525.Az

Demokratiya və layiq olanların hakimiyyəti (davamı)


 

Demokratiya və layiq olanların hakimiyyəti <b style="color:red">(davamı)</b>

 Demokratiya da təkcə insan haqlarına, söz və vicdan azadlığına, etiraz etmək hüququna təminat vermir, həm də insanları xofdan, qorxudan və çox hallarda ehtiyacdan azad edir.

Demokratiyanın qalib gəldiyi ölkələr nəhəng inkişaf yoluna qədəm qoymuşlar. Bunu biz Amerika Birləşmiş Ştatlarının, İngiltərənin, İkinci Dünya Müharibəsindən məğlub və viran qalmış şəkildə çıxmış Yaponiyanın və Almaniyanın, habelə 1948-ci ildə ağır şəraitdə və yandırılmış torpağı andıran bir məkanda yenicə öz müstəqil dövlətini qurmağa başlayan İsrailin timsalında aydın görürük. 

Demokratiyanın ibrətamiz erkən tarixinə baxış 

Hamıya yaxşı məlumdur ki, demokratiyanın beşliyi qədim Yunanıstandır, daha dəqiq deyilsə, Afinadır. Afinalıların da taleyində tiraniya dövrü mövcud olmuşdur. Pisistratın tiran hakimiyyətindən sonra aristokratlar cəhd etdilər ki, Afinada özlərinə məxsus oliqarxiya (azlığın hakimiyyəti) quruluşunu yaratsınlar. İslahatçı aristokrat Klisfen (ingilis dilli ədəbiyyatda Klisten) həmin plana qarşı çıxdı və Afina xalqına arxalanaraq, b.e.ə. 508-ci ildə polisdə (şəhər-dövlətdə) baş vəzifəni tutmaqla, dövlət quruluşunu islahata uğratdı. Klisfenin islahatları bu vaxt Afina demokratiyası üçün bünövrə yaratdı. Afinanın hər bir azad vətəndaşı, onun kəndli, sənətkar, tacir və aristokrat olmasından asılı olmayaraq, bərabər hüquqlar aldı.

Klisfen islahatlarının məqsədi ənənəvi yerlərin və regionların hakimiyyətini zəiflətmək idi, çünki onlar aristokratik qüvvənin əsası kimi çıxış edirdi. O, demosları – Attikanın (Afina şəhər-dövlətinə daxil olan ərazi) kəndlilərini və şəhər sakinlərini siyasi həyat üçün bünövrə olacaq bir birliyə çevirdi. Bu ənənəvi yerlərin və regionların həmin vaxta qədər mövcud olan hakimiyyətinə ağır zərbə vurdu. Bundan iki əsr əvvəl, Romuldan sonra Romanın ikinci, əfsanəvi çarı olan Numa Pompili başqa buna bənzər bir bəlanı aradan götürmək üçün eyni qaydadakı tədbirdən istifadə etmişdi. Romanın sakinləri olan yerlilərlə sabinlilər arasında ayrı-seçkilik, traybalizm əsasında baş verən münaqişələrin qarşısını almaq üçün o, adamları sənət növləri üzrə yaratdığı çox saydakı gildiyalarda birləşdirilmişdi. Bu gildiyalara həm əsl romalılar, həm də sabinlilər daxil idilər və belə vəziyyət onları tayfaçılığın zərərli hisslərindən uzaqlaşdırdı.

Klisfen demosun bütün vətəndaşlarını on tribaya (bunlar “fil” adlanırdı) böldü, onların hər biri Attika kənd mahallarında, sahil zonalarında və Afinanın özündə məskunlaşmış sakinlərdən ibarət idi.

