525.Az

Dumansız Albion - Təsəvvürdən təəssürat reportajı


 

Dumansız Albion -<b style="color:red"> Təsəvvürdən təəssürat reportajı</b>

Durum deyim, İngiltərə deyəndə ağlıma ilk gələn Şekspirdi, Nyutondu, “Bitlz”dı, “Big Ben”di, nə bilim, Çörçill, Diana, Devid Bekhemdi, yalan olar. Adam tanıyıram, Britaniya onun üçün tək Oskar Uaylddan ibarətdi. Bütöv İngiltərə bir futbol meydanıdı - “Çelsi” fanatı gənc dostum, bacıoğlu Orxana görə.

Londonu funt-sterlinq, yəni pul kimi təsəvvür edənlər də az deyil. Hər halda dünyanın dörd bir yanına hökmü keçmiş imperiya paytaxtının gündəmində yalnız siyasət və hərb söhbətləri olmayıb. Parasız nə siyasət, nə hərb?

Günü bu gün hər yandan varlı adamlar üzünü bura tutur, pul-parasıyla birgə... Fərq etməz necə qazanmısan, varlısansa sənə qucaq açar London. Dumanı yox olar Albionun.

“İngiltərənin əlindən “time is money”yi alın - onda İngiltərədə nə qalacaq?” Viktor Hüqo yazıb bunu “Səfillər”ində.

Dediyim odu ki, hərənin beynində bir  assosasiya yaradır “London” kəlməsi. Onu görməyənlərin təsəvvürü, görənlərin təəssüratı ilə eyni olmur bəzən. Bax, elə mənim kimi.

Bu şəhərin adını eşidəndə, nə qədər qəribə olsa da, gözümün qabağına ilk Şerlok Holms gəlir. Niyə real insanlar yox, məhz bədii əsər qəhrəmanı - qəribəlik də bundadı. Mən bunun səbəbini yaddaşda görürəm. Yaddaşa ilk yazılan, özü də həkk olunası yazıyla yazılan ömürlük qalır. İzah eləyim, niyəsini deyim.

Demək, 1980-ci il idi. Ağdamda indi bəxtəvər görünən günlərin birində atam evə el arasında “Tağının mağazası” deyilən kitab dükanından aldığı “Baskervillərin iti” kitabıyla gəldi. Oxuyub bitirəndən sonra nə qədər tərifləsə də, məndə o kitaba əl qatmağa həvəsi atam yox, Sovet aktyoru Livanov mükəmməl oyunu, qulağayatım səsiylə oyatdı.

Yalan-gerçək, deyirlər, Şerlok Holms haqda 200 film çəkilib. Mənə görə onların heç biri Sovetin məşhur “Şerlok Holms və Doktor Vatsonun sərgüzəştləri” teleserialına çatmaz. Hər halda baş rolun ifaçısı Vasili Livanova 70 illiyində “Britaniya imperiyası ordeni” kimi möhtəşəm mükafat elə-belə verilmədi.

Əvvəl bu əsər, sonra da Sovet jurnalisti Vsevolod Ovçinnikovun o dövrdə ədəbi rezonansa səbəb olan “Palıd kökləri” kitabı mənim İngiltərə və ingilislər haqda ilkin təəssürat və düşüncələrimi formalaşdırdı.

Elə bədii əsər qəhrəmanları var ki, müəllifindən populyardı. Şerlok Holms, Harri Porter, Şrek, Ceyms Bond kimi. Məşhuri-cahan Beyker-strit 221B ünvanında, yəni Holmsun ev muzeyində Artur Konan Doyl adına rast gəlmirsən. Bilməsən, deyərsən bəs, Holms tarixi şəxsiyyətdi. Elə bu evdəcə yaşamış detektivdi.

Londona gələn hər Holms aşiqi bura dəyməmiş dönmür. Muzey Viktorian stildə tikilmiş dördmərtəbəli binada yerləşir. Doylun əvvəl seriya hekayələrdə, sonra isə romanlarda yaratdığı Holms, doktor Vatson, miss Hadson, professor Moriarti kimi obrazların maketi, Şerlokun qonaq evi, yataq otağı, şəxsi əşyaları sənə o dövrün havasını yaşadır. Elə bilirsən evin sahibi əsər personajları ilə birgə səni də qonaq çağırıb.

Muzey pulludu. Yaşa uyğun olaraq 10-15 funt arası. Metronun “Baker street” stansiyasınacan gəlsəniz, rahat taparsınız.

