525.Az

Dağ kəndində əzəmətli abidə


 

Dağ kəndində əzəmətli abidə<b style="color:red"></b>

Lerik rayonunun Rvarud kəndində Qarabağ şəhidlərinin şərəfinə daş abidə ucaldılıb. Eyni zamanda, mərmər lövhəyə Böyük Vətən müharibəsi illərində həlak olmuş yerli sakinlərin  də adları vurulub.

İki dağın əhatəsində yerləşən  bu əsrarəngiz  mənzərəli yaşayış məkanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə  üç şəhid verib.  Səxavət  Hacıyev, Mübariz Həsənov və Etiqad Hacıyev. Hündür təpəliyin üstündə salınan abidə kompleksi ərazinin hər tərəfindən  görünür və bundan sonra "Zirvə" adlanan məkan hər kəsin iman yeri, ibadət yeri, ziyarət yeri kimi  dəyərini tapacaq.

Ötən cümə günü abidənin açılış mərasimi keçirilib. Əzəmət simvoluna çevrilən "Zirvə"yə xeyli sayda insan toplaşmışdı. Bakıdan və Lənkərandan gələn ziyallılar,  şairlər - Tofiq Nurəli, Maarif Soltan, İladi Öməroğlu, Ağacəfər Həsənli, iş adamları, qonaq-qara  yerli sakinlərdən təşkil olunmuş izdihama qarışmışdılar. Bakıdan  şairlər təşrif gətirib.

Azərbaycanın dövlət himni səslənəndən sonra aparıcı Lerik rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırovu  və kəndin tanınmış yetirməsi Məzahir Ağazadəni kompleksin önünə dəvət elədi.  Onlar abidənin üstündən qırmızı lenti çəkib örtüyü alqışlar altında  götürdülər. Dərhal heykəl-oğullar gül-çiçəyə qərq olundular.

Məzahir Ağazadə: "Bu gün o qədər qürurluyam ki, danışmağa söz tapmıram. Bizim kənd tarixən seyidlər, övliyalar, üləmalar kəndi kimi tanınıb. Son illər isə doğma Rvaruddan görkəmli alimlər, deputatlar, vəzifəli şəxslər, sənət adamları çıxıb. Respublikamızın müstəqilliyinin bəhrəsidir ki, biznes sahəsində çalışan  rvarudlular indi dağlar qoynunda yerləşən kəndini unutmur, hər  zaman ona arxa, dayaq dururlar.  Bu abidə də məhz  həmin xeyirxahlığın bəhrəsidir, iş adamlarının vəsaiti hesabına ərsəyə gəlib".

Tofiq Nurəlinin dediklərindən: "Qubanın Yerfi kəndindənəm. Ümumən Quba rayonu xeyli şəhid verib, kiçik Yerfinin də şəhidləri var.  Kaş, gərək heç kəs  şəhid olmayaydı, ancaq düşünəndə ki, müharibədi, ölüm-itim qaçılmazdı. Kənd sakinlərinin igidlərimizi əbədiləşdirməyi sevindiricidir. Bu, örnəkdir, bu, məktəbdir, gələcək gənc nəslə xoş mirasdır, göz dağı deyil. Mən çox yerlərdə heykəllər, abidələr görmüşəm. Rvaruddakı kompleks əzəmətinə görə təkdir, orijinaldır,  unutmayaq ki, Lerikin ucqar dağ kəndində ucaldılıb".

Maarif Soltan: "Eşq olsun,  burda heykəllik ömrünü yaşayan övladlarımıza, onların abidəsini inşa edənlərə, üç şəhid vermiş Rvarud kəndinə! Heyrət içindəyəm, qəlbimdən  ümmanlar axır. Dağlar yalnız qəhrəmanlar yetirməyə qadirdir, qorxaqlıq, ehtiyatlılıq onlara yaraşmır. Burda eşitdim ki, Səxavətin də, Etiqadın da məzarları Bakıdakı şəhidlər xiyabanındadı, Mübarizin qəbri isə Lənkərandakı məşhur abidələr kompleksindədi. Cismən bu belədir, mənən isə bu cavanlar hər birimizin qəlbində yaşayırlar, bundan sonra da yaşayacaqlar, çünki igidlik ölmür".

İladi Öməroğlu: "Qoçaq Səxavətə bir neçə şeir həsr etmişəm, mətbuatda çap olunub. İndi ikinci dəfədir Rvaruda təşrif gətirirəm. Mən Səxavətin qardaşı Mübarizlə dostam. Xeyli vaxtdır ki, bu abidənin ərsəyə çatmasını izləyirəm. Mübariz dostuma söz vermişdim, açılışda iştirak edim. Budur, qəhrəmanları seyr edir, ürəyim köksümə sığmır. Mən inanıram, onlar həqiqətən qayıdıb gəlib".