Yerlə zəkalar siyasi quruluşda mühüm rola yiyələndilər. Bu on filin hər biri hər il üçün Beş yüzlər Şurasına 50 üzv seçirdi. Şura xarici siyasət və maliyyə işlərinin icrasını həyata keçirirdi və Məclisə – ecclesia – ya (Xalq yığıncağına) məsələlər hazırlayırdı. Bütün kişi vətəndaşların iştirak etdiyi bu Məclis azad və açıq müzakirələrdən sonra qanunların qəbul edilməsində son hakimiyyətə malik idi.

Beləliklə, Klisfenin islahatları Afina siyasi sistemində vətəndaşların Məclisinin (Xalq yığıncayının) mərkəzi rolunu gücləndirdi.

Heredot özünün “Tarix” kitabında Klisfenin Afinadakı demokratik dəyişikliklərini xüsusi qeyd edir: “Afina, əlbəttə, əvvəllər də artıq böyük şəhər idi, indi isə tiranlardan azad olunduqdan sonra daha qüdrətli olmuşdur. Əvvəllər hüquqsuz olan və fil tək tanınan ərazi vahidlərinin adını dəyişdi və sayını artırdı”. Onu da əlavə edir ki, xalq onu qoruyurdu və ona qarşı olan təhlükəni aradan qaldıra bilmişdi.

Klisfenin islahatları Afina demokratiyasının əsasını qoydu. Sonrakı beşinci əsrdə (b.e.ə) çoxlu dəyişikliklər baş verəcəkdi, bu vaxt afinalılar özləri sistemi ifadə etmək üçün “demokratiya” sözündən istifadə etməyə başladılar (bu, yunan sözü “demos”-dan “xalq” və “kratia”-dan – “hakimiyyət” əmələ gəlmişdi). Beləliklə, həmin ifadə “xalq üçün hakimiyyət” demək idi. B.e.ə. 500-cü ildən Afina əvvəllərdə olduğundan daha çox birləşmiş idi və yunanların işlərində mühüm rol oynamağı öz üzərinə götürməyə hazırlaşırdı.

B.e.ə. 500-cü ilin ətrafından Makedoniya çarı II Filippin Yunanıstanı işğal etdiyi 338-ci ilə qədər olan dövr yunan tarixinə klassik Yunanıstan adı ilə daxil olmuşdur. Həmin əsr yarımdan çox olan illər parlaq hakimiyyət dövrü idi. Onun əsas hissəsi isə Afina demokratiyasının Periklin başçılığı altında çiçəklənməsi zamanı kimi tanınır. Yunanların sonrakı töhfələrinin çoxu bu dövr ərzində baş vermişdir. Bu era yunan dövlətləri ilə nəhəng Persiya imperiyasının ciddi qarşıdurması ilə başlamışdı.

Yunan sivilizasiyası bütün Aralıq dənizi regionunda genişləndiyindən labüd olaraq şərqdə Persiya imperiyası ilə qarşılıqlı münasibətdə olmalı idi. Böyük yunan dramaturqu Esxil özünün “Persiyalılar” pyesində yunanların çoxunun özləri ilə persiyalılar arasında mühüm fərq olduğu barədə gəldikləri qənaəti təsvir edir. Pyesdə Persiya çariçası afinalılar haqqında daha çox məlumat əldə etməyə maraq göstərdiyindən soruşur: “Onlara kim ağalıq edir?” Ağanın çobanı kimdir?” Bu suallara xor cavab verir: “Onlar heç kəsə qul deyillər, onlar həm də təbəə deyillər”. Beləliklə, yunanların əksəriyyəti görürdü ki, persiyalılarla mübarizə, azadlıqla quldarlıq arasındakı rəqabət tək olacaqdır. Yunanlara görə hər bir şəxs dövlətin vətəndaşı olmaqla, hansısa hökmdarın təbəəsi deyildir. B.e.ə. 490-cı ildəki Marafon döyüşündə afinalıların böyük və güclü Persiya ordusu üzərində parlaq qələbəsi həm də azad insanların, azadlığın nə olduğunu bilməyənlər üzərində necə böyük mənəvi qüdrətə malik olduğunu nümayiş etdirdi.