Yerin altındakı London 

İri şəhərlərdə adətən metro xəritəsindən istifadə edirəm. Belə rahatdı. Getmək istədiyin yerə ən yaxın stansiyanı seçirsən, qalan azacıq yolu piyada gedirsən! Metroyla şəhərləri tanımaq daha asan olur.

London metrosu dünyanın ilk yeraltı nəqliyyat vasitəsidi. 1863-cü ildən fəaliyyət göstərir. 11 xətt üzrə 270 stansiyası var. Hər gün 4 milyondan çox sərnişin daşıyır. Gediş haqqı bir tərəfə 2 funtdu. Turistlərə həftəlik, ya da “Oyster” kartı almaq əl verir. “Oyster”in qiyməti 5 funtdu, karta istədiyin qədər pul yükləyə, səfər başa çatanda da pulun qalığını çıxara bilərsən.

Bax elə indi metroyla “Victoria and Albert” muzeyinə gedirik. Qatar “Charing Cross” stansiyasında dayanıb. Səfər yoldaşlarıma bir əhvalat danışıram, yeridi, deyim siz də eşidin.

Deməli, günlərin bir günü Rabindranat Taqorun oğlu Rothindranat elə burdan - “Charing Cross”dan “Bloomsbury” tərəfə gedərkən çantasını metroda unudur. Bundan yalnız səhəri gün, atası “Gitancali” kitabının əlyazmasını istəyəndə xəbər tutur. Kitabın ingilis dilində yeganə əlyazması həmin çantada imiş. Əlyazma “Unudulmuş əşyalar bürosu”nda tapılır. Kimsə götürüb büroya veribmiş. Taleyin ironiyası demək olarmı, bilmirəm, bir il sonra - 1913-cü ildə məhz həmin kitaba görə Taqor Nobel mükafatı alır. Sonralar oğlu yazacaqdı ki, balaca bir xəta ucbatından az qala atası belə bir mükafatdan məhrum olacaqdı. 

Ərdəbil gözəli

Biz “Victoria and Albert” muzeyinə səhər-səhər ilk girənlərdən olduq. Dünyanın dörd bir tərəfindən müxtəlif mədəniyyətlərə məxsus tətbiqi sənət nümunələri muzeyin 145 zalında nümayiş olunur. 1852-ci ildə yaradılan muzey əvvəllər Dekorativ İncəsənət muzeyi adlansa da, sonradan kraliça Viktoriya və əri Albertin adını daşımağa başlayıb. Muzeyin formalaşmasında xüsusi əməklərinə görə bura onların adı verilib.

Azərbaycana aid qədim xalçalar, miniatür tikililər, qablar az deyil. Can atdığım isə məşhur “Şeyx Səfi” xalısıdı. Xalı 1539-cu ildə Təbrizdə Şah Təhmasibin sifarişiylə Ərdəbil məscidi üçün toxunub. Muzeyin ayrıca bir zalında iri şüşə qəfəsdə yerə sərilib.

Ona vətənin bir parçası kimi baxırsan. “Şeyx Səfi” itirilmiş torpaq kimi gəlir adama, məsələn, Cıdır Düzü kimi. Əlini, üzünü sürtmək istəyirsən. Olmur! Birini monitorda, birini şüşə dalında görürsən. Görürsən, amma toxuna bilmirsən.

Boyun ölçdüm. 13 addımdı. Mistik düşüncələrdən uzaq adam olsam da, yadıma 1813-cü il düşdü.

“Ardabil Carpet” adıyla nümayiş olunur. Lövhədə Azərbaycanda toxunduğu qeyd edilib. Sən demə, əvvəllər bu da başqa xalçalarımız kimi İran xalısı adıyla sərgilənirmiş. Londonda yaşayan jurnalist həmkarım Zülfüqar Rüfətoğlunun dostlarıyla müdaxiləsindən sonra yazı dəyişdirilib.

Sabahın nəhəng dalğası dərya dərinliyində bu gün toparlanır!

Gələcəyin iqtisadi, siyasi güc mərkəzini müəyyənləşdirmək istəsəniz bu gün hansı ölkənin elmə, texnologiyaya sərmayə qoyduğunu, dünyanın elm adamlarına qucaq açdığını müşahidə edin. Muzeydə sərgilənən İngiltərənin Sənaye inqilabı dövrünün maşınqayırma, poladəritmə texnologiyaları, canım sizə desin, buxar maşını, toxucu dəzgahı, bir sözlə, əl əməyini mexanikləşdirən hər şey gələcəyin iqtisadi, siyasi, hərbi mərkəzinin - dünya imperiyasının konturlarını göstərir. Doğrudan da bu texnika tezliklə Britaniyanı dünyaya hökm edən imperiyaya çevirir.

