525.Az

"Peşə təhsili və ümumi təhsillə də bağlı ayrıca qanunlar olacaq"


 

"Peşə təhsili və ümumi təhsillə də bağlı ayrıca qanunlar olacaq"<b style="color:red"></b>

"Komitəmizin yaz sessiyasındakı fəaliyyəti uğurlu olub. Komitəmizin üzvləri həmin dövrdə çox məhsuldar işləyiblər".

Bunu Milli Məclisin (MM) qarşıdan gələn 2017-ci il payız sessiyası ilə bağlı parlamentin Elm və Təhsil komitəsinin dünənki iclasında komitənin sədri, akademik İsa Həbibbəyli deyib.

O, ötən sessiyada komitənin 6 iclasının keçirildiyini, bir sıra mühüm sənədlərin müzakirə olunduğunu deyərək xatırladıb ki, həmin dövrdə ən uğurlu iş "Məktəbəqədər təhsil haqqında" qanun layihəsinin qəbul olunması və onun ölkə Prezidenti tərəfindən imzalanaraq, hüquqi qüvvəyə minməsi olub. "Bu, çox vacib qanundur və Azərbaycan təhsilinə böyük töhfə verəcək" - deyə, komitə sədri sonra bildirib. İ. Həbbəyli daha sonra komitənin gündəmində "Peşə təhsil haqqında" qanun layihəsinin dayandığını deyib. Onun sözlərinə görə, həmin sənədin parlamentin payız sessiyasının müzakirələrinə çıxarılması nəzərdə tutulur: "Çox güman ki, biz həmin sənədi oktyabr ayında müzakirələrə təqdim edə biləcəyik. Bu da olduqca vacib və əhəmiyyətli sənəddir. Yaz sessiyasından sonrakı dövrdə də bunun üzərində çox ciddi işlənilib və o, artıq müzakirələrə hazırdır". Komitə sədri həmçinin, "Ümumi təhsil haqqında" qanun layihəsinin hazırlanmasının və müzakirələrə çıxarılmasının nəzərdə tutulduğunu söyləyib: "Biz bu sənədi peşə təhsili ilə bağlı qanun layihəsini müzakirələrə təqdim edildikdən dərhal sonra, yəni, noyabr ayında hazırlamağa başlamağı nəzərdə tuturuq. Həmin vaxt bu qanun layihəsinin hazırlanması ilə bağlı İşçi Qrupunu yaradacağıq. Bu sənədin də hazırlanması və qəbulunu vacib sayırıq".

Adıçəkilən komitənin üzvü, millət vəkili Asim Mollazadə "Ali təhsil haqqında" qanun layihəsinin hazırlanmasının vacibliyini dilə gətirib: "Hesab edirəm ki, ali təhsillə də bağlı qanun layihəsinin hazırlanması və qəbulu vacibdir. Odur ki, bu sessiyada olmasa da, yaz sessiyasında belə bir sənədi hazırlayıb müzakirələrə təqim etmək məqsədəuyğun olardı". Millət vəkilinin fikrincə, ümumiyyətlə, ölkənin elm və təhsil sahəsi ilə bağlı qanunvericilik bazasının möhkəmləndirilməsi və təkmilləşdirilməsi ən əhəmiyyətli məsələlərdən biri kimi öndə tutulmalıdır.

"İstər bakalavr, istət magistratura pilləsində bir çox laboratoriyalarda ən sadə cihazlar belə yoxdur ki, orada gələcək mütəxəssislər müəyyən araşdırmalar aparsınlar, yaxud ən azından, heç olmasa yeni biliklərə yiyələnmək üçün o cihazlarla işləməyi bacarsınlar. Ona görə də belə məsələlər müzakirə edilməlidir". Bunu isə adıçəkilən komitənin sədr müavini Bəxtiyar Əliyev deyib. B. Əliyevin sözlərinə görə, doktorantların elmi araşdırmalar aparması üçün büdcədən maliyyələşmənin aparılmaması müəyyən problemlər yaradır: "Dövlət sifarişli ixtisaslara qəbul olan tələbələr hansı ali məktəblərə daxil olursa, mülkiyyət formasından asılı olmayaraq, maliyyə xərcləri həmin məktəblərə ödənilir. Amma elmi araşdırmalarla bağlı müəyyən problemlər var. Təhsil müəssisələrində doktorantların elmi araşdırmalar aparması, laboratoriyalarda elmi tədqiqat işlərinin görülməsi üçün ayrıca maliyyə vəsaiti yoxdur. Bu gün insan kapitalının inkişafı lazımdır. Əgər elmi araşdırmalar aparılmayacaqsa, elmi araşdırmalarla təhsil bir yerdə olmayacaqsa, bu gün bizim təhsil müəssisələrində hazırladığımız kadrlar praktikada fəaliyyətə başlayanda artıq elmi nailiyyətlərinə sıfırdan başlayacaqlar". B.Əliyev sonra  bildirib: "Bu gün Azərbaycan dövlətinin bir məqsədi var. Bu da yüksək texnologiyalar cəmiyyətini formalaşdırmaq və elm tutumlu sahələri inkişaf etdirməkdir. Yüksək ixtisaslı elmi kadrların hazırlanması yüksək vəsait tələb edir. Keyfiyyət üçün yaxşı vəsait qoyulmalıdır ki, keyfiyyət də əldə edək. Əlbəttə, Elmin İnkişafı Fondu var. Lakin onun da illik büdcəsi təxminən 5 milyon manatdır. Azərbaycanda güclü elmi laboratoriya yaratmaq istəyiriksə, bu məsələyə baxılmalıdır. AMEA və ali təhsil sistemində bu məsələlərə baxılmalı - ya ali məktəblərdə ixtisaslaşma, differensiyalaşma getməlidir, ya da qrant layihələri istiqamətində yeni qanun layihəsi üzərində düşünməliyik ki, bu layihələrlə konkret mexanizmlər işləyib hazırlaya bilək".

Kamil HƏMZƏOĞLU

 





19.09.2017    çap et  çap et