdan bəy Topçubaşov da milli məqsədlər naminə bu iki təşkilatın birləşməsi xüsusunda M.Ə.Rəsulzadəyə və N.Yusifbəyliyə məsləhət vermişdi.

1917-ci il may ayının axırlarında hər iki təşkilatın birləşərək “Türk Ədəmi-mərkəziyyət firqəsi Müsavat” adlandırılması qərara alındı. İki təşkilatın rəsmi surətdə qovuşması iyunun 20-də birgə Mərkəzi Komitənin yaradılması ilə başa çatdı. Mərkəzi Komitədə Bakı və Gəncə siyasətçiləri bərabər sayda təmsil olunurdular: Rəsulzadə – Yusifbəyli, Hacınski – Rüstəmbəyov, Vəkilov – Ağayev, M.Axundov – Rəfiyev.

 Xüsusi olaraq qeyd edilməlidir ki, hər iki təşkilatı birləşdirən əsas prinsip – ədəmi-mərkəziyyət, özü də dini deyil, milli əsaslarla adəmi-mərkəziyyət (!) idi ki, siyasi azərbaycançılığın məğzini məhz bu təşkil edirdi.

Lakin fərqlər də qalmaqda idi.İki təşkilatın birləşməsi nəticəsində partiyanın sol – Bakı və sağ – Gəncə qanadlarının konturları sezilirdi.Bu hal Bakı və Gəncə xadimlərinin sonrakı fəaliyyətlərində fərqli siyasi yönlərdən doğan uyğunsuzluq yaradacaqdı.Bununla yanaşı tərkibinin qeyri-yekcinsliyi partiyaya ən müxtəlif tərəf-müqabillərlə uğurlu əməkdaşlığa imkan verən taktiki çeviklik də qazandırmışdı.Azərbaycanın siyasi həyatında “Türk Ədəmi-mərkəziyyət firqəsi Müsavat”ın hakim mövqe tutması artıq şübhə doğurmuşdu.

Petroqraddakı bolşevik çevrilişinin baş verməsindən sonra, oktyabrın 26-dan 31-dək Bakıda “Türk Ədəmi-mərkəziyyət firqəsi Müsavat”ın I qurultayı keçirildi.Toplantı irəlidəki siyasi mübarizədə partiyanın strategiya və taktikasını müəyyənləşdirərək onun yeni proqramını qəbul etdi.Bu sənəd N.Yusifbəylinin başçılığı altındakı siyasətçilərin ədəmi-mərkəziyyət prinsipləri zəminindəki, hələ yaz aylarından siyasi aləmdə və geniş kütlələrdə böyük rezonans və rəğbət doğuran məramnaməsi əsasında tərtib olunmuşdu.

Məramnamənin giriş hissəsində ümumbəşəri, mədəni (sivilizasiya mənasında), milli, fərdi dəyərlərdən bəhs olunaraq “Mədəniyyəti-bəşəriyyə (bəşər sivilizasiyası – Z.M.) milli mədəniyyətlərin məcmuundan ibarət ikən, ən müvafiq və ən təbii hökumətin də hökuməti – milliyyə olması aşkardır.Milli istiqlal və ya muxtariyyətə malik olmayan bir millət hürriyyət və mədəniyyətini hifz edə bilməz” – fikirləri aydınlaşdırılır.

 Proqramda “...Rusiya dövlətinin şəkli-idarəsi milli-məhəlli muxtariyyət əsası üzərində qurulmuş qoşma (yəni, federativ-Z.M.) xalq cumhuriyyətindən ibarət olmalıdır”, “...Muxtariyyətlərdəki hökumət şəklinin qoşma xalq cümhuriyyətlərindən ibarət olması Rusiya xalq cümhuriyyətinin qanuni əsasına (konstitusiya – Z.M.) daxil olub, dövlətcə təhti-təminə alınmalıdır”, “...Azərbaycan...məhəlli muxtariyyət almalıdır” kimi tələblər; “Qanun nəzərində cümlə əhali, din, məzhəb və millət fərqi olmayaraq erkək və qadın bərabərdir”, “Hər kəs fikrini, təsəvvürünü söyləməkdə və yaxud mətbuat və qeyri vasitələrlə nəşr və elana sərbəstdir”, “Pasport üsulu ləğv edilərək istər xaricdə, istər daxildə hər kəsin istədiyi yerə heç kimdən sormadan getməyə haqqı vardır” və sair kimi insan haqqları normaları; həmçinin iqdisadiyyat və maliyyə, torpaq islahatı, işçi, ədliyyə, maarif və digər məsələlər yer almışdı.

 Beləliklə, azərbaycanlıların ən iri siyasi təşkilatının proqramında istər demokratik əsaslarla qurulmaq ehtimalı olan Rusiya dövlətinə münasibətdə, istərsə İslam aləmi, həmçinin türk dünyası ilə münasibətdə Azərbaycanın yalnız özünəməxsus olan öz inkişaf haqqlarının, başqa sözlə, azərbaycançılıq ideyasının gerçəkləşdirilməsi başlıca məqsəd hesab olunurdu.

N.Yusifbəylinin və onun qeyri–mərkəziyyətçilik ideyalarının istər azərbaycanlıların milli siyasiləşməsində, istərsə də Azərbaycanın coğrafi – siyasi məna kəsb edərək beynəlxalq arenada “gözə çarpdırılması”nda və nəhayət xəritədə olmayan yeni bir Azərbaycan Respublikasının yaradılmasında müstəsna rolu olmuşdur. Cümhuriyyətimizin banilərindən olan M.Ə.Rəsulzadənin aşağıdakı sözlərinə diqqət yetirək: “Azərbaycan ideyasını siyasi bir mətləb maddəsi şəklində formula etmək şərəfi Nəsib bəyindir. O, milli Azərbaycan demokratiyasının yetişdirdiyi elə bir müməssildir (nümayəndə – Z.M) ki, milli Azərbaycan hərəkatının istiqlala müncər olan qayəsini formulə etmək onun adı ilə bağlıdır. Sadəcə bu, Nəsib ismini Azərbaycan tarixində ölməz və unudulmaz bir ism halına qoymaq üçün kafidir... Müzəffər istiqlal nəslinin ilk yapacağı şürkan vəzifələrdən birincisi siyasi azərbaycançılığın (! – Z.M) ilk mübaşirlərindən (qabaqda gedənlərindən – Z.M.) olan Nəsib bəyin adını əbədiləşdirmək, Bakı və Gəncədə ona abidələr tikməkdən ibarət olmalıdır”. (M.Ə.Rəsulzadə “İstila qurbanları. Yusifbəyli Nəsib bəy”, “Odlu yurd” №3, 27 aprel, 1929. Ankara; Həmçinin bax: həmin yazı “Ədəbiyyat” qəzeti, 22 fevral, 1991).

Həqiqətən də, millətin fiziki müdafiəsindən başlayaraq azad yaşama ideyasına gətirən, “Difai”dən “Ədəmi-mərkəziyyət”əcən keçən bu yol tarixi şərəf məsələmizin gerçəkləşməsinə – “mövcudiyyətin və gələcəyin yeganə təməli” (Atatürk) olan Cümhuriyyətin qurulmasına aparırdı.

 





27.05.2013    çap et  çap et