525.Az

“Gənclər siyasətinə sistemli və davamlı münasibət göstərilir”


 

“Gənclər siyasətinə sistemli və davamlı münasibət göstərilir”<b style="color:red"></b>

“Azərbaycanda gənclər siyasəti hər zaman ölkə siyasətinin mühüm tərkib hissəsi olub. Digər sahələrdə olduğu kimi, gənclər siyasətində də dövlətin peşəkar, sistemli yanaşması müşahidə olunur”.

Bu sözləri Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, deputat, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov prezident İlham Əliyevin müvafiq sərəncamı ilə qəbul edilən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı ilə bağlı fikirlərini bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda gənclər siyasəti ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: “Sevindirici hal ondan ibarətdir ki, bu siyasət bu gün prezident İlham Əliyev tərəfindəndə yüksək səviyyədə davam etdirilir. Ölkə başçısı il ərzində bir neçə dəfə gənclərlə görüşüb onlarla səmimi fikir mübadiləsi aparıb. Ölkəmizdə gənclər siyasətini həyata keçirmək üçün Gənclər və İdman Nazirliyi mövcuddur. Ötən dövr ərzində nazirlik kifayət qədər samballı fəaliyyət göstərib. Bundan başqa, Azərbaycan Gənclər Fondu Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsində olduqca böyük rola malikdir. Bu yaxınlarda isə Prezident Administrasiyasının tərkibində yeni Gənclər siyasəti və idman məsələləri şöbəsi yaradılıb, V çağırış Milli Məclisin tərkibində də yeni Gənclər və İdman komitəsi fəaliyyətə başlayıb. Bütün bunlar bir daha Azərbaycanda gənclər siyasətinə sistemli və davamlı münasibətin göstərildiyini nümayiş etdirir”.

İndiyə qədər gənclər siyasətinə dair bir sıra proqramların qəbul olunduğunu deyən Ş.İsmayılov bidirib ki, bu proqramlar ölkəmizdə gənclər üçün infrastrukturun yaradılmasına, onların xaricdə təhsilinə, yaradıcı və elmi fəaliyyətlə məşğul olmasına, kütləvi idmanın təbliğ edilməsiylə sağlam gəncliyin formlaşmasına dəstək məqsədi daşıyır: “Konkret olaraq ötən proqramların icrası nəticəsində biz Azərbaycan Gənclər Fondunun yaradılmasını, Virtual Qarabağ İKT mərkəzinin fəaliyyətə başlamasını, Gənclər Evləri şəbəkəsinin regionlarda və paytaxtda işə düşməsini, Azərbaycan Tələbə Kartınının ərsəyə gəlməsini, Azərbaycan Gənclər Paytaxtının təsis olunmasını qeyd edə bilərik. Belə misallar yüzlərlədir. Bu proqramdan minlərlə Azərbaycan gənci yararlanıb. Proqramların nəticəsi olaraq yeni-yeni gənc liderlər yetişib və onlar bu və ya digər sahədə Azərbaycan dövlətinə, o cümlədən, gəncliyimizə bu gün də töhvə verməkdədirlər”.

Deputatın sözlərinə görə, Azərbaycan gəncliyi kifayət qədər vətənpərvərdir: “Biz bunun ən yaxşı nümunəsini ötən ilin aprel ayında gördük. Azərbaycan gəncləri bir yumruq kimi ali baş komandanın əmri altında birləşməyə və düşməni məhv etməyə hazır olduqlarını ən yüksək səviyyədə göstərdilər. Fürsətdən istifadə edib bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Biz müharibə şəraitində yaşayırıq. Buna görə daim döyüş ruhumuz, vətənə bağlılığımız, tariximizə dəyər verməyimiz ən yüksək səviyyədə olmalıdır. Azərbaycanının qədim dövlətçilik ənənələri və zəngin mədəni tarixi var. Bu tarixin və mədəniyyətin təbliği üçün Azərbaycan gəncliyi bütün imkanlarından istifadə edir. Təbii ki, gəncliyimizin belə vətənpərvər ruhda yetişməsinin ölkədə həyata keçirilən uğurlu gənclər siyasəti ilə birbaşa bağlılığı var”.

Ş.İsmayılov qeyd edib ki, Azərbaycan gəncləri il ərzində bir sıra beynəlxalq tədbirlərdə iştirak edirlər:

“Gənclərimiz beynəlxalq platformalarda özlərinin xarici həmkarları ilə nəinki başa-başa mübarizə apara bilir, bəzi hallarda isə onları üstələyirlər. Ötən dövr ərzində Azərbaycanda kifayət qədər savadlı, geniş dünya görüşlü gənclik formalaşıb. Sevindirici tərəf ondan ibarətdir ki, gənclərimiz xaricdə yalnız müxtəlif tədbirlərdə iştirak etmirlər, eyni zamanda onlar müxtəlif beynəlxalq təşkilatların idarə heyətində yer alırlar. Bu gün onlarla Azərbaycan gənci bir sıra beynəlxalq təşkilatların idarə heyətlərinin üzvləridirlər. Onlar artıq dünyanın müxtəlif regionlarında bu və ya digər siyasətin formalaşmasında birbaşa iştirak edirlər. Əminəm ki, üzümüzə gələn illərdə daha çox Azərbaycan gənci beynəlxalq platformalarda təmsil olunacaq”.

Deputat əlavə edib ki, rəhbərlik etdiyi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı hər zaman dövlətin gənclər siyasətinin icra olunmasında üzərinə düşən işi layiqincə yerinə yetirməyə çalışıb: “Biz prezident İlham Əliyevin imzaladğı  “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı çərçivəsində də öz fəaliyyətimizi davam etdirəcəyik”.

Ceyhun ABASOV

 





19.09.2017    çap et  çap et