Perikl b.e.ə. 450-ci ildən mühüm siyasi rol oynamağa başladı. Onun rəhbərliyi altında Afina polisində demokratiyanın genişləndirilməsi siyasəti aparıldı. Bu vaxt afinalılar Sparta ilə və sərhədlərindən kənardakı öz imperiyalarını genişləndirməklə məşğul idilər. Bu dövr Perikl erası adlanır, Afina qüdrətinin yüksəlməsi və sivilizasiya kimi onun çiçəklənməsinin kulminasiya zamanı hesab olunur. Perikl erası dövründə afinalılar demokratik sistemə tam nail olmuşdular. Xalqın hökmranlığı Məclisdə (ecclesia-da) təcəssüm olunmuşdu, bura 18 yaşından yuxarı olan bütün kişi cinsindən olan vətəndaşlar daxil idi.

Məclis bütün qanunları qəbul edir və müharibə barədə, həmçinin xarici siyasət üzrə sonuncu qərarları verirdi.

Məclisə yardımçı nəzarət orqanı kimi Beş yüzlər Şurası fəaliyyət göstərirdi. Şura 50 nəfərdən ibarət on kiçik qrupa – pritanilərə bölünmüşdü. Pritanilərin hər biri ilin onda biri dövründə (o vaxtkı təqvimdə il 10 aydan ibarət idi) Məclisdən keçən qanunların icrasına nəzarət etmək vəzifəsini daşıyırdı. Şəhər magistratları (icra üzrə məsul şəxslər) da adətən, sinif fərqlərinə məhəl qoyulmadan seçilirdi və yalnız bir illik müddətdə fəaliyyət göstərirdi. Bu o demək idi ki, kişi cinsindən olan vətəndaşların çoxu ömürlərinin müəyyən dövründə hansısa bir ictimai vəzifə tuturdu. Generallar (strateqlər) adlanan və on qulluqçudan ibarət olan şura dövlətin işini idarə etmək üçün ictimai səsvermə ilə seçilirdi və onların hakimiyyəti məhz qazandıqları nüfuzdan asılı olurdu. Generallar adətən, varlı aristokratlar olurdu, buna baxmayaraq, başqa qaydada seçim etmək məsələsində də xalq tam sərbəst idi. Perikl on beş dəfə strateq seçilmişdi. Bu da onun siyasi həyatda mühüm rol oynamaq qabiliyyəti ilə əlaqədar idi.

Perikl doğma polisinin dövlət quruluşu barədə deyirdi: “Bizim konstitusiya demokratiya adlanır. Çünki hakimiyyət azlığın əlində deyil, bütün xalqın əlindədir. Məsələlər özəl debatlarda müzakirə ediləndə hər bir kəs qanun qarşısında bərabərdir. Çünki bizim siyasi həyatımız azad və açıqdır. Bizim hər günkü həyatımız digər adamlarla, bir-birimizlə münasibətlərdədir. Burada hər bir fərd təkcə öz işləri üçün deyil, həm də dövlətin işləri üçün maraqlıdır”. Perikl dövrünün reallığı, onun dediklərini bütünlüklə təsdiq edir.

488-ci ildən sonra afinalılar vəzifəli şəxslərin xalq qarşısında məsuliyyət hissini yüksəltmək üçün daha yeni bir tədbirdən istifadə etməyə başladılar. Məclis üzvləri onların xoşuna gəlməyən, polis üçün daha zərərli hesab etdikləri şəxslərin adını qırıq saxsı parçalarında yazmaqla, onun Afinadan sürgün edilməsinə – ostrakizmə məruz qoymağa səs verirdilər.

