525.Az

Unudulmaz jurnalist, fədakar tədqiqatçı


 

MÜŞTƏBA ƏLİYEVİN ƏZİZ XATİRƏSİNƏ

Unudulmaz jurnalist, fədakar tədqiqatçı<b style="color:red"></b> Medianı ardıcıl izləyə bilmədiyim, sosial şəbəkədən uzaq düşdüyüm günlərdə dostlarımdan biri vasitəsilə belə bir sarsıdıcı xəbər aldım: dəyərli jurnalistimiz və zəhmətkeş tədqiqatçımız Müştəba Əliyev dünyasını dəyişib...

Bu xəbərə inanmaq asan deyildi. Amma sonra gördüm ki, kütləvi informasiya vasitələri də təxminən bu mövzuda xəbəri öz səhifələrində yerləşdiriblər:

Veteran jurnalist, gözəl insan, Qarabağ dərdlisi, əsl vətəndaş Müştəba Əliyev 63 yaşında ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Onun həyatını xilas etmək üçün müvafiq təşkilatlar və dostları tərəfindən müəyyən fədakarlıqlar edilsə də, tanınmış jurnalisti, mətbuat tariximizin təəssübkeşini, yorulmaz tədqiqatçısını xilas etmək mümkün olmayıb.

Təəssüf... Təəssüf ki, yaşamaq arzusunda olan yaxşı adamları ölümün pəncəsindən qoparmaqda hələ də acizik.

Mən Müştəba Əliyevi şəxsən tanımırdım. Ancaq yazdıqlarını həmişə diqqətlə oxuyurdum. Müştəba müəllim də, mən də müəyyən illərdə "Azərbaycan məktəbi "jurnalında məsul katib vəzifəsində işləmişik. Təhsil Nazirliyinin bu jurnalı mətbuat tariximizin mötəbər nəşrlərindəndir.

Ümumiyyyətlə, mən yazılarımı oxuyan bütün alim dostlarıma həmişə minnətdarlıqla yanaşıram. Yazılarımdan biri Müştəba Əliyevin diqqətini cəlb etmişdi. O, adımı çəkməsə də, ərəb qrafikalı "Ziya" qəzetini latın qrafikasına transliterasiya etməsi,  onun əsasında hazırlanan nəşr haqqında bir televiziya verilişindəki çıxışında "Ziya"nın ilk nömrəsinin 1879-cu ilin yanvarında çıxmasını göstərənləri tənqid edirdi. (Mən də bu fikirdə israrlıyam və dəfələrlə bu məsələni - " Ziya" qəzetinin ilk nömrəsinin 1879-cu ilin yanvarında çıxdığını (bax: "Ziya" qəzeti, 19.11.1879, N 44) elmi ictimaiyyətin diqqətinə çatdırmışam-N.N.) 

Əslində isə yanılan, müəllifin əməkdaşı olduğu müvafiq institut idi. İnstitutda 1879-cu ilin dekabrında çıxan 1-ci nömrəni "Ziya"nın ilk nömrəsi hesab etmişdilər. Transliterasiyada qəzetin ilk nömrəsinin 1879-cu il dekabrına aid olmasını söyləyənlər qəzetin hicri təqvimi ilə çıxan ikinci sənəsinin (ilinin) birinci nömrəsinə əsaslanmışdılar.

Mən bu barədə Müştəba müəllimlə söhbət etmək istəsəm də, nədənsə ehtiyatlanırdım. Qorxurdum ki, kiminsə gördüyü iş qərəzçilik, paxıllıq kimi qiymətləndirilə bilər.

Məni bu tənqiddən çəkindirən həm də M.Əliyevin yazılarını müşayiət edən fotoportreti idi. Mən orada M.Əliyevi  həm cəfakeş, həm də ləyaqətli tədqiqatçı kimi görürdüm.

Ərəb qrafikalı yazıları oxuyanlar bilir ki, bu iş cəhənnəm əzabıdır. Mən "Əkinçi"ni də, "Ziya"nı da, "Kəşkül"ü də orijinalından oxumuşam. O vaxtlar tranliterasiya olunmuş variantlar yox idi.

Müştəba Əliyev transliterasiya əzabına dözdü, pis işləmədi, "Tərəqqi " medalına layiq görüldü. Amma məsələ burasındadır ki, transliterasiya bir nəfərin işi olmamalıdır. Bu iş kollektiv yaradıcılıq işidir. Odur ki, M.Əliyevin "Ziya"nın davamı olan "Ziyayi -Qafqasiyyə" qəzetinə aid hazırladığı transliterasiya materialları da layiqincə dəyərləndirilməli, ciddi şəkildə nəşrə hazırlanmalıdır.

İnanıram ki, bu iş mətbuatımızın unudulmaz tədqiqatçısı Müştəba Əliyevin məsləkdaş dostları tərəfindən uğurla görüləcək və bu da onun xatirəsinə ehtiram nümunəsi kimi yaddaşlarda qalacaq.
 





15.09.2017    çap et  çap et