"Şərəf nişanı" ordenli təqaüdçü müəllim Bayram Aslanov   söz alaraq dedi ki, kənd məktəbində təkcə adi tədris fənləri keçilməyib, eyni zamanda rəşadət, cəsurluq, igidlik dərsləri keçirilib: "Ona görə hər üç şəhidin döyüş yolu bu gün örnəkdir. Səxavət çoxuşaqlı ailənin övladı idi. Politexnik texnikumunu bitirmişdi, Bakıda yaxşı işdə çalışırdı. Əsgərlik həyatı yaşadığından zəngin hərbi təcrübəsi vardı.  Onu heç kəs məcbur etmirdi, dəfələrlə könüllü sürətdə Şuşaya getdi, əsgərlərə qoşuldu, Vətəni murdar qəsbkarlardan təmizləmək üçün oddan-alovdan keçdi. Sonra Naxçıvanda Sədərək yaxınlığında şücaət göstərdi. Ən nəhayət, Sırxavənd uğrunda amansız döyüşlərin birində qəlpə yarası aldı, Bakıda hərbi qospitalda dünyasını dəyişdi. Eləcə də Mübariz də cəbhəyə könüllü yollanmışdı. Ağdamın Güllücə kəndində gedən vuruşlarda həlak oldu Bu mərmər lövhədə  Mübarizin babasının - Balakişi Həsənovun da adı yazılıb. Taleyin qəribəliyinə baxın: Baba ötən cahan savaşında itkin düşüb, nəvə yurd uğrunda çarpışıb, əbədiyyətə qovuşub.  Bura baba ilə nəvənin sanki görüş yerinə çevrilib. Etiqad isə abidələşən cavanların ən gəncidir, heç bığ yeri tərləməmişdi. Lənkaranda sürücülük kursunu bitirmişdi, əsgərlikdə tank sürürdü, elə maşını minaya düşüb  parçalandı, ömrünü tapşırdı".

...Bəli, nə qədər ki,  torpaqlarımızın bir hissəsi düşmən tapdağına çevrilib, yaşından, vəzifəsindən, bölgəsindən asılı olmayaraq, hər kəs müsəlləh əsgərdir. Müharibəyə getməyə hazırdı. Vətəni qorumaq dindəndi, imandandı. Müqəddəs kitabımız "Quran"da deyilir ki, şəhidə sorğu yoxdu, günahı xəbər alınmır, birbaşa cənnətlikdi. Bu kəndin şəhidləri də cənnət quşlarıdı.

Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Azərbaycan Prezidenti İlham Əliyevin ordu quruculuğuna göstərdiyi böyük diqqətdən və önəmdən  bəhs etdi. Ötən aprel döyüşlərində Lələtəpənin azad olunmasından, strateji yaşayış məntəqəsi kimi Cəbrayılın Cocuqmərcanlı kəndinin abadlaşdırılmasından danışdı. O, obrazlı sürətdə Lələtəpəni bu gün dağ kəndində təpəlikdə ucaldılan, "Zirvə" adını daşıyan bu məkanla müqayisə etdi: "O təpə qələbəmizin açarıydı, bu təpə isə igidlik zirvəsi, rəşadət rəmzidir. Hər iki məkan and yerimiz, ziyarətgahımızdır. İgidlərimizin qanı ilə suvarılan torpaq alın tərimizlə dinclik tapır, abadılaşır. Çünki hər qarışı doğmadır. Dövlətimiz sülh, əmin-amanlıq, haqq-ədalət tərəfdarıdır. Dünyada isə  ən uzun savaşların da qalibi sülhdür, ədalətdir. Bunun geci-tezi var".

Yeri gəlmişkən, ölməzliyə qovuşan hər üç şəhidin adı əbədiləşdirilib. Rvarud kənd orta məktəbinə  Səxavət Hacıyevin, mədəniyyət evinə Etiqad Hacıyevin adları verilib. Lənkəran rayonundakı Şiləvar kənd orta məktəbi isə Mübariz Həsənovun adını daşıyır. Təhsil ocağının həyətində Mübarizin tunc büstü də qoyulub.

Tədbirin sonunda Səxavət Hacıyevin qardaşı Mübariz Hacıyev hər kəsə minnətdarlığını bildirdi.

A.HÜSEYNOĞLU

 





19.09.2017    çap et  çap et