525.Az

"Bakı kəndlərində qızlar kütləvi şəkildə təhsildən yayındırılır"


 

MİLLƏT VƏKİLLƏRİ BUNUNLA BAĞLI CİDDİ ADDIMLARIN ATILMASINI İSTƏYİRLƏR

"Bakı kəndlərində qızlar kütləvi şəkildə təhsildən yayındırılır"<b style="color:red"></b>

Millət vəkili, akademik Gövhər Baxşəliyeva Milli Məclisin (MM) qarşıdan gələn payız sessiyası ilə bağlı  parlamentin Elm və təhsil komitəsinin dünən keçirilən iclasında Bakı kəndlərində qızların təhsildən erkən yaşlarından yayındırılması ilə bağlı "həyəcan təbili" çalıb.

Millət vəkilinin dediyinə görə, çox təəssüflər olsun ki, bu gün Bakının kənd və qəsəbələrində orta məktəblərdə oxuyan qızların 14-15 yaşlarından təhsildən uzaqlaşdırılması, erkən nikahlara cəlb olunması problemi yaşanır:

"Bu, çox təəssüfedici və ürəkağrıdıcı bir məsələdir. Bu gün Bakının bütün kənd və qəsəbələrində qızların çox erkən yaşlarından dərsdən, təhsildən yayındırılması, uzaqlaşdırılması, zorla erkən nikahlara cəlb olunması məsələsi var. Mən həmin bölgələrdə yaşayan insanlardan bəziləri ilə söhbət zamanı soruşanda ki, niyə belə edirsiz,  cavab verirlər ki, əgər qızları məktəbdən çıxarmaslar, buna yaxşı hal kimi baxılmaz, bu, pis qəbul oluna bilər. Bu, çox yanlış, çox ziyanlı, çox təhlükəli, həm də ürək ağrıdan bir məsələdir. Bu, cəhalət və onun təbliğ olunması deməkdir. Bax elə bu cür ziyanlı yanaşmanın üzündən Nardaranda məlum hadisələr yaşandı. Ona görə bu məsələ ciddi diqqətə alınmalı və müvafiq ölçülər götürülməlidir".

Millət vəkili, BDU-nun professoru Kamilə Əliyeva da həmkarının fikirlərini dəstəkləyib. O, əlavə edib ki, bu problem təkcə Bakı kəndləri və qəsəbələri üçün xarakterik deyil, bu yöndə problemlər ölkənin Cənub bölgəsində də yaşanmaqdadır. "Təkcə Bakıda deyil, ölkənin bir sıra bölgələrində, xüsusilə də, Cənub bölgəsində qızlarla bağlı belə problemlər yaşanmaqdadır. Bu, çox böyük təəssüf doğuran bir məsələdir..." - deyə, millət vəkili daha sonra bildirib.

Komitənin sədri, akademik İsa Həbibbəyli də millət vəkillərinin qaldırdığı problemə toxunub və bildirib ki, bununla bağlı aidiyyatı qurumlar tərəfindən müvafiq addımlar atılır: "Həmin addımlar da artıq öz müsbət nəticələrini verməkdədir. Ancaq bu, o demək deyil ki, bu məsələdə problem yoxdur. Problemlər var və yavaş-yavaş həllini tapır".

Kamil HƏMZƏOĞLU

 

 





19.09.2017    çap et  çap et