“Viktoriya və Albert” muzeyini dolanmaq həm də ona görə xoşdu ki, burada yeknəsəklik yoxdu. Elə bil müxtəlif dövrlər, fərqli mədəniyyətlər kaleydoskopuna baxırsan.

Muzey “South Kensington” metro statsiyasına yaxındı. Pulsuzdu.

“Hayd park” - “cilovu buraxılmış azadlıq”

Bura gəlmişkən yaxınlıqdakı başqa görməli yerlərə də baş çəkin. Ətrafda xeyli maraqlı muzey, mədəniyyət abidələri var. Bəlkə həmin gün “Royal Albert Hall”da yaxşı bir konsert də oldu. Bilet sizə baha görünər, amma dünyanın ən nüfuzlu konsert zallarından birində musiqi dinləmək hər deyəndə ələ düşməyən fürsətdi. Bizim belə fürsətimiz olmadı.

Bir tin dönüb piyada düşürük Kensinqton bağlarına sarı. Sadə görkəmli Kensinqton sarayı burdadı, indi Uels Şahzadəsi Uilyam yaşayır.
 
Şahzadəyə əl havası salam verib gəlirik məşhur Hayd parka.

Buralar vaxtilə Vestminster abbatlığının torpağı idi. XVI əsrdə monastrların ləğvi dövründə krallığın mülkiyyətinə keçir, ov yeri olur.

Kral II Karlın zamanında isə sadə londonluların üzünə açılır.

Park daha çox siyasi mitinqlərin, kütləvi tədbirlərin, şənliklərin keçirildiyi məkan, camaatın gəzinti yeri kimi ad çıxarıb.

Serpentin gölünün kənarında eyniadlı kafedə südsüz ingilis çayı (ingilislər gül kimi çaya niyə süd qatır, bilmirəm) sifariş verib dincimizi alırıq. Çay içə-içə səfər dostlarıma - qızıma və keçmiş kişilərin sözü olmasın, uşaqların anasına hələ 23 il qabaq jurnalist həmkarım Səbuhi Məmmədlinin “525-ci qəzet”də apardığı maraqlı “Hayd Park” rubrikasından danışıram.

Parkın “Natiqlər köşəsi” deyilən yerində hər kəs camaat qarşısında istədiyi mövzuda çıxış edə bilər. “Hayd park” SSRİ-də yenidənqurma illərində məşhurlaşdı, demək olar, hər iri şəhərdə belə “hayd park”lar yaranmağa başladı.

Səbuhi də ictimaiyyət üçün maraqlı müsahiblərə “haydpark”lıq suallar verirdi. Həmsöhbətlərimə “haydparklıq sualları”ı “cilovu buraxılmış azadlıq” kimi izah edirəm.

“Hayd park”dan çıxıb “Prayd-parad”a düşdük.

Kafedən çıxıb üzü BBC-yə yol alırıq. Oksford-strit boyu nəhəng paradla qarşılaşırıq. Sən demə, həmin gün Londonda gey-parad keçirilirmiş.

Türkiyəyə, Rusiyaya baxmayın, burda hürriyyətçilikdi, belə paradlar dağıdılmır, əksinə, şəhərin baş küçələri nümayiş iştirakçılarının ixtiyarına verilir.

Çoxdan bu qədər insan kütləsini bir yerdə görməmişdim. Nəhəng insan seli uzaq illərin 1 may paradlarını xatırladırdı.

İzdihamı keçib BBC-nin “Portland Place”dakı qərargahına gəldik. Azərbaycan xidmətinin əməkdaşı Elçin bəy qısa ekskursiya ilə nəhəng BBC teleşirkətinin iş həyatı ilə bizi tanış etdi. Şənbə günü olduğundan başqa əməkdaşlar işdə deyildi.

Şirkətin Azərbaycan xidmətinə uzun illər rəhbərlik etmiş Zülfüqar Əhmədoğlu ilə axşama doğru görüşdük. Bizə yaxşı bir türk restoranında qonaqlıq verdi.

(Ardı var)

 





18.09.2017    çap et  çap et