Beləliklə, vəzifə sahibləri təkcə onlara nüfuz bəxş edən səlahiyyətlərdən deyil, həm də müəyyən müddətə Afina vətəndaşlığı hüququndan məhrum olurdular. Çoxluğun neqativ səsini (əgər ən azı altı min nəfər səs vermişdisə) alan şəxs on illiyə polisdən sürgün edilirdi. Ancaq çox hallarda sürgün olunan adama ehtiyac hiss edildikdə, vətəndaşlar onu geri çağırırdılar. Bir sıra görkəmli dövlət xadimləri belə ağır cəzalı taleyi yaşamalı olmuşdular.

Periklə gəldikdə o, afinalıların demokratik idarəçiliyə cəlb edilməsini xeyli genişləndirdi. Hakimiyyət xalqın əlində idi. Perikl həmçinin vəzifə sahiblərinin əvvəlki pulsuz xidmət etmək qaydasını ləğv edib, onlara dövlət maaşı verilməsi qaydasını qoydu. Bu qrupun tərkibinə həmçinin məhkəmələrin jüri üzvü vəzifəsi də daxil idi. Bu o demək idi ki, hətta kasıb vətəndaşlar da ictimai vəzifə tuta bilərdilər və onlar ictimai işlərdə öz iştiraklarına müsbət yanaşacaqdılar. Lakin əhalinin çox hissəsinə həmin siyasi hüquqlar verilməmişdi, belə hüquqlardan məhrum olunanlara qadınlar, qullar və Afinada yaşayan əcnəbi sakinlər – meteklər daxil idi.

Perikl, dövlətinin idarə olunmasına Afina vətəndaşlarının orta və yoxsul təbəqələrini cəlb etməklə, Avropa tarixində ilk dəfə olaraq həqiqi demokratiyanın – xalq hakimiyyətinin meydana çıxmasına səbəb oldu. Onun dövründə Məclis – Xalq yığıncağı ali qanunverici orqanı olmaqla başlıca rol oynayırdı. Burada 315 min nəfər Afina sakinindən 45 min nəfəri iştirak edirdi.

Qədim Afinanı “bəşəriyyətin uşaqlığı” dövrü adlandırırlar. Bu uşaqlıq isə özünün görkəmli nailiyyətləri ilə öyünə bilərdi. Karl Marks qeyd edirdi ki, yunanlar normal uşaqlar idilər və yaşlı adam, əgər uşaqlığı normal olmuşdursa, daim onu məhəbbətlə yad edəcəkdir.

Afina demokratik dövlət quruculuğundan yaranan ideyalar ümumiyyətlə dövlətin necə olması barədə nəzəriyyələrin yaranmasına səbəb oldu.

Böyük yunan filosofları Platon və Aristotel siyasi həyatın təşkili barədə orijinal fikirlər irəli sürdülər.

Platon (b.e.ə. 422-348-ci illər) alimlərin çoxu tərəfindən Qərb sivilizasiyasının ən böyük filosofu hesab edilir. Öz müəllimi Sokratın mühakimə edilməsindən və edamından sonra məyus olan Platon ədalətə əsaslanan dövlət quruluşunun layihəsini hazırlamağa cəhd etdi. Siyasi quruluşun utopik idealını o, özünün “Respublika” dialoqunda yaradır.

Platonun dövlətini filosoflar idarə edir, bu dövlət vətəndaşların mənəvi gücündən qalxır, həm də dəqiq silk bölgüsünə malik olur.

Afinadakı təcrübəsinə əsaslanan Platon fəaliyyət göstərən demokratiyaya münasibətdə, ona inam bəsləməmək mövqeyinə gəlib çıxdı.

Filosofa məlum idi ki, ədalətli və rasional dövlətdə yaşamayan fərdlər etik həyata da nail olmurlar. Öz daxili düşüncəsi onu əhalisinin üç əsas qrupa bölündüyü ideal bir dövləti virtual qaydada qurmağa gətirib çıxardı. Lap yuxarıda yüksək sinif, idarə edən elita, məşhur filosof – çarlar dururdu.

(Ardı var)

 





27.05.2013    çap et